Türkiyənin Malatya şəhərində fevralın 6-da baş vermiş zəlzələnin təsirindən uçub dağılan binanın altında qalan azərbaycanlı tələbələrin meyitləri tibbi ekspertizadan sonra ailələrinə təhvil veriləcək.

Bu barədə “Report”un Ankara bürosuna Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Malatyadan olan millət vəkili Ahmet Çakır bildirib.

O, qeyd edib ki, hazırda gənclərin nəşi Malatya Prokurorluğunun nəzarəti altında tibbi ekspertizaya aparılıb. Proses bir neçə gün davam edəcək.

Malatya şəhərindəki İnönü Universitetinin tələbələri - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin meyitləri uzunmüddətli axtarışdan sonra dünən tapılıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb, hazırda 13 208 yaralının müalicəsi xəstəxanalarda davam etdirir.

Zəlzələlər həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları zamanı 198 saatdan sonra binanın dağıntılar altından iki nəfəri sağ çıxarıblar.

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, Azərbaycanın xilasediciləri gənc Muhammed Enesi və orta yaşlı Abdulbaki adlı şəxsi uçurumların atından xilas edərək aidiyyəti üzrə təhvil veriliblər. 

Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Türkiyədə zəlzələdən sonra dağılan ərazilərdə axtarış-xilasetmə tədbirlərində iştirak edən şəxslərdən bir rastlaşdığı möcüzəvi hadisədən danışıb.

Türkiyə mətbuatı xəbər verir ki, o, 2 yeniyetmənin xilas edilməsi üçün yalvaran ananın əslində, 4 il əvvəl öldüyünü iddia edib:

"Kahramanmaraş bələdiyyəsinin qarşısında dağıntılar altında xilasetmə işləri aparırıq. Ekskavator divarları dağıtmağa çalışırdı. Bir qadın gəldi, bizə dayanmağımızı söylədi. Dedi ki, bu divarın arxasında mənim iki övladım var. Bizə "onları xilas edin", deyə yalvarmağa başladı. Bütün xilasetmə qrupları ərazidə idi. Hadisənin 5-ci günü olub. Daha sonra AFAD işçi qrupları divarı dağıtdı, oradan iki uşaq çıxdı. Amma aparatlar vasitəsilə ölçmələr aparanda, orada həyat əlamətinin olmasına dair işarə yox idi. Uşaqları təhvil vermək üçün anasını axtarırıq. 13 yaşındakı uşaq dedi: "mənim anam 4 il öncə vəfat edib". Qadını axtardıq, yox idi. Hər kəs dizlərinin üstünə çöküb əllərini açıb dua etməyə başladı", - deyə o söyləyib.

 

Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığına (NORAD) başçılıq edən ABŞ Hərbi Hava Qüvvələrinin generalı Qlen Vanherke son bir neçə gündə ABŞ və Kanada hava məkanında görünən naməlum obyektlərin yadplanetli mənşəyini istisna etmədiyini bildirib.

O, müvafiq suala belə cavab verib: “Mən kəşfiyyat və əks-kəşfiyyat idarəsinə bunu araşdırmağa icazə verəcəyəm. Mən heç nəyi istisna etmirəm”, - deyə o, Pentaqonun brifinqində bəyan edib.

“Hazırda biz Şimali Amerikaya yaxınlaşan hər bir naməlum təhlükəni və ya potensial təhlükəni qiymətləndirməyə davam edirik, onu müəyyən etməyə çalışırıq”, - NORAD rəhbəri bildirib.

ABŞ Müdafiə Nazirliyindəki adının açıqlanmasını istəməyən mənbə qeyd edib ki, indiyədək hərbçilər qeyd olunan naməlum obyektlərin heç birinin yerdən kənar mənşəli olduğuna dair hər hansı bir sübut görməyiblər.//oxu.az

Qardaş Türkiyədə dəhşətli zəlzələnin baş verməsindən 1 həftə keçdi. Artıq zəlzələnin iqtisadi nəticələrinin aradan qaldırılması ilə bağlı müzakirələr aparılır. Aydındır ki, 13,4 milyon vətəndaşın yaşadığı bölgədə minlərlə binalar, o cümlədən evlər, sosial obyektlər hospitallar və digər infrastrukturun yenidən bərpası ciddi maliyyə resursları tələb edir.

Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, ilkin qiymətləndirmələrə görə, zəlzələ Türkiyə iqtisadi artım tempini 2% bənd azalda bilər:

"Bununla yanaşı, 1999-cu ildə Türkiyədə baş verən zəlzələnin miqyası və nəticələri ilə müqayisə göstərir ki, qardaş dövlət bu sınaqdan da zəifləmədən çıxacaq. Belə ki, 1999-cu il zəlzələsi Türkiyə iqtisadiyyatının 35%-nin formalaşdığı ərazilərdə baş vermişdi. Son zəlzələ qardaş ölkə iqtisadiyyatının 10%-nin cəmləşdiyi coğrafiyadadır. Əgər 1999-cu il zəlzələsi daha çox sənayeləşmiş zonada isə bu dəfə nisbətən az sənayeləşmiş ərazini əhatə edir. Nəhayət, Türkiyə 1999-cu ilə nisbətən daha güclü iqtisadiyyata malikdir. Əgər 1999-cu ildə Türkiyədə ÜDM-in həcmi 256 milyard dollar idisə, indi bu rəqəm 819 milyard dollardır".

"Türkiyənin güclü olması Türk dünyasının daha güclü olması anlamına gəlir. Bu baxımdan, Türkiyə iqtisadiyyatının zəifləməməsi, güclənməsi həmçinin Türk dövlətlərinin inkişafı üçün də stimuldur", - deyə millət vəkili əlavə edib.

ABŞ-ın Moskvadakı səfirliyi öz ölkəsinin vətəndaşlarına Rusiyada terror təhlükəsi barədə xəbərdarlıq edib.

“Report” xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin saytında dərc olunmuş məlumatda deyilir.

ABŞ-ın Moskvadakı səfirliyi Amerika vətəndaşlarına Ukraynada keçirilən hərbi əməliyyatla əlaqədar Rusiyaya getməməyi tövsiyə edib, bu ölkədə yaşayan və ya səyahət edənlərin dərhal oranı tərk etməyə çağırıb.

Sənəddə qeyd olunur ki, səfirlik amerikalıların sonrakı həbsi üçün mümkün təqiblərə məruz qalması səbəbindən, qanunun özbaşına icrası, eləcə də səfirliyin Rusiyada ABŞ vətəndaşlarına yardım göstərmək imkanlarının məhdudluğu və terror ehtimalına görə ölkə vətəndaşlarına Rusiyaya səyahətdən çəkinməyə çağırıb.

ABŞ diplomatik missiyası həmçinin bildirib ki, Rusiya hakimiyyəti ikili vətəndaşlığı olan şəxslərin ABŞ vətəndaşlığını tanımaqdan imtina edə, onlara ABŞ konsulluq yardımı almaqda maneçilik törədə, Rusiyanı tərk etmələrinin qarşısını ala və ya hərbi xidmətə çağıra bilər.

Zəlzələ zamanı Türkiyənin Qaziantepdə yerləşən İnayət Topçuoğlu Xəstəxanasında lentə alınan görüntülər insanları duyğulandırıb.

Müşahidə kameralı vəsitəsilə qeydə alınan videoda baş qəhrəman Şeyma Alakuş adlı tibb bacısıdır.

Belə ki, o, zəlzələ zamanı qaçmağa başlayır, lakin çoxları kimi çölə deyil, uşaqların olduğu palatalara doğru...

Onun hadisə zamanı tərəddüd etmədən birbaşa uşaqları düşünərək addım atması, böyük marağa səbəb olub.

Həmin anın videosunu təqdim edirik:

"Millətimiz üçün #Mənzil səfərbərliyinə başlayırıq. Zərərçəkənlər üçün BAYKAR olaraq AFAD ilə koordinasiyalı şəkildə 1000 mənzil bağışlayırıq. Fəlakət zamanı bacı-qardaşlarımızın qalıcı sığınacaq ehtiyaclarının həlli budur. Yaralarımızı bir ürəklə sağaldacağıq".

"Qafqazinfo" xəbər verir ki, bunu Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar sosial şəbəkə hesabında paylaşıb.

O, mənzil səfərbərliyinə başladığını və fəlakət qurbanları üçün AFAD ilə koordinasiyalı şəkildə 1000 mənzil bağışlayacağını açıqlayıb:

"Müştərilərimizə dəstək olmaq üçün isə ilk növbədə 2000-ə yaxın qardaşımızın yaşaya biləcəyi Baykar Konteyner Şəhərini işə salırıq. Bu çətin günlərdən birlikdə keçəcəyik”, - deyə Selçuk Bayraktar bildirib. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
 
Belə ki, FHN-in xilasedicilərinin fədakarlığı sayəsində mürəkkəb xilasetmə əməliyyatı nəticəsində zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində dağıntılar altında 105 saat qalmış 15 yaşlı Ayşə adlı yeniyetmə sağ xilas olunub.
 
Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

Türkiyədə baş verən güclü zəlzələ ilə bağlı Albaniyada matəm elan edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Albaniyanın Baş naziri Edi Rama öz sosial şəbəkə hesabında açıqlayıb.

Onun sözlərinə görə, Albaniya hökuməti fevralın 13-nü ölkədə milli matəm günü elan edib.

“Bir müddət əvvəl Albaniyada oxşar bir fəlakət baş verdiyində yanımızda olan Türkiyə ilə həmrəyik”, - deyə Edi Rama qeyd edib.

Qeyd edək ki, Albaniya zəlzələ ilə bağlı Türkiyəyə 30 nəfərlik axtarış-xilasetmə qrupu göndərib.

Xatırladaq ki, Türkiyə fevralın 6-sı baş verən dağıdıcı zəlzələdən sonra ölkədə fevralın 12-sinə qədər milli matəm edilib. Bununla yanaşı, Şimali Kipr Türk Respublikasında da 7 günlük matəm elan edilib.

Xəbər lenti