İsrailin xarici işlər naziri Eli Koen İranı “xərçəng”ə bənzədərək, Təl-Əvivin bu ölkəyə hərbi müdaxiləsini istisna etməyib.

İsrailin xarici işlər naziri Eli Koen belə bir bəyanatla Berlində Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə birgə mətbuat konfransı zamanı çıxış edib.

“İran xərçəngə bənzəyir. O, HƏMAS, cihad və Hizbullahı maliyyələşdirir”, - israilli nazir deyib.

O qeyd edib ki, problemin həlli variantlarından biri iqtisadi sanksiyalardırsa, ikinci variant isə hərbi müdaxilədir və İsrail bunu nəzərdən keçirir.

“İkincisi, bizim masada məcburi hərbi seçim də var. Kəşfiyyat orqanlarımıza və əldə etdiyimiz məlumata görə, indi bu iki addımı atmaq üçün doğru zamandır”, - o əlavə edib.

Sabiq prezident Mixeil Saakaşvili Gürcüstan indiki Prezidenti Salome Zurabişvilini “köhnə inciklikləri” unutmağa çağırıb.

Sabiq prezident, hazırda həbsdə olan Mixeil Saakaşvili dövlətin hazırkı lideri Salome Zurabişvilini dəstəklədiyini bildirib.
Saakaşvilinin Facebook səhifəsində Zurabişvilini dəstəklədiyi bəyanatda deyilir:

“Mən Prezident Zurabişvilinin son günlər verdiyi bəyanatları və onun azadlıq uğrunda mübarizəyə çağırışını dəstəkləyirəm. Fikrimcə, bütün siyasi qruplar Rusiya çevrilişinə qarşı birləşməli, həmçinin Prezidentlə davamlı məsləhətləşmələr aparmalıdır”.

Saakaşvili gürcü siyasətçilərinə müraciət edərək deyib: “İndi narazılıqları xatırlamaq vaxtı deyil".

Eyni zamanda o, Zurabişvilini statusundan istifadə etməyə və Moskvanın Gürcüstanda hakimiyyəti tamamilə ələ keçirməyə hazırlaşdığı barədə “bütün dünyaya xəbərdarlıq etməyə” çağırıb.

Türkiyənin Malatya şəhərində ötən gün baş verən 5.6 ballıq zəlzələdə ölü sayı artıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumat yayıb.
Yeşilyurt bölgəsində qeydə alınan zəlzələ nəticəsində 2 nəfərin öldüyü, 140 nəfərin yaralandığı bildirilib.

Dağıntılar altından 32 nəfər xilas edilib.

Qeyd edək ki, zəlzələ Malatya ilə yanaşı, Kahramanmaraş, Qaziantep, Adıyaman və Şanlıurfa kimi ətraf vilayətlərdə də hiss olunub.

Rumıniya məclisinin üzvü Alberto-losif Karaian onlayn iclasa hamamdan qoşulub.

 İHA xəbər verir ki, kameranın açıq olduğunun fərqinə varmayan millət vəkili bir müddət çılpaq görülüb.

 Həmkarlarının gülməsindən sonra vəziyyətdən xəbərdar olan Karaian kameranı söndürməyə çalışıb. Cəhdləri uğursuz olan deputat daha sonra üzr istəməyə başlayıb.

“Söndürə bilmirəm. Çox üzr istəyirəm. Çox pis soyuqlamışam, iclasdan necə ayrılacağımı bilmirəm”,- deyə o söyləyib.

Onlayn iclasdan çıxan deputat daha sonra geyinərək, yenidən cilasa qoşulub.

 

Dünya Bankı Türkiyədə baş verən zəlzələ ilə bağlı zərəri qiymətləndirib.

Xarici KİV xəbər verir ki, hesabata əsasən zəlzələlərin birbaşa fiziki ziyanı 34,2 milyard dollar olaraq hesablanıb. Bu məbləğ Türkiyənin 2021-ci il ÜDM-nin 4%-nə bərabərdir.

Hesabatda, bərpa və yenidənqurma prosesinin dəyərinin yaşanan fiziki zərərdən çox, potensial olaraq iki dəfə çox olacağı ifadə edildi. İqtisadi təsirlərin ÜDM itkisinə gətirib çıxaracağı, bunun da zəlzələnin ümumi xərclərini artıracağı vurğulanıb.

Məlumata görə, 34,2 milyard dollarlıq birbaşa zərərin 53%-i, yəni 18 milyard dolları yaşayış yerlərinin payına düşüb. Dəymiş ziyanın 28%-i və ya 9,7 milyard dolları qeyri-yaşayış binalarına dəyən ziyan olub. İnfrastruktur ziyanı dəymiş ziyanın 19%-ni (6,4 milyard dollar) təşkil edib.

Zəlzələdən zərər çəkmiş 11 vilayətdə 1,7 milyon suriyalı qaçqının olduğu bildirilən hesabatda təbii fəlakət nəticəsində 1,25 milyon insanın müvəqqəti evsiz qaldığı təxmin edilib.

Dünya Bankı cari qeyri-müəyyənliklər və afterşoklar səbəbindən xərclərin hesablanmasının davam etdiyini bildirib.

ABŞ vətəndaş müharibəsini alovlandırmaq və Çini zəiflətmək üçün Çindəki uyğurlarla bağlı vəziyyəti gərginləşdirir.

Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

O əlavə edib ki, amerikalılar ayrı-ayrı dövlətlərə təzyiq və nəzarət edə biləcəkləri müxtəlif yollar və nöqtələr axtarırlar.

Qeyd edək ki, Çində uyğurlara qarşı amansız assimilyasiya siyasəti və təzyiqlərlə bağlı tükürpədici faktlar mövcuddur və bu, təbliğat deyil.

"Rusiyanın hücumlarının dayandırılması üçün müasir döyüş təyyarələrinə ehtiyacımız var".

Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Rusiyanın PUA-larla hücumlara davam etdiyini deyən Zelenski Ukrayna hava məkanının tamamilə nəzarət altına alınması gərəkdiyini söyləyib:

“Buna görə müasir döyüş təyyarələrinə ehtiyacımız var. Beləliklə, dövlətimizin bütün bölgələrini Rusiya terrorundan qoruya bilərik. Müttəfiqlərimizlə münasibətlər çərçivəsində aviasiya tabuları aradan qaldırıldıqdan sonra səmanı tam qoruya biləcəyik” - o bildirib.

Türkiyədə fevralın 6-da Kahramanmaraş rayonunnda baş verən və Malatyada da dağıntı və tələfata səbəb olan zəlzələnin yeni görüntüləri yayılıb.

Türkiyə mətbuatı xəbər verir ki, zəlzələ anı Malatyada təhülkəsizlik kameralarına düşüb.

Görüntülərdə yeni məscidin, böyük otelin və binalardan birinin uçması öz əksini tapıb. 

Digər tərəfdən görüntülərdə ikinci zəlzələdə dağıntılar altında xilasetmə tədbirləri, insanların qorxaraq qaçması və bir-birlərini qucaqlaması da yer alıb.

Videoda həmçinin “Yeni Malatyaspor” futbol klunun qapıcısı Əhməd Eyüp Türkaslanın qaldığı otelin uçması da görünür.

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 9 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub. Zəlzələ nəticəsində 44 mindən çox insan həlak olub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

 

 

Türkiyə, İsveç və Finlandiya arasında NATO-ya üzvlüklə bağlı danışıqların tarixi məlum olub.

Qafqazinfo xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Xİn rəhbəri Mövlud Çavuşoğlu açıqlayıb.

Onun sözlərinə görə, danışıqlar martın 9-u Brüsseldə keçiriləcək.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya iki günlük səfərə gəlir.

Rus diplomatın Azərbaycana səfərini şərh edən politoloq Asif Nərimanlı bildirib ki, bu səfər iki kontekstə diqqət çəkir:

"- Regiondakı siyasi mənzərə dəyişib və Ermənistanla Rusiya arasında soyuq küləklər əsir;

- Səfər ənənəvi Bakı-İrəvan xəttində deyil, Moskva-Bakı xəttində planlaşdırılır;

Hazırda Rusiya üçün Cənubi Qafqazda risklər var:

Birincisi, Ermənistanın Avropa İttifaqı missiyasını bölgəyə gətirməsi siyasi balansa və rusların maraqlarına risklər yaradıb;

İkincisi, Qərb Bakı-İrəvan münasibətlərində vasitəçiliyini xüsusilə Ermənistan üzərindən aktivləşdirir;

Bu vəziyyətdə Moskva Bakıya həm bölgədə, həm də "vasitəçilik missiyası”nda balansı qoruya biləcək həlledici oyunçu olaraq baxır. Lavrovun səfəri də Rusiya üçün yaranmış riskləri yerində müzakirə etmək məqsədi daşıyır.

Hərçənd, Moskva üçtərəfli razılaşmaların icrasında ən azı praktiki addım atmalı və balansı qoruması üçün Bakıya nəsə verməlidir”.

Xəbər lenti