“Əl-Qaidə” terror təşkilatının başçısı öldürülüb.

Ağ Evin mətbuat xidməti xəbər verir ki, bu barədə Vaşinqton administrasiyasının yüksək rütbəli nümayəndəsi məlumat yayıb.
Ayman əl-Zəvahiri ötən həftə Əfqanıstanda ABŞ tərəfindən keçirilən antiterror əməliyyatı zamanı öldürülüb.

Bildirilir ki, əməliyyat zamanı mülki əhali arasında ölən olmayıb.

Ağ Evin mətbuat xidmətinin məlumatına görə, prezident Co Bayden antiterror əməliyyatı ilə bağlı müraciət etmək niyyətindədir.

71 yaşlı Əl-Zəvahiri Usamə bin Ladenin məhv edilməsindən sonra terror təşkilatına rəhbərlik edirdi.

ABŞ mediası Rusiyanın Ukraynaya hücumundan sonra sarsılmış iqtisadiyyatını ayaqda saxlamaq üçün qaçaqmalçılıq yolu ilə qızıl daşıdığını yazır.

Musavat xəbər verir ki, qızıl qaçaqmalçılığı əməliyyatının Rusiyanın muzdlulardan ibarət xüsusi “Vaqner Qrupu” tərəfindən həyata keçirildiyi iddia edilir.

Aylardır Ukrayna ərazisini işğal edən Rusiya ordusu həm maddi, həm də mənəvi itkilər verib. Minlərlə əsgərin həlak olduğu müharibə Ukraynanın bir çox bölgəsində hələ də davam edir. Rusiya lideri Putinin geri addım atmaması və ordunun daim hücuma məruz qalması Rusiyanı iqtisadi cəhətdən çökdürür. Bir çox ölkənin embarqo tətbiqləri Rusiyaya, xüsusilə Ukraynanı işğal etdiyi üçün təsir edir.

Bu məqamda ABŞ-ın "CNN International" kanalından diqqətçəkən bir iddia gündəmə gəlib. Kanal bildirib ki, Rusiya ildə təxminən 40 ton Sudan qızılını talayır və bu qızılı Putinin muzdluları, xüsusi təyinatlı "Vaqner Qrupu" qaçaqmalçılıq yolu ilə aparır.

Daha sonra xəbərdə son 1,5 ildə Sudandan qaçaqmalçılıq yolu ilə 16 dəfə qızıl daşıyan təyyarələrin paytaxt Xartumdakı hava limanından havaya qalxdığı bildirilib. Sudan hakimiyyəti bəzən uçuşların qarşısını almaq istəsə də, Rusiyayönlü Sudan administrasiyası uçuşların həyata keçirilməsini təmin edib. Rusiyanın Ukraynaya hücumlarından sonra Qərbin tətbiq etdiyi iqtisadi sanksiyalardan ən az zərərlə çıxmaq və iqtisadiyyatını ayaqda saxlamaq üçün bu yola əl atdığı iddia edilib.

Bildirilir ki, Rusiyanın qızıl əməliyyatını idarə edən şəxs rus oliqarx Yevgeni Priqozindir. 61 yaşlı Priqozin Vaqner də daxil olmaqla bir neçə şirkətə sahibdir.

Digər tərəfdən, Sudanda ordu 25 oktyabr 2021-ci ildə hakimiyyəti ələ keçirib. Sudan Mərkəzi Həkimlər Komitəsinin məlumatına görə, çevrilişdən sonra ölkədə keçirilən nümayişlərdə 100-dən çox insan həyatını itirib.

Almaniyada əvvəllər söndürülmüş, lakin gözləmə rejimində qalan ilk kömür elektrik stansiyaları qaz təchizatı çatışmazlığı fonunda yenidən işə başlayıb.

Bu barədə “DPA” agentliyi Federal Şəbəkə Agentliyinə istinadən məlumat yayıb.

Elektrik stansiyası Hannover yaxınlığında yerləşir və Çexiyanın EPH konserni tərəfindən idarə olunur.

İyulun 14-də federal hökumət yaşıl enerjiyə keçidin bir hissəsi kimi əvvəllər bağlanmış kömürlə işləyən elektrik stansiyalarının fəaliyyətini bərpa etməyə icazə verib. Bu, Almaniyanın kifayət qədər qaz almadığı şəraitdə daha çox elektrik enerjisi istehsal etmək üçün lazımdır.

“Lipton”, “Saito” və “Brooke Bond” brendlərinin sahibi olan beynəlxalq çay şirkəti “Ekaterra” Rusiya bazarını tərk edir.

“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Yuxarıda göstərilən markaların çayları 2022-ci ilin sonuna qədər Rusiyada istehsalı, həmçinin satışı tamamilə dayandırılacaq.

“Beynəlxalq çay şirkəti “Ekaterra” Rusiya ərazisində fəaliyyətini dayandırmaq qərarına gəlib”, - məlumatda deyilir.

Şirkət bu qərarını mövcud vəziyyətin Rusiyada biznesin sabit inkişafına imkan verməməsi ilə əsaslandırıb.

Türkiyədən asılı vəziyyətə düşməkdə olan Kremlin, rəsmi Ankaranın Rusiyadan üz çevirməməsi üçün əlindən gələn hər şeyi edəcəyi şübhə doğurmur... Bu baxımdan, Kreml sahibi Vladimir Putinin prezident Rəcəb Tayyib Ərdoğana Türkiyənin antiterror əməliyyatlarına Rusiyanın neytral qalacağını vəd edə biləcəyi qətiyyən istisna deyil...

Musavat.com bildirir ki, Türkiyə dünya məkanında mövqelərini möhkəmləndirməkdə davam edir. Hazırda İstanbul anlaşması dünya mətbuatında əsas müzakirə mövzusudur. Və dünyanın aclıqdan xilas edilməsində böyük önəm daşıyan "taxıl dəhlizi"nin açılmasını nəzərdə tutan bu anlaşma Türkiyənin siyasi-diplomatik qələbəsi hesab olunur.

"The Hill" nəşrində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "taxıl dəhlizi"nin əsas ideoloqu olaraq, təqdim olunur. Onun bu nailiyyətinin bəşəriyyət qarşısında tarixi xidmət olduğu vurğulanır. Və bu tarixi xidmətə görə prezident Rəcəb Tayyib Ərdoğanın ən azından Nobel mükafatına layiq olduğu qeyd edilir.

Təbii ki, "taxıl dəhlizi" həqiqətən də Türkiyənin beynəlxalq rəqiblərində qısqanclıq doğuracaq bəşəri nəticədir. Bu nəticənin dünyada Türkiyənin və onun siyasi liderinin nüfuzunu artırdığı inkaredilməz reallıqdır. Rəsmi Ankara indi beynəlxalq məkanda Türkiyənin siyasi iradəsini daha qətiyyətlə diktə etmək imkanına sahibdir. Və "taxıl dəhlizi"nin artıq fəaliyyətə başlamaq üzrə olması bu imkanları daha da artırır.

taxil-gemi.jpg (42 KB)
Məsələ ondadır ki, Ukraynadan taxıl daşıyacaq ilk gəmilər Türkiyəyə artıq avqustun 3-də yola düşəcək. Taxıl ilə doldurulmuş gəmi karvanını pilotsuz təyyarələr müşayiət edəcək. Buna paralel olaraq, İstanbul Birgə Koordinasiya Mərkəzinin nümayəndələri peyklərdən istifadə edərək, taxıl daşıyan gəmilərin keçidinə nəzarət edəcəklər. Və rəsmi Ankara daha bir mütərəqqi addımla da diqqəti çəkir. Çünki, Türkiyənin təşəbbüsü ilə taxıl daşıyan ilk gəmilər birbaşa aclıqdan əziyyət çəkən Afrikaya - Somali sahillərinə doğru yola düşəcək.

Göründüyü kimi, rəsmi Ankara dünyada siyasi-humanist mövqeyi ilə də ön plana keçməyə başlayıb. Bütün bunlar rəsmi Ankaraya Türkiyənin milli təhlükəsizlik maraqlarını təmin etmək baxımından, əlavə dividentlər qazandırır. Hazırda Türkiyənin bu istiqamətdə kifayət qədər ciddi problemləri mövcuddur.

Türkiyə üçün ən ciddi problem İraq və Suriya ərazisində olan PKK/PYD terror qruplaşmasıdır. Rəsmi Ankara bu problemdən ölkəni qorumaq üçün Türkiyə-Suriya sərhədləri boyunca 30 kilometrlik tampon bölgənin yaradılmasında israrlıdır. Bu məqsədlə Türkiyə Suriyanın sərhəd bölgəsində qısamüddətli antiterror əməliyyatı keçirtməyə hazırlaşır. Və bu barədə niyyətini də rəsmən bəyan edib.

Ancaq Türkiyənin NATO üzrə hərbi müttəfiqi ABŞ və dünyada təklənsə də rəsmi Ankaranın tərəfdaşlıq münasibətlərini qoruduğu Rusiya buna qəti şəkildə qarşı çıxır. Ona görə də, hazırda rəsmi Ankara bu iki dövlətin mövqeyindən ciddi şəkildə narazıdır. Və bu narazılığını da ən yüksək səviyyədə hər iki ölkənin diqqətinə çatdırır.

turkiye-rusya-erdogan-putin-kapak-1659944.jpg (140 KB)
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu son açıqlamasında ABŞ və Rusiyanı verilən vədləri yerinə yetirməməkdə suçlayıb. Onun sözlərinə görə, ABŞ və Rusiya PKK/PYD terror qruplaşmasının Türkiyə sərhədlərindən uzaqlaşdırılacağını bildirsələr də, bu məsələ hələ də həll olunmayıb. Və ona görə də, rəsmi Ankara bu problemi Türkiyə ordusunun keçirəcəyi antiterror əməliyyatı ilə nizamlamaq niyyətindədir.

Maraqlıdır ki, xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə ordusunun sərhəd boyu antiterror əməliyyatına hazırlıq prosesini artıq yekunlaşdırmaq üzrə olduğunu da vurğulayıb. NATO-nun da terrorizmə qarşı mübarizədə Türkiyəyə dəstək verməli olduğunu bildirən xarici işlər naziri antiterror əməliyyatlarına hər an başlaya biləcəklərini deyib: "Türkiyəyə əngəl olmağa çalışırlar, ancaq bir gecə ayılıb, görəcəklər ki, antiterror əməliyyatları başlayıb".

Bütün bunlara baxmayaraq, rəsmi Ankara antiterror əməliyyatları ilə bağlı prosesləri siyasi-diplomatik vasitələrlə nizamlamaq fikrindən hələ tam vaz keçməyib. Belə ki, prezident Rəcəb Tayyib Ərdoğanın bu məsələni Kreml sahibi Vladimir Putinlə növbəti dəfə müzakirə etmək niyyətindədir. Və Türkiyə liderinin bir neçə gün sonra reallaşacaq Rusiya səfərində bu məsələnin əsas mövzu olacağı ehtimal edilir.

Bəzi iddialara görə, Türkiyənin Rusiyanı antiterror əməliyyatlarına neytral qalmağa inandıra biləcəyi də qətiyyən istisna deyil. Belə ki, "taxıl dəhlizi" ilə bağlı İstanbul anlaşmasına nail olan prezident Rəcəb Tayyib Ərdoğan Rusiyaya əlini ciddi şəkildə gücləndirərək gedir. İndi Türkiyə ilə münasibətlərin qorunması, rəsmi Ankaranın narazı salınmaması Kreml üçün olduqca böyük əhəmiyyət daşıyır.

Məsələ ondadır ki, prezident Rəcəb Tayyib Ərdoğanın sayəsində reallaşan "taxıl dəhlizi" Kremlə əlavə manevr imkanları açıb. Bir tərəfdən Rusiya beynəlxalq rəqibləri ilə səhnəarxası "siyasi bazarlıq" faktoru qazanıb. Digər tərəfdən isə idxal-ixrac embarqoları ilə çətin duruma düşən Kreml Rusiya taxıl məhsullarının dünya bazarlarına çıxarılması şansı əldə edib. Və Kreml sahibi bütün bunlara görə borclu olduğu Türkiyə liderini indiki taleyüklü mərhələdə özündən narazı salmaqda maraqlı deyil.

c6f3aa76-543d-4aaf-b22a-527b71cd0fbd.jpg (106 KB)
Hətta bəzi Rusiya mənbələri iddia edirlər ki, Kreml sahibi Türkiyə liderinə bir çox məsələlərdə ciddi güzəştlərə belə, hazırdır. Ancaq bunun əvəzində Rusiya prezidenti Türkiyənin daha effektiv strateji tərəfdaşlığına ümid bəsləyir. Xüsusilə də, Kreml sahibi Türkiyə liderindən Ukrayna savaşının Rusiyanın maraqlarına yaxın şərtlər çərçivəsində yekunlaşdırılmasına prinsipial dəstək gözləyir. Və prezident Vladimir Putinin Türk həmkarının bunu bacara biləcək imkanlara, təsir gücünə sahib olduğuna inandığı da bildirilir.

Təbii ki, Kreml sahibi Türkiyə prezidentini narazı salacağı təqdirdə, rəsmi Ankaranın Rusiya siyasətində müəyyən dəyişikliklərin ola biləcəyini də mütləq nəzərə almaq məcburiyyətindədir. Hər halda, Türkiyə üçün prinsipial xarakter daşıyan məsələyə Rusiyanın müqavimət göstərməsi rəsmi Ankaranın sonrakı davranışlarına təsirsiz ötüşə bilməz. Və bu, Rusiya üçün o qədər də məmnunedici nəticələr doğurmaz.

Bütün bunları nəzərə aldıqda, hazırda Türkiyədən asılı vəziyyətə düşməkdə olan Kremlin rəsmi Ankaranın Rusiyadan üz çevirməməsi üçün əlindən gələn hər şeyi edəcəyini düşünmək olar. Bu baxımdan, Kreml sahibi Vladimir Putinin prezident Rəcəb Tayyib Ərdoğana Türkiyənin antiterror əməliyyatlarına Rusiyanın neytral qalacağını vəd edə biləcəyi qətiyyən istisna deyil. Və bu, o deməkdir ki, prezident Rəcəb Tayyib Ərdoğanın Rusiyadan öz əsas hədəfinə çataraq, dönəcəyini ehtimal etmək mümkündür.

Prezident Rəcəb Tayyib Ərdoğanın Rusiyadan döndükdən qısa müddət sonra Türkiyənin Suriyada antiterror əməliyyatlarına başlaya biləcəyini düşünmək olar. Hətta Kreml buna qarşı çıxmış olsa belə, Türkiyə bu addımı atacaq. Ancaq Kreml sahibi ilə anlaşma bir tərəfdən Rusiyanın neytral qalmasını, digər tərəfdən isə Suriyadakı Əsəd rejiminin baş verənləri indiki kimi etirazla deyil, məhz sükutla müşahidə etməsini təmin edəcək.

Sudanda meymunçiçəyi virusuna ilk yoluxma halı qeydə alınıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi xəbər verib.

"Səhiyyə Nazirliyi Sudanda ilk təsdiqlənmiş meymunçiçəyinə yoluxma faktının aşkar edilməsini açıqlayıb. Milli İctimai Sağlamlıq Laboratoriyası cümə axşamı Qərbi Darfur ştatından olan 16 yaşlı məktəblidə yoluxma halını təsdiqləyib", - deyə nazirlik bildirib.

“Kosovo ordusu gecə yarısı hücum etməyi planlaşdırır”

Kosovo ordusu gecə yarısı Serbiyanın şimalına hücum etməyi planlaşdırır.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

“Düşünürəm ki, biz indiki qədər çətin və ağır vəziyyətdə olmamışıq. Bunu niyə dedim? Priştina rejimi özünü qurban kimi təqdim edərək dünyadakı əhval-ruhiyyədən istifadə etməyə çalışır”, - deyə Serbiya Prezidenti bildirib.

Bundan əvvəl Kosovo və Serbiya sərhədində atəş və hava hücumlarının eşidildiyi bildirilib.

Qeyd edək ki, yerli vaxtla saat 18:00-dan sonra şəhərdə hava hücumu sirenləri səslənib, serblər Kosovonun şimalında barrikadalar qurur, yollar bağlanıb.

Çin lideri Si Cinpin ölkənin silahlı qüvvələrinin döyüş qabiliyyətinin gücləndirilməsi barədə göstəriş verib.

Çin Xalq Respublikasının sədri “yeni dövrün” tələblərinə cavab verən kadrların hazırlanmasının zəruriliyinə diqqət çəkib.

Dövlət başçısı keyfiyyətcə yeni kadrların hazırlanmasını qoşunların gücləndirilməsi üçün əsas amil adlandırıb və qeyd edib ki, milli təhlükəsizlik modelinin formalaşmasında Pekin dünya səhnəsində vəziyyətin qeyri-sabitliyini nəzərə almalıdır.

"Strateji baxımdan Rusiyanın bu müharibədə qalib gəlmək şansı yoxdur. Biz isə elə davam gətirməliyik ki, terrorçu dövlət taktiki səviyyədə itkisini hiss etsin".

“Bunları Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib.

"Biz cənubda, şərqdə və hər yerdə davam gətirməliyik. Müdafiədə, diplomatiyada, siyasətdə davam gətirməliyik. Birliyimizi qorumalıyıq, təkcə qələbəyə qədər deyil, həm də işğalçılar tərəfindən məhv edilmiş hər şeyi keyfiyyətcə bərpa etmək üçün”, - Zelenski bildirib.

Dövlət başçısı qeyd edib ki, hazırda Rusiya ordusu müvafiq ərazilərdə fəallığı artıraraq, Ukraynanın cənubunun işğal olunmuş ərazilərində mövqelərini möhkəmləndirməyə çalışır. Rusiya hərbi qüvvələrinin şərqdəki mövqelərindən bir hissəsini cənuba - Xerson və Zaporojye vilayətlərinə köçürülür.

"Lakin bu, onlara orada kömək etməyəcək. Rusiyanın bircə zərbəsi belə, hərbçilərimiz və kəşfiyyatçılarımız tərəfindən cavabsız qalmayacaq. Ukrayna Silahlı Qüvvələri işğalçıların istənilən yeni fəaliyyətinə cavab verməyə hazırdır", - Prezident vurğulayıb.

Norveç Ukraynaya “Iveco LMV” markalı 14 ədəd yüngül zirehli döyüş maşını verib.

Bu məlumat Norveç hökumətinin saytında açıqlanıb.

Krallığın müdafiə naziri Born Arilda Qrammın sözlərinə görə, Norveç Ukraynanın müdafiəsi üçün ona yardım göstərməyə davam edəcək. Bu məqsədlə Krallıqda Ukraynaya əlavə dəstək göstərilməsi imkanları daim təhlil edilir.

Qeyd edək ki, daha əvvəl Norveç hökumətinin qərarı ilə bir neçə dəfə Ukraynaya müxtəlif nomenklaturlu hərbi texnika verilib. Ukraynaya verilmiş silahlar arasında - artilleriya topları, tırtıllı reaktiv qurğular, hava hücumundan müdafiə təyinatlı daşınabilən vasitələr və zirehli avtomobillər, həmçinin verilmiş silah sistemləri üçün raketlər və mərmilər var.

Xəbər lenti