![]() |
|
Prezident Ərdoğan Rusiyanın Ukraynaya fevralın 24-də başlayan hücumlarından sonra ilk dəfə Ukraynaya gedir.
Prezident Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Vladimir Zelenski bu gün Lvovda Pototski sarayında görüşəcək. Səfər zamanı həmçinin Ərdoğan, Zelenski və BMT-nin baş katibi Antonio Quterreş arasında üçlü bir Zirvə görüşü olacaq.
Ərdoğan, Zelenski və Quterreş görüşdən sonra birgə mətbuat konfransı keçirəcək.
Rusiya Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərib.
Report xəbər verir ki, buna səbəb “Surmalu” ticarət mərkəzində baş vermiş partlayışlarla bağlı Rusiyanın ittiham olunmasıdır.
"Biz bunu Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinə xələl gətirmək məqsədi daşıyan bu cür eyhamların arxasında duran siyasi qüvvələrin birbaşa təxribatı kimi qiymətləndiririk. Biz Ermənistan hakimiyyətindən bu cür qeyri-dost təzahürlərin qarşısını almağa yönəlmiş addımlar gözləyirik”, - bəyanatda bildirilib.
Qeyd edək ki, bundan əvvəl “Sasna Tsre” siyasi qrupu sosial mediada belə iddialarla çıxış etmişdi.
Lisiçanskda baş verən partlayış nəticəsində Rusiyanın 2-ci ordu korpusunun yüzə yaxın rütbəli hərbçisi ölüb.
Axar.az xəbər verir ki, bu barədə Luqansk vilayətinin hərbi administrasiyasının rəhbəri Sergey Qayday deyib.
“Lisiçanskda 2-ci ordu korpusunun 100-ə yaxın hərbçisi məhv edildi. Yaxşı tendensiyadır. Popasna, Lisiçansk... Ardı gələcək. Bunlar artıq vaqnerçilər deyil, Rusiyanın nizami ordusunun hərbçiləridir”, - deyə o bildirib.
Ukrayna ordusu ölkənin şərqində, Rusiyanın nəzarətində olan Luqanskın Popasna qəsəbəsində Rusiyanın özəl döyüş təşkilatı “Vaqner”in qərargahına zərbələr endirib.
Ukrayna mətbuatı xəbər verir ki, Luqansk qubernatoru Serhiy Hayday və bir neçə rusiyayönlü müharibə müxbiri hücum barədə məlumat veriblər.
“Hayday” Teleqram kanalı bazar günü Ukrayna qüvvələrinin yeri Rus jurnalistlərdən biri sayəsində təsbit edilən düşmən bazasını - Popasnadakı Vaqner qərargahını vurduğunu yazıb.
Ukraynanın gündəlik qəzeti “Pravda” rusiyalı jurnalist Sergey Sredanın avqustun 8-də Teleqramda paylaşdığı mesajda Vaqner bazasının yerini müəyyənləşdirdiyini yazıb.
Rusiyalı jurnalist bazaya gəlişinin fotolarını paylaşıb və onlardan birinin üzərindəki işarədə bunun Popasnadakı 12 nömrəli Mironovskaya olduğu bildirilir. Jurnalist postu sonradan silsə də, skrinşot internetdə yayılıb.
Yayılan məlumatlar arasında hərbi bazanın ABŞ istehsalı olan təkmil raket atıcı top sistemi HİMARS tərəfindən vurulması da var.
Ukrayna mərkəzli iddialara görə, hücumda 100-ə yaxın əsgər həlak olub. Lakin bu iddialar hələ də rəsmi orqanlar tərəfindən qəbul edilməyib.
Qeyd edək ki, Rusiyanın muzdlu hərbçi şirkəti “Vaqner” daha əvvəl hərbi cinayətlər törətməkdə ittiham olunub. Qrupa bağlı muzdlular 2014-cü ildə Krımda və Ukraynanın Donbas bölgəsində yerləşdirilib. Rusiya muzdlu təşkilatın mövcudluğunu heç vaxt etiraf etməyib, lakin Qərb ölkələrinin kəşfiyyat xidmətləri qrupun “Putinin aşpazı” ləqəbli Yevgeni Priqojin tərəfindən maliyyələşdirildiyini bildirib. "Vaqner" özəl hərbi şirkət kimi tanınır, lakin Qərb ekspertləri bu şirkətə bağlı qüvvələrin Moskvanın maraqları üçün dövlət tərəfindən dəstəklənən milislər kimi istifadə edildiyini deyirlər.
“Surmalu” ticarət mərkəzində ölənlərin sayı 16 nəfərə çatıb. Ölənlər arasında uşaq və hamilə qadın da var.
Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, ölən 16 nəfərdən 10-nun şəxsiyyəti hələ müəyyən edilməyib.
İrəvanın tibb məntəqələrinə 60 vətəndaş müraciət edib, onlardan 12-nin müalicəsi davam edir, qalan 48 nəfər isə müvafiq tibbi yardım göstərilərək evə buraxılıb.
Ermənistan hökuməti “Surmalu” ticarət mərkəzində baş vermiş faciəli partlayışla bağlı matəm günü elan edəcək. Matəm gününün vaxtı xilasetmə işləri başa çatdıqdan sonra dəqiqləşdiriləcək.
Ticarət mərkəzində partlayış nəticəsində 18 nəfər hələ də itkin düşmüş hesab olunur.
Ticarət mərkəzində partlayış və yanğın baş verən yerdə axtarış-xilasetmə işləri davam edir.
Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Ina məktub ünvanlayıb.
Bu barədə Şimali Koreyanın dövlət mediası KCNA məlumat yayıb. Agentliyin məlumatına görə, Putin Şimali Koreya lideri Kim Çen Ina Moskva ilə Pxenyan arasında münasibətləri genişləndirmək istədiyini bildirib.
Rusiya lideri məktubunda ikitərəfli münasibətlərin yaxşılaşdırılmasının Koreya və Şimal-Şərqi Asiyada təhlükəsizliyin və sabitliyin artırılmasına kömək edəcəyini yazıb.
Qeyd edilib ki, Kim Çen In da cavabında Rusiya ilə Şimali Koreya arasında əməkdaşlığın artmağa davam edəcəyini yazıb.
Məktubun avqustun 15-də qeyd olunan “Koreya Qurtuluş Günü” münasibətilə göndərildiyi bildirilib.
Kim Çenin Putinə cavab olaraq göndərdiyi məktubda Rusiya-Şimali Koreya əlaqələrinin İkinci Dünya Müharibəsinin sonunda Yaponiyanın məğlubiyyəti ilə qurulduğu vurğulanıb.
Məktubda deyilir:
“O vaxtdan bəri iki ölkə arasında bu strateji və taktiki əməkdaşlıq, dəstək və həmrəylik düşmən hərbi qüvvələrinin təhdid və təxribatlarının qarşısının alınması üçün yeni səviyyəyə yüksəlib".
Məktubda "düşmən qüvvələri" adlandırılan ölkənin adı çəkilməsə də, Şimali Koreyada bu termin çox vaxt ABŞ və onun müttəfiqlərinə istinad etmək üçün istifadə olunur.
Qeyd edək ki, Kim Çenin 2019-cu ildə Rusiyaya səfəri zamanı iki ölkə liderləri əməkdaşlıq sazişi imzalayıb.
Mütəxəssislər Rusiyanın Ukraynaya təcavüzü başlayan fevral ayından bu yana iki ölkənin getdikcə daha da yaxınlaşdığını vurğulayırlar.
Şimali Koreya iyul ayında Ukraynanın iki rusiyayönlü separatçı bölgəsində birtərəfli qaydada elan edilmiş xalq respublikalarını tanıdığını bəyan edib. Şimali Koreya rəsmiləri həmçinin Donetsk və Luqanskın bərpası və digər ərazilərə yardım etmək üçün işçi qüvvəsi göndərə biləcəklərinə işarə ediblər.
Pandemiya zamanı baş nazirin iqamətgahında verdiyi gizli şənliklərə görə istefa verməli olan İngiltərə Baş naziri Boris Consonun yenidən jurnalistikaya dönəcəyi iddia edilib.
Bu barədə “The Guardian”məlumat yayıb. Qəzetin həftə sonu dərc etdiyi xəbərə görə, İngiltərənin məşhur tabloid qəzetlərindən biri olan “Daily Mail”, Boris Consona köşə yazarı olmağı təklif edib.
“Daily Mail”in anonim mənbələri təklif olunan maaş və ya digər detallar barədə məlumat paylaşmayıb. Hələlik nə Baş nazirlik rəsmiləri, nə də “Daily Mail” bu iddialara cavab verməyib.
Qeyd edək ki, Conson 2016-cı ildə dövlət katibi vəzifəsinə başlamazdan əvvəl ölkənin məşhur “The Telegraph” qəzetinin köşə yazarı olub. O zaman Boris Conson ayda 10 saat işləyirdi və ildə 275 min funt sterlinq (təxminən 133 min manatdan çox) maaş alırdı.
Xəbər verdiyimiz kimi, Federal Təhqiqatlar Bürosu avqustun 8-də keçmiş ABŞ prezidenti Donald Trampın Florida ştatındakı "Mar-a Laqo" tətil zonasında yerləşən evinə basqın edib. Axtarış Trampın prezidentliyi dövründə Ağ Evdən Floridadakı evinə bəzi sənədləri gətirib-gətirməməsi ilə bağlı olub.
ABŞ-ın Ədliyyə Nazirliyinin rəhbəri və Baş prokuror Merrik Qarland keçmiş prezident Donald Trampın Florida ştatındakı mülklərində FTB-nin axtarışını şəxsən təsdiqlədiyini və bunun ictimaiyyətə faydalı olduğu üçün paylaşıldığını açıqlayıb.
Musavat.com xəbər verir ki, bu açıqlamanın yaratdığı şok effekti keçməmiş Donald Tramp M.Qarlanda özünün “Truth” sosial sosial şəbəkəsindəki hesabından cavab verib.
“Prezident Obamanın Çikaqoya apardığı 33 milyon səhifəlik sənədlər necə oldu? Saxta xəbər saytları bu barədə danışmaqdan imtina edir. Onlar buna məhəl qoymaq istəmirlər” - Tramp yazıb.
Trampın digər paylaşımlarında isə evində aparılan axtarışdan ciddi narahatlıq keçirdiyi hiss olunur: “Vəkillərim və nümayəndələrim əməkdaşlıq edirdilər. Hökumət bacardığı qədər istədiyini ala bildi. Müəyyən ərazini bağlamağımızı istədilər, bağladıq! Hər şey çox yaxşı gedirdi, bir çox əvvəlki prezidentlərdən daha yaxşı idi, lakin birdən-birə, heç bir xəbərdarlıq etmədən səhər saat 6:30-da Mar-A-Laqodakı mülkümə çoxsaylı agentlər tərəfindən basqın edildi. Hədlərini aşdılar. Bu, dəlilikdir!”
ŞOK EFFEKTİ YARADAN İDDİALAR
Qarşılıqlı söz savaşının davam etdiyi bir vaxtda “Washington Post”un irəli sürdüyü iddia daha da çaşqınlıq yaradıb.
Qəzet yazır ki, FTB Trampın evinə gizli nüvə silahı sənədlərini axtarmaq üçün basqın edib: "Təhqiqatla bağlı məlumatı olan şəxslərin sözlərinə görə, nüvə silahı sənədləri FTB-nin Trampın mülkündə ələ keçirdiyi "xəzinə"də ola bilər. Mənbələr bu sənədlərin ABŞ arsenalına, yoxsa başqa ölkəyə aid edildiyini dəqiqləşdirməyiblər".
TRAMP BU SƏNƏDLƏRLƏ ÖYÜNÜRDÜ
Məhkəmə hökumətə tapşırıq verib ki, vəsatəti Trampın vəkillərinə təqdim etsin və bu gün saat 15:00-a qədər Trampın həbs qərarının götürülməsinə etiraz edib-etmədiyini bildirsin.
Qeyd edək ki, bu cür sənədlərin şübhəli mövcudluğu ABŞ baş prokurorunun FTB agentlərinə verdiyi axtarış əmrinin səbəbini açıqlaya bilər. Belə ki, Mar-a-Laqodakı mülkdə, həqiqətən də, nüvə silahı sənədləri tapılarsa, Qarlandın niyə siyasi addım ataraq belə bir göstəriş verdiyi məlum olacaq. Çünki sənədlərin geri qaytarılması milli təhlükəsizlik prioriteti kimi qəbul ediləcək.
Xatırladaq ki, Tramp prezidentliyi dövründə ABŞ-ın nüvə arsenalına xüsusi diqqət yetirirdi və əlində olan məxfi nüvə silahı sənədləri ilə öyünürdü.