ABŞ Prezidenti Co Bayden Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşəcək.

Xarici KİV xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. O bildirib ki, Baydenin səudiyyə kralı Salman bin Əbdüləzizlə görüşünə şahzadə Salman da qatılacaq.

Kirbi Baydenin Səudiyyə Ərəbistanında qatılacağı Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) iclasında Yəməndə atəşkəs, insan haqları və enerji təhlükəsizliyini gündəmə gətirəcəyini bildirib.

Səudiyyəli jurnalist Camal Qaşıqçı 2018-ci il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürüldüyü üçün Baydenin Salmanla üz-üzə görüşüb-görüşməyəcəyi bəlli deyildi.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden iyulun 13-16-da İsrail, İordan çayının qərb sahili və Səudiyyə Ərəbistanına səfər edəcək.

Britaniyada iki gündə 50 siyasətçi istefa verdi

Böyük Britaniyada son 2 gün ərzində istefa verən siyasətçilərin sayı 50-yə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Sky News” yayıb. 

Məlumata görə, son iki gündə 4 nazir və çox sayda nazir müavinləri ölkənin Baş naziri Boris Consonun hökumətini tərk edib. 

B.Conson isə öz növbəsində istefaya yollanmaq niyyətində olmadığını bildirib.

Böyük Britaniyanın baş naziri Boris Conson yaxın saatlarda istefasını açıqlayacaq.

Bu barədə BBC məlumat yayıb.

Siyasətçi istefa verməyə razılaşıb, lakin payıza qədər hakim partiyanın yeni liderini seçmək üçün baş nazir postunda qalacaq. Conson Mühafizəkarlar partiyasının liderinin partiya konfransında seçilməsini istəyir.

Sky News telekanalı xəbər verir ki, Consonun istefası ilə bağlı bəyanat hazırlanır, lakin hamı bu fikri dəstəkləmir.

Böyük Britaniyanın xarici işlər naziri Liz Trus baş nazir postuna namizəd olub.

“Türkiyə ilə razılaşmaların həyata keçirilməsi üzrə işə başlamaq lazımdır”

“Ermənistan-Türkiyə sərhədinin açılmasına dair ilk razılaşmaların həyata keçirilməsi üzrə işə başlamaq lazımdır”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. 

Onun sözlərinə görə, razılaşmaların həyata keçirilməsi üçün hər iki ölkənin müvafiq qurumlarının bu prosesi koordinasiya etməsi çox vacibdir. 

Xatırladaq ki, iyulun 1-də Vyanada Türkiyə və Ermənistanın xüsusi nümayəndələri – Serdar Kılıç və Ruben Rubinyan arasında dördüncü görüş baş tutub. Görüş zamanı Türkiyə və Ermənistan arasında quru sərhədinin üçüncü ölkə vətəndaşları üçün açılmasına dair razılıq əldə olunub.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərbi nüvə müharibəsi ilə hədələyib.

“Haber7” xəbər verir ki, bu barədə sosial media hesabından açıqlama verən keçmiş baş nazir və prezident Medvedev Beynəlxalq Cinayət Məhkəməsini hədəf alaraq Rusiyanın Ukraynadakı hərbi cinayətləri ilə bağlı məsələyə sərt reaksiya verib.

“Rusiya Ukraynada hərbi cinayətlərə görə cəzalandırılarsa, nüvə müharibəsi başlayacaq”, -Medvedyev qeyd edib.

Bununla bağlı Rusiyanın imkanlarını xatırladana Medvedyev bildirib ki, ən böyük nüvə arsenalına malik ölkə cəzalandırılarsa, bütün bəşəriyyət təhlükə altında olacaq.

Ukraynadakı hərbi cinayətlərlə bağlı məhkəmənin diqqətli olmasının lazım olduğunu vurğulayan Medvedev ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) təzyiq etdiyini iddia edib.

ABŞ və Aİ Rusiyanı Ukraynada dinc əhalinin qətliamını törətməkdə ittiham edir. Xüsusilə müharibənin əvvəlində İrpindən və Buçadan gələn qırğın görüntülərinə görə rus ordusu məsuliyyət daşıyır.

İttihamları rədd edən Kreml beynəlxalq məhkəmələrin Rusiyaya qarşı heç bir qərarını tanımayacağını bəyan edib.

Ukrayna ordusu Xerson üzərində əks-hücum üçün şərait yaratmağa davam edir.

Bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutunun (ISW) son hesabatında deyilir.

Qeyd olunur ki, ruslar iyulun 6-da Xerson vilayətinin şimal-qərbində uğursuz hücum əməliyyatları keçirib və Ukraynanın hücumlarını dəf etmək üçün bütün cənub oxu boyunca artilleriyadan atəş açmağa davam edirlər.

“Məsafədən zondlama FİRMS məlumatları Xerson-Nikolayev və Xerson-Dnepropetrovsk vilayətinin sərhədi boyunca çoxlu sayda yanğınları göstərib. Geolokasiya edilmiş görüntülər Ukrayna və Rusiya qüvvələrinin Xerson və Nikolayev vilayətlərinin sərhəddindəki Snigirevka və Andreevka yaxınlığında artilleriyadan necə atəş açdığını göstərir. Ukrayna Cənub Əməliyyat Komandanlığı əlavə edib ki, rus qoşunları Neçayannoyedə (Nikolaivdən təxminən 33 km qərbdə) yaşayış infrastrukturuna raket zərbələri endirib, lakin Rusiyanın Teleqram kanalları Rusiya raketlərinin Ukrayna mövqelərini vurduğunu iddia edib”, - məlumatda qeyd olunur.

Analitiklər peyk çəkilişlərinə əsaslanaraq iddia edirlər ki, Ukrayna Silahlı Qüvvələri Xerson aeroportu yaxınlığında (Çernobaevka yaxınlığında) düşmən mövqelərinə hücum edib. Xerson dəmir yolu stansiyası yaxınlığındakı Rusiya silah-sursat anbarına edilən zərbə də xatırladılıb.

Brüsseldə yerləşən “EUObserver” internet nəşrində “Rusiya dağılsa, hansı regionlar müstəqil dövlətə çevrilə bilər?” başlıqlı məqalə dərc olunub.

Məqalənin müəllifləri Vaşinqtonda yerləşən Enerji Siyasəti Araşdırmaları Fondunun (EPRINC) tədqiqatlar üzrə direktoru Maks Pizyur və ABŞ-ın Nyuark şəhərində yerləşən Ratgers Universitetinin siyasi elmlər üzrə professoru Aleksandr Motıldır.

Məqalədə Rusiyanın Ukraynaya müharibəsi nəticəsində bir neçə müstəqil dövlətlərə parçalana biləcəyi ehtimalı irəli sürülüb: “Moskvanın Ukrayna ilə apardığı dəhşətli müharibə Rusiyanın onsuz da zəif iqtisadiyyatını daha da zəiflədir, hakim rejimin legitimliyini və gücünü sarsıdır, rus ordusunun azman obrazının qurama olduğunu göstərir və Prezident Vladimir Putini elitanın gözündən salır.

Bu fonda hansısa məqamda Rusiyada bütün sistem indi bizə bəlli olmayan bir ssenari üzrə çökə də bilər və Rusiya əraziisndə bir neçə müstəqil dövlət yarana bilər. Məqladə Rusiya parçalanmaya məruz qalacağı təqdirdə ölkənin cənubunda, şərqində və mərkəzində bu ölkələr yarana bilər.

Cənub

Rusiyanın cənubunda İnquşetiya, Çeçenistan və Dağıstan Respublikalarının əhalisinin ümumi sayı 5,5 milyon nəfərdir. Son on ildə bu Respublikaların əhalisi 13 faizdən çox artıb.

Hər üçü güclü milli kimlik sərgiləyən, islam dininə etiqad edən və vaxtilə Rusiyaya sərt təpki göstərmiş bölgədir.

Şərq

Rusiyanın Uzaq Şərqdə yerləşən əsas bölgələri Saxalin vilayəti, Primorsk, Xabarovsk, Kamçatka diyarları və Saxa Respublikasıdır (Yakutiya).

Mərkəz

Tatarıstan və Başqırdıstan Respublikaları Rusiyanın 85 subyekti (subyekt dedikdə Respublikalar, diyarlar, vilayətlər, federal əhəmiyyətli şəhərlər, muxtar dairələr və muxtar vilayətlər nəzərdə tutulur) arasında nadir konstitusiya quruluşuna malik tək-tük bölgələrdəndir. Öz konstitusiya quruluşları sayəsində hər iki Respublika əhəmiyyətli dərəcədə muxtariyyət qazana bilib.

Tatarıstanla Başqırdıstanın ümumilikdə 8 milyon nəfərə yaxın əhalisi var. Son on ildə bu Respublikalarda əhalinin sayı 0,4 faiz artıb.

Tatarıstanla Başqırdıstanda ümumilikdə gün ərzində 1 milyon barrelə yaxın xam neft hasil olunur. Bu, Rusiyanın ümumi xam neft istehsalının 10 faizə qədərini təşkil edir.

Təkcə Tatarıstanda neft ehtiyatlarının həcmi 7,3 milyard barelə çatır. Hazırkı hasilat tempi ilə bu, 30 illik neft ehtiyatı deməkdir.

Rusiyanın başqa yerləri ilə müqayisədə bu iki regionda iqtisadiyyat daha yaxşı diversifikasiya olunub, karbohidrogen hasilatını da nəzərə almaqla hər iki Respublikada güclü sənaye və kənd təsərrüfatı var.

Tatarıstanla Başqırdıstanın bir neçə çaya, dəmiryol xətlərinə çıxışı onları ticarət yollarının kəsişməsinə gətirib çıxarıb. Birlikdə 15 milyard dollarlıq ixrac, 1,6 milyard dollarlıq idxal həyata keçirən Tatarıstan və Başqırdıstan yüksək xalis ticarət balansına malikdir.

1991-ci ildə Sovet İttifaqı dağılandan sonra Tatarıstan referendumlara və Kremllə danışıqlara getməklə tam suverenliyə nail olmaq istiqamətində addımlar atdı.

2008-ci ilin avqustunda Rusiya Gürcüstana hücum çəkəndən və Abxaziya ilə Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanıyandan sonra Tatarıstan öz suverenliyini elan etdi, BMT-dən və Rusiyadan onun müstəqilliyini tanımasını istədi. Amma Rusiya və BMT buna məhəl qoymadı.

Rusiyanın Ukraynada apardığı müharibə Kiyevin qələbəsi ilə bitsə və ya hərbi əməliyyatlar dalana dirənsə, Putin rejiminin sabitliyi pozulacaq və bu qeyri-sabitlik həndəsi silsilə ilə artacaq. Elə bir vəziyyətdə, xüsusilə də Kremldaxili elitaların başı Putinin taxt-tacı uğrunda mübarizəyə qarışsa, böyük ehtimalla bəzi regionlar Rusiya Federasiyasından ayrılmaq yolunu tutacaq.

Bəs sonra – onlar müstəqil dövlət kimi qala biləcəkmi, yoxsa Putini əvəz edəcək adam onları yenidən Rusiyaya birləşdirəcək? Bunu bilmirik. Yalnız bir şeyi əminliklə deyə bilərik ki, Rusiya dağılsa, sonra regionların yenidən Rusiyaya birləşdirilməsi prosesi başlansa, bu, çox zorakı və qanlı bir proses olacaq. Elə bir proses ki, yalnız parçalanmanı sürətləndirə və Rusiyanın birdəfəlik çöküşünə gətirib çıxara bilər”.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) uşaqlar arasında meymunçiçəyi xəstəliyinə yoluxma hallarını qeydə alıb.

Oxu.az xəbər verir ki, bu barədə ÜST-ün nümayəndəsi Rozamund Lyuis brifinq zamanı bildirib.

Onun sözlərinə görə, bu gün meymunçiçəyinə yoluxma aşkarlanan uşaqların təxminən üçdəbiri 10 yaşınadək, yarısı isə beş yaşınadək uşaqlardır.

Lyuis qeyd edib ki, çox güman ki, kiçik uşaqlar xəstəliyə evdə yoluxurlar. 18-19 yaşlı xəstələr arasında meymunçiçəyi xəstəliyinin yayılması məsələsi hələ də aktuallığını itirməyib.

Ukraynadakı vəziyyətə görə dünyada təxminən 40 milyon insan qida çatışmazlığı problemi ilə üzləşəcək.

Bunu BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş iqtisadçısı Maksimo Torero bildirib.

“Aqrar-sənaye sektoru hazırda ciddi qeyri-müəyyənlik vəziyyətindədir. Əgər Ukraynadakı vəziyyətin təsirini proqnozlaşdırsaq, o zaman 2022-ci ildə xroniki qida çatışmazlığı ilə üzləşən ən azı 40 milyon insan olacaq”, - Torero bildirib.

Onun sözlərinə görə, 2023-cü ildə 70 milyondan çox insan aclıq problemi ilə üzləşə bilər.

Qeyd edək ki, “Bloomberg”in yazarı Amanda Littl də bildirib ki, ABŞ-da artan aclıq epidemiyası müvəqqəti problemdən davamlı reallığa çevrilir. Onun sözlərinə görə, 2021-ci ildə hər altı amerikalıdan biri ərzaq banklarına kömək üçün müraciət edib:

“Bu, 2019-cu ildəki 40 milyon insan sayı ilə müqayisədə 53 milyon nəfər deməkdir. Pandemiyanın səngiməkdə olmasına baxmayaraq, ABŞ-da ac insanların sayı artmaqda davam edir”.

Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə 5-ci ayda davam edərkən, hər iki tərəf ciddi itkilər verməkdə davam edir.

“Dailymail” xəbər verir ki, Ukrayna cəbhəsində döyüşən əsgərlər silah və sursatlarının azaldığını etiraf edib. Həmçinin Rusiyada da ciddi kadr çatışmazlığı yaranıb.

Britaniyanın “Dailymail” qəzetinin yazdığına görə, Rusiya Prezidenti Vladimir Putin kadr probleminə həll yolu tapmaq üçün fövqəladə qərar verib. Qəzetin "IStories" Müstəqil media təşkilatına istinadən verdiyi məlumata görə, Rusiya Ukraynada döyüşmək üçün məhbusları cəlb etməyə başlayıb.

Bildirilir ki, əməliyyatı Putinlə əlaqəsi olduğu bilinən Vaqner qruplaşması həyata keçirib. Məhbusların "Ukraynada nasistləri ovlamaq üçün" muzdla alındıqları deyilir.

İşə götürülən hər məhbusa aylıq təxminən 6 min manata yaxın maaş verildiyi, 6 aydan sonra sağ-salamat qayıtdıqları təqdirdə cəzalarının ləğv ediləcəyi açıqlanıb.


Bildirilib ki, artıq Yablonevka, Obuxovo və Fornosovo həbsxanalarında işə qəbul başlayıb. 

Məhbuslardan birinin qohumu “Dailymail”ə deyib ki, müstəntiqlər cümə günü axşam Yablonevkaya gələrək məhkumlardan vətəni müdafiə etməyi xahiş ediblər:

"Məhkumlara deyilib ki, nasistləri tapmaq asan deyil, ona görə də hamı geri qayıda bilməyəcək. Hakimiyyət bəyan edib ki, gedənlərin yalnız 20%-nin geri dönməsini gözləyirlər. Sağ qalan məhbuslar əfv olunacaq və 200 min rubl pul ödənəcək. Ölənlərin ailələrinə də 5 milyon rubl (təxminən 13 min manatdan çox) təzminat vəd edilib. Amma bütün bu razılaşmalar yalnız şifahi olacaq və heç vaxt kağıza yazılmayacaq”.

Adı açıqlanmayan bir mənbə həbsxanalardan 200 nəfərin qeydiyyatdan keçmək istədiyini, lakin 40 nəfərin işə götürüldüyünü və məhbusların yalan detektoru ilə sınaqdan keçirildiyini iddia edib.

Bu planda Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əli olduğu iddia edilib. Qərb mediası gözlənilməz addımın Putinin çarəsizliyi ilə bağlı olduğunu yazıb.

Bu xəbər məhbusların ailələri tərəfindən birmənalı qarşılanmayıb. Vaqnerlə döyüşmək üçün seçilən məhbusun qohumu "6 aya evə qayıdacağı və cinayəti işinə xitam veriləcəyi vədi ilə rüşvət verdilər. Bunu biləndə əsəb pozğunluğu yaşadıq"- sözlərini deyib.

Gulagu.net hüquq-müdafiə qrupu tərəfindən verilən açıqlamada məhkumların ailələrinin bu qərardan dəhşətə gəldiyi qeyd edilib. Vurğulanıb ki, məhkumların vəziyyəti onlara düzgün seçim etməyə imkan vermir.

Xəbər lenti