Sürət qatarı təmir lokomotivi ilə toqquşdu;  ölən və xəsarət alan var - FOTO

Portuqaliyada sürət qatarının və təmir lokomotivinin iştirakı ilə ağır dəmir yol qəza baş verib. Hadisə iyulun 31-də Koimbra şəhərinin Sori kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Bu barədə “SIC” telekanalı məlumat yayıb.

Telekanalın Məlumatına görə, göyərtəsində 282 sərnişinin olduğu və iri şəhərlər arası reys həyata keçirən “Alfa Pendular” sürət qatarı, dəmir yollarında xidmət aparan təmir lokomotivi ilə toqquşub.

Qəza nəticəsində azı 2 nəfər ölüb, 40-a yaxın insan isə xəsarət alıb. Onlardan 7-sinin vəziyyəti ağırdır.

Yaralılar, hadisə yerinə cəlb olunan ambulanslarla şəhər xəstəxanalarına çatdırılıblar.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.

Koronavirusdan sağalanların sayı 11 milyonu keçdi

Dünyada 17 758 802 nəfərdə koronavirus aşkar edilib.

Virusdan 682 999 xəstə ölüb, 11 161 510 nəfər sağalıb.

Koronavirusun ən çox yayıldığı üç ölkə ABŞ (4 705 889 nəfər), Braziliya (2 666 298 nəfər) və Hindistandır (1 697 054 nəfər).

Ən çox ölümün müşahidə olunduğu dövlətlər ABŞ (156 747 nəfər), Braziliya (92 568 nəfər) və Meksikadır (46 688 nəfər).

Azərbaycanın sərhəd qonşuları arasında koronavirusa ən çox yoluxma siyahıda dördüncü olan Rusiyada (839 981 nəfər), virusdan ölüm isə 10-cu yerdə qərarlaşan İrandadır (16 766 nəfər).

Koronavirusun ilk yayıldığı dövlət olan Çin 84 337 yoluxma ilə siyahıda 29-cu yerdədir.

Azərbaycanda bu vaxta qədər 31 878 nəfərdə koronavirus qeydə alınıb. Virusa yoluxanların 25 882-si sağalıb, 448-i həyatını itirib.

Türkiyənin vitse-prezidenti Azərbaycanla təlimlərdən yazdı

Türkiyənin vitse-prezidenti Fuat Oktay ölkəmizdə Azərbaycanla Türkiyənin  birgə keçirdiyi hərbi təlimlərlə bağlı fikrini bölüşüb.

Bu barədə tvitter hesabında yazan F. Oktay hər zaman Azərbaycanla birgə olduqlarını qeyd edib:

“Türk- Azərbaycan hava və quru qüvvələri Azərbaycanda genişmiqyaslı təlimlərə başlayıb. İstənilən vaxt və istənilən şəraitdə qardaş Azərbaycanla əməkdaşlığımızı davam etdirəcəyik. Bütün imkanlarımızla qardaşlarımızın yanındayıq”.

Qeyd edək ki, birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib.

Təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan başlayaraq avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək.

 

 

 
Bu ölkədə 2 həftədən çoxdur, COVID-19-dan ölən yoxdur

Artıq 18 gündür Kubada koronavirusdan ölüm halı qeydə alınmır.  “RİA Novosti” bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumatlarında qeyd olunur.  

Ölənlərin sayı dəyişməz olaraq 87-də qalıb. Bununla yanaşı, bir neçə gün ölkədə ağır və ya kritik vəziyyətdə pasiyent olmayıb. Lakin nazirliyin ötəngünkü yeni məruzəsində məlum olub ki, adanın 67 yaşlı qadın sakinin vəziyyəti kritikdir.

Ümumilikdə ölkədə 2 588 koronavirusa yoluxma halı qeydə alınıb, 2 353 xəstə sağalıb.

Pandemiya dövründə Həcc ziyarəti
Səudiyyə Ərəbistanında müsəlmanların Həcc ziyarəti başlayıb.

Qafqazinfo xəbər verir ki, adətən, Həccə dünyanın hər yerindən bir neçə milyon insan gəlir, lakin koronavirus səbəbindən Səudiyyə Ərəbistanı hakimiyyəti xaricdən zəvvarların gəlməsini qadağan edib - yalnız Səudiyyə Ərəbistanı sakinləri və ya artıq ölkədə olan əcnəbilər Həcc ziyarətinə gedə bilərlər.

Hər bir müsəlman, əgər sağlamlığı və maddi vəziyyəti imkan verirsə, həyatında, heç olmasa, bir dəfə də olsun Həcc ziyarətinə getməlidir.

Həcc ziyarətinin illik gəlirləri təxminən 5-6 milyard dollar təşkil edir - Krallığın ÜDM-in 10%-ə qədər.

Zəvvarların sayına görə ən yüksək göstərici 2012-ci ildə qeydə alınıb - 3 milyondan çox insan. Bu il onların sayının 10 min nəfərə yaxın olacağı gözlənilir.

Məkkəyə getdikdə bütün zəvvarlar karantindən keçməlidirlər. Həcc ziyarətindən qayıtdıqdan sonra evdə də onları iki həftəlik karantin gözləyir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında 270 min koronavirusa yoluxma halı qeydə alınıb, təxminən üç min nəfər dünyasını dəyişib.

XIX əsrdə də Həcc ziyarəti epidemiyaların yayılması səbəbindən bir neçə dəfə ləğv edilib.





“Azərbaycan bizi aclıqdan xilas etdi, bunu unutmarıq”
Son dövrlər cəbhənin Tovuz istiqamətində ermənilər tərəfindən törədilən təxribat zamanı Azərbaycana qarşı Serbiya istehsalı olan silahlardan istifadə edilməsi barədə məlumatlar yayılıb. İddia edilib ki, bu silahlar Serbiyadan Gürcüstan vasitəsilə Ermənistana aparılıb. Məsələ ilə bağlı Gürcüstanın rəsmi şəxsləri bu məlumatı təkzib edərək ölkə ərazisindən Ermənistana heç bir silahın keçirilmədiyini bildiriblər.

"Ölkə.Az" qafqazinfo-ya istinadən xəbər verir ki, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili mövzu barədə İctimai Televiziyaya müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Belə bir fikir var ki, 2008-ci ildə Gürcüstanın dar günündə Azərbaycan ona yardım əli uzatmışdı. Bu barədə nə düşünürsünüz?

- Azərbaycan bizə çox yardım edib. İlk növbədə 2005-ci ili yada salmaq istərdim. O zaman bizdə böyük enerji böhranı var idi. Gürcüstana daxil olan qaz boruları və elektrik xətləri kəsilmişdi. Azərbaycan bizi – milyonlarla gürcüstanlını soyuqdan qurtardı. Hətta deyərdim, aclıqdan, ölümdən xilas etdi. Bu, bir neçə həftə davam edirdi. Nə mən, nə Gürcüstan xalqı bu köməyi heç vaxt unutmarıq. Bundan sonra 2008-ci ildə ölkəmiz təcavüzə məruz qaldıqda Azərbaycan iqtisadi müstəvidə enerji hasilatı yönündə bir sıra tədbirlər gördü ki, bunlar Gürcüstan üçün həyati əhəmiyyət daşıyırdı. Bu əsl dost, əsl qardaş dəstəyi idi. Heç də hər qardaş Azərbaycanın göstərdiyi köməyi göstərməzdi. Belə məsələlər nəsillər, yüzilliklər boyu yaddaşlarda qalır.

- Azərbaycanla Gürcüstan arasındakı münasibətlər regionun inkişafı baxımından niyə strateji əhəmiyyət daşıyır?

- Çünki Azərbaycan və Gürcüstan iki qardaş ölkədir. Ölkələrimiz Mərkəzi Asiya, Yaxın Şərq və Avropa arasında yerləşir və bu çox mühüm rol oynayır. Həmçinin, xalqlarımız bir-birini sevir. Gürcüstanda çox böyük Azərbaycan icması var. Gürcüstan Azərbaycan üçün dünya bazarlarına çıxışı təmin edir. Azərbaycan Gürcüstan üçün əsas sərmayə, dəstək və ümumi inkişaf amilidir. Ona görə bu, demək olar ki, ideal bir uyğunluqdur.

- Son dövrlər Gürcüstan hökumətinin Serbiya silahlarını Gürcüstan ərazisi üzərindən Ermənistana ötürməsi barədə məlumat yayılıb. Bu məlumata münasibət bildirə bilərsiniz?

- Bu məlumat yoxlanıb təsdiqlənsə, ölkələrimiz arasındakı ənənəvi dostluq, xoşməramlılıq və qardaşlıq siyasəti ilə ciddi ziddiyyət təşkil edəcək. Təbii ki, Gürcüstan regionda münaqişələrin yox, sülhün bərqərar olmasında maraqlıdır. Biz anlamalıyıq ki, Gürcüstanın indiki hökuməti tam müstəqil deyil. Onlar güclü xarici təsir altındadır. Bu məhz Gürcüstanın xaricindən verilən tapşırıq ola bilər, Gürcüstan xalqının istəyi yox. Ölkəniz Gürcüstanın inkişafı üçün vacib amildir. Bizim Azərbaycanla münasibətlərimiz o səviyyədədir ki, onlara qarşı atılmış hər bir addım Gürcüstan xalqına qarşı atılmış bir addımdır.

- Bu məlumat istər Azərbaycanın rəsmi dairələrində, istərsə də ictimaiyyətdə çox böyük qınaqla qarşılandı. Bu, iki ölkə arasındakı münasibətlərə necə təsir göstərə bilər?

- Yenə də, məlumat təsdiqlənsə, bu addım tək Azərbaycan xalqına qarşı yox, Gürcüstan xalqına da qarşı atılmış bir addım olacaq. Bu addım regionda sülhə qarşıdır, mənim şəxsi fundamental prinsiplərimə qarşıdır. Bunu təşkil edən insanlar cəzalandırılmalıdır. Azərbaycanın Gürcüstana bütün bu illər ərzində etdiyi yaxşılıqların müqabilində bu çox böyük nankorluq olar. Minnətdarlıq anlayışı təkcə insanlara yox, ölkələrarası münasibətlərə də xasdır. Bizim Azərbaycana qarşı nankorluq etməyə heç bir səbəbimiz yoxdur. Biz Azərbaycana dərindən minnətdar olmalıyıq.

- Gürcüstanda parlament seçkiləri yaxınlaşır. Bu məlumat seçkilərin nəticələrinə necə təsir göstərəcək?

- Düşünürəm ki, son 2 seçkilər zamanı Gürcüstanın müasir tarixində ilk dəfə olaraq Gürcüstan azərbaycanlıları müxalifətə səs verdilər. Mənim üçün bu çox əlamətdardır. Bu o deməkdir ki, azərbaycanlılar da gürcülərlə yanaşı, özlərini ölkənin sahibi hiss edirlər və ona görə məsuliyyət daşıyırlar. İndiki hakimiyyət onlarla oyun oynaya bilməz. Onlar Gürcüstanın vətənpərvərləridir. Onlar Gürcüstan üçün çox iş görüblər və gələcəkdə də görəcəklər. Biz onları Gürcüstan hökumətinə daha çox inteqrasiya etməliyik. Çünki onlar da Gürcüstan cəmiyyətinin üzvləridir. Bu nöqteyi-nəzərdən, Gürcüstan azərbaycanlıları təzyiqə və hədələrə rəğmən bu seçkilərə də əsl vətənpərvərlər kimi baxıb azad seçim etməlidirlər.

Türkiyədə sosial şəbəkələrlə bağlı qanun qəbul olundu

Türkiyədə hakim AKP partiyası tərəfindən hazırlanan sosial şəbəkələrin tənzimlənməsi ilə bağlı qanun təklifi parlamentdə AKP və MHP millət vəkillərinin səs çoxluğu ilə qəbul edilib.

"Sözcü" qəzeti xəbər verir ki, qanun təklifinə görə istifadəçi sayı 1 milyondan çox olan sosial şəbəkələr Türkiyədə ən az bir nəfərdən ibarət nümayəndəlik açmalıdır. Sözügedən nümayəndəlik sosial şəbəkələrdə yayılan təhqir, böhtan, terror və ya narkotik maddələrin təbliği xarakterli paylaşımlara görə məsuliyyət daşıyacaq.

Qanun layihəsi bir sıra müxalif partiyalar tərəfindən söz və fikir azadlığının məhdudlaşması kimi qiymətləndirilir. Qanunun bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənəcəyi gözlənilir.

Fövqəladə vəziyyət rejimi oktyabra qədər uzadılır

İtaliya Parlamentinin Senatı COVID-19 pandemiyası ilə əlaqədar ölkədə fövqəladə vəziyyət rejiminin oktyabrın 15-dək uzadılmasını dəstəkləyib.
Təklif ölkənin Baş naziri Cüzeppe Konte tərəfindən verilib.

O, Senatda ölkədə sürətlə yayılan epidemiyanın qarşısının alınması çərçivəsində müvafiq tədbirlərin genişləndirilməsi təklifi ilə çıxış edib.
Müzakirələr zamanı İtaliya hökumətinin nəzdində yaradılan Elmi və Texniki Komitənin məlumatlarına əsasən bildirilib ki, ölkədə virusun yayılma tempini əks etdirən rəqəmlər bu təklifin keçərli olduğunu zəruri edir.

Fövqəladə vəziyyət rejiminin uzadılması məsələsi Nazirlər Şurasının səhər iclasında müzakirə edildikdən sonra qanunverici orqan tərəfindən baxılması təklif olunub.

Qeyd edək ki, müzakirələrdən sonra təklif qəbul edilib.APA

Koronavirusla bağlı son STATİSTİKA
Dünyada 16 895 202 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd edilir.

Virusa yoluxan 663 476 xəstə ölüb, 10 458 632 nəfər sağalıb.

Dünya ölkələri arasında koronavirusa yoluxma ən çox ABŞ (4 498 343 nəfər), Braziliya (2 484 649 nəfər) və Hindistandadır (1 532 135 nəfər).

Sərhəd qonşumuz Rusiya 823 515 yoluxma ilə siyahıda dördüncüdür.

İranda 296 273, Türkiyədə 227 982, Ermənistanda 37 629, Gürcüstanda 1 145 nəfərdə koronavirus aşkar edilib.

Qonşu dövlətlər arasında koronavirusdan ən çox ölüm halına (16 147 nəfər) İranda rast gəlinir.

Azərbaycanda koronavirusa yoluxan 30 858 nəfərdən 430-u ölüb, 23 873-ü sağalıb.

Yadplanetlilər mövcuddur.

360 TV-nin məluümatına görə, ABŞ Müdafiə Nazirliyinin məxfi xidməti belə bir bəyanatla çıxış edib və bununla bağlı əllərində sübut olduğunu bildirib.

Ancaq 2020-ci il hadisələrlə zəngin il olduğu üçün insanlar buna gözlənildiyi kimi reaksiya verməyiblər.

Amerikanın gizli AATIP proqramının (Advanced Aerospace Threat Identification Program) anomal atmosfer hadisələri və UNO-ların təhdidlərini öyrənmək üzrə mütəxəssislər yaxın gələcəkdə yerüstü sivilizasiyanın mövcudluğu barədə insanlarla məlumat bölüşməyə hazır olduqlarını açıqlayıblar.

Qərar Pentaqonun üç məxfi videonu dərc etməsindən sonra verilib. Mənzil Qərargah nümayəndələrinin sözlərinə görə, kadrlarda görünənlər UNO-lardır.

Qeyd edək ki, videolar yeni deyil: 2004 və 2015-ci ildə KİV-də yayılmışdı. Lakin onların həqiqiliyi 2020-ci ildə təsdiqlənib. (oxu.az)

Xəbər lenti