Səudiyyə Ərəbistanı ABŞ-ın dəstəyini almadan Qaşıqçı cinayətini törədə bilməzdi.

Axar.az xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib.

Qeyd edək ki, bundan öncə Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçının Ər-Riyadın İstanbuldakı Konsulluğunda öldürüldüyünü təsdiqləyib.

Bidzina İvanişvili tərəfdarlarını Gürcüstan prezidentliyinə müstəqil namizəd Salome Zurabişvilini dəstəkləməyə çağırıb.

Axar.az xəbər verir ki, o, Zurabişvilinin ilk turda 53% səs toplayaraq qalib gələcəyini bildirib. Onun sözlərinə görə, nə Qriqol Vaşadze, nə də David Bakradze Zurabişvilinin rəqibi ola biləcək:

“Vahid Milli Hərəkat Partiyası və “Rustavi 2” televiziyası özlərinin xəyanətini Zurabişvilinin üzərinə atmağa cəhd edirlər. Mən də Zurabişvili kimi hesab edirəm ki, Saakaşvilinin rəhbərlik etdiyi hökumət 2008-ci ildə müharibəni başlatmaqla xəyanətə yol verib”.

 

Soyqırım, etnik təmizləmə kimi barbarlıq ifadə edən anlayışlar bizim mədəniyyətimizdə yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım qondarma erməni soyqırımı iddiaları ilə bağlı Qafqaz Universitetində çıxışı zamanı deyib.

“Soyqırım iddiası alçaq iddiadır. Tarixində eyib, günah, alçaqlıqlar olmayan millətlərin başında bizim millət gəlir. Çirkin iddiaları heç zaman qəbul etmədik. Bunu edənlərin məqsədi öz ləkələrini türk millətinə yapışdırmaqdır. Ermənistan tez-tez “Biz Türkiyə ilə əlaqələr qurmaq istəyirik, əlaqələrimizi inkişaf etdirmək istəyirik” kimi bəyanatlar verir. Əgər həqiqətən belə bir niyyəti varsa, öncə Dağlıq Qarabağ və ətraf rayonlarda işğal etdiyi torpaqlardan çıxsın. Yurd-yuvalarını tərk etmiş 1 milyon azərbaycanlının qayıtmalarına şərait yaratmalıdır. Türkiyə üzərindəki iddialarından dərhal imtina etməli və qeyd-şərtsiz həqiqətləri qəbul etməlidir”, - deyə parlament sədri bildirib.

“Üstü örtülən ən bərbad hadisədir”

 

ABŞ prezidenti Donald Tramp Səudiyyə ərəbistanlı jurnalist Camal Qaşıqçının qətlindən danışıb.

 Ağ Ev rəhbəri bu cinayəti “tarixdə üstü örtülən ən pis hadisə” adlandırıb:

“Məsələ ilə bağlı digər dövlətlərlə də danışıqlar gedir. Baş verənlər heç kimin xoşuna gəlmir. Qərarımızı Konqresə həvalə edəcəyəm. Bu cinayət tarixdə üstü örtülən ən bərbad hadisədir”.

Səudiyyənin İstanbul konsulluğuna məxsus avtomobildən öldürülən jurnalist Camal Qaşıqçıya aid bəzi şəxsi əşyaların tapıldığı bildirilib.

Axar.az xəbər verir ki, xüsusi təlim görmüş itlər vasitəsilə aparılan əməliyyatda polis iki çantada şəxsi əşyalar, kompüter və sənədlər aşkar edib.

Axtarışla bağlı əlavə məlumat verilməyib.

Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Səudiyyə konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçı ilə bağlı növbəti açıqlama verib.

Axar.az-ın məlumatına görə, Moqerini bildirib ki, AB-nin bu yöndəki qərarları Səudiyyənin bundan sonrakı addımları ilə bağlı olacaq.

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton arasında görüş keçirilib.

Axar.az xəbər verir ki, Kreml rəhbəri həmkarı Donald Trampla noyabrın 11-də Parisdə görüşə biləcəyini Boltona bildirib.

Putin vurğulayıb ki, ABŞ və Rusiya arasında birbaşa təmaslar faydalı ola bilər:

“Təbii ki, ABŞ tərəfli bu kimi təmaslarda maraqlı olarsa...”.

Qeyd edək ki, C.Bolton Moskvada səfərdədir.

Camal Qaşıqçının öldürülməsi hər hansı bir səbəb göstərilə bilməyəcək qədər iyrənc bir səhvdir.

Axar.az xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının Enerji və Sənaye naziri Xalid əl-Falih deyib.

Nazir çətinləşən vəziyyətlə bağlı ölkəsinin böhrana sürükləndiyini qeyd edib.

Ermənistan parlamenti oktyabrın 23-də keçirilən iclasda vəkil Vaqe Qriqoryanı Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə seçə bilməyib.

Axar.az xəbər verir ki, Qriqoryanın seçilməsi üçün 63 səs lazım olsa da, səsvermədə cəmi 54 deputat iştirak edib. Bu da seçkinin keçirilməsi üçün yetərli olmayıb.

İclasda 67 deputat olsa da, onların hamısı səsvermədə iştirak etməyib.

Qeyd edək ki, Konstitusiya Məhkəməsinə sədrin seçilməsi cəhdi 3-cü dəfə uğursuzluğa uğrayır. Bundan əvvəl bu vəzifəyə Yelizaveta Danielyan və Emil Babayanın namizədliyi irəli sürülmüşdü.

Oktyabrın 25-dən 27-dək Gürcüstanda hava şəraitinin kəskin dəyişəcəyi, Qara dəniz sahillərində 4-5 ballıq qasırğa olacağı barədə əhaliyə və turistlərə ciddi xəbərdarlıq edilib.

Axar.az xəbər verir ki, məlumatı Gürcüstanın Ətraf Mühitin Mühafizəsi Agentliyi yayıb.

Agentliyin məlumatında deyilir ki, oktyabrın 26-27-də ölkə ərazisində hava kəskin soyuyacaq, leysan yağışları, dağlıq və dağətəyi ərazilərdə qar yağacaq, güclü külək əsəcək, Qara dənizdə 4-5 ballıq qasırğa olacaq. Güclü yağışlar nəticəsində çaylarda suyun səviyyəsi artacaq, sel suları yaranacaq, ayrı-ayrı ərazilərdə torpaq sürüşməsinin olacağı ehtimal edilir.

Agentlik həmin günlərdə dənizdə çimməyin, dağlara gəzintiyə getməyin təhlükəli olduğunu bildirir.

Xəbər lenti