Rusiyaya qarşı dünyada güclü təzyiq var.

Kult.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Rusiyalı Həmvətənlərin Ümumdünya Konqresində çıxışı zamanı deyib. Onun sözlərinə görə, təzyiqlər hərbi aktivlik və iqtisadi sanksiyalar formasında həyata keçirilir.

O, dünyada rus dilinə qarşı da hücumların artdığını, amma bu hücumların məğlubiyyətlə nəticələndiyini bildirib.

Dövlətin, eləcə də kilsənin rollarını müəyyən edəcək yeni bir çərçivə arzulayırıq. Yunan dövlətinin dini obyektivliyinin Konstitusiya daxilində aydın şəkildə müəyyən olunmasının vaxtı çatıb.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Yunanıstan Baş naziri Aleksis Çipras çıxış edib.

"Ölkənin yeni bir səhifə açdığı dövrdə daha radikal, daha dəyişik addımlar atmağın vaxtıdır" , - Çipras söyləyib.

Qeyd edək ki, bir müddət öncə Çipras ölkənin bütün partiyalarına məktub ünvanlayaraq, Konstitusiyada dəyişikliklər üçün təkliflər edilməsini istəyib.

Con Boltonun səfərindən sonra Moskvada antierməni və antipaşinyan isteriyası formalaşır.

Axar.az xəbər verir ki, bunu “Azadlıq” radiosuna müsahibəsində rusiyalı hərbi analitik Pavel Felgenhauer deyib.

“Moskvanın öz stilini dəyişib, Ermənistanda yaranan çətin situasiyanı başa düşməyə cəhd edəcəyini düşünməyə dəyməz. Ermənistan çox çətin situasiyaya düşüb. İrəvanın atacağı hər bir səhv addım onun düşdüyü situasiyanı daha da çətinləşdirəcək. Cənubi Qafqaz respublikaları içərisində İranla münasibətlərdə əsas açar ölkə Ermənistan sayılır. Buna görə də Amerika tərəfi Ermənistandan İranla sıx əlaqələri kəsməyi tələb edir. Moskvaya gəlincə, Paşinyanın ABŞ silahlarını ala biləcəkləri haqqında bəyanatı Rusiyada isteriya yaradıb. Moskva indidən deyir ki, amerikalılar indi də Ermənistanı bizdən alırlar. Moskva öz sərt davranışlarını dəyişməyəcək”, – deyə o bildirib.

Onun sözlərinə görə, indiki zamanda həqiqətən Ermənistanın ABŞ silahlarına ehtiyacı var:

“Ermənistan Azərbaycana bu məsələdə uduzur. Bakı bu cür silahları İsraildən almaqla kompensasiya edir, amma Rusiyada bu cür silahlar yoxdur. Məntiqlə Moskva belə situasiyada Ermənistanın öz təsirində saxlanılması üçün ona daha çox rus silahı almağa imkan verəcək yeni sərfəli kreditlər təklif edə bilər.

Paşinyana bundan öncə də güvənmirdilər. Boltonun bəyanatından sonra Moskvanın Ermənistanda hakimiyyətə qərbyönlü adamların gəlməsini deməyə əsasları yaranır”.

Almaniya kansleri Angela Merkelin siyasətdən gedəcəyinə yalnız Rusiya sevinir.

Axar.az xəbər verir ki, bu iddia ilə “Der Taqesşpigel” qəzetindəki məqaləsində alman jurnalist Kristof fon Marşal çıxış edib.

“Merkel dünyada böyük populyarlığa sahibdir, Almaniya isə fərqli konfliktlərin həllində etibarlı tərəfdaş kimi tanınır. Almaniya həmçinin dünyanın dördüncü iqtisadiyyatına, Avropa Birliyinin əsas iqtisadiyyatına sahibdir. Onun nə etməsindən asılı olmayaraq, bu onun qonşuları və tərəfdaşlarında öz əksini tapacaq.

Kanslerin istefaya getməsinə yeganə sevinən ölkə Rusiyadır. Ona görə ki, Merkel bütün Avropanı antirusiya sanksiyaları ətrafında birləşdirməyi bacarıb. Merkel həmçinin Minsk danışıqlarında və digər sammitlərdə əldə olunan razılaşmaları təmsil edir. O, hər zaman bunu öz tərəfdaşlarına rahatlıqla xatırlada bilər, amma istefaya gedəcəyi halda bu razılaşmaların hamısına son qoyulacaq”, – deyə o bildirib.

Qeyd edək ki, Merkel bundan öncə növbəti dəfə Almaniya kansleri vəzifəsinə namizədliyini irəli sürməyəcəyini açıqlayıb.

Almaniya kansleri Angela Merkelin partiya sədrliyindən gedəcəyini açıqlamasından sonra onun vəzifəsinə sahib olmaq uğrunda partiyanın liberal qolu ilə mühafizəkarlar arasından amansız mübarizə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Hürriyət” yazıb.

Merkelin namizəd olmayacağı halda onun postuna iddia edən şəxslər bunlardır:

Anneqret Kramp Karrenbauer – “Merkelin şahzadəsi” kimi tanınır. Ona “Mini Merkel” deyənlər də var. Partiyanın liberal qolunu təmsil edir. Saarland əyalətində 2017-ci ilin mart seçkilərində anketlərin nəticəsinə əsasən məğlub olacağını görən Karrenbauer heç bir səbəb olmadan Türkiyədəki Konstitusiya dəyişiklikləri ilə bağlı türk siyasətçilərin əyalətin ərazisində çıxış etməsini qadağan edib. Bundan sonra yenidən Saar bölgəsinin baş naziri seçilən Karrenbaueri Merkel Berlində Xristian Demokratlar İttifaqının baş katibi vəzifəsinə gətirib.

Səhiyyə naziri Yens Spahn – partiya daxilində Merkelə müxalif qatı mühafizəkar qolu təmsil edir. Namizədlər arasında ən təcrübəsizidir. 15 iyul çevriliş cəhdinə etiraz edən türklərə “Almaniyada yaşayan türklər hansı dövlətə bağlı olduqlarına qərar verməlidir” sözləri ilə kəskin reaksiya verib.

Merkelin postuna namizədliyini açıqlamasa da, adı partiya sədrliyinə namizədlikdə hallanan şəxslər də var. Onlardan biri Merkellə mübarizədə iqtidar mübarizəsində məğlub olan Fridrix Merzdir.

İkinci gizli namizəd isə Almaniyanın ən böyük əyaləti sayılan Şimali Ren Vestfalyanın baş naziri Armin Lasçetdir. 57 yaşlı siyasətçi Merkelə yaxınlığı ilə tanınır. Lasçet həmçinin türklərə qarşı müsbət mövqeyi ilə də seçilir.

Rusiya Azov dənizində regional stabilliyi pozmağa hazır olduğunu nümayiş etdirir.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbərinin müavini Conatan Koen BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, Rusiya Azov dənizində gəmilərin Ukrayna limanlarına yaxınlaşmasına izn verməməklə Ukraynanın ərazi bütövlüyünü pozur.

O, ABŞ-ın Rusiyaya qarşı Donbas və Krıma görə yenə sanksiyalar tətbiq edəcəyini bildirib. Koen bu sanksiyaların Minsk razılaşması icra edilənə və Krım yarımadası Ukraynaya qaytarılana qədər davam edəcəyini söyləyib.

Amerikalı məşhur qanqster Ceyms “Uayti” Balcer Qərbi Virciniya ştatındakı “Hazlton” həbsxanasında öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə “Fok Nyus” məlumat yayıb.

11 qətldə günahlandırılan 89 yaşlı Balcer 2013-cü ildə ömürlük həbs cəzasına məhkum edilmişdi.

Onun ölümündə mafiya ilə əlaqəsi ehtimal olunan başqa bir məhkum günahkar bilinir.

Qeyd edək ki, Ceyms Balcer rejissor Martin Skorsezenin “Dönüklər” filmindəki irland mafiyasının rəhbəri Frenk Kostellonun prototipidir.

Əgər səhmlərinizin dəyər itirməsini istəyirsinizsə, demokratlara səs verməyinizi şiddətlə təklif edirəm.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp bildirib.

Tramp Amerika birjalarındakı yüksəlişin bələdiyyə seçkiləri səbəbindən dayandığını və 6 noyabrda keçiriləcək seçkilərdə demokratların qələbə qazanacağı təqdirdə birjada kəskin zəifləmənin yaşanacağını qeyd edib.

Ukrayna tərəfinin Aleksandr Zaxarçenko cinayətində əli olmasını düşünmək üçün ciddi əsaslar var.

Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.

“Zaxarçenko sui-qəsdi regionda qeyri-sabitliyin bərqərar olmasına hədəflənib. Bu cinayəti Ukraynanın törətməsinə dair təkzibedilməz əsaslar var”, - deyə diplomat bildirib.

Xatırladaq ki, Donetsk separatçılarının lideri Aleksandr Zaxarçenko 31 avqust tarixində “Separ” kafesinə öncədən qoyulan partlayıcının işə düşməsi nəticəsində öldürülüb.

Camal Qaşıqçının İstanbulda öldürülməsi Vaşinqton və Ər-Riyad arasındakı güclü və dərin hərbi əməkdaşlığa hər hansı bir təsir göstərməyib.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın Mərkəzi Qüvvələr komandiri, ordu generalı Cozef Votel deyib.

"Səudiyyə Ərəbistanı ilə davam edən hərbi münasibətlərimizdə hər hansı bir dəyişiklik olmayıb. Hərbi baxımdan bu əlaqələri güclü, dərin və bizim üçün xeyirli iş kimi dəyərləndirirəm. Onlar regiondakı təhlükəsizliyin təmin edilməsi məsələsində son dərəcə önəmli tərəfdaşımız olub və olmağa davam edirlər", - Votel qeyd edib.

Xəbər lenti