Dənizkənarı Bulvar İdarəsi Azərbaycan Televiziyası ilə birlikdə yeni layihəyə başlayır.

Bulvar İdarəsindən Axar.az-a verilən məlumata görə, Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl bayramı ərəfəsində start götürəcək layihə çərçivəsində ilk konsert dekabrın 29-da Kukla Teatrının arxasında yerləşən meydanda keçiriləcək.

“Yeni il gəlir” adlı bayram tədbirinə saat 12-də uşaq musiqi kollektivlərinin iştirakı ilə baş tutacaq konsertlə start veriləcək. Saat 18-də isə Azərbaycan Televiziyasının musiqi kollektivləri və solistlərinin iştirakı ilə geniş konsert proqramı təqdim olunacaq. Konsertin məhz bu tarixdə keçirilməsi təsadüfi deyil. Dekabrın 29-da Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə Bakı Bulvarına Dənizkənarı Milli Park statusu verilməsinin 20-ci ildönümüdür.

Qeyd edək ki, birgə layihə il ərzində davam edəcək. Müxtəlif əlamətdar tarixlərdə musiqi kollektivlərinin iştirakı ilə müxtəlif janrlarda konsetlər təşkil olunacaq. Layihənin reallaşdırılmasında məqsəd Azərbaycan mədəniyyətini və musiqisini təbliğ etməkdir.


Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Yasamal rayonunun Yeni Yasamal yaşayış massivi, Məhəmməd Xiyabani küçəsində yerləşən istirahət parkında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov parkda aparılan yenidənqurma və abadlıq işləri barədə məlumat verdi.

Bildirildi ki, bu istirahət parkı müasir səviyyədə yenidən qurulub. Ümumilikdə, 1,7 hektar ərazidə abadlıq işləri aparılıb, 9 min kvadratmetr sahədə yaşıllıq salınıb. Parkda suvarma və işıqlandırma sistemləri quraşdırılıb, gəzinti meydançaları salınıb, oturacaqlar qoyulub, dekorativ hasar çəkilib. Bu istirahət məkanında çay evi, kafe, gənclər evi, internet klub, qocalar evi inşa olunub. Burada, həmçinin idman və uşaq əyləncə qurğuları və fəvvarə də quraşdırılıb.

Prezident İlham Əliyevin tapşırığı ilə son dövrlərdə Bakı şəhərində parklar və xiyabanlar əsaslı şəkildə yenidən qurulur, yeni park, xiyaban və istirahət guşələri yaradılır. Bütün bunlar sakinlərin və şəhərimizə gələn qonaqların rahatlığı üçün müasir istirahət guşələrinin yaradılması istiqamətində reallaşdırılan layihələrin davamıdır.
Yeni park, istirahət məkanı və guşələrinin yaradılması, əhaliyə xidmət göstərən müasir infrastrukturun qurulması paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək üçün görülən məqsədyönlü işlərdəndir. Yenidən qurulan bu park da Bakı şəhərinin simasının daha da gözəlləşməsi baxımından olduqca əhəmiyyətlidir.
Yeni park və xiyabanların salınması ölkəmizdə aparılan geniş abadlıq-quruculuq işlərinin daha bir nümunəsidir. Bu cür layihələrin icrası bir daha sübut edir ki, paytaxtımızın abadlaşdırılması istiqamətində görülən işlər ardıcıl şəkildə və yüksək keyfiyyətlə davam etdirilir.


Azərbaycan qazı Avropa ölkələrinin enerji təhlükəsizliyini müəyyən dərəcədə təmin edəcəyinə görə Avropa İttifaqı (Aİ) tərəfindən dəstək hiss etmişik.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Rossiya-24" telekanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, bu gün dünyanın enerji xəritəsində bir növ Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatı yaranıb. Bu əməkdaşlığın həm ikitərəfli, həm də üçtərəfli planda böyük perspektivləri var:

"Biz enerji layihələrimizi hələ 2000-ci ilin əvvəllərində neft-qaz kəmərlərinin tikintisi ilə həyata keçirməyə başlamışıq. Çünki dünya bazarlarına çıxmaq üçün biz mütləq infrastruktur qurmalı idik. Bizim açıq okeana çıxmaq imkanımız yoxdur. Rusiya nisbətən yaxın vaxtlarda bu istiqamətdə addımlar atıb. Hərçənd biz xatırlayırıq ki, xeyli illər əvvəl "mavi axın" layihəsi gerçəkləşdirilmişdi. Bu barədə indi bir az unudublar. Amma axı bu da Rusiyadan Türkiyəyə Qara dənizin dibi ilə qaz kəmərinin inşası layihəsi idi. Yəni, prinsipcə, bu il "Türk axını"nın dəniz fazasının açılmasında yeni heç nə yoxdur. Sadəcə, Rusiya ilə Türkiyənin yüksək səviyyədə qarşılıqlı siyasi fəaliyyəti bu layihənin reallaşmasına, yaxud da gerçəkləşməsini sürətləndirməyə imkan verib. Buna görə də biz Rusiya və Türkiyənin dostları kimi bu layihəni alqışladıq və həmin layihənin açılış mərasimində yüksək hökumət səviyyəsində iştirak etdik".

"Cənub Qaz Dəhlizi" layihəsinə gəlincə, İlham Əliyev qeyd edib ki, bu ilin mayında həmin layihə rəsmən işə düşüb: "Bu, özündə dörd mühüm müstəqil layihəni birləşdirən layihədir. Bu, iri "Şahdəniz" qaz-kondensat yatağının işlənilməsi və inteqrasiya olunmuş üç qaz kəmərinin tikintisidir. Bu gün bu layihənin dörd seqmentindən üçü artıq reallaşıb və mayda Cənub Qaz Dəhlizinin rəsmi açılışından sonra iyunda TANAP layihəsinin açılışı oldu. Beləliklə, biz Türkiyə, daha sonra isə Avropa bazarlarına daha böyük həcmdə qaz nəql edəcəyik. Bu da bizim siyasətimizin davamıdır, çünki hələ 2007-ci ildə biz Bakıdan Türkiyənin Ərzurum şəhərinə qədər qaz kəməri açmışıq və Türkiyə bazarına qaz ixracatçısıyıq. Cənub Qaz Dəhlizi bizə Türkiyə bazarına qazın ixracını iki dəfə artırmağa, eləcə də Türkiyənin ətrafındakı ölkələrin bazarlarına, sonra isə Qərbi Avropaya çıxmağa imkan verəcək. Bu, bizə böyük qaz potensialımızı reallaşdırmaq imkanı verəcək, xəzinəmizə milyardlarla dollar gətirəcək. Bu, artıq on minlərlə iş yeri yaradıb və əlbəttə ki, Avrasiyanın tamamilə yeni enerji xəritəsini yaradır. Azərbaycanın, Rusiyanın və Türkiyənin bu istiqamətdə səylərini birləşdirməsi bizə nəinki planlarımızı tamamilə reallaşdırmağa, maraqlarımızı təmin etməyə imkan verəcək, həm də enerji ehtiyatlarımızın və nəqliyyatın inkişafı baxımından çox gözlənilən siyasət deməkdir".

Prezident əlavə edib: "Azərbaycan qazı Avropa ölkələrinin enerji təhlükəsizliyini müəyyən dərəcədə təmin edəcəyinə görə biz Avropa İttifaqı tərəfindən dəstək hiss etmişik. Hər il Bakıda "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılması üzrə Məşvərət Şurası keçirilir. Bu layihədə Avropa İttifaqının üzvü olan bir neçə ölkə iştirak etdiyinə görə Avropa İttifaqı bu Məşvərət Şurası çərçivəsində hər zaman yüksək səviyyədə təmsil olunur. Biz öz enerji layihələrimizi reallaşdırırıq, çünki onlar bizə lazımdır. Çünki biz çox zəngin neft-qaz ehtiyatlarına malik ölkəyik. Biz onları satmalı, pul qazanmalıyıq. Buna görə də biz investor şirkətlər cəlb etmişik. Buna görə biz bankları cəlb etmişik. Neft-qaz kəmərləri tikirik. Təkcə Cənub Qaz Dəhlizi təxminən 40 milyard dollara başa gəlir. Bu investisiyaların böyük hissəsi borc kapitallarıdır. Buna görə əlbəttə ki, beynəlxalq maliyyə təsisatları ilə fəal əməkdaşlıq həmin layihənin mühüm amili idi. Buna görə də həmin kontekstdə enerji layihələrinin icrası baxımından biz heç bir maneə hiss etmirik. Digər tərəfdən, tamamilə haqlısınız ki, Azərbaycanın əhəmiyyəti və rolu təkcə enerji bazarında deyil, həm də bütövlükdə geosiyasi planda artır".


Prezident İlham Əliyev Yaponiyanın İmperatoru Əlahəzrət Akihitoya təbrik məktubu ünvanlayıb.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

"Əlahəzrət,

Ölkənizin milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızda xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından təbrik etməkdən məmnunluq duyuram.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Yaponiya xalqına daim sülh və rifah arzulayıram", - təbrikdə qeyd edilir.


Qafqaz Müsəlmanları İdarəsinin sədri, Qafqaz Xalqları Ali Dini Şurasının sədri Şeyxülislam Allahşükür Paşazadə və şuranın üzvləri Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Ardını oxu...


Azərbaycan Ukrayna Beynəlxalq Alyansı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şərəfinə medal təsis edib.

Axar.az xəbər verir ki, bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Alyansın sədri Elmar Məmmədov məlumat verib.

“M.İbrahimovun şərəfinə medalın təsis olunması Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunub”, - E.Məmmədov bildirib.

O vurğulayıb ki, M.İbrahimovun adı Azərbaycanın hüdudlarından kənarda geniş tanınmalıdır.


Son günlərdə gündəmi zəbt edən müzakirə və polemikalar göstərdi ki, kənardan heç nəyi vecinə almayan, məişət qayğıları ilə məşğul kimi görünən şəxslər də yeri gələrsə, ortaya mövqe qoymaq iqtidarındadırlar.

Mövzunun nə olmasından asılı olmayaraq, bu, olduqca sevindirici haldır. Yaşından, vəzifəsindən, harda yaşamasından asılı olmayaraq, özünü azərbaycanlı sayan hər bir kəs məlum mövzu ilə bağlı öz mövqeyini göstərdi, müzakirələrə qoşuldu, nəyəsə etiraz etdi, bir-birinə dəstək oldu. İctimai qınağın hər hansı bir formada təzahürü millətin yekdilliyindən xəbər verir. Kaş ki, bu özünü hansısa vətəndaşın bizə məlum olmayan səbəbdən ortaya atdığı önəmsiz bir fikirdə deyil, daha ciddi məsələlərdə büruzə verərdi.

Uzun müddətdir ki, sosial şəbəkələrin müzakirə mövzusu hansısa efir qadınının qısa ətəyi ilə “xəyanətkar qadın”ın qırxılan saçı arasında gedib-gəlirdi. Pafoslu sözlərlə bəzəmək istəmədiyim son hadisə isə bu ayların ən ciddi müzakirə mövzusu olaraq gündəmi tamamilə dəyişdi. Lakin məsələnin Milli Qəhrəmanın valideynlərinə, Milli Məclisə, qardaş ölkə mediasına qədər gedib çıxmasına şərait yaratmaq bizim öz səhvimizdir.

Söz azadlığının mövcudluğundan ağız dolusu danışdığımız bir zamanda gənc bir qızın bəyənmədiyimiz, razı olmadığımız fikirlərinə qarşılıq olaraq aqressiv, kobud, radikal reaksiya verməli deyildik. Məsələnin xanımın məhkəməyə verilməsi qədər böyüməsi vətəndaş cəmiyyətimizin qüsuru hesab olunmalıdır. Hər kəsə gün kimi aydın olan həqiqətlərimizi hansısa vətəndaş qəbul etmirsə, bu, öz günahımızdır. Məhkəmə, təhqirli cavablar, aşağılamalar xanımın öz fikrini nəinki dəyişməyəcək, hətta bu fikrində inadlaşmasına səbəb olacaq.

Əvvəlcə öz səhvlərimizdən danışaq.

Cəmiyyətin öz qəhrəmanını müdafiə etməsi, vətəndaş mövqeyini ortaya qoyması alqışa layiqdir. Lakin hər hansı bir qızcığazın sayıqlamaları buna layiq idimi?

Onu bizim dəyərlərimizə hörmətlə yanaşmamaqda ittiham etdiyimiz zaman öz vətəndaşımızın ünvanına təhqirlər yağdırdıq, onu aşağıladıq, linç etdik. Bəs buna ehtiyac var idimi?

Biz cəmiyyət olaraq dəyərlərimizlə paralel öz ictimai qınaq mexanizmimizi də formalaşdırmalıyıq.

Şortikli qız, cinsi azlıq nümayəndəsi olan ekstrasens, ictimai nəqliyyatda söyüşlə danışan sərnişin... Biz axı bu mövzulardan daha yüksəkdəyik. Axı daha önəmli, daha əhəmiyyətli, daha ciddi mövzulara toxunmaq vaxtıdır.

Məsələn, qadın zorakılığına, regionlarda qız uşaqlarının təhsil ala bilməməsinə, cinsi istismara, pedofilliyə, məişət cinayətlərinə, narkotik maddələrin gənclər arasında yayılmasına və bu kimi onlarla mövcud problemə qarşı birləşib ictimai qınaq formalaşdırmaq mümkündür.

Minlərlə insanın haqqında danışdığı və yavaş-yavaş aktuallığını itirən bu mövzu haqda çox yazmaq olardı, amma, zənnimcə, hər kəsin mövqeyi aydındır.

Bəli, heç bir dövlət, heç bir qurum, heç bir cəmiyyət öz vətəndaşına kimləri özünə qəhrəman seçməlidir deyə bir göstəriş verə bilməz. Amma pasifizmin də öz sərhədləri var.

Qloballaşan dünyada vətən, bayraq, ordu, milli mənsubiyyət məfhumları öz müqəddəsliyini və toxunulmazlığını itirməkdədir. Bunun sosial, fəlsəfi səbəbləri olduğu qədər də siyasi səbəbləri var. Yeni nəsil olaraq biz sülh tərəfdarı ola, müharibəni lənətləyə bilərik. Bu, hətta bizim borcumuzdur. Bəşəri dəyərlərə yiyələnmək, irqi, dini mənsubiyyətə fərq qoymadan dünya insanını sevmək və gələcək nəsilə də bu ideologiyanı ötürmək bizim ümdə vəzifəmizdir.

Lakin bunları etdiyimiz zaman öz milli mənsubiyyətimizi, tariximizi, mənəviyyatımızı, dəyərlərimizi və ən əsası itkilərimizi unutmamalıyıq.

Mövzunun xırdalıqlarına enərsək, günlərlə müzakirə olunacaq hadisələr, tarixi faktlar, faciələrimiz var. Baş verənləri yad edib özümüzə acımaq yerinə tarixdən dərs alıb sələflərimizin səhvlərini təkrarlamamalıyıq. Babalarımıza edilən Mart xəyanətini əfv edib yeni Xocalılara yol verməməliyik.

Bəli, biz sülh tərəfdayıq, biz bəşəri dəyərlərə hörmətlə yanaşırıq, lakin biz müharibə şəraitindəyik.

İndi isə keçək ikinci məqama.

Tolerantlıq, liberallıq, kosmopolitlik kimi deyişi gözəl sözlər dünyaya sülh vəd edə bilər, amma bu ideologiyalar özləri də dəyər, inanc və əqidələrə dözümlü yanaşmağı tələb edir. Bu ideologiyalardan heç biri hər hansı bir cəmiyyətin inancını, dəyərini və mənəviyyatını nəinki təhqir etmək, heç sual altına qoymağa da izn vermir.

Müasir dünyanın bizə sunduğu tolerantlıq nədir? Krenstonun sözləri ilə desək, dözümlülük xoşlanılmayan və ya bəyənilməyən hər hansı bir şeyin mövcudluğunda təmkinlik göstərmə siyasətidir. Hər kəsin mövcud hadisə, dəyər və şəxslərə öz subyektiv yanaşması, subyektiv dəyərləndirməsi ola bilər, olmalıdır. Lakin elə mövzular var ki, onlara toxunanda iki dəfə düşünmək lazımdır. Yaşadığın cəmiyyətin heysiyyətinə toxunacaq fikirlərini “söz azadlığı” deyib ifadə etməkdənsə, həqiqət bildiyin düşüncələri özün üçün saxlamaq daha məqsədəuyğundur.

Məqsəd sadəcə olaraq hər kəsdən fərqli düşündüyünü cəmiyyətə göstərmək idisə, buna nail olundu. Yox əgər bu addım Devis Harri olmaq cəhdi idisə, bunun üçün hələ çox çalışmaq lazımdır.


“Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” Sərəncam sözügedən təbəqənin rifahının yüksəldilməsinə xidmət edir.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin aztəminatlı ailələrə birdəfəlik yardımın verilməsi haqqında sərəncamına münasibət bildirən millət vəkili Adil Əliyev deyib. Millət vəkili ölkə başçısının aztəminatlı ailələrə ünvanlı yardımların verilməsi ilə bağlı sərəncamını yüksək qiymətləndirib:

“Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” Sərəncam sözügedən təbəqənin rifahının yüksəldilməsinə xidmət edir. Dövlət başçısı hər aman aztəminatlı ailələrin yaşayış və güzəranının yaxşılaşdırılması istiqamətində tapşırıqlar verib, tədbirlər görüb, sərəncamlar imzalayıb. Dövlətin əhalinin sosial rifahının yüksəldilməsi ilə bağlı siyasəti təkcə millət vəkilləri deyil, hər kəs tərəfindən yüksək qarşılanır. Prezidentin növbəti sərəncamı da bu yöndə atılan müsbət addımlardan biridir”.

Qeyd edək ki, Prezident İlham Əliyev aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında sərəncam imzalayıb.


Gülənin ekstradisiyası təkcə Trampdan asılı olsaydı, bəlkə də Gülən artıq Türkiyəyə təhvil verilmişdi.

Bu sözləri Axar.az-a ABŞ-ın Fətullah Güləni Türkiyəyə təhvil verəcəyi ilə bağlı xəbərlərin yenidən aktuallaşmasına münasibət bildirən politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, ABŞ-da hər şey prezidentdən asılı olmadığına görə, bu məsələnin tezliklə gerçəkləşməsinə inanmır:

“Fikrimcə, Fəratın şərqi tam terrorçulardan təmizlənməyənə qədər Gülənin ekstradisiya edilməsi reallışmayacaq. PKK və FETÖ məsələləri bir-biri ilə bağlıdır. Türkiyə və ABŞ-ın bu problemin çözümü haqqında danışıqlar aparması dəqiqdir. Bu danışıqlar çoxdan gedir. Amma təəssüf ki, ciddi bir irəliləyiş yoxdur. Türkiyə gücləndikcə Fətullahın ABŞ üçün əhəmiyyəti azalacaq”.

Politoloq qeyd edib ki, bu, həm də bir nüfuz məsələsidir:

“Ola bilsin ki, ABŞ buna görə Güləni təhvil verməsin. Çıxış yolu kimi isə yaşlanmış, heç kimə lazım olmayan Fətullahın yeməyinə nə isə qatıb infarkt adı ilə bu problemi kökündən həll etsinlər. Gülən öləndən sonra başsız qalan “intellektual” terror örgütü deqradasiyaya uğrayıb, tarixin zibilliyinə gömüləcək. Əgər Gülən sağ olarkən Türkiyəyə təhvil verilsə, bu Türkiyə və AKP iqtidarının böyük qələbəsi olacaq. Rəcəb Tayyib Ərdoğanın nüfuzu ölkə daxili və xaricində artacaq, Türkiyə-ABŞ münasibətləri ciddi şəkildə yaxşılaşmaya doğru gedəcək. Yuxarıda qeyd etdiyim kimi, bütün bunlar YPG-PYD-YPD probleminin həlli ilə paralel getməlidir. Türkiyənin Menbiçdə yeni əməliyyatının başlanmasına ABŞ-dan sərt reaksiya gəlməməsi bu məsələdə də Türkiyə ilə ABŞ-ın hansısa razılığa gəlməsindən xəbər verir”.

Politoloq Məhəmməd Əsədullazadə isə bildirib ki, ABŞ-ın görüntü olaraq FETÖ-yə qarşı həbsləri və Gülənin ekstradisiya etmək kimi mesajı reallıqlara əsaslanmır:

“Vaşinqton Türkiyənin Menbiç əməliyyatının qarşısını almaq üçün FETÖ üzvlərinə qarşı ABŞ-da həbslər həyata keçirir, həmçinin Fətullah Gülənin ekstradisiyasının mümkün olduğunu qeyd edirlər. Təbii ki, bütün bunlar Türkiyənin “Cənub Hərəkatı” adlı hərbi əməliyyatının qarşısını almağa yönəlib. Amma ABŞ Suriyada türkiyə ilə birgə hərəkət etsəydi, bu gün Suriya ABŞ-ın tam nəzarətində idi. Sadəcə, İsrail faktoru ABŞ-ı Türkiyəni deyil, YPG terror təşkilatını seçməyə vadar edib. Rusiya isə Türkiyənin bu əməliyyatına dəstək verir. Çünki NATO müttəfiqi olan iki ölkə arasında yaşanan gərginlik Moskvanın geosiyasi maraqlarına cavab verir. Hətta Moskva Əsədi bu əməliyyata dəstək vermək üçün razı salıb”.

Politoloqun sözlərinə görə, Suriyada ABŞ və Türkiyə arasında siyasi qarşıdurmanın hərbi qarşıdurmaya keçməsi gözlənilməsə də, iki ölkə arasında müttəfiqlik əlaqələrində dərin böhran yaşanacaq:

“Vaşinqtonun üçüncü vasitə ilə Türkiyəyə qarşı mübarizə aparması gözlənilir. ABŞ Suriyada kürd kartından heç vaxt əl çəkməyəcək. Suriyada əsas müttəfiqi terrorçu kürd təşkilatları vasitəsi ilə öz regional maraqlarını davam etdirəcək. Amma bu, uğurlu alınmayacaq. Ona görə ki, Rusiya Suriyada güclənir və Türkiyə, İran bu plana qarşı birgə hərəkət edir”.


Son günlər Milli Qəhrəman Mübariz İbrahimovla bağlı yaranmış qalmaqal bizi Azərbaycanın qəhrəman oğullarına, ümumilikdə milli dəyər kəsb edən şəxsiyyətlərinə qarşı aparılan “siyasət” haqda ciddi düşünməyə vadar edir. Xatırlatmaq yerinə düşər ki, Mübariz İbrahimov haqqında deyilmiş “qəhrəman hesab etmirəm” sözü daha əvvəl digər bir igid hərbçimiz Ramil Səfərovla da bağlı deyilmişdi.

Əslində, dəyərlərə, milli ruha qarşı təşkil olunmuş bu hücum bizə heç də yad deyil. İmperialist qüvvələr maraqları olan dövlətlərdə zaman-zaman bu kimi dəyərlərin dağıdılması siyasətini yürüdüblər: bu, təkcə ötən əsrdə deyil, elə günümüzdə də aparılır.

Sözsüz, Mübariz İbrahimov kimi Ramil Səfərov da xalqımızın üzləşdiyi bəlaların baiskarı olan bir ordunun əsgərlərinə - hərbi forma geyinmiş erməni quldurlarına lazımi dərsi vermişdi. Ancaq bu iki olay mahiyyət etibarilə bir-birindən fərqlənir.

Qəhrəman polkovnikimiz Ramil Səfərov erməni hərbi birləşmələrinin işğal etdiyi Cəbrayıl rayonunda doğulub. Belə olan halda şəxsən şahidi olduğu erməni işğalının onun yaddaşında hansı dərin izlər qoyduğunu, onda sarsıntı yaratdığını anlamaq elə də çətin deyil. Bu sarsıntılar, ağrılar azmış kimi, bir də erməni zabiti Qurqen Markaryan Budapeştdə mötəbər bir təlimdə Azərbaycan bayrağını və onun özünü həyasızcasına təhqir etdi. Belədə Ramil Səfərov ədaləti özü bərpa etməyi qərara aldı və günahsız insanlarımızı, gənc əsgərlərimizi qətlə yetirmək üçün yetişdirilən bir erməni leytenantını – Qurqen Markaryanı məhv etdi.

Heç kimə sirr deyil ki, xüsusi şəkildə hazırlanmış bu erməni kadr-zabiti yaşasaydı, hazırda işğal olunmuş torpaqlarımızda əsgərlərimizi şəhid etməklə məşğul olacaqdı.

Yəni Ramil Səfərov təkcə öz qisasını almadı, həm də onlarla əsgərimizi, hərbçimizi qaniçən, dəyərləri tapdalayan, hərbi qanunları heçə sayan, zabit adına qətiyyən uyğun gəlməyən (!) bir erməni quldurdan xilas etdi.

Fikrimizi ümumiləşdirək: Ramil Səfərov düşməni məhv etməklə həm Azərbaycan bayrağını təhqir edən birini cəzalandırdı, həm də Qarabağda ermənilər tərəfindən qətlə yetirilən qohumlarının qisasını aldı.

Mübariz İbrahimovun həyata keçirdiyi akt isə tamamilə fərqlidir. Diqqət çəkən məqam odur ki, Mübariz İbrahimov cəbhə xəttində yerləşməyən Biləsuvar rayonunda anadan olmuşdu və Qarabağ savaşı baş verəndə onun yaşı çox az idi. Yəni bu müharibənin ağrılarını, xalqının çəkdiyi zülmləri sonradan öyrənib, yaddaşına köçürmüşdü.

Mübariz bu olayların canlı şahidi olmasa da, ağrıları illərlə özündə daşımış və nəhayət, həlledici məqamda düşmənə sarsıdıcı zərbəni endirmişdi. Bir məqamı xüsusilə qeyd etmək yerinə düşər ki, Mübarizi Ramil Səfərovda olduğu kimi, bu aktı həyata keçirməyə təhrik edən konkret bir şəxs yox idi.

Ramil Səfərov olayında milli dava ilə yanaşı, bir qədər qisasçılıq (çünki torpağı işğal edilmiş, qohumları qətlə yetirilmişdi) çaları var idi. Ramil olayından 6 il sonra böyük bir akta imza atan Mübariz isə heç bir tapışırıq olmadan, sırf xalqı və ölkəsi üçün erməni səngərinə daxil olaraq, təkbaşına xeyli sayda düşmən hərbçisini məhv etmişdi.

Belə demək mümkünsə, M.İbrahimov Azərbaycan ordusunun bir bölüyünün, taborunun görəcəyi işi təkbaşına görmüşdü. Mübariz bir əsgər deyildi, ordu idi. Və bu “ordu” təkcə düşmənə ağır psixoloji zərbə endirmədi, həm də Azərbaycan xalqının yaddaşına həkk edilmiş məğlubiyyət düşüncəsini silib tulladı.

Təbii, Azərbaycan kimi tolerant ölkədə humanizm prinsipləri əsas götürülür. Ancaq istər Ramil, istərsə də Mübariz – hansı humanizm prinsipini pozmuşdu? Onlar kimi öldürmüşdü? Cavab bəllidir: Azərbaycan torpaqlarında işğalı davam etdirən əli silahlı erməni əsgər və zabitlərini. O zabitlər ki, komanda veriləcəyi təqdirdə heç düşünmədən mülki şəxslərimizi hədəfə alacaqdılar. Necə ki, bunu uzaq və yaxın keçmişdə etmişdilər.

Hadisələrin mahiyyəti fərqli olsa da, hər iki hərbçimizin etdiyi qəhrəmanlıq milli ruhun yüksəlişi baxımından böyük əhəmiyyət kəsb edir.

Bir faktı da unutmayaq: Əlbəttə, Mübarizin həyata keçirdiyi aktla, özünü qurban verməsi ilə Ramilin addımı arasında böyük fərq var. Ancaq Mübarizin misli görünməmiş qəhrəmanlığında Ramil Səfərovun bu cəmiyyətin altşüuruna ötürdüyü xüsusi “cəsarət və qürur” informasiyasının xüsusi rolu olduğunu, həmçinin xalqın və dövlətin Ramil Səfərovla bağlı sərgilədiyi mövqenin rolu olduğunu kimsə dana bilməz.

Ona görə də Mübariz İbrahimovun gənclərimizə, ümumilikdə xalqımıza ötürdüyü böyük qəhrəmanlıq ruhunu kimsə sarsıtmağa cəsarət edə bilməz!

Xəbər lenti