![]() |
|
18:49
Topaz Premyer Liqasının 13-cü turunda keçirilən “Qəbələ” - “Zirə” matçı hesab 0-0 ikən yarımçıq dayandırılıb.
Axar.az xəbər verir ki, görüşün baş hakimi Vüqar Həsənli matçın 57-ci dəqiqəsində Qəbələ şəhər stadionundakı dumana görə oyunun dayandırılması barədə qərar qəbul edib.
Bundan sonra futbolçular paltardəyişmə otağına yollanıblar.
***
"Qəbələ" - "Zirə" matçı qatı duman səbəbindən təxirə salınıb. Görüş sabah 13:00-da qaldığı yerdən - 57-ci dəqiqədən davam edəcək.
![]() ![]() ![]() ![]() |
“Neftçi” klubu Topaz Premyer Liqasının 13-cü turunda keçirilən “Sabah”la matçda baş verən olaylarla bağlı bəyanat yayıb.
Axar.az sözügedən bəyanatı təqdim edir:
“Neftçi” Peşəkar Futbol Klubu olaraq bəyan edirik ki, Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilən “Sabah” – “Neftçi” oyununda rəqib komandanın rəhbər heyətini və üzvlərini təhqir edən bir neçə şəxs bütün “Neftçi” azarkeşlərini təmsil etmir. Komandamızın minlərlə azarkeş ordusu hər zaman klubuna sadiqliyi ilə, onun ağır günündə belə yanında olmaqla seçilən fanatlardır. Onlar daima meydanda rəqibə hörmətlə yanaşıblar və yalnız öz futbolçularını qələbəyə səsləyiblər. “Neftçi” ailəsi olaraq, dünən meydandan kənarda baş verən bu cür aqressiv hərəkətlərə görə təəssüf edirik və bütün azarkeşləri idman prinsiplərinin əsası olan rəqibə hörmətlə yanaşmağa çağırırıq.
“Neftçi” PFK stadionlarda bütün qeyri-peşəkar addımlara, aqressiv təcavüzün yaranmasına qarşıdır. Bu cür davranış, ilk növbədə, komandamızın imicinə zərbə vurur və bütün bunlar kluba müəyyən sanksiyaların tətbiq edilməsinə səbəb ola bilər. “Neftçi” azarkeşlərinin meydanda nə baş verdiyindən asılı olmayaraq, təcavüzkar davranışlardan uzaq qalmağa çağırırıq. Onları Azərbaycanın ilk peşəkar futbol klubu olaraq, daima sadiq olduğumuz ən yüksək standartlara və davranış normalarına riayət etməyə səsləyirik. “Neftçi” PFK hər zaman tribunalara mümkün qədər çox insanı, o cümlədən xanımları və uşaqları cəlb etmək üçün hər cür cəhdləri dəstəkləyib və klub olaraq bu istiqamətdə də əməli addımlar atmaqda davam edirik. Azərbaycan xalqının adət-ənənələrini nəzərə almaqla, oyunlar zamanı tribunalarda istənilən təhqirə, söyüşə qarşı olduğumuzu bəyan edirik və ilk növbədə də azarkeşlərimizi “Neftçi” üçün buna əməl etməyə dəvət edirik.
“Neftçi” PFK olaraq, AFFA-nın İntizam Komitəsinin qərarını gözləmədən, dünənki oyunda “Əlincə Arena”ya bizim azarkeşlər tərəfindən dəymiş zərəri qarşılamağa hazırıq. Eyni zamanda, fanatlarımıza müraciət edərək, sevimli klublarını bu cür əlavə xərclərə əsas yaratmamağa dəvət edirik. Əks təqdirdə, “Neftçi”yə bu cür ziyan vuran şəxslərə qarşı qanun çərçivəsində addımların atılmasını tələb edəcəyik.
Oyun ərzində futbolçularımızın və klub nümayəndələrinin qeyri-obyektiv qərarlara qarşı reaksiyasının anlayışla qarşılanmasını, “Neftçi” rəhbərliyinin sakit bir şəkildə, reqlament çərçivəsində addımlar atdığını bəyan edirik. Artıq müvafiq strukturlara müraciət edilib, onlardan obyektiv və qərəzsiz qərarlar gözləyirik”.
Türkiyə Super Liqasında həftənin əsas oyununda "Beşiktaş" və "Qalatasaray" klubları üz-üzə gəlib.
Axar.az xəbər verir ki, derbi matç 1-0 "Beşiktaş"ın qələbəsi ilə başa çatıb.
Görüşdə yeganə qolu 18-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən Adem Layiç vurub.
Bu nəticədən sonra "Beşiktaş" lider "Başakşəhər"lə xal fərqini 6-ya endirib.
Rəqiblərin gücünü bugünkü reallığa görə dəyərləndirməliyik. Maraqlı qrupa düşdük. Bütün komandalar tanışdır.
Axar.az xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov AFFA-nın saytına açıqlamasında 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkatması ilə bağlı danışarkən deyib.
46 yaşlı mütəxəssis bildirib ki, hər bir komandaya qarşı yaxşı mübarizə aparmaq olar:
"Mart ayınadək komandanı tam formalaşdırmalı və rəqibləri daha yaxından tanımağa başlamalıyıq. Elə komandalar var ki, futbolçular həmin rəqiblərə qarşı oyunlarda daha inamlı olurlar. Bu amil xüsusən xal aldığın komandalarla görüşlərdə daha çox özünü büruzə verir. Ancaq illər keçir, nəsil dəyişimi baş verir. Ona görə biz rəqiblərin gücünü bugünkü reallığa görə dəyərləndirməliyik".
Qeyd edək ki, Azərbaycan millisi E qrupunda Xorvatiya, Uels, Slovakiya və Macarıstanla mübarizə aparacaq.
Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.
Axar.az xəbər verir ki, İrlandiyanın Dublin şəhərindəki Konvensiya Mərkəzində keçirilən püşkatma nəticəsində futbol üzrə Azərbaycan milli komandası rəqibləri bəlli olub.
Yığma AVRO-2020-nin final mərhələsinə düşmək üçün “E” qrupunda Xorvatiya, Slovakiya, Uels və Macarıstan komandaları ilə qarşılaşacaq.
![]() ![]() ![]() ![]() |
İtaliyanın “Milan” futbol klubu qış transfer pəncərəsində bir çox futbolçu ilə yollarını ayırmağa hazırlaşır.
Axar.az xəbər verir ki, bu barədə “Tuttomercatoweb” idman nəşri məlumat yayıb.
UEFA ilə maliyyə məsələlərində ciddi çətinliklə üzləşən İtaliya klubu ötən mövsüm heyətinə cəlb etdiyi bir çox ulduzun xidmətindən imtina edəcək. Bunların sırasında adı ən birinci hallanan isə “Milan”ın türk ulduzu Hakan Çalhanoğludur. Kluba gəldiyi gündən etibarən ümidləri doğrultmayan türk futbolçunun da komandadan ayrılmaq niyyətində olduğu qeyd olunub.
Xatırladaq ki, Hakan Çalhanoğlu bu mövsüm oynadığı 15 qarşılaşmada 1 qol vurub və 7 assist edib. Türk futbolçu ilə Almaniyanın “Leypziq” və “Şalke04” komandalarının maraqlandığı iddia olunur.
Noyabrın 30-da Şüvəlandakı Ağır Atletika Akademiyasında ağır atletika üzrə Azərbaycan kuboku yarışları başa çatıb.
Axar.az Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın sonuncu günündə körpücük üzərinə 89, 96, 102, 109 kiloqram və 109 kiloqramdan yuxarı çəki dərəcələrində kişi idmançılar çıxıblar.
Bu çəkilərdə müvafiq olaraq Ceyhun Tağızadə, Nailxan Nəbiyev, Əliş Nəzərov, İsmayıl Qurbanov və Həsənbəy Həsənzadə qızıl medala sahib çıxaraq Azərbaycan kubokunun qalibi adını qazanıblar.
Azərbaycan kuboku yarışlarının keçirilməsində məqsəd atletlərin hazırlıq səviyyəsinin yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir. Turnirdə şəhər və rayonların, idman cəmiyyət, klub və mərkəzlərinin, Uşaq-Gənclər İdman mərkəzlərinin dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atleti qüvvəsini sınayır.
Xatırladaq ki, turnirin birinci günündə körpücük üzərinə ilk olaraq qadınlar çıxıblar. Sinkleyr cədvəli üzrə mütləq qalibi müəyyən edən zərif cinsin nümayəndələrinin mübarizəsindən Səbinə Əzimova qalib ayrılıb. On səkkiz yaşlı atlet toplam 172 kiloqram (75+97) nəticə və 253,22 Sinkleyr xalı ilə təcrübəli rəqiblərini üstələməyi bacarıb. İkinci yerə 171 kiloqram (78+93) nəticə və 233,29 xalla Boyanka Kostova, üçüncü yerə isə 164 kiloqram (72+92) nəticə və 213,11 xalla Firuzə İbrahimova çıxıblar.
Kişilərdən isə ilk olaraq 49, 55 və 61 kiloqram çəki dərəcələrində atletlər qüvvələrini sınayıblar. Bu çəki dərəcələrində müvafiq olaraq, Əvəz Tağıyev (toplam 152 kiloqram), Ömər Cavadov (198 kiloqram) və Elməddin Hüseynov (228 kiloqram) qalib olublar. 67 və 73 kiloqram çəki dərəcələrində mübarizə aparan kişilərin yarışında Məhəmməd Məmmədli (67 kiloqram) toplam 267 kiloqram (116+151) nəticə ilə qızıl medala sahib çıxıb. Ondan cəmi 1 kiloqram geri qalan Rüstəm Qasımov (120+146) gümüş medal əldə edib. Fəxri kürsünün üçüncü pilləsinə isə 255 kiloqram (120+135) nəticə ilə Kənan Xəlilov qalxıb. Paşa İbrahimli (73 kiloqram) isə toplam 291 kiloqram (132+159) nəticə ilə bütün rəqiblərini geridə qoyaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İkinci pillədə toplam 260 kiloqram (120+140) nəticə ilə Füqan Əliyev, üçüncü yerdə isə 248 kiloqram (112+136) nəticə ilə Elşən Şərifov qərarlaşıblar. Kişilər arasında 81 kiloqram çəki dərəcəsində isə Kənan Əliquliyev 290 kiloqram (130+160) nəticə ilə qızıl medala sahib çıxıb. İsmayıl Baxışov 249 kiloqram (111+138) nəticə ilə gümüş, Həmid Qocayev isə 248 kiloqram (118+130) göstərici ilə bürünc medala sahib olub.
Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2018-ci ilin dekabr ayı üçün dünyanın ən güclü 100 şahmatçısının adını açıqlayıb.
Axar.az xəbər verir ki, kişi şahmatçıların ilk 100-lüyündə Azərbaycanın 6 qrossmeysteri yer alıb. Şəhriyar Məmmədyarov 2820 xalla 3-cü pillədəki mövqeyini qoruyub. Siyahıya aktivində 2835 xal olan norveçli dünya çempionu Maqnus Karlsen başçılıq edir. ABŞ şahmatçısı Fabiano Karuana 2832 xalla 2-ci yerdədir.
Teymur Rəcəbov 1757 xalla 14-cü və Arkadi Naydiç 2736 xalla 20-dir. Rauf Məmmədov iki pillə geriləyərək 42-ci pillədə qərarlaşıb (2703 xal). Eltac Səfərli 2671 xalla 72-ci, Qədir Hüseynov isə 2664 xalla 82-ci sıradadır.
Qadınların ilk ən güclü 100 şahmatçısı siyahısında Azərbaycanın 3 təmsilçisi yer alıb. Günay Məmmədzadə bir pillə geriləyib (2422 xal, 47 pillə). Bir pillə irəliləyən Xanım Balacayeva 62-ci pilləyə yüksəlib (2397 xal). İki pillə geriləyən Gülnar Məmmədova 2368 xalla 99-cu yerdədir.
Qadınların siyahısına 2662 xalla çinli Hou İfan başçılıq edir.