"Neftçi" klubunun heyətinə qatdığı yaponiyalı ulduz futbolçu Keysuke Honda Bakıya gəlib.

35 yaşlı yarımmüdafiəçi səhər saatlarında Azərbaycana çatıb.

Paytaxt təmsilçisinin tezliklə təcrübəli oyunçu ilə müqavilə imzalayacağı gözlənilir. Razılaşmaya əsasən, Honda mövsümün sonuna kimi "Neftçi"nin formasını geyinəcək. "Ağ-qaralar" onun sözləşməsinin müddətini yayda artıra bilər.

Qeyd edək ki, 98 dəfə Yaponiya millisininin formasını geyinmiş Keysuke Honda 37 qol vurub. O, İtaliya "Milan"ı ilə yanaşı, Niderlandın "Venlo" və "Vitess", Rusiyanın MOİK (Moskva), Meksikanın "Paçuka", Avstraliyanın "Melburn Viktori", Braziliyanın "Botafoqo" komandalarında da çıxış edib.

Ulduz futbolçunun son olaraq Portuqaliya "Portimonense" klubu ilə müqavilə bağlayıb. Lakin o azı 3 ay azad agent statusu daşımadığı üçün yerli futbol liqasının qərarına əsasən, meydana çıxa bilməyib və fevralın 11-də klubla yollarını ayırıb.

 

 

 

 
 
2021/2022 mövsümündə Azərbaycan Premyer Liqasında və avrokuboklarda iştirak üçün müraciət edən bütün komandaların adlarına aydınlıq gəlib.

Bu barədə AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Sərxan Hacıyev məlumat verib.

Onun sözlərinə görə, Premyer Liqadakı 8 klubun hamısı UEFA-dan lisenziyanın əldə olunması üçün müraciət ünvanlayıblar. Hacıyev I Diviziondan isə 4 klubun əsas liqada oynamaq istəyi ilə sənədlərini təqdim etdiyini diqqətə çatdırıb: "Hazırda bu sənədlərlə tanışlıq və müxtəlif meyarlar üzrə yoxlanılma prosesi gedir. Premyer Liqadakı bütün klublar avrokuboklarda oynamaq istədiklərindən, avtomatik olaraq, gələn mövsüm də Premyer Liqada iştirak üçün müraciət etmiş sayılırlar".

Hacıyev I Diviziondakı hər 3 bölgə təmsilçisi - "Kəpəz", "Zaqatala" və "Turan Tovuz"un Premyer Liqada iştirak üçün müraciət etdiyini söyləyib. O, paytaxt komandaları "Qaradağ Lökbatan" və MOİK-dən hansının elitada oynamaq istədiyini açıqlamayıb: "Hazırda bütün klubların sənədlərinin yoxlanılma mərhələsidir. Müraciət etmələri o anlama gəlmir ki, sənədlərində problem yoxdur. Sənədləri təqdim etmək UEFA və Premyer Liqa lisenziyalarını rahatca almaq demək deyil. Bilmək olmaz ki, sənədlərində problem olacaq, ya yox".

Hacıyev lisenziya istəyən klubların müraciət vaxtının artıq yekunlaşdığını bildirib. Onun sözlərinə görə, müraciət edənlər digər lazımi sənədləri aprelin 10-dək təqdim etməlidirlər: "Onlar sənədlərini müxtəlif vaxtlarda göndərir, biz isə sənədləri yoxlayır, müəyyən düzəlişlər edir, klublara geri qaytarırıq ki, onlar çatışmazlıqları aradan qaldırsınlar. Bu prosedurun bitəcəyi aprelin 10-dan sonra sənədlər daha diqqətlə yoxlanılmağa başlanılacaq. Mayın ortalarınadək isə bütün sənədlərə Lisenziyalaşdırma Komissiyasının iclasında baxılacaq və müvafiq qərar veriləcək. Ötən il bu Komissiyanın iclası koronavirus pandemiyası səbəbindən iyunun 18-də keçirilib. Toplantı ilk dəfə idi ki, belə gec baş tutmuşdu. Bu il problem yaşanmasa, iclasın mayın ortalarınadək gerçəkləşməsi nəzərdə tutulub".

Lisenziyalaşdırma qrupunun rəhbəri həmçinin bildirib ki, bəzən Premyer Liqa üçün müraciət ünvanlamış klubun daha sonra sənədi təqdim etmədiyi hallara da rast gəlinib: "Öz təcrübəmizdə müxtəlif illərdə bir neçə dəfə belə hallar yaşanıb. Hansısa klub əvvəlcədən müraciət edib, lakin sonradan heç bir sənəd təqdim olunmayıb".

"Report"un araşdırması nəticəsində məlum olub ki, Premyer Liqada iştirak üçün müraciət edən digər klub "Qaradağ Lökbətan"dır. Beləliklə, I Divizion təmsilçilərindən yalnız MOİK əsas liqada mübarizə aparmaq istəməyib.

"Qaradağ Lökbatan" klubunun icraçı direktoru Bəbir Həsənov "Report"a açıqlamasında bildirib ki, Lisenziyalaşdırma Qrupuna müraciət etsələr də, hüquqi meyarlara görə problem yaşayırlar: "Düşünmürəm ki, sənədlərimizin hamısı yerli-yerindədir. Aprelin 10-dək hüquqi meyarla bağlı çatışmazlığın aradan qalxacağı real deyil. Problemimiz hüquqi meyarla bağlıdır, bəlkə də həll edilə bilər".

Qeyd edək ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov 2021/2022 mövsümündə Premyer Liqada 10 komandanın oynamasını ideal saydığını bildirib.

“Qarabağ”ın sabiq futbolçusunun qanında narkotik aşkarlandı

"Qarabağ"ın sabiq futbolçusu Maqaye Geyenin qanında kokain aşkarlanıb.

Bu barədə "Qafqazinfo" "Digisport"a istinadən xəbər verir.

Narkotik maddə qəbul etməkdə ittiham olunan Rumıniyanın "Dinamo" klubunun futbolçusunun qanında kokain "Styau" ilə kubok matçından sonra aşkarlanıb. 

Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Maqaye Qeye 2019/2020 mövsümündə "Qarabağ"ın heyətində 28 oyun keçirib və 8 qol vurub. O, ötən ilin oktyabrında "Dinamo"ya keçib.

Millimizin baş məşqçisindən qələbə şərhi

Futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Joze Alesio Da Silva Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Moldovaya qarşı keçirdikləri oyunu şərh edib.

Braziliyalı mütəxəssis millimizin 5:3 hesablı qələbəyə sevindiyi oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bu gün oyunumuz alınmadı. Bu da matça tam köklənə bilməməyimizlə bağlıdır. Görüş bizim üçün çox çətin oldu. Rəqibimiz də bu gün ən yaxşı oyunlarından birini keçirdi. Çoxlu səhvlərə yol verdik. Hətta buna görə məğlub da ola bilərdik. Müəyyən epizodlarda bəxtimiz gətirdi. Təbii ki, oyunu təhlil edəcəyik, zəif çıxışımızın səbəbini aydınlaşdıracağıq. Sevinməli tərəf nəticə ilə bağlıdır. Ən azı vacib olan 3 xalı əldə etdik.

Moldovanın Avropa çempionatına vəsiqə qazanmaq şansı öz əlindədir. Biz növbəti oyunda Slovakiya ilə üz-üzə gələcəyik. Əlbəttə, qələbə qazanmaq üçün meydana çıxacağıq. Moldova isə qalan görüşlərini qələbə ilə başa vursa, məqsədinə nail olacaq”.

Misir yığmasının futbolçusu Məhəmməd Salah İngiltərənin "Liverpul" klubunu tərk edə bilər.
29 yaşlı hücumçunun "qırmızılar"ın baş məşqçisi Yurgen Klopp ilə münasibətləri korlanıb.

Almaniyalı mütəxəssis "Çelsi"yə 0:1 hesabı ilə uduzduqları Premyer Liqanın XXVII tur matçının 61-ci dəqiqəsində Salahı əvəzləyib. Bu isə təkcə futbolçunun deyil, agenti Abbas İssa Reminin narazılığı ilə qarşılanıb. Remi tvitter hesabında "nöqtə" paylaşıb.

Salahı İspaniyanın "Barselona" və Almaniyanın "Bavariya" klubları istəyirlər. Forvardın özü də nə vaxtsa İspaniyanın ən güclü klublarından olan "Real Madrid" və ya "Barselona"ya keçəcəyini istisna etməyib. O, eyni zamanda "Liverpul"da mümkün qədər çox oynamaq niyyətində olduğunu açıqlayıb.

Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ildən "qırmızılar"ın heyətində yer alır. Onun hazırkı müqaviləsi 2023-cü ilin yayınadəkdir.

Hazırda ABŞ-da müalicə olunan gənclər və idman naziri Azad Rəhimov yaxın günlərdə Bakıya qayıdacaq.

Bu barədə "Report"un sualına cavab olaraq, nazir müavini İsmayıl İsmayılov açıqlama verib.

O bildirib ki, ötən gün Azad Rəhimovla danışıb və hazırda nazirin səhhəti yaxşıdır: "Heç bir problem yoxdur. Yəqin ki, yaxın günlərdə Bakıya qayıdacaq".

Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisinin keçirilmə müddəti daha bir il uzadılıb.
Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ayan Nəcəf-Ağayeva açıblama verib.

O deyib ki, ötənilki qran-pri baş tutmadığı üçün yeni 3 illik müqavilə üzrə öhdəlik 2023-cü ilədək deyil, 2024-cü ilədək yerinə yetirilməlidir.

Xatırladaq ki, 2021-ci ildə Azərbaycan Qran-prisi 4 - 6 iyunda gerçəkləşməlidir.

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının oyunları bir dəqiqəlik sükutla başlayacaq.

XVII turun dörd oyunundan əvvəl Xocalı soyqırımında dünyasını dəyişənlər yad ediləcək.

Görüşlərin başlanma vaxtını və hakimləri təqdim edirik:

15:00 “Qəbələ” –“ Sumqayıt”
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Nahid Əliyev, Rauf Allahverdiyev
Qəbələ şəhər stadionu.

16:00 “Zirə” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı
Zirə İdman Kompleksinin stadionu.

17:30 “Sabah” – “Keşlə”
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Elçin Məsiyev
“Bank Respublika Arena”.

18:30 “Qarabağ” – “Səbail”
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Cavanşir Yusifov, Rəhim Həsənov
“Azersun Arena”.

Qeyd edək ki, stadionlar dünən qara bürənsə də, meydan sahibi olan klublar matçların başlanma vaxtına kimi arenanı hazır duruma gətirməyi bacarıb.

Məşhur futbolçu Ronaldinyonun anası Migelina Eloi Dos Santos koronavirusdan vəfat edib.

Bununla bağlı braziliyalı futbolçu özü sosial şəbəkədə paylaşım edib.

O qeyd edib ki, anası 2020-ci ilin dekabrında koronavirusa yoluxub. Həmin vaxt Migelina Eloi intensiv terapiya şöbəsinə yerləşdirilsə də, 71 yaşlı qadını xilas etmək mümkün olmayıb. 

"Sonuncu dəfə 6 il öncə Azərbaycanda olmuşam. SSRİ çempionatında bürünc medalların qazanılmasının ildönümünü ilə bağlı dəvət olunmuşdum. İndi isə müxtəlif səbəblərdən - həm təhlükəsizlik, həm də maliyyə çətinliyinə görə harasa getmək olmur. Bəzən doğma yurdum haqqında xəyallar qururam. Amma bu cür xatirələrin narahatlıq yaratma ehtimalı daha yüksəkdir - nostalji zehni ağrılara səbəb olur. İndi Azərbaycan əvvəlkindən tamamilə fərqlidir".
 
B6 fikirləri "Neftçi"nin sabiq futbolçusu Nikolay Boqdanov "football.ua" saytına geniş müsahibəsində deyib.
 
1944-cü ildə Bakıda anadan olmuş veteran müdafiəçi molokan əsilli olduğunu bildirib. Onun sözlərinə görə, molokanlar mənəvi xristianlığın nümayəndələridir: "Anatoli Banişevski və ancaq "Neftçi"də oynamış Nikolay Smolnikov da mənimlə eyni mənşəlidir. Ümumiyyətlə, köklərim Volqa bölgəsindəndir. XIX əsrin sonunda neft bumu başlayanda ulu babam ailəsini götürüb Bakıya gedib. Ümumiyyətlə, II Dünya Müharibəsi xalqları birləşdirmişdi. Mehriban atmosfer hökm sürürdü. Uşaqlığım həyətlərdə və müxtəlif dərnəklərə qatılmaqla keçib".
 
 
Banişevski ilə bağlı xatirələrini bölüşən 77 yaşlı keçmiş futbolçu vaxtilə onunla eyni rayonda yaşadığını söyləyib: "Məndən 2 yaş kiçik idi. Evləri bizim məktəbin qarşısında yerləşirdi. Onun haqqında ilk dəfə eşitdiyim sözlər yaxşı yadımdadır. Dedilər ki, Bakı "Lokomotiv"ində hər oyunda 5-6 qol vuran sarışın oğlan oynayır. Artıq 1962-ci ildə "Neftçi"də çıxış edirdi. Məhz bu komandada ona başla oynamaq öyrədildi və bundan sonra oyununu xeyli yaxşılaşdırdı. Qısa zamanda milliyə dəvət aldı. Banişevski futbolda demək olar ki, hər şeyi bacardı. Dünyasını bu qədər erkən dəyişməsi isə sadəcə məyusedicidir. Sonradan yollarımız ayrılsa da, Banişevski xüsusi biridir. Cəsarətli, azarkeşlərin sevimlisi idi. Moskvada Eduard Streltsov unikal hesab olunurdusa, Bakıda bu şəxs Anatoli idi. O, hər zaman "Neftçi"nin vurğunu olaraq qaldı".
 
"Neftçi"nin sabiq baş məşqçisi Əhməd Ələsgərovdan da söz açan Boqdanov onu Azərbaycanın ən güclü mütəxəssislərindən biri hesab edib: "Əvvəlcə Bakıya, daha sonra Odessaya bürünc medalları gətirdi. Bu, məşqçilik səviyyəsi üçün əla göstəricidir. Ələsgərovun ən üstün cəhəti hər şeyi nünumə ilə göstərmək bacarığı idi. Bax, belə baş məşqçi idi".
 
Veteran futbolçu Azərbaycanın dünyaca tanınmış hakimi Təfiq Bəhramov barədə də fikirlərini bölüşüb: "Bəhramov 1960-cı illərin əvvəlində "Neftçi"nin rəisi vəzifəsini icra edirdi. Sonra hakimliyə getdi və bu da əbəs yerə deyildi. 1966-cı ildə "Qızıl fit" mükafatını aldı. Əsl sənətkar, möhtəşəm referi idi. Kraliça Elizabet tərəfindən hər kəsə brilyant üzük verilmir. Hazırda praktik olaraq böyüdüyüm stadion Bəhramovun adını daşıyır".
 
Tanınmış musiqiçi Müslüm Maqomayev barədə ağızdolusu danışan Boqdanov onun görkəmli şəxsiyyət olduğunu vurğulayıb: "Odessaya qastrola gəlmişdi. Eyni oteldə qalırdıq. Dünyaca məşhur musiqçi olub. Mahnıları hələ də eşidilir. Sadə, xoş xasiyyətli və yaraşıqlı insan idi. Yaraşıqlı! Bir neçə dəfə "Neftçi" nin oyunlarına baş çəkib".
 
Boqdanov "Neftçi"nin 1966-cı il SSRİ çempionatında bürünc medal qazandığı mövsümü yada salıb. O, Ukraynada Kiyev "Dinamo"sunu 2:1 hesabı ilə məğlub etdikləri qalmaqallı oyuna da toxunub: "Bu medal hər zaman mənimlədir. Artıq rəngi solub (gülür). Matça gəlincə, bəlkə də etik olmayacaq, amma həqiqəti deyəcəyəm: Rəhbərlik səviyyəsində razılıq əldə olunmuşdu. Heç nə futbolçulardan asılı deyildi. "Dinamo" artıq çempion idi. Oyunun nəticəsi heç nəyi həll etmirdi. Əsas vəzifə Moskvanın heç bir komandasının mükafatçılar sırasına düşməməsi idi. Amma qələbəyə baxmayaraq, Bakıda Moskva "Spartak"ına uduzsaydıq, bürünc medaldan məhrum olacaqdıq. Matça köklənmə yüksək səviyyədə idi. Sonadək, üstünlüyü əldən vermədik. Heyətimizdə Banişevski, Tuayev, Markarov, Semiqlazov, Bruxti kimi futbolçular var idi. Fantastik komandaya sahib idik. Bürünc medalı qazanmağımız ədalətli oldu. Çünki gümüş medalçı olan "OİK Xabarovsk" komandasını 2 dəfə məğlub etmişdik".
 
Qeyd edək ki, Nikolay Boqdanov "Neftçi"də 1961 - 1968-ci illərdə çıxış edib. (report.az)

Xəbər lenti