Messi İngiltərə klubuna keçə bilər

İspaniya “Barselona”sının futbolçusu Lionel Messi karyerasını İngiltərənin “Mançester Siti” klubunda davam etdirə bilər.
“Report” xəbər verir ki, bu barədə Argentinanın “Nacion” qəzeti idmançının ətrafındakı mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunub ki, 33 yaşlı hücumçu keçidi rəsmiləşdirmək üçün “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola ilə danışacaq.

Qeyd edək ki, Lionel Messi 2004-cü ildən “Barselona”nın əsas komandasında çıxış edir. Messi bu müddət ərzində bütün turnirlər daxil olmaqla, 731 matçda meydana çıxıb, 634 qol və 285 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu müqaviləsinə xitam verilməsi üçün müraciət etsə də, klub bundan imtina edib.

Dmitri Nazarov Azərbaycan yığmasınn dəvətindən imtina etdi

Almaniya 2-ci Bundesliqasında çıxış edən “Aue” klubunun futbolçusu Dmitri Nazarov Azərbaycan millisinə aldığı dəvətdən imtina edib.

Bu barədə o, “sueddeutsche” nəşrinə açıqlamasında məlumat verib.

O bildirib ki, koronavirus səbəbindən risk alıb Azərbaycana gəlmək fikrində deyil.

“Dəvət aldım, amma Azərbaycana getmirəm. Çünki hazırda koronavirusla bağlı vəziyyət pisdir, təhlükəsizliyim isə mənim üçün daha vacibdir. Azərbaycan da risk zonasıdır və ora uçuşlar da o qədər asan deyil. Buna görə biz millinin məşqçisi ilə birgə bu dəfə evdə qalmağımla bağlı qərar verdik ”, - 30 yaşlı hücumçu açıqlamasında deyib. O, həmçinin qeyd edib ki, əgər vəziyyət bir qədər yaxşılaşsa, yenidən milliyə qayıda bilər.

“Barselona” azarkeşləri etiraz aksiyasına başladı

“Barselona” fanatları klubunun ofisinin qarşısında aksiya keçiriblər. “Buna səbəb Lionel Messinin katalon klubundan ayrılıq xəbərlərinin yayılmasıdır. 

Tərəfdarlar klub prezidenti Xosep Bartomeunun istefasını istəyiblər. Onlar bildirib ki, Messi istənilən halda klubda qalmalıdır. 

 

 
“Sumqayıt”ın rəqibinə koronavirus şoku

“Sumqayıt”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi olan Şimali Makedoniyanın “Şkendiya” klubu Azərbaycana ciddi itki ilə gələcək.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xəbərdə komandanın aparıcı oyunçularından Armend Alimin koronavirusa yoluxduğu diqqətə çatdırılıb. Bu üzdən də o, qarşıdakı matçda Tetovo təmsilçisinə kömək edə bilməyəcək. Futbolçuda xəstəliyin simptomları hiss olunmasa da, o, öz evində karantinə alınıb.

Qeyd edək ki, avqustun 27-də “Sumqayıt”ın stadionunda keçiriləcək “Şkendiya” ilə oyuna saat 20:00-da start veriləcək.

“Qarabağ”dan yeni transfer

Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsində “Şerif”lə oyuna çıxacaq “Qarabağ” növbəti transferini gerçəkləşdirib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu Bolqarıstanın “Çerno More” klubunun futbolçusu Patrik Andrade ilə anlaşıb.

Capo Verdedən olan mərkəz yarımmüdafiəçisi sabah Ağdam təmsilçisi ilə müqaviləsini rəsmiləşdirəcək. 

İspaniyanın "Barselona" futbol klubu argentinalı hücumçu Lionel Messidən komandanı tərk etmək istəyi barədə bildiriş aldığını təsdiqləyib.
Trend xəbər verir ki, bu barədə "Reuters" agentliyi klubdakı mənbəyinə istinadən bildirib.
Bundan əvvəl İspaniya və Argentina mediası L.Messinin klubdan ayrılmaq istəyi barədə dediyini yazmışdı. Qeyd edildi ki, oyunçu müqavilədəki bir bəndi aktivləşdirmək niyyətindədir. Həmin bəndə əsasən o hər mövsümün sonunda birtərəfli qaydada komandanı tərk edə bilər.

“Qarabağ” – “Şerif” oyununun hakimləri dəyişdi

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində “Şerif”lə (Moldova) keçirəcəyi oyunun hakimlər briqadası dəyişdirilib. “Qafqazinfo” xəbər verir ki, UEFA görüşü Ukraynadan olan hakimlər briqadasına tapşırıb.

Qarşılaşmaya daha öncə qazaxıstanlı referilər təyin edilsə də, qərarda dəyişiklik edib. Matçı Mikola Balakin idarə edəcək. Ona həmyerliləri Viktor Matyaş və Sergey Pristupa kömək edəcəklər.
Dördüncü hakim funksiyasını isə Andrey Kovalenko yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Şerif" oyunu saat 20:00-da başlayacaq.

FİFA-dan milli üzvləri üçün yeni qaydalar

FİFA koronavirus pandemiyası dövründə oyunçuların milli komandalara gediş-gəlişini tənzimləyən müvəqqəti qaydaların tətbiqinə dair qərar qəbul edib.

Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, yeni qaydalar yığmaların sentyabr pəncərəsi üçün nəzərdə tutulub. Buna əsasən, komandanın məskunlaşdığı və ya yığmanın oyununun keçirildiyi yerlərdə ən azı beş günlük məcburi karantin müddəti müəyyən edilsə və ya giriş-çıxışa məhdudiyyət qoyulsa, klub öz oyunçusunu milliyə buraxmaya bilər.

Bu hal, həmçinin bölgəyə məcburi karantin tətbiq edilməsi və ya giriş məhdudiyyəti qoyulması ilə əlaqədar qərarlar qəbul edən müvafiq orqanların bu məsələdə futbolçuları nəzərə almaması zamanı da baş verə bilər.

Bu qaydalar kişi futbolçular üçün avqustun 31-dən sentyabrın 8-dək, qadınlar üçün isə 14-22 sentyabr tarixlərində tətbiq olunacaq.

Qeyd edək ki, Azərbaycan millisi pandemiya dövründə ilk rəsmi matçını sentyabrın 5-də UEFA Millətlər Liqasında Bakıda Lüksemburqa qarşı keçirəcək. Yığma 3 gün sonra isə səfərdə Kipr seçməsinin qonağı olacaq.

“Bavariya” Çempionlar Liqasının qalibi oldu

Futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) final matçı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Portuqaliyanın paytaxtı Lissabonda baş tutan görüşdə Fransanın PSJ komandası ilə Almaniya “Bavariya”sı üz-üzə gəlib.

İtaliyalı Daniele Orsatonun idarə etdiyi matç “Estadio da Luş” stadionunda keçirilib.

Minimal hesabla üstün olan Münhen təmsilçisi turnirin qalibi olub. Daha öncə 5 dəfə Çempionlar Liqasının qalibi olmuş “Bavariya” isə son olaraq 2013-cü ildə bu titulu əldə etmişdi. Münhen klubu 6-cı dəfə də istəyini gerçəkləşdirməklə İngiltərə “Liverpul”u ilə birlikdə ÇL-i ən çox qazanan üçüncü komanda olub.

UEFA Çempionlar Liqası
Final
23 avqust

PSJ (Fransa) – “Bavariya” (Almaniya) 0:1
Qol: Koman, 59.
Lissabon. “Estadio da Luş” stadionu.

 





 
Millimizin hücumçusu İsveçrə klubuna icarəyə verildi
Milli komandamızın hücumçusu Renat Dadaşov karyerasını İsveçrədə davam etdirəcək.

Klubdan verilən məlumata görə, Dadaşovun transfer hüququna sahib olan İngiltərənin “Vulverhempton” klubu hücumçumuzu “Qrasshopers”ə icarəyə verib.

İsveçrə Birinci divizion təmsilçisi Dadaşovla bir illik icarə müqaviləsi imzalandığını açıqlayıb.

Bundan əlavə, “Qrasshopers” "Vulverhempton”dan Konnor Ronanı da icarəyə götürüb. Onunla da bir illik icarə müqaviləsi imzalanıb.

Qeyd edək ki, Renat Dadaşov 2019-cu ilin avqustunda keçdiyi “Vulverhempton”la 4 illik müqavilə imzalayıb. Gənc forvard hələ ki əsas komandada debüt etməyib.

Millimizin üzvü 2019/20 mövsümünün ilk yarısını icarə əsasında Portuqaliyanın “Pakuş de Ferreyra” klubunda keçirib. O, mövsümün ikinci yarısında “Vulverhempton”un U-21 komandasında çıxış edib.oxu.az

Xəbər lenti