Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov bu gün Ermənistan şahmatçısı Levon Aronyanla qarşılaşacaq.

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Skilling Open” turnirində daha beş tur keçiriləcək.

Teymur Rəcəbov bu gün VI-X turlar çərçivəsində ardıcıllıqla Əlirza Firuzca (İran), Levon Aronyan (Ermənistan), Yan-Kjıştof Duda (Polşa), Dinq Liren (Çin) və Aniş Qiri (Niderland) ilə qarşılaşacaq.

Qeyd edək ki, 30 min dollar mükafat fondu olan onlayn turnirin ilk beş turuna əsasən Teymur Rəcəbov 1,5 xal toplayıb.

“Zirə” klubunun əsas heyətinə cəlb olunan Tamerlan Burcəliyev Vətən müharibəsində şəhid olan qardaşının adını kürəyində daşıyacaq.

Oxu.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov sosial şəbəkə hesabında paylaşım edib.

Qurum rəsmisi bildirib ki, T.Burcəliyev bununla bağlı PFL-ə müraciət edib. Onlara edilən bu təklifə dərhal müsbət cavab veriblər.

Xatırladaq ki, İlqar Burcəliyev oktyabrın əvvəlində Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, “Zirə”nin 17 yaşlılardan ibarət komandasının şərəfini qoruyub. 

UFC prezidenti Deyna Uayt Mayk Taysonla Roy Cons arasında keçiriləcək döyüşü lağa qoyub.
Oxu.az xəbər verir ki, D.Uayt döyüşün qaydaları və döyüşün nəticəsi ilə bağlı mərc etmək fürsəti olmamasını gülüş obyektinə çevirib:

“Düşünürsünüz ki, Cons qalib gələcək? Nokautla? Nə? Bu döyüşün qaydalarına görə nokaut ola bilməz? Onlar bu qaydanı necə tətbiq etməyi düşünürlər. Mən bilmirdim ki, burada qalib də olmayacaq, nə qəribə döyüşdür”, - deyə UFC rəhbəri bildirib.

Sərbəst güləş üzrə Azərbaycan milli komandasında koronavirusa kütləvi yoluxma baş verib.
Report xəbər verir ki, bunu yığmadan götürülmüş COVID-19 testinin iki gün öncə açıqlanan nəticəsi göstərib.

Bildirilir ki, yoluxanlar sırasında məşqçilərdən Arif Abdullayev, Rövşən Umudov, Rövşən Hacıyev, güləşçilərdən isə Ağahüseyn Mustafayev və Turan Bayramov da var. Bundan başqa yığma üzvü olmayan güləşçilərin də testi müsbət çıxıb.

Fakt üzə çıxdıqdan sonra komandanın hazırlıq keçdiyi təlim-məşq bazasında məşqlər dayandırılıb.

Yoluxmalara səbəb kimi əsas heyətlə birgə yeniyetmə və gənclərdən ibarət heyət üzvlərinin də kütləvi məşqlərdə iştirakı göstərilir.

Azərbaycan Güləş Federasiyasından "Report"a bildirilir ki, noyabrın 20-də növbəti dəfə bütün heyət testdən keçirilib. Nəticədə bir neçə sərbəst güləşçinin testi pozitiv çıxdığı üçün onlar karantinə alınıb".

Rəsmi açıqlamada daha sonra deyilir: "Federasiyamız pandemiyanın Azərbaycanda yayıldığı ilk günlərdən məsələyə həssas yanaşıb. Məhz bu səbəbdən bir neçə ay yığmaların məşqlərinə ara verilib. Yalnız iyundan milli komandalara məşqlərə icazə verildikdən sonra hazırlıq prosesinə start verilib. Ancaq məşqlərdə yalnız əsas komandaya daxil olan güləşçilərin iştirakı nəzərdə tutulub. Bu da sırf dekabrda Serbiyada keçiriləcək Fərdi Dünya Kuboku ilə bağlı keçirilən hazırlıq prosesindən ibarətdir. Nəzərinizə çatdıraq ki, güləşçilər və məşqçilər arasında koronavirusun yayılmaması üçün bütün zəruri tədbirlər həyata keçirilib. Olimpiya Güləş Mərkəzində giriş qapılarında dezinfeksiya məhlulları quraşdırılıb və güləşçilər arenaya daxil olarkən bundan istifadə edir. Eyni zamanda, hər məşqdən əvvəl bütün heyətin hərarəti bir-bir yoxlanılır və temperaturu yüksək olanlar məşqdə iştirak etmir. Mütəmadi olaraq güləşçilərdən və məşqçilərdən testlər götürülməklə yanaşı, federasiyanın təlim-məşq bazası, yataqxanası və ofisi dezinfeksiya olunur".

Qeyd edək ki, daha əvvəl yeniyetmə və gənc qızlardan ibarət millinin məşqçisi İsaməddin Hüseynov vəfat edib. Azərbaycan Güləş Federasiyası ölümə səbəb kimi uzun sürən xəstəliyi göstərsə də, mərhumun yaxınları onun koronavirusdan dünyasını dəyişdiyini bildiriblər.

Türk mənşəli alman futbolçusu Mesut Özil İslam dünyasına müraciət edib.
O, bu barədə “Twitter" səhifəsində paylaşım edərək, Qurandan sitat gətirib:

"Xeyir və şər bərabər ola bilməz. Şərə ən yaxşı ilə cavab verin, onda sizinlə düşmən olan yaxın dost kimi olacaq".

Bu yolla futbolçu “islamofobiyanı mehribanlıqla silahsızlaşdırmağa" çağırıb.

"Təəssüf ki, Avropada, dünyanın başqa yerlərində islamofobiya artır və KİV bunda böyük rol oynayır", - deyə London "Arsenal"ının yarımmüdafiəçisi sosial şəbəkədə yazıb.

"Mənim buna şəxsi cavabım: biz islamofobiyaya və islamçılıq əleyhinə belə reaksiya verməliyik - onları gücləndirməmək və silahsızlaşdırmaq üçün mehribancasına susmağa məcbur etməliyik", - deyə, Özil qeyd edib.

Azərbaycan cüdoçusu Orxan Səfərov Çexiyanın paytaxtı Praqadakı Avropa çempionatında qazandığı qələbəni əsgər salamı ilə qeyd edib.

Report xəbər verir ki, 66 kq çəki dərəcəsində qızıl medal əldə edən 29 yaşlı idmançı çempionluğunu Azərbaycan Ordusu ilə bölüşüb.

Səfərov İtaliya, Slovakiya, Almaniya, Serbiya və İsrail təmsilçilərini məğlubiyyətə uğradıb. Mükafatlandırma mərasimində onun şərəfinə üçrəngli bayrağımız qaldırılıb, Dövlət Himnimiz səsləndirilib.

Qeyd edək ki, bu, Orxan Səfərovun ilk Avropa çempionluğu olub.

Dünya şöhrətli boksçu Mayk Tayson 15 il fasilədən sonra yenidən rinqə çıxacaq.

Qafqazinfo istinadən xəbər verir ki, Tayson 29 noyabr bazar günü rəqibi Roy Consla döyüşəcək.

Qeyd edək ki, sonuncu dəfə 2005-ci ildə döyüşə çıxan 54 yaşlı Maykın rəqibi Royun 51 yaşı var. Onlar arasındakı döyüş 8 raund olacaq. 

Xatırladaq ki, Mayk karyerası ərzində 50 qalibiyyət qazanıb, 6 dəfə məğlub olub. Roy Consun isə 66 qalibiyyəti, 9 məğlubiyyəti var. 

Gənclər və idman naziri Azad Rəhimov və Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə əsaslı təmir işlərindən sonra Respublika Olimpiya Mərkəzi ilə tanış olublar.

Nazirliyin Mətbuat katibi Səmayə Məmmədovanın "Report"a verdiyi məlumata görə, Mərkəzin zirzəmi hissəsində, birinci və ikinci mərtəbələrində söküntü işləri aparılıb, söküntü işlərindən sonra zirzəmi, birinci və ikinci mərtəbələrində təmir işləri görülüb.

Respublika Olimpiya Mərkəzinin zirzəmi, birinci və ikinci mərtəbələrində pilləkənlər mərmər piltələrlə üzlənib, metal, metal-plastik və avropa tipli qapılar, metal-plastik pəncərələr və alüminium vitrajlar quraşdırılıb, döşəmələr hissəsində metlax tavalar, keromoqranit döşəmələr və laminat, idman zalında poliment örtük, rezin örtük, xüsusi idman örtüyü vurulub, uzununa tullanma idman növü üçün kvars qumu qoyulub.

Dam örtüyündə metal konstruksiya rənglənib, sinklənmiş metaldan aralıqlar vurulub, sendviç panel örtüyü, su axıdan borular və qıflar quraşdırılıb, eyvan hissəsində isə döşəməyə ruberoid ilə izolyasiya edilib, daxili bəzək işləri həyata keçirilib. Mərkəzdə bir ədəd sauna, hol hissəsində isə guşə quraşdırılıb. Mərkəzin fasadının çirklərdən təmizlənməsi, üzlük daşlarının üzlərinin cilalanması, tarket suvaq, sement suvaq, boya, əhəng daşlar ilə sütunlar və qarnizlər vurulub, bəzək elementlərin görülməsi və Respublika Olimpiya Mərkəzi adının yazılması, fasadın işıqlanması işləri görülüb.

Mərkəzin elektrik təchizatı və güc avadanlığı, elektrik işıqlanma, sahə daxili işıqlanma, su təchizatı və kürbənd sistemi, soyuq və yanğına qarşı su sistemi, isti su, kanalizasiya, istilik-ventilyasiya, isitmə, kondisionerləşdirmə, ventilyasiya, video müşahidə, telekommunikasiya, yanğın siqnalizasiya və səs gücləndirici sistemləri quraşdırılıb, turniket, əlillər üçün qaldırıcı qurğu, əl-üz yuyan, çaşa, su qızdırıcı cihazlar qoyulub. Həmçinin asfalt, səki daşları və bardurları sökülərək yenisi ilə əvəz olunub, həyətyanı sahəsində dekorotiv kollar və ağaclar əkilib.

FIFA İngiltərənin "Liverpul" klubuna 2 milyon funt sterlinq məbləğində kompensasiya ödəyəcək.

"Ödəniş klubun müdafiəçisi Co Qomesin yığmada zədələnməsi ilə əlaqədar aparılacaq.

23 yaşlı oyunçu millinin düşərgəsində dizindən xəsarət alaraq uzun müddətədək sıradan çıxıb. FIFA Qomesə kompensasiya ödəməyə razılaşıb.

Qeyd edək ki, bunadək "Liverpul"da daha bir müdafiəçisi Virgil van Deyk və yarımmüdafiəçi Fabinyo da sıradan çıxıb.

Futbol üzrə Azərbaycan millisi növbəti oyununu keçirəcək.

Report məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu komanda UEFA Millətlər Liqasının V turunda Monteneqronu qəbul edəcək.

C Liqasının 1-ci qrupundakı qarşılaşma ölkədəki hərbi vəziyyətlə əlaqədar Xorvatiyanın Zapreşiç şəhərindəki “Ivan Laljak-Iviç” stadionunda baş tutacaq.

Bunadək 4 xal toplaya bilən yığma xal itirəcəyi təqdirdə qrup qalibi olmaq imkanından məhrum olacaq. Qazanılacaq 3 xal isə komandanın C Liqasında qalmasını rəsmiləşdirəcək.

Yığma qələbə qazana bilməsə də bu liqada qalması mümkündür. Qrupun digər görüşündə Kipr Lüksemburqu qəbul edəcək. Meydan sahibləri Azərbaycan seçməsindən yaxşı nəticə göstərməsə C Liqasında qalmaq üçün pley-offda mübarizə aparacaq.

Qrupda ilk pillənin də taleyinə aydınlıq gələ bilər. Yığma Monteneqronu məğlub etsə, Lüksem isə qələbə qazansa B Liqasına vəsiqənin sahibi müəyyənləşəcək. Görüşlər belə yekunlaşsa, son turda Azərbaycan seçməsi ilə üz-üzə gələcək Lüksemburq qrup qalibi olacaq.

Millətlər Liqası
V tur
21:00. Azərbaycan – Monteneqro
Baş hakim: Sergey İvanov (Rusiya)
Zapreşiç (Xorvatiya). "Ivan Laljak-Iviç" stadionu

Xəbər lenti