![]() |
|
Sərəncamda qeyd edilir ki, Neftçala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
İlin əvvəlindən Azərbaycanın beynəlxalq hava limanlarında sərnişin axını 5,15 milyon sərnişin təşkil edib.
Bunun 4,39 milyonu Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşür ki, bu da ötən ilin göstəricisindən 6% çoxdur.
Naxçıvan hava limanı 597 min sərnişinə xidmət göstərib, 140 min sərnişin isə ölkənin sıxlıq üzrə üçüncü aeroportu – Gəncə şəhərinin hava limanının xidmətlərindən istifadə edib.
11 ay ərzində Milli aviadaşıyıcı “Azərbaycan Hava Yolları” 1,86 milyon, aşağıbüdcəli “Buta Airways” aviaşirkəti isə 552 min sərnişin daşınıb.
Paytaxtın hava limanında beynəlxalq uçuşlarda sərnişinlərin sayı 3,8 milyon nəfər təşkil edib. Sərnişin aviadaşımaları üzrə aviaşirkətlərin onluğuna milli aviaşirkətlər ilə yanaşı “Türk Hava Yolları” (Türkiyə, 456 min sərnişin), “FlyDubai” (BƏƏ, 219 min), “Aeroflot” (Rusiya, 180 min), “AirArabia” (BƏƏ, 155 min), “UIA” (Ukrayna, 116 min), “Qatar Airways” (Qətər, 97 min), “Lufthansa” (Almaniya, 63 min) və “SCAT” (Qazaxıstan, 57 min) daxil olmuşdur.
2019-cu ilin noyabr ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportundan 30 sərnişin aviaşirkəti 60-dan çox müxtəlif istiqamətə uçuşlar həyata keçirilib.
Qeyd edək ki, Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula birbaşa uçuşlar həyata keçirilir. Həmçinin milli aviadaşıyıcı AZAL qış cədvəli çərçivəsində Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər həyata keçirir.
Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.
Rusiyanın Xabarovsk vilayətində azərbaycanlı avtobus sürücüləri gələn ildən avtobus idarə edə bilməyəcəklər.
Xabarovsk qubernatoru Sergey Furqal Azərbaycan, Tacikistan, Özbəkistan və Moldova pasportları olan şəxslərin 2020-ci ildə avtobus idarə etməsinə qadağa qoyub.
Bu səbəbdən Xabarovskda mövcud sürücülərin təxminən beş faizi işlərini itirəcək.
Xabarovsk şəhəri və Xabarovsk rayonu Məşğulluq Mərkəzinin rəhbəri Yelena Danilenko bununla bağlı 30 vakansiya elan edildiyini və artıq beş nəfər D kateqoriyalı sürücünün müraciət etdiyini bildirib.
Qeyd edək ki, qadağa Avropa İqtisadi Birliyinə üzv olan ölkələrin - Qırğızıstan, Ermənistan, Qazaxıstan və Belarus vətəndaşlarına təsir göstərməyəcək.
“Azərbaycan Dəmir Yolları” QSC-nin İsveçrənin “Stadler” şirkətindən aldığı 2 yeni ikimərtəbəli elektrik qatarı Bakıya gətirilib.
“Report” xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin mətbuat katibi Natəvan Bayramova məlumat verib.
Onun sözlərinə görə, 371 oturacağı olan yeni qatarlar tezliklə Bakı-Sumqayıt və Bakı-Pirşağı istiqamətində hərəkət edəcək.
“Bununla da Azərbaycanda “Stadler” qatarlarının sayı 9-a çatıb. Yeni qatarların alınmasına səbəb sərnişin sıxlığıdır. İsveçrə şirkətindən “FLIRT” tipli, birmərtəbəli daha 6 qatarın alınması ilə bağlı müqavilə imzalanıb. Bu qatarlar da yaxın 3 il ərzində Bakıya gətiriləcək”, – deyə “Azərbaycan Dəmir Yolları” rəsmisi qeyd edib.
Prezident İlham Əliyev Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 11,8 milyon (on bir milyon səkkiz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməlidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Şamaxıda "ASAN Həyat" kompleksinin açılışında iştirak edib. Dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ölkəmizdə vətəndaşların rahatlığı, eləcə də gənclər üçün yaradılan şəraitə görə Azərbaycan Prezidentinə minnətdarlıq ediblər.
"İqtisadiyyat Nazirliyinin Neftçala Sənaye Məhəlləsində istehsal olunan "Khazar" markalı minik avtomobillərindən bu il 3 minə qədər satılıb". Bunu "Report"a açıqlamasında nazir müavini Niyazi Səfərov deyir. "Avtomobillərin istehsal olunduğu zavod qısa müddət ərzində bazarda yer tuta bilib, onun məhsulları həm nağd, həm də lizinq yolu ilə satılır, servislə təmin edilir. Gələn il bazara yeni modellər çıxarılacaq. Zavodun bazarda payını artırmaqla bağlı strategiyası var və ona uyğun işini qurur", - deyə o, qeyd edib.
Bundan başqa, N.Səfərovun sözlərinə görə, "Khazar” markalı maşınların Rusiya, Gürcüstan, Ukrayna və digər ölkələrə ixrac imkanları araşdırılır: "Yəqin ki, 2020-ci ildə bu istiqamətdə uğurlarımız olacaq".
Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən istər Şərq-Qərb, istərsə də Şimal-Cənub istiqamətində avtonəqliyyat vasitələri ilə beynəlxalq yükdaşımaları dəhlizi üzərində yerləşən avtomobil yollarının müasir səviyyədə yenidən qurulması və bu istiqamətdə aparılan islahatlar nəticəsində son 15 ildə I texniki dərəcəli yolların uzunluğu 8 dəfəyə qədər artaraq 890 km təşkil edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "Report"a verilən məlumata görə, dövlət başçısı beynəlxalqmiqyaslı “Böyük İpəkyolu”nun tərkib hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna daha 2 hərəkət zolağı əlavə edilməklə I texniki dərəcəyə təkmilləşdirilməsi layihəsini daim diqqət mərkəzində saxlayır. Çünki həmin avtomobil yolu beynəlxalq avtomobil yükdaşımaları dəhlizinin Azərbaycandan keçən tərkib hissəsi olmaqla, Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə, həmçinin respublika ərazisində bu istiqamətdə əlaqələrinin inkişafında mühüm rol oynayır.
Bakıdan Gürcüstan sərhədinədək 503 km məsafəni əhatə edən magistralın Bakıdan Gəncə şəhərinədək olan hissəsi müxtəlif illərdə I texniki dərəcəyə təkmilləşdirilməsi işləri yekunlaşdırılıb. Hazırda isə magistral yolun 130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası davam etdirilir.
Tikinti-quraşdırma işləri magistral avtomobil yolunda vətəndaşların rahat və maneəsiz hərəkəti dayandırılmadan yerinə yetirilir, “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun aparılır.
Layihəyə əsasən yolun ümumi eni 27,5 metrdir. Hər birinin eni 3,75 metr olmaqla 4-6 hərəkət zolağından ibarət yolun örtüyü polimer asfalt-beton olacaq. Yol yatağının qalınlığı ümumilikdə 72,5, asfalt-beton örtüyü 3 lay olmaqla, qalınlığı 27 sm təşkil edəcək.
Hazırda yol boyu yeni torpaq yatağının tikintisi, qaya dolğusu və dənəvər tərkibli əsasın tikintisi, həmçinin suöütürücü boruların, alt keçidlərin və körpülərin inşası işləri aparılır. Buna paralel olaraq qırmadaşlı əsasın tikintisi və asfalt-beton örtüyünün döşənməsinə işlərinə də start verilib.
Layihə çərçivəsində 31 yol qovşağı və ötürücüsü, 13 avtomobil körpüsü, 69 yeraltı keçid, 39 düzbucaqlı su keçidi, 523 suötürücü boru inşa edilir. Layihə boyu zəruri yerlərdə 86 avtobus dayanacağı quraşdırılacaq.
Layihə tam reallaşdırılandan sonra şərqdən qərbə və əks istiqamətdə Böyük İpək yolunun Azərbaycandan keçən hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yükdaşımaların artmasında önəmli rol oynayacaq. Bundan başqa yolun tikintisi kənd təsərrüfatı, turizm və sənayenin inkişafına gətirib çıxarmaqla yol boyu yaşayan əhalinin sosial həyatına müsbət təsir göstərəcək.