Bakıya gətirilən yeni avtobuslar işə başladı
Bakıya gətirilən yeni avtobuslar xəttə buraxılıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib. Onun sözlərinə görə, bu gün səhərdən Binə qəsəbəsi sakinlərinə 160 nömrəli müntəzəm marşrut xətti üzrə “Çinar-Trans” MMC-nin gətirdiyi BMC Procity 12 metrlik avtobuslarla xidmət göstərilir.

İlham Əliyev Bakının daha bir parkında aparılan yenidənqurma işləri ilə tanış oldu
Dekabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonundakı Səttar Bəhlulzadə küçəsi, Atatürk və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən parkda aparılan yenidənqurma işləri ilə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Abdullayev dövlətimizin başçısına parkda həyata keçirilən yenidənqurma işləri barədə məlumat veriblər.

Bildirilib ki, bu parkın ərazisi 1,1 hektardır. Abadlıq və yenidənqurma işlərinin yüksək səviyyədə həyata keçirildiyi parkda sakinlərin, o cümlədən uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb.

Qeyd edək ki, paytaxt Bakının yaşıllıqlar şəhərinə çevrilməsi istiqamətində təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan nəcib təşəbbüs Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıllıqla və kompleks şəkildə uğurla davam etdirilir. Dövlətimizin başçısı Azərbaycanda reallaşdırılan milli inkişaf strategiyasının prioritet istiqamətlərindən biri kimi ətraf mühitin mühafizəsini və eyni zamanda, insanların sağlam təbii şəraitdə yaşamasını ən yüksək səviyyədə təmin etməyi qarşıya məqsəd qoyub. Ölkəmizdə bu istiqamətdə silsilə tədbirlər və genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir.

Son illər Azərbaycanın bütün regionlarında, o cümlədən Bakıda abadlıq və yenidənqurma işləri geniş vüsət alıb. Əhalinin rahatlığı və istirahətinin yüksək səviyyədə təşkili məqsədilə yeni parklar və çoxsaylı yaşıllıq zolaqları salınır, mövcud park və xiyabanlar isə əsaslı şəkildə yenidən qurulur. Həyata keçirilən bu layihələr Bakının və regionların simasını dəyişməklə yanaşı, ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılmasında da mühüm rol oynayır. Aparılan yaşıllaşdırma işlərinə və ekoloji vəziyyətin yaxşılaşdırılması üçün dövlət səviyyəsində həyata keçirilən layihələrə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da böyük dəstək verir.

Parkda görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verib.

***

Dekabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonundakı Səttar Bəhlulzadə küçəsi, Atatürk və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən parkda aparılan yenidənqurma işləri ilə tanış olub.

Badamdar istiqamətində iki yeni marşrut xətti təşkil edilib, bir marşrut xəttinin işi dayandırılıb
Bütün dəyişikliklər dekabrın 30-dan tətbiq olunacaq

Badamdar qəsəbə sakinlərinin Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətlərini nəzərə alaraq 3 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilib. Bakı Nəqliyyat Agentliyindən Yol-xeber.az-a verilən məlumata görə, qəsəbə sakinlərinin “Elmlər Akademiyası” metro stansiyası, Statistika Komitəsi, “Gənclik” metro stansiyası, Atatürk prospekti, 7-ci mikrorayon və “Dərnəgül” m/st istiqamətində birbaşa daşınmasının, eyni zamanda A.Abbaszadə küçəsi (Oksford məktəbi) ətrafında məskunlaşan sakinlərin 3 nömrəli marşrutdan hər iki istiqamət üzrə istifadəsinin təmin edilməsi məqsədilə avtobuslar Badamdar qəsəbəsinədək hərəkət edəcək.

Qeyd edilən bütün dəyişikliklər dekabrın 30-dan tətbiq olunacaq.

3 nömrəli marşrutun Badamdar qəsəbəsinə uzadılmasından sonra H.Cavid pr. istiqamətində yaranan təkrarlanmanın aradan qaldırılması məqsədilə, 53 nömrəli marşrut üzrə avtobusların da hərəkət sxemində müəyyən dəyişiklik edilib. Belə ki,

 

- 53 nömərli xətt üzrə avtobuslar; “20-ci Sahə” dairəsi istiqamətində: Badamdar qəsəbəsi – Badamdar şosesi – Parlament prospekti – Azneft dairəsi – Neftçi Qurban küçəsi – Bibiheybət yolu – 20-ci Sahə dairəsi Badamdar qəsəbəsi istiqamətində: 20-ci Sahə dairəsi – Mikayıl Useynov küçəsi – Azneft dairəsi – Parlament prospekti – Badamdar şosesi - Badamdar qəsəbəsi istiqamətində hərəkət edəcək.

- Həmçinin, Binə “Atçılıq” adlanan ərazidə yaşayan sakinlərin Binə qəsəbəsində yerləşən dövlət müəssisələri, məktəb, bağça və digər iaşə obyektlərinə gediş-gəlişində çətinliklərin aradan qaldırılması məqsədilə 160 A nömrəli müntəzəm marşrut xətti təşkil edilib. 160 A nömrəli marşrut xətti üzrə avtobuslar; Binə qəsəbəsi istiqamətində: Binə “Atçılıq” adlanan yaşayış sahəsi – Binə qəsəbəsi (Əli İsazadə küçəsi) –326 nömrəli məktəb (Şah İsmayıl Xətai küçəsi) Binə “Atçılıq” adlanan yaşayış sahəsi istiqamətində: Binə qəsəbəsi (326 nömrəli məktəb) - Şah İsmayıl Xətai küçəsi - Əli İsazadə küçəsi - Binə “Atçılıq” adlanan yaşayış sahəsi istiqamətində hərəkət edəcək.

- Hövsan qəsəbəsindən Türkan qəsəbə mərkəzi istiqamətində marşrutun təşkil edilməsi ilə bağlı Bakı Nəqliyyat Agentliyinə daxil olan çoxsaylı vətəndaş müraciətləri nəzərə alınmaqla isə 210T nömrəli müntəzəm marşrutlar təşkil edilib. 210T nömrəli marşrut xətti üzrə avtobuslar; Türkan qəsəbəsi istiqamətində: Hövsan qəsəbəsi (İlqar Əhlimanov küçəsi) – Hövsan şosesi – Türkan qəsəbəsi (119 nömrəli məktəb) Hövsan qəsəbəsi istiqamətində: Türkan qəsəbəsi (119 nömrəli məktəb) - Hövsan şosesi – Elman Qasımov küçəsi - Hövsan qəsəbəsi (İlqar Əhlimanov küçəsi) istiqamətində hərəkət edəcək.

Ə.Hacıyev küçəsinin ensiz olması, dayanacaq cibinin olmaması və həmin küçədə avtobusların yaratdığı sıxlığın aradan qaldırılması məqsədi ilə 106,113,191 və 213 nömrəli marşrutların hərəkət istiqamətləri dəyişdirilərək son dayanacaq məntəqəsi Qara Qarayev prospektində (kənar hərəkət hissəsi) təşkil edilib. “Qara Qarayev” metro stansiyası istiqamətində: Şirin Mirzəyev küçəsi – Tofiq Abbasov küçəsi – Azər Manafov küçəsi - Qara Qarayev prospektinin kənar hərəkət hissəsi (parkın qarşısı). Bakıxanov dəmiryol stansiyası istiqamətində: Qara Qarayev prospektinin kənar hərəkət hissəsi (parkın qarşısı) – Azər Manafov küçəsi – Tofiq Abbasov küçəsi – Şirin Mirzəyev küçəsi daha sonra mövcud xətt üzrə. 76 və 78 nömrəli marşrutların başlanğıc və son dayanacaqlarının eyni olması və marşrutların bir birinin hərəkət sxeminin təkrarlanması səbəbindən 78 nömrəli marşrut ləğv edilib. Bununla əlaqədar 76 nömrəli marşrutun hərəkət sxemində dəyişiklik edilib. “Neftçilər” metro stansiyası istiqamətində: Bakıxanov dəmiryol stansiyası (Yavər Əliyev küçəsi) - Nazim İsmayılov küçəsi – Eldar Xəlilov küçəsi – Muxtar Fətəliyev – Ruhulla Axundov küçəsi - Sakit Qocayev küçəsi daha sonra mövcud xətt üzrə. Bakıxanov qəsəbəsi istiqamətində: Sakit Qocayev küçəsi - Ruhulla Axundov küçəsi - Muxtar Fətəliyev – Eldar Xəlilov küçəsi - Nazim İsmayılov - Bakıxanov dəmiryol stansiyası (Yavər Əliyev küçəsi).

Xudat-Şahdağ dəmir yolu xəttinin layihələndirilməsinə 3 milyon manat ayrılıb
Prezident İlham Əliyev bu haqda sərəncam imzalayıb

Prezident İlham Əliyev "Xudat–Şahdağ dəmir yolu xəttinin layihələndirilməsi ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb. Sənəd ölkədə turizmin inkişaf etdirilməsi, yeni turizm marşrutunun yaradılması məqsədilə imzalanıb. Sərəncamla Xudat–Şahdağ dəmir yolu xəttinin layihələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.2.6-cı yarımbəndində göstərilmiş məbləğin 3 milyon manatı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə ayrılıb.

 

Sərəncamla Maliyyə Nazirliyinə bu sənəddə göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Prezident avtomobil tunelinin açılışında iştirak edib
İlham Əliyev avtomobil tunelinin rəmzi açılışını bildirən lenti kəsib

Dekabrın 29-da Bakının Pirşağı qəsəbəsində avtomobil tunelinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov görülən işlər barədə dövlət başçısına məlumat verib. Prezident İlham Əliyev avtomobil tunelinin rəmzi açılışını bildirən lenti kəsib.
AZAL-ın tarixi qərarının Azərbaycana nə xeyri olacaq?
Bu qərarı avro inteqrasiya istiqamətində atılmış addım kimi də dəyərləndirmək olar

""AZAL" gələn ildən “hava azadlığı”nı artırır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu AZAL-ın səmanı bütün aviaşirkətlər üçün açmasına münasibət bildirərkən deyib.

O bildirib ki, bu qərarı avro inteqrasiya istiqamətində atılmış addım kimi də dəyərləndirmək olar.

"Bazarda hökmran mövqeyə malik olan "AZAL" Dövlət Konserni 1 yanvar 2020-ci il tarixindən etibarən beşinci və yeddinci qrup “hava azadlığı”nın tətbiqinə başlayır. “Hava azadlığı” qrupu hər hansı bir ölkəyə məxsus aviaşirkətin təyyarələrinin digər dövlətin hava məkanında fəaliyyətini tənzimləyən qaydalar toplusudur. Azadlıq dərəcəsi nə qədər yüksək olarsa, xarici aviaşirkətə məxsus təyyarənin də Azərbaycanın hava məkanında daha çox hərəkət etməsinə icazə verilir.

 

Beləliklə, beşinci qrup “hava azadlığı” xarici aviaşirkətlərə öz hava limanlarından digər şəhərlərə uçuş həyata keçirərkən sərnişinlərin təyyarəyə minməsi və yaxud düşməsi məqsədilə Bakıda (və digər hava limanlarında) eniş etmək icazəsi verir. Misal üçün, beşinci qrup “hava azadlığı” çərçivəsində Avropa aviadaşıyıcıları Bakıda (və yaxud ölkənin digər hava limanlarında) dayanmaqla Paris-Tokio reysini yerinə yetirə biləcəklər. Və yaxud Yaponiyaya məxsus aviaşirkətlər Avropa İttifaqı ölkələrinə uçarkən Azərbaycanın beynəlxalq hava limanlarından birinə eniş edə bilərlər.

Yeddinci qrup “hava azadlığı” isə aviaşirkətə öz baza aeroportunda eniş etmədən Azərbaycan və xarici ölkələr arasında uçuş həyata keçirməyə icazə verir. Misal üçün, Avropa aviaşirkəti Dubaydan Azərbaycana gələ və daha sonra öz ölkəsində eniş etmədən ABŞ-ın hər hansı bir şəhərinə uçuş həyata keçirə bilər.

Hər iki halda aviaşirkətlər bütün istiqamətlər üzrə, o cümlədən Azərbaycanın ərazisində azad kommersiya fəaliyyəti həyata keçirə biləcəklər.

Qeyd edək ki, indiyədək Azərbaycana belə uçuşlar həyata keçirmək üçün icazə aviaşirkətlərə fərdi olaraq təqdim edilirdi.

Yeni şərtlərə əsasən, Azərbaycana və daha sonra digər ölkələrə uçuş həyata keçirmək istəyən bütün xarici aviaşirkətlər AZAL-la eyni hüquqlara sahib olacaqlar.

Bu sözügedən “hava azadlığı” qrupları Azərbaycanın hava limanlarından Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə uçuşlar həyata keçirməyə imkan verəcək.

Hesab edirəm ki, gələn ildən AZAL-ın Azərbaycanın hava məkanına başqa şirkətlərin girişinə olan baryerləri aradan qaldırması Avropa İttifaqı ilə aparılan danışıqlara müsbət impuls verəcək. Belə ki, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq strateji əməkdaşlıq sazişi çərçivəsində razılaşdırılmamış məsələlərdən biri də bununla bağlı idi. Odur ki, bu qərarı avro inteqrasiya istiqamətində atılmış addım kimi də dəyərləndirmək olar".

“Xaliq Faiqoğlu” yeni avtobuslarını təqdim etdi - FOTO
Həyata keçirilən layihələr və sair barədə fikirlər bildirilib

“Xaliq Faiqoğlu” şirkəti avtobus parkının yenilənməsi istiqamətində ardıcıl layihələr icra edir. Bu məqsədlə şirkətlə “Paşa Bank” ASC arasında imzalanmış irihəcmli kredit müqaviləsinin ilk mərhələsinin icrası çərçivəsində Türkiyənin “Anadolu İsuzu” şirkətindən alınmış 25 ədəd 12 metrlik “İsuzu Citiport” markalı avtobusların təqdimat mərasimi keçirilib. Yol-xeber.az xəbər verir ki, tədbirdə Türkiyə Respublikasının ölkəmizdəki səfiri Erkan Özoral, “Anadolu İsuzu” şirkətinin rəhbərliyi, Bakı Nəqliyyat Agentliyinin və digər dövlət qurumlarının nümayəndələri, eləcə də “Xaliq Faiqoğlu” şirkətinin heyəti iştirak edib.
 
Tədbiri giriş sözü ilə açan “Xaliq Faiqoğlu” şirkətinin baş direktoru Faiq Seyidov Prezident İlham Əliyevin sahibkarlara verdiyi dəstəkdən söz açıb və dövlət başçısının özəl sektorun inkişafına verdiyi əhəmiyyəti vurğulayıb. Prezidentin verdiyi dəstəyin sahibkarlar üçün böyük stimul olduğunu qeyd edən Faiq Seyidov rəhbərlik etdiyi şirkət tərəfindən Bakı şəhərinə yeni gətirilmiş avtobuslarla bağlı məlumat verib. O, şirkət tərəfindən sərnişindaşıma fəaliyyətinin müasirləşdirilməsi, xidmət keyfiyyətinin artırılması, insanların rahat və təhlükəsiz daşınması istiqamətində daim müxtəlif layihələrin icra edildiyini bildirib. Qeyd edilib ki, Bakı Nəqliyyat Agentliyi (BNA) yaradıldıqdan sonra paytaxt ərazisində ictimai nəqliyyatın müasirləşdirilməsi istiqamətində böyük islahatlar həyata keçirilib. Təsadüfi deyil ki, BNA tərəfindən yaradılmış şəffaf mühit daşıyıcı şirkətlərə fəaliyyətlərini müasirləşdirmək, avtobus parkını yeniləmək baxımından geniş imkanlar yaradıb. Bakı şəhərində ən böyük özəl daşıyıcı şirkət olan "Xaliq Faiqoğlu" şirkəti BNA-nin çağırışına ilk qoşularaq 2016-cı ildən istismarındakı marşrut xətlərində elektron ödəniş sisteminə qoşulub. Həmçinin şirkət BNA-nin tələblərinə uyğun olaraq avtobus parkını ekoloji standartlara cavab verən müasir avtobuslarla yeniləməkdədir. Belə ki, son olaraq paytaxtımıza gətirilən "İsuzu Citiport" markalı bu avtobuslar Avro-6 standartlarına cavab verir. “Sevindirici haldır ki, nüfuzlu beynəlxalq maliyyə institutları "Xaliq Faiqoğlu" şirkəti ilə əməkdaşlığa maraq göstərir, yeni layihələrin maliyyələşməsində yaxından iştirak etmək istəyirlər”, deyə, Faiq Seyidov əlavə edib.
 
Daha sonra çıxış edən Türkiyə Respublikasının ölkəmizdəki səfiri Erkan Özoral Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinə toxunub və “Xaliq Faiqoğlu” şirkətinin uzun müddətdir qardaş ölkə şirkətləri ilə əməkdaşlıq etdiyini qeyd edib. O, yeni avtobusları idarə edəcək sürücülərə, eləcə də texniki heyətə işlərində uğurlar arzulayıb və idarə etdikləri nəqliyyat vasitələrini, həmçinin sərnişinlərin təhlükəsizliyini daim qorumağı tövsiyə edib.
Tədbirdə çıxış edən digər qonaqlar da yeni avtobuslar, sərnişindaşımanın keyfiyyətinin artırılması, həyata keçirilən layihələr və sair barədə fikirlərini bildiriblər.
Sonda avtobuslara baxış keçirilib və xatirə fotosu çəkdirilib.
Qeyd edək ki, “Xaliq Faiqoğlu” şirkətinin mülkiyyətində 300-dən artıq avtobus nəqliyyat vasitələri var ki, son icra edilmiş layihələrlə avtobus parkının əhəmiyyətli hissəsi yenilənib. Şirkət avtobus parkının yenilənməsi ilə bağlı layihələrin həyata keçirilməsi məqsədilə beynəlxalq maliyyə təşkilatları ilə də əməkdaşlıq edir və ölkəmizə xarici investisiyanın cəlb edilməsində fəal iştirak edir.
 
Gültən
 
Xəzər rayonuna 6 milyon pul ayrıldı
Prezident İlham Əliyev Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının, həmçinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamla Bakı şəhəri Xəzər rayonunun Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan və Türkan qəsəbələri ərazisində yeni infrastruktur layihələrinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan cəmi 6 milyon manat, o cümlədən avtomobil yollarının yenidən qurulması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3 milyon manat, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 3 milyon manat ayrılıb.

"Bakı Metropoliteni" yeni kondisionerlərin alışına 194 min manat xərcləyəcək
194 062 manat məbləğində müvafiq satınalma müqaviləsi imzalanıb

"Bakı Metropoliteni" QSC müxtəlif növ yeni kondisonerlər alır.

"APA-Economics"in Tender Komissiyasına istinadən verdiyi məlumata görə, QSC tərəfindən müxtəlif növ kondisionerlərin açıq tender üsulu ilə satın alınmasına dair müsabiqədə tamamilə xarici investora məxsus müəssisə – "Contek Ltd” qalib gəlib.

Qalib gəlmiş təşkilat ilə ƏDV daxil 194 062 manat məbləğində müvafiq satınalma müqaviləsi imzalanıb.

Prezident yeni avtomobil yolunun tikintisi ilə tanış olub
Dövlət başçısına yeni avtomobil yolunun tikintisi çərçivəsində görülən işlərlə bağlı məlumat verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 26-da Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə tanış olub. Dövlət başçısına yeni avtomobil yolunun tikintisi çərçivəsində görülən işlərlə bağlı məlumat verilib.

Xəbər lenti