![]() |
|
Azərbaycanda avtomobil bazarında satışın vəziyyəti zəif olaraq qalır.
Bu, "Report"un Badamdar qəsəbəsi ərazisində yerləşən avtomobil bazarında apardığı araşdırmadan məlum olub.
Satıcılar bildiriblər ki, bazara çoxlu sayda maşın çıxarılmasına baxmayaraq alıcı sayında azlıq müşahidə olunur. Bazarda nisbi tələbat isə əsasən Almaniya istehsalı və qiyməti 10 min manata qədər olan avtomobillərdir.
Alıcı azlığının səbəbi kimi qiymətlərin baha olması göstərilir. Satıcıların sözlərinə görə qarşıdan soyuq aylar gəldiyi üçün qiymətlərin daha da artacağı gözlənilir. Elə alıcılar da qiymətlərin yüksək olması səbəbilə büdcələrinə uyğun maşın tapa bilməməkdən şikayətləniblər.
Azərbaycan Milli aviadaşıyıcısı marşrut şəbəkəsinin genişləndirilməsi proqramı ilə əlaqədar donanmasında təyyarə sayını xeyli artırmağı planlaşdırır.
Xüsusilə, AZAL-ın gələcək planlarına “Boeing” və “Airbus” kimi aparıcı istehsalçılardan 20-dən artıq yeni nəsil təyyarənin əldə edilməsi daxildir.
“Boeing” korporasiyası ilə iki ədəd “Boeing 777” geniş füzelyajlı təyyarənin alınması ilə bağlı razılıq artıq imzalanmışdır. Bu laynerlər Azərbaycan Milli aviadaşıyıcısının donanmasında yeni model təyyarə olacaq. Yeni hava gəmilərinin 2021-2022-ci illərdə “Azərbaycan Hava Yolları”nın uzaq məsafəli yeni istiqamətlərində istifadə olunacağı gözlənilir.
“Biz “Boeing” korporasiyası ilə münasibətlərimizi daha da inkişaf etdirməyi planlaşdırırıq, həmçinin, səkkiz ədəd “Boeing 787 Dreamliner” və üç ədəd “Boeing 777” təyyarəsini əldə etmək imkanlarını da nəzərdən keçiririk. Bu qərar uzaq məsafəli uçuşlarımızın coğrafiyasını genişləndirməyə imkan yaradacaq”, - AZAL prezidenti Cahangir Əsgərov bildirib.
Sözügedən hava gəmilərinin əldə edilməsi ilə bağlı məsələlər Cahangir Əsgərovun aviakorporasiyanın Sietldəki baş ofisinə işgüzar səfəri çərçivəsində “Boeing”in prezidenti ilə müzakirə olunacaq.
Bundan əlavə, AZAL aviaşirkəti aparıcı Avropa aviaistehsalçısı “Airbus” ilə Azərbaycana 10 ədəd yeni nəsil “Airbus A320Neo” təyyarələrinin çatdırılması ilə bağlı danışıqlar aparır. Özünü doğrultmuş bu orta magistrallı sərnişin təyyarələri populyar “Airbus A320” laynerinin təkmilləşdirilmiş versiyası olub, yeni nəsil mühərriklər, təkmilləşdirilmiş göyərtə sistemləri və daha geniş qanad ucluqlarına malikdir. “Airbus” artıq bu təyyarə ilə bağlı dünyanın müxtəlif aviaşirkətlərindən 7000-dən çox sifariş alıb.
Ətraflı məlumat ictimaiyyətə danışıqlar yekunlaşdıqdan sonra təqdim olunacaq.
İsveçrənin “Stadler” şirkəti FLIRT elektrik və dizel sərnişin qatarlarını Azərbaycana satacaq.
Trend bu barədə şirkətə istinadən məlumat verir.
“Azərbaycan Dəmir Yolları” QSC və “Stadler” 10 FLIRT qatarının tədarükü üçün 115 milyon dollar məbləğində müqavilə imzalayıb.
Bu qatarlardan dördü dizel-elektrik ötürücüsü ilə təchiz olunacaq, altısı isə elektrik vasitəsilə idarə olunacaq.
Üç qatar regionlararası daşımalar üçün, digər üç qatar isə şəhərkənarı nəqliyyat qismində istifadə olunacaq.
Biləsuvar Rayon İcra Hakimiyyətinin Biləsuvar şəhərindəki Milli Qəhrəman Mübariz İbrahimovun adına olan küçənin abadlaşdırılması və müasir şəhərsalma prinsiplərinə uyğun yenidən qurulmasına dair elan etdiyi açıq tenderin nəticəsi məlum olub. Yol-xeber.az xəbər verir ki, tenderin qalibi “Cənub Təmir Tikinti-1 ” MMC-dir.
Qalib şirkətə 2 855 010 manat ödəniləcək.
Gömrük Komitəsinin yaydığı məlumata görə, ölkəyə idxal olunan istehsal tarixi 7 ildən yuxarı avtomobillərə yüksək rüsum qoyulacaq. Artıq bununla bağlı hökumətə müraciət edilib. İrəli sürülən təklifin ekologiyanın təmiz saxlanmasına xidmət edəcəyi qeyd olunur. Bundan əlavə, xarici dövlətlərdə qeydiyyatda olan maşınların da Azərbaycanda 90 gündən artıq sürülməsinə məhdudiyyətlər qoyulub.
Bəs görək, yeniliklər ölkənin avtomobil bazarına necə təsir edəcək?
Avtosfer.az xəbər verir ki, mövzu ilə əlaqədar avtomobil eksperti Elməddin Muradlı Lent.az -a münasibət bildirib. Ekspert Gömrük Komitəsi tərəfindən atılan addımların avtomobil parkının yenilənməsinə imkan vermədiyini vurğulayıb:
“Gömrük rüsumlarının artırılması ilə bağlı məsələ 2017-ci ildən qüvvəyə minən kimi qiymət artımı başladı. Bundan əvvəl isə 2015-ci ildə məlum devalvasiya ilə əlaqədar avtomobillərin qiymətində fantastik dərəcədə artım oldu. 2017-ci ildən isə hər il qiymətlər artaraq kəskin bahalaşıb. Ona görə də təklif etmişik ki, rüsumlar heç olmasa 2017-ci ildəki vəziyyətə qayıtsın. Həmçinin elektromobil və hibrid avtomobillər üçün də, əksər ölkələrdə olduğu kimi güzəşt tətbiq olunsun. Ancaq Gömrük Komitəsi bütün cəmiyyətin tam əksinə addımlar atır, avtomobil parkının yenilənməsinə imkan vermir”.
Elməddin Muradlı görülən işlərin avtomobil bazarına ziyan vuracağını və qiymətlərin artacağını bildirib:
“Keçirilən son mətbuat konfransı və tədbirlər də bunu deməyə əsas verir. Komitə özü də görür ki, rüsumlar baha olduğundan insanlar Gürcüstan və Rusiyadan işlənmiş maşınlar gətirir. Onları da qeydiyyatdan keçirmədən ölkədə sürürlər. Buna görə də komitə 1 il ölkədə qala bilməzsiniz, 3 aydan artıq qalmaq olmaz, qalırsınızsa vizanın müddətini göstərin və.s kimi yollarla mane olmağa çalışır. Bu açıqlamalardan belə başa düşdüm ki, onlar hər üsulla insanları məcbur edir ki, gəlib qeydiyyatdan keçsinlər. Səmimi olaraq deyirəm ki, komitənin əsas istəyi ekologiyanın, insan sağlamlığının qorunması deyil, rüsumların artması və insanların daha çox müraciət etməsidir. Əgər komitə ekologiyanın qayğısına qalan olsaydı Gürcüstan və İran kimi hibrid və elektromobillərin idxalına güzəştlər edərdi. Ancaq görülən bütün işlər əksinədir. Məhz bunlara görə də sözsüz ki, gələn ildən avtomobillərin qiyməti artacaq. Artıq indidən bu istiqamətdə müəyyən addımlar atılmasının da şahidi oluruq”.
Həmsöhbətimiz, insanların xeyrinə təkliflər verilməsinin vacibliyini qeyd edib:
“Komitə rəhbərliyi deyir ki, biz qərar qəbul etmirik, ancaq hökumətin verdiyi qərarları icra edirik. Ardınca da deyirlər ki, təklifləri özümüz veririk. Guya hökumətdə bu qərarları müzakirə edənlər alim, professordu? İnsanların xeyrinə təkliflər verilməsi daha doğru olar. Nəyə görə, hansısa gürcü balası 2000 manata aldığı avtomobili azərbaycanlıya 3000 manata satsın?! Elə şərait yaradılsın ki, azərbaycanlı özü gedib 2000 manata maşını xaricdən alıb gətirib sürsün. Başqa vaxt bəh-bəhlə deyirlər ki, Azərbaycan ticarət dəhlizinin üstündə oturub, Böyük İpək yolu belə gəldi və.s. Amma maşın bazarı baxımdan Gürcüstandan asılıyıq. Hamısının səbəbkarı Gömrük Komitəsidir. Xaricdən iki çanta ilə ölkəyə girəndə gömrükdə səni dünyaya gəldiyinə peşman edirlər”.
Maşın bazarı baxımdan Gürcüstandan asılıyıqNoyabrın 30-dan Azərbaycana xaricdən gətirilən avtomobil benzininə 15% gömrük rüsumu tətbiq ediləcək. Yol-xeber.az APA-ya istinadən məlumatına görə, Nazirlər Kabinetinin 26 avqust 2019-cu il tarixli qərarı ilə “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə etdiyi dəyişikliyə əsasən, sentyabrın 1-dən 90 gün müddətində Azərbaycana idxal edilən tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 92 və ya daha çox oktan ədədi ilə (tədqiqat metodu ilə) və tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə (tədqiqat metodu ilə) avtomobil benzini 15% gömrük rüsumundan azad edilib.
Qərar noyabrın 30-da qüvvədən düşür.
Qeyd edək ki, Nazirlər Kabineti 26 avqust 2019-cu il tarixli qərarı ilə “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə də dəyişiklik edib. Qərara əsasən sentyabrın 1-dən 90 gün müddətində tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə və tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə mühərrik benzinləri (aviasiya benzinləri istisna olmaqla) üçün aksiz dərəcəsi 1 ton üçün 200 manatdan 1 ton üçün 1 manata endirilib. Həmin müddət də sabah başa çatır və sabahdan benzinin hər tonu üçün 200 manat aksiz dərəcəsi tətbiq olunacaq.
Prezident İlham Əliyev Şamaxı rayonunun Bakı–Şamaxı–Yevlax (115 km)–Qonaqkənd–Həmyəli– İkinci Çaylı–İkinci Cabanı–Cabanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamla Dörd min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Bakı–Şamaxı–Yevlax (115 km)–Qonaqkənd–Həmyəli–İkinci Çaylı–İkinci Cabanı–Cabanı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycanın 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 11,1 milyon (on bir milyon bir yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Xəbər verildiyi kimi, Dövlət Gömrük Komitəsi ekoloji səbəbləri əsas tutaraq istehsal dövründən sonra 7 ildən artıq vaxt keçmiş avtomobillərin ölkəyə gətirilməsinə məhdudiyyətin qoyulmasını təklif edib. İndiyədək olan praktikanı nəzərə aldıqda, həmin təklifin qəbul ediləcəyi şübhəsizdir.
Avtomobil biznesi sahəsində ekspert, Rəşad Quliyev bu təklif, eləcə də ölkənin sərzədlərində avtomobillərlə bağlı yenilikləri FED.az-a şərh edib. Ekspert bildirir ki, tətbiq ediləcək dəyişikliklər səbəbindən Azərbaycanda avtomobillərin yenidən bahalaşacağı şübhəsizdir.
Ölkəyə idxal olunan avtomobillərə qoyulan istehsal ili məhdudiyyəti gözlənilən bir addım idi və artıq bununla bağlı DGK tərəfindən hökümətə təkliflər planı hazırlanaraq təqdim edilibdir.
Bəs bunun yaxşı və ya pis tərəfləri nədir?
Bildiyiniz kimi, Avropa ölkələrinin bir çoxu artıq benzin və dizel mühərriki ilə işləyən avtomobillərlə vidalaşmaq üzrədir hətta onların istismarına qadağalar qoyulur. Avtomobil sənayesi elektrik mühərrikə keçid edir. Təbii ki Azərbaycan da İEÖ kimi Avropaya inteqrasiya edərək, ilk öncə ekoloji tarazlıq və insanların sağlamlığı nəzərə alınaraq istismar müddəti başa çatmış, köhnə avtomobil parkını yeniləmək istəyir. Bunun isə başlıca yolu köhnə avtomobillərin ölkəyə girişinə məhdudiyyətlərin qoyulmasıdır.
Təklif edilən yeni plana əsasən istehsal ili 2013-dən aşağı olan avtomobillər ölkəyə buraxılmayacaq. Hal-hazırda isə bu qanun Avro-4 standartı və 2005-ci il ilə tənzimlənir. Avtomobil parkının gəncləşməsi, yenilənməsi ürəkaçan olsa da, bazarda yaranacaq süni qiymət artımına heç bir şübhə yoxdur.
Nəzərə alırıq ki hal-hazırda avro4 standartı tələbinə görə ölkəyə idxalına qadağa qoyulan 1998-2004 model avtomobillərin bazar qiyməti öncəki qiymətlərindən 4-5 dəfə yüksəkdir.
Məsələn, vaxtı ilə 7-8000 manata olan Mercedes E klass 2000 ci il model kimi bir avtomobilin qiyməti hal-hazırda bazarda komplektasiya və texniki vəziyyətindən asılı olaraq 15-18.000 manat arası dəyişir. Təbii ki bu da süni qiymət artımıdır. Çünki o modellər artıq idxal oluna bilməz.
Nəticə etibarı ilə yeni plan təsdiqləndiyi halda istehsal ili 2013ə qədər olan avtomobillərin bazarda kəskin şəkildə qiymət artımına və alıcı tələbinə məruz qalacağı qaçılmazdır. Kifayət qədər vəsaiti olmayan bir vətəndaşın isə avtomobil sahibi olmaq arzusu da beləliklə ürəyində qalır.
DGK sədri Səfər Mehdiyev gömrük strukturumuzun Avropa gömrük strukturuna uyğunlaşdırıldığını bildirsə də, təəssüfki mövcud problemlər bunun əksini deyir.
Gömrük əməkdaşı heç bir halda idxal olunan 2ci əl avtomobilə təqdim edilən "invoys" dəyərini tətbiq etmir. Bura da günah həm gömrük əməkdaşında həm də alıcıdadır. Təbii ki, təqdim edilən "invoys" aşağı yazıla bilər və gömrük əməkdaşında şübhə doğuran məqam onun yenidən bazar qiymətinə uyğun dəyər təyin edilməsinə gətirib çıxara bilər. Lakin bəzi hallarda biz iş adamları o kimi işbazların "güdazına" gedirik. Əlimizdə rəsmi müqavilə, hesab faktura və ya proforma, daşınma xərcini təsdiq edən sənəd, ödəniş tapşırığı olsa da belə, gömrük əməkdaşı onu qəbul etmir və digərlərinə tətbiq olunan qayda bizə də tətbiq edilir.
Bu isə sistemimizin heç bir avropa gömrük strukturuna uyğunlaşmamasına dəlalət edir. Bundan savayı bildirmək istəyirəm ki, xarici nömrəli avtomobillərin ölkəyə girişinə dair qanuna heç bir dəyişiklik edilməyib.
Sadəcə nəzarət edici qurum bu hallarla artıq hər gün üzləşdiyinə görə mexanizm ciddi nəzarətə götürülərək elektronlaşdırılıb. Bəzi işbazlar qonşu ölkə olan gürcüstan qeydiyyatlı avtomobillər ilə ölkəyə giriş edərək, gömrük və vergi rüsumlarından yayınaraq şəxsi və ya kommersiya məqsədi ilə nəqliyyat vasitələrini istismar edir və qanunla nəzərdə tutulmuş vaxtı bitdikdə isə bir dəfə giriş-çıxış edərək yenidən o vaxtı uzadırlar. Fəaliyyət sahəmizdən biri də turizm olduğu üçün biz artıq bir neçə ildir bunu hiss edirik.
Belə ki, Gürcüstan nömrəli avtomobil sahibləri müvəqqəti idxaldan istifadə edərək nəqliyyat vasitələrini kommersiya məqsədi ilə istifadə edərək, xaricdən gələn qonaqlara çox aşağı qiymətlə transfer xidməti göstərir. Buna səbəb isə onların bu xidmətdən qanunsuz istifadə etməsi, heç bir lisenziya və ya fərqlənmə nişanı almamasıdır.
Bu kimi halların qarşısını almaq məqsədi ilə artıq müvəqqəti idxal olunan avtomobilin ban mömrəsi, idxalcının fin kodu və s məlumatları eıektronlaşdırılaraq sistemə yazılır və qısa müddət ərzində yenidən ikinci dəfə ölkəyə giriş etmək istədikdə məhdudiyyət ilə üzləşir. Yeni gömrük qanununun isə hökümət tərəfindən təsdiq edildiyi halda 1yanvar 2020-ci ildən etibarən tətbiq ediləcəyi istisna edilmir.