Azərbaycanda dəniz nəqliyyatı ilə sərnişin daşımaları 35% artıb
2018-ci ilin müvafiq dövrünə nisbətən 35,2% artaraq 19,6 min nəfər olub

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 5 402,9 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 28,1% azalıb.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən dövr daşınmış yüklərin 35,6% neft yükləri təşkil edib.

"Dəniz limanları tərəfindən 7 441,8 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 6 858,0 min tonunu və ya 92,2% tranzit yüklər təşkil edib. 2019-cu il dekabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 214,2 min ton olub", - məlumatda qeyd edilib.

Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2018-ci ilin müvafiq dövrünə nisbətən 35,2% artaraq 19,6 min nəfər olub.

Azərbaycan bazarlarında bu maşınlar bahalaşdı - VİDEO
Dəyəri 10 min AZN olan avtomobil bazarda 20 minə təklif olunur

Bu gün alıcılar daha çox alınası avtomobillərə üstünlük verir? Ümumiyyətlə avtomobil bazarındakı vəziyyət necədir? Yol-xeber.az xəbər verir ki, İctimai Tv-nin əməkdaşları bu suallara cavab tapmaq üçün maşın bazarlarında olublar. Satıcıların sözlərinə görə, alıcılar daha çox bələd olduğu avtomobillərə üstünlük verirlər. Bu isə işlənmiş və ili köhnə avtomobillərin qiymətinin bahalaşmasına səbəb olub. 

 

"Dəyəri 10 min AZN olan avtomobil bazarda 20 minə təklif olunur. Çünki kənardan gəlmir. Çox adam maraqlanır, həm ehtiyat hissənin ucuzluğuna, həm də maşının tanındaığına görə məcbur qalıb alırlar", - deyə satıcı bildirib.

 
Samur çayı üzərindəki yeni körpünün istifadəyə veriləcəyi tarix açıqlandı


Samur çayı üzərindəki körpünün açılışı cari ilin dekabrın 24-də olacaq.

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov AZTV-nin "Hədəf" verilişində bildirib.

Onun sözlərinə görə, bu il Samur çayı üzərində yeni bir körpünün tikintisi başa çatdırılıb: "1947-ci ildə müvəqqəti dəmir konstruksiyalar ilə Samur çayı üzərində tikilmişdi. Bu körpünün eni 7 metr idi və Azərbaycan ilə Rusiyanı birləşdirirdi. Biz onun yerinə 325 metr uzunluğa, 17,5 metr enə malik olan beton körpü tikdik. Körpünün açılışı dekabrın 24-də nəzərdə tutulur".

Xatırladaq ki, körpünün tikintisi ilə bağlı layihəni Azərbaycan ilə Rusiya maliyyələşdirib.

Körpünün kənar aşırımlarının uzunluğu 54 metr, orta aşırımlarının uzunluğu isə 69 metrdir. Körpüdə piyadaların gediş-gəlişi üçün qapalı piyada keçidi nəzərdə tutulub. Onun eni isə 3,75 metrdir.
Bakı metrosundan istifadə edənlərin sayı 2% artıb
119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq

Bu ilin yanvar-noyabr aylarında "Bakı Metropoliteni" QSC 213,9 mln. sərnişin daşıyıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2% çoxdur.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2018-ci ilin 11 ayı ərzində metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 209,8 mln. nəfər olub.

Qeyd edək ki, indi Bakıda metropoliten xətlərinin uzunluğu 36,6 kilometrə, xətlərinin sayı 3-ə, stansiyalarının sayı 25-ə bərabərdir. Hazırda Bakı metropolitenində konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına əsasən, 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.

Bakı-Sumqayıt qatarında sıxlıq aradan qaldırılacaq
"Sumqayıt-Bakı sərnişin qatarında sıxlığı mən də müşahidə etmişəm. Özüm gedib-gəlmişəm, sərnişin sıxlığı var".

"Ölkə.Az" azvision.az-a istinadən xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bu gün Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib.

Qurum rəhbəri bildirib ki, Bakı dəmir yolu xətti yalnız sərnişin daşımır, buradan həm də yük daşınır: "Məcburuq ki, səhər saat 11-ə qədər, axşam 4-dən sonra sərnişin daşınsın. Güzdək-Sahil yolunun yenilənməsi ilə əlaqədar Biləcəridə çeşidləmə stansiyasını, Şirvan və Ələt stansiyalarını köçürəcəyik. Bununla da Bakının xətlərinin sərnişinlərə xidmət etməsi üçün hazırlayacağıq. Buna bir qədər vaxt lazımdır. Bakı-Abşeron dairəsində 6 qatar çalışırdı. Bu gün 2 yeni qatar gətirilib. Dairə açılanda qatarın yolu uzanacaq. Qatar bütün dairəni gedəcəyi üçün həm məsafə intensivləşəcək, həm də yeni qatarlar cəlb edəcəyik. Qatar sayını artırmaqla sıxlığın qarşısını almış olacağıq. Bu gün ayrı-ayrı istiqamətlərə qatar gedir. Ona görə bu il belə ötüşdürəcəyik".

C.Qurbanov qeyd edib ki, yeni qatarlar 2021-ci ildən gəlməlidir: "Amma gələn il "Ştadler" kompaniyası ilə danışıqlar aparacağıq ki, 1 və ya 2 qatarın gətirilməsinə nail olaq. Onu götürəndən sonra sıxlıq aradan qaldırılacaq".

“Məsələ ilə bağlı ölkə başçısına müraciət etmişik”

Tramvay xətlərini sökməklə Bakıya ziyan vurublar.

"Yol-xeber.az" oxu.az-a istinadən xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmiryolları” QSC-nin sədri Cavid Qurbanov bu gün Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, bu gün Bakıda tramvay xətlərini yenidən tikmək çətindir, amma düşünülür:

“Biz bu məsələ ilə bağlı ölkə başçısına da müraciət etmişik. Bakı şəhəri Abşeronda yerləşdiyi üçün üçtərəfli su ilə əhatəlidir. Bakıya giriş-çıxış birdir və məhdudiyyət var. 

Bu məsələlər birbaşa dənizə qədər aparıldığı üçün məsələnin üzərində işləmək lazımdır. Artıq xarici şirkətlərə müraciət etmişik, öz mütəxəsislərimiz də sistemli layihə hazırlayır.

Fikirləşirik ki, Biləcəridən Pirşağı tərəfə bir neçə xətt çəkməklə Əhmədliyə, “Nasosnu”ya, Maştağa və Pirallahıya tərəf travmayın hərəkətini yüngül formada qatarlar vasitəsilə həyata keçirmək olar. Bu, bizim diqqətimizdədir”.

“Metroda generatorların quraşdırılması artıq 100 faiz başa çatıb” - Baba Rzayev
“Bizim 10 yarımstansiyada gücü 2500, 2000 və 1000 kilovolt olan 17 generator quraşdırılıb”

“Bakı Metropoliteni”nin bütün stansiyalarında generatorların quraşdırılması artıq 100 faiz başa çatıb. Bu barədə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti Baba Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda bildirib. “Artıq mərkəzi idarəetmə pultu Bakı Metropoliteninin baş ofisindədir və orada təhvil-təslim işləri başa çatıb. Bizim 10 yarımstansiyada gücü 2500, 2000 və 1000 kilovolt olan 17 generator quraşdırılıb və 39 meqavat yeni güc mənbəyi yaradılıb və ehtiyata verilib. İşlər çox yüksək səviyyədə tam başa çatıb”, - deyə B. Rzayev vurğulayıb.
Bakının giriş yolunda təmir-bərpa işlərinə başlanılır
Hazırda ərazidə təmir-bərpa işlərinin başlanılması üçün hazırlıq işləri görülür

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bibiheybət məscidi istiqamətində olan yolda baş vermiş çökmənin qarşısını almaq məqsədi ilə geoloji-kəşfiyyat işləri aparılıb. Agentlikdən Yol-xeber.az-a verilən məlumata görə, geoloji-kəşfiyyat işlərinin nəticələri ilə bağlı hesabat hazırlanıb. Hesabat əsasında Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “AzərYolElmiTədqiqatLayihə” institutunun və xarici mütəxəssislərin iştirakı ilə yolda aparılacaq bərkitmə işləri ilə bağlı layihə hazırlanıb.

Yoldan aşağı hissədə 2 yerdə svay əsaslı istinad divarının inşası nəzərdə tutulub. Onlardan biri yamacın aşağı hissəsində, biri isə yamacın orta hissəsində inşa ediləcək. Svaylar 1 metr diametrində olmaqla 2 cərgə vurulacaq və üzərində 4 və 6 metr hündürlükdə istinad divarı inşa ediləcək. Yağış və qrunt sularının axıdılması üçün yeni drenaj sistemi yaradılacaq. İstinad divarlarında su axınını təmin etmək üçün eninə istiqamətdə borular atılacaq.

AAYDA-nin “AzərYolElmiTədqiqatLayihə” institutunun hazırladığı layihəyə əsasən isə yol yatağında və yol əsasında təmir-bərpa işləri aparılacaq. Yaxın müddət ərzində sözügedən hissədə avtonəqliyyat vasitələrinin hərəkətinin bərpa edilməsi planlaşdırılır. Bunun üçün yolun azı 2 hərəkət zolağı bərpa edilərək hərəkətə məhdudiyyət aradan qaldırılacaq.

 

Xatırladaq ki, sözügedən yolda noyabr ayının 7-də AAYDA-nin əməkdaşları tərəfindən çatların əmələ gəlməsi aşkarlanıb. Dərhal aidiyyəti qurumlara bununla bağlı rəsmi şəkildə məlumat verilib və agentlik tərəfindən ərazi nəzarətə götürülüb. Noyabr ayının 24-də yağan intensiv yağışlar nəticəsində çatların daha da böyüdüyü müşahidə edilməyə başlanılıb. Həmin gün axşam saat 7-8 radələrində yol ilə hərəkət tamamilə məhdudlaşdırılıb. Noyabr ayının 25-i səhər saat 5-6 radələrində yolda çökmə qeydə alınıb. Agentlik tərəfindən vaxtında görülmüş təhlükəsizlik tədbirləri daha ağır fəsadların baş verməsinin qarşısını alıb.

Hazırda ərazidə təmir-bərpa işlərinin başlanılması üçün hazırlıq işləri görülür.

Növbəti metrostansiyada tikinti işləri yekunlaşdı - AÇILIŞ vaxtı bəlli oldu
Artıq stansiyada tikinti işləri yekunlaşıb və bəzi texniki məsələlər həyata keçirilir

“Bənövşəyi xətt”in sayca üçüncü stansiyası, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, “Papanin” kimi tanınan ərazidə yerləşən stansiya 2020-ci ildə açılacaq. 

Bunu Modern.az-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. 

B.Məmmədov qeyd edib ki, artıq stansiyada tikinti işləri yekunlaşıb və bəzi texniki məsələlər həyata keçirilir. 

 

Şərti olaraq B-3 adlandırılan stansiyanın adına gəldikdə, qurum rəsmisi bununla bağlı qərarın Nazirlər Kabineti yanında Adqoyma Komissiyası tərəfindən veriləcəyini bildirib: 

“Tərəfimizdən B-3 stansiyasının adı ilə bağlı hər hansı müzakirə aparılmayıb  və təklif verilməyib. Əgər Nazirlər Kabineti tərəfindən adla bağlı bizə müraciət daxil olarsa, müzakirə edilə bilər. Hələlik belə müraciət yoxdur”. 

İlham Əliyev Dövlət Agentliyinə 15,4 milyon manat ayırdı


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Xaçmaz rayonunun Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, on iki min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsasiı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 15,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Xəbər lenti