Bakı Metropoliteninin yeni stansiyası bu tarixdə istifadəyə veriləcək
17 eskalatordan ibarət stansiya 3 səviyyədən (mərtəbədən) ibarət olacaq

Bakı Metropoliteninin tikilməkdə olan "B3" stansiyasında avadanlıqların quraşdırılmasına başlanıb.

Yol-xeber.az bildirir ki, bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni"QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, hazırda stansiyanın platformasında mərmər döşənməsinə başlanılıb:

"Tikintinin əsas mərhələsi başa çatıb. Yolun tikintisi tam yekunlaşıb. Artıq stansiyanın eskalatorları quraşdırılır. Bu mərhələ də başa çatmaq üzrədir. 17 eskalatordan ibarət stansiya 3 səviyyədən (mərtəbədən) ibarət olacaq. İşlər qaydasında gedərsə, bu il stansiya sərnişinlərin istifadəsinə veriləcək".

İstanbuldan Bakıya yeni aviareys açılacaq
Şirkət hazırda iki beynəlxalq reys həyata keçirir

“Türk Hava Yolları”nın törəmə şirkəti olan “AnadoluJet” aviaşirkəti Bakıya birbaşa reys açacaq. Yol-xeber.az-ın Trend-ə istinadən məlumatına görə, şirkət İstanbulun Sabiha Gökçen hava limanından yeni beynəlxalq reyslər işə salacaq.

Qeyd olunur ki, şirkət hazırda iki beynəlxalq reys həyata keçirir, martın 29-da başlayaraq isə İstanbuldan 18 ölkədə 26 istiqamət üzrə yeni uçuşlar işə düşəcək.

Məlumata əsasən, yeni uçuşlar Bakı, Küveyt, Ercan, Dubay, Bağdad, Bəhreyn, Ciddə, Ərbil, Ər-Riyad, Tehran, Təl-Əviv, Tbilisi, Dammam, Əbu-Dabi, Mədinə, Amsterdam, Barselona, Brüssel, Düsseldorf, Frankfurt, London, Milan, Münhen, Ştutqart, Paris, Roma və Vyanaya həyata keçiriləcək.

"Azərbaycan Dəmir Yolları" ötən il sərnişindaşımanı 36% artırıb
Tranzit rejimdə daşınmış yüklərin ümumi artım faizi isə 24,7% olub

“Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində 3 mln 849 min nəfər sərnişin daşıyıb, bu da 2018-ci ilim göstıricisi ilə müqayisədə 35,8% artım deməkdir.

Yol-xeber.az “APA-Economics” istinadən məlumatına görə, bu barədə QSC-nın sədri Cavid Qurbanov 2019-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclası zamanı söyləyib.

Bakı-Sumqayıt və Bakı-Pirşağı istiqamətində gün ərzində orta hesabla 15 min sərnişinin daşındığını qeyd edən Cavid Qurbanov Abşeron dairəvi dəmir yolunda aparılan yenidənqurma işlərinin gedişatı barədə də məlumat verib. Bildirib ki, bu marşrut üzrə 17 stansiya və dayanacaqdan 15-i tam hazırdır. Digərlərində isə tamamlama işləri gedir. Dəmir yolunun avtomobil yolu ilə eyni səviyyədə kəsişmələrində hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün 15 avtomobil tuneli layihələndirilib. Onlardan 8-i tamamlanaraq istismara verilib, 7 tuneldə isə tikinti-quraşdırma işləri davam etdirilir.

 

“Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov dəmir yolunda ən müasir standartlara cavab verən texnologiyaların tətbiqi, enerji təchizatının sabit cərəyandan dəyişən cərəyana keçilməsi, işarəvermə və rabitə sisteminin yeniləşdirilməsi üzrə avadanlıqların alınması, yol təsərrüfatının sağlamlaşdırılması, lokomotiv və vaqon parklarının yenilənməsi və digər sahələrdə görülən işlər haqqında ətraflı danışıb. Bildirib ki, Dünya İqtisadi Forumunun 2019-cu il üçün tərtib etdiyi "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın dəmir yolu nəqliyyatının səmərəlilik indeksi üzrə MDB ölkələri arasında 1-ci, indeksin əhatə etdiyi 141 ölkə arasında isə 11-ci olması aparılan islahatların beynəlxalq miqyasda təsdiqini tapması deməkdir. Qarşıda duran perspektiv işlərdən danışan sədr bu il Qəbələ və Şahdağ layihələrinin prioritet olduğunu vurğulayıb.

Qurbanovun sözlərinə görə, ümumilikdə yükdaşıma sahəsində 2018 – ci il ilə müqayisədə 9,1% artım qeydə alınıb, bu da məhz qeyri-neft məhsullarının daşınması hesabına əldə olunub. Belə ki, hesabat ili ərzində qeyri-neft yüklərin tranzit daşımalarında ötən il ilə müqayisədə 39,2% artım müşahidə olunub. Tranzit rejimdə daşınmış yüklərin ümumi artım faizi isə 24,7% olub. Ölkəmizin beynəlxalq nəqliyyat layihələrində iştirakından danışan Cavid Qurbanov Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətinə diqqət çəkib. O qeyd edib ki, bu istiqamətdə yük daşımalarında artım 42%-ə çatıb. Ölkəmizin tranzit nəqliyyat qovşağına çevrilməsində mühüm rol oynayan layihələrdən biri olan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Astara terminalı vasitəsilə daşınan yükün həcmi ötən dövrlə müqayisədə 38% artıb.

Azərbaycanın Türkiyədən avtobus və mikroavtobus idxalı xeyli artıb
Azərbaycanın Türkiyədən idxal etdiyi məhsulun miqdarı il ərzində 2,63 dəfə artıb

Azərbaycanın Türkiyədən avtobus və mikroavtobus alışında xeyli artım nəzərə çarpıb.

Sondakika.com-un verdiyi xəbərə görə, Türkiyənin ötən il avtobus və mikroavtobus satışından əldə etdiyi gəlirin məbləği açıqlanıb.

Məlum olub ki Azərbaycanın Türkiyədən idxal etdiyi məhsulun miqdarı il ərzində 2,63 dəfə artıb.

 

Qeyd edilir ki, alınan avtobus və mikroavtobusların ümumi dəyəri 68 990 000 dollar (19,924,312 AZN) təşkil edib.

Ələt-Astara yolunun ödənişli olmasına hazırlıq gedir
Bu yolda xüsusi aparat və turniketlər quraşdırılmalıdır

“Ələt-Astara yolunun ödənişli olması ilə bağlı konsepsiyanı hazırlayıb hökumətə təqdim etmişik”.

Bunu Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib. 

Onun sözlərinə görə, bu yolda xüsusi aparat və turniketlər quraşdırılmalıdır. Bütün dünyada bu işlər tender yolu ilə həyata keçirilir. Tenderdə ən münasib qiymətlə bu avadanlıqları təklif edən şirkət seçiləcək və yoldan istifadə qiymətinin müəyyən edilməsi üçün təkliflər Tarif Şurasına təqdim ediləcək”, - o qeyd edib. 

Metronun “Həzi Aslanov” stansiyasının eskalatoru əsaslı təmir olunur
Eskalatorların yenidən istismara verilməsi may ayına planlaşdırılır

"Bakı Metropoliteni" QSC-nin “Həzi Aslanov” stansiyasının “ET-5M” tipli 1 saylı eskalatorunda əsaslı təmir işlərinə başlanılıb. 

Bu barədə Avtosfer.az-a qurumdan bildirilib. 

Məlumatda deyilir ki, müvafiq texniki göstəricilərinə uyğun olaraq, bu tip eskalatorlar təxminən 150 min km qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılır.

 

Təmir dövründə eskalatorun əsas hissələri sökülərək, təmir-təftiş olunacaq, zəruri hissələr yenilənərək quraşdırılacaq.

Eskalatorların yenidən istismara verilməsi may ayına planlaşdırılır. 

Qeyd edək ki, bu eskalatorda əsaslı təmir işləri ilk dəfə aparılır.

Bakıda ümumi uzunluğu 301,5 km şəhər yolları yenidən qurulub və təmir olunub
1 019,4 min kvadrat metr sahədə asfalt-beton örtükdə cari təmir işləri də yerinə yetirilib

"2019-cu il ərzində Bakı şəhərində ümumi uzunluğu 301,5 km kilometr olan şəhər yolları yenidən qurulub və təmir olunub".

"APA-Economics"in məlumatına görə, bunu YAP-ın qərargahında keçirilən mətbuat konfransında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Onun sözlərinə görə, bundan əlavə Bakı şəhərinin rayonlarında təmirə ehtiyacı olan 197,6 km uzunluğunda küçə və avtomobil yollarında, habelə qəsəbədaxili yollarda əsaslı təmir işləri yerinə yetirilib.

 

2019-cu il ərzində Bakı şəhər yollarında 1 019,4 min kvadrat metr sahədə asfalt-beton örtükdə cari təmir işləri də yerinə yetirilib.

Azərbaycan nefti yenidən bahalaşdı
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,83 dollar, yaxud 1,24% artıb.

"Ölkə.Az" xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 68,04 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Ekspert: “Yeni tikilən tunellər qatarların fasiləsiz və sürətli hərəkətini təmin edir”
Bu, həm avtomobil, həm də dəmir yolu şəbəkəsinə aiddir

Abşeron dairəvi dəmir yolunun avtomobil yolları ilə kəsişməsində 15 keçidin tikintisi planlaşdırılıb. Həmin tunel tipli yolötürücülərinin 7-si artıq istismara verilib.

Ümumiyyətlə, bu cür tunellərin hərəkətin təşkilindəki rolu nədən ibarətdir?

Bununla bağlı dəmir yolu üzrə ekspert Yasin Mustafayev "MediaPost"a verdiyi açıqlamada yeni tikilən tunellərin və yolötürücülərin avtomobil yolunda sıxlığın aradan qaldırılmasını təmin etdiyini deyib.

 

Onun sözlərinə görə, nəqliyyatın sürətlə və intensiv hərəkət etdiyi bütün yollarda kəsişmələrin müxtəlif səviyyəli olması arzu olunan, bəzi hallarda isə vacibdir: "Bu, həm avtomobil, həm də dəmir yolu şəbəkəsinə aiddir. Amma, bu, hər zaman təmin oluna bilmir. Əsasən də maliyyə baxımından baha başa gəldiyindən kəsişmələrin müxtəlif səviyyəli olması üçün müəyyən zaman və vəsait tələb olunur".

O bildirib ki, son zamanlar qeyd edilən məsələ ilə bağlı yeniliklərə şahid oluruq: "Yol ötürücülərinin və tunel tipli yolötürücülərinin layihələndirilməsi və inşa edilməsi istiqamətində intensiv fəaliyyət həyata keçirilir. Belə müxtəlif səviyyəli keçidlərin əhəmiyyəti təkcə təhlükəsizliyin təminatı deyildir. Eyni zamanda hərəkətin dayanmadan davam etdirilməsində böyük rolu oynayır. Yeni tikilən tunellər və yolötürücüləri avtomobil yolunda sıxlığın aradan qaldırılmasını və dəmir yollarında vaxt baxımından səmərələliyin artırılmasını, bununla da qatarların cədvələ uyğun fasiləsiz və sürətli hərəkətini təmin edir. Hər iki nəqliyyat vasitəsi bir-birinə mane olmadan hərəkətini davam etdirir. Müxtəlif səviyyəli keçidlərin inşası perspektivdə də nəzərdə tutulmalıdır. Digər istiqamətlərdə, əsasən də sürətli yollarda bu prinsipin həyata keçirilməsi vacib məsələ olmalıdır”.

İki qurum avtomobillərini satışa çıxarır — QİYMƏTLƏR


Fevralın 11-də avtomobillərin hərracda satışı təşkil ediləcək.
“Zabrat Maşınqayırma Zavodu” Açıq Səhmdar Cəmiyyətinin iki avtomobili satışa çıxarılacaq.

Qurumun 1996-cı il buraxılışlı “Daewoo Espero” avtomobilinin ilkin qiyməti 1500 manata təklif olunacaq.
Zavodun 2000-ci il buraxılışlı “Daewoo Super Salon” avtomobilinin start qiyməti 2000 manat olacaq.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının balansında olan, 2006-cı il buraxılışlı “Nissan Maxima” avtomobilinin isə ilkin qiyməti 10 min manata təklif ediləcək.

Sifarişlər Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e–emdk.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec üç bank günü qalanadək qəbul olunacaq.
 

Xəbər lenti