![]() |
|
İndi bizim şəhərətrafı dəmir yolu nəqliyyatı yeni mərhələyə qədəm qoyur. Bu il artıq dairəvi hərəkət marşrutu da işə düşəcək.
Bu sözləri Prezident İlham Əliyev Anar Quliyevi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.
Dövlətimizin başçısı bildirib: “Nəqliyyat infrastrukturuna xüsusi diqqət verilməlidir. Son illər ərzində köçürülmələr aparılan bir çox yerlərdə müasir nəqliyyat qovşaqları yaradılır, küçələr genişləndirilir. Yenə də keçmişdə “Sovetski” adlandırılan əraziyə qayıdıram, orada küçələrin eni iki metrdən çox deyildi. İndi geniş xiyabanlar salmışıq. İndi yol hərəkəti nə qədər yüngülləşib. Nəqliyyat infrastrukturu təkcə avtomobil yollarından ibarət deyil. İndi bizim şəhərətrafı dəmir yolu nəqliyyatı yeni mərhələyə qədəm qoyur. Bu il artıq dairəvi hərəkət marşrutu da işə düşəcək. Bu da, əlbəttə, avtomobil yollarına düşən yükü azaldacaq. Ona görə şəhərsalma qaydaları, nəqliyyat infrastrukturu, digər kommunikasiyalar, memarlıq prinsipləri, Bakı şəhərinə uyğun memarlıq üslubunun qorunması, ekoloji vəziyyətin yaxşılaşdırılması və digər amillər daim diqqət mərkəzində olmalıdır”.
"Nəqliyyat infrastrukturuna xüsusi diqqət verilməlidir. Son illər ərzində köçürülmələr aparılan bir çox yerlərdə müasir nəqliyyat qovşaqları yaradılır, küçələr genişləndirilir".
“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin etdiyi Anar Quliyevi qəbul edərkən deyib.
Prezidentin sözlərinə görə, yenə də keçmişdə “Sovetski” adlandırılan əraziyə qayıdıram, orada küçələrin eni iki metrdən çox deyildi: “İndi geniş xiyabanlar salmışıq. İndi yol hərəkəti nə qədər yüngülləşib. Nəqliyyat infrastrukturu təkcə avtomobil yollarından ibarət deyil. İndi bizim şəhərətrafı dəmir yolu nəqliyyatı yeni mərhələyə qədəm qoyur. Bu il artıq dairəvi hərəkət marşrutu da işə düşəcək. Bu da, əlbəttə, avtomobil yollarına düşən yükü azaldacaq. Ona görə şəhərsalma qaydaları, nəqliyyat infrastrukturu, digər kommunikasiyalar, memarlıq prinsipləri, Bakı şəhərinə uyğun memarlıq üslubunun qorunması, ekoloji vəziyyətin yaxşılaşdırılması və digər amillər daim diqqət mərkəzində olmalıdır”.
Azərbaycanda nəqliyyat vasitələri üçün texniki baxışın qiyməti rəsmi olaraq qalxdıb. Yol-xeber.az xəbər verir ki, bu barədə Milli Məclisin qəbul etdiyi dəyişiklik yanvar ayının 1-dən qüvvəyə minib. Belə ki, artıq bütün nəqliyyat vasitələri üçün texniki baxışın qiyməti 30 manat təşkil edir.
Qeyd edək ki, Milli Məclisin 30 sentyabr tarixində keçirilən plenar iclasında nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün ödənilən dövlət rüsumunun artırılmasını nəzərdə tutan dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. İclasda rüsumun artırılması üçün "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilib.
Dəyişikliyə əsasən, avtonəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rüsumu 30 manat müəyyən edilib. Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
2019-cu ildə ölkəmizin nəqliyyat infrastrukturunda ciddi yeniliklərin baş verdiyi, bir sıra nəqliyyat mübadilə mərkəzinin istifadəyə verildiyi, kart sisteminə keçidin genişləndirildiyi, avtobus parkının əsaslı dərəcədə yeniləndiyi və s. hər kəsə bəlli olan faktlar sırasındadır. Bəs mütəxəssislər baş verənləri iqtisadi aspektdən necə dəyərləndirir? Nəqliyyat sektorunda həyata keçirilən dəyişikiklər, Bakı Nəqliyyat Agentliyinin gerçəkləşdirdiyi layihələr ölkə iqtisadiyyatına konkret olaraq nə qazandırır?
Moderator.az-a açıqlama verən iqtisadçı alim Vüqar Bayramov ötən il bu sahədə görülən işlərin mühüm əhəmiyyətə malik olduğunu vurğuladı: “İctimai nəqliyyat sektorunda infrastrukturun genişləndirilməsi, avtobus parkının yeniləşməsi vacib idi. Etiraf etməliyik ki, son illər biz həm nəqliyyat infrastrukturunun inkişafını, həm də yeni avtobus və xidmət standartlarının tətbiqini müşahidə edirik. Əvvəlki illərdə ictimai nəqliyyatla bağlı əsas problemlərdən biri həm avtobusların köhnə olması, həm nəqliyyatda xidmət səviyyəsinin aşağı olması, həm də ictimai nəqliyyatda yalnız nağd ödənişlərdən istifadə ilə bağlı idi. Son illər praktiki olaraq bu sahəyə daha çox sərmayənin yönəldilməsi həm infrastrukturun təkmiləşməsinə imkan yaratdı, həm də yeni avtobusların alınması, onlardan istifadə ictimai nəqliyyatda xidmət səviyəsinin artırılmasına səbəb oldu.
İctimai nəqliyyatda inkişaf ümumdaxili məhsul artımı baxımından da vacibdir. İnkişaf etmiş ölkələrdə həm tıxacların azaldılmasının iqtisadiyyata təsiri, həm də ictimai nəqliyyatda xidmət səviyyəsinin təkmilləşməsi və genişlənməsinin, nağdsız ödənişlərdən istifadənin genişlənməsinin büdcə gəlirlərinin formalaşmasına birbaşa təsiri var.
Bakıda da nağdsız hesablaşmalardan istifadə genişlənməkdədir. Nağdsız hesablaşmalardan istifadənin genişlənməsi dövriyyənin leqallaşmasına imkan yaradır. Bu isə büdcəyə daha çox vəsaitin cəlb edilməsinə zəmin formalaşdırır. Bu, imkan verir ki, dövlət büdcəsinə ictimai nəqliyyatın dövriyyəsindən daha çox vəsait cəlb edilsin. İnfrastruktutun inkişafının ümumdaxili məhsula, yəni bütövlükdə iqtisadiyyata təsiri var.
Avtobus parkının yenilənməsi, yeni xidmətlərdən istifadə xüsusilə Bakı şəhəri üçün mühüm əhəminiyyətə malikdir və bu, büdcə gəlirlərinin artmasına birbaşa təsir göstərir”.
Bakı-Sumqayıt yolunun Xırdalan dairəsi kimi tanından hissəsində yolun genişləndirilməsi işləri fasiləsiz davam etdirilir…
Ekologiya postundan başlayaraq Xırdalan dairəsi istiqamətində yolun hər iki hissəsində yolun genişləndirilməsi ilə bağlı işlər aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə ərazidə mövcud olan tunelin genişləndirilməsi, eləcə də genişlənən yolun kənarında istinad divarlarının tikintisi aparılır.
Körpünün altı da genişləndirilib və hazırda yolun kənar divarlarının hörgüsü işləri aparılır. Əraziyə bir neçə şirkətin briqadası cəlb olunub.
İşçilərin dediyinə görə, yolun genişləndirilməsi qrafikə uyğun aparılır və artıq kənarda olan kommunikasiya xətləri ilə yanaşı ağaclar da çıxarılaraq başqa əraziyə köçürülüb.
Qeyd edək ki, Bakı-Sumqayıt şossesi iş günlərində ən çox tıxacların yaşandığı yol olaraq tanınır. Bəzən sürücülər saatlarla yolda gözləməli olurlar. Məhz bu halların qarşısını almaq və vətəndaşların rahatlığını təmin etmək üçün həmin yolun Xırdalan dairəsi yaxınlığında genişləndirilməsinə qərar verilib. Genişləndirmə işlərindən sonra yolda fasiləsiz nəqliyyat axınının təmin edilməsi hədəflənir.
Respublika əhəmiyyətli Ağsu–Kürdəmir–Bəhrəmtəpə avtomobil yolunun 53-cü km–dən ayrılan Zərdab avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müvafiq işlərə start verilib.
Agentlikdən Yol-xeber.az-a verilən məlumata görə, 42 km uzunluğa malik olan avtomobil yolu uzun illər təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən asfalt-beton örtüyündə aşınmalar, tor şəkilli çatlar və bəzi hissələrdə çökmələr əmələ gəlib. Bu problemlərin aradan qaldırılmadı üçün ölkə başçısının imzaladığı sərəncamdan dərhal sonra yolun yenidən qurulmasına agentlik tərəfindən kifayət qədər texnika cəlb olunmaqla işlərə başlanıldı.
Otuz beş min nəfər əhalinin yaşadığı 24 yaşayış məntəqəsini birləşdirən Zərdab avtomobil yolunda hazırda torpaq işləri görülür. Yol boyu yeni yol yatağı inşa edilir. Bunun üçün yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılır, əks-dolğu işləri görülür. Bunun ardınca layihədə nəzərdə tutulmuş qarışıq və qalınlıqda yol əsasının işlənilməsi işlərinə də başlanılıb.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yol əsası hazır olan hissələrdə əlaqələndirici bitum səpilməklə yol asfaltlanır, mövcud suötürücü boruların sınmış və ya çökərək yararsız vəziyyətdə olduğundan aparılan işlər çərçivəsində yeni suötürücü borular, həmçinin kollektor su keçdiləri inşa olunur.
Təbii ki, layihənin sonunda avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün siqnal dirəkləri, km göstəriciləri, yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yol xətlənməsi işləri aparılacaq, yol birləşmələri təmir ediləcək, 41 ədəd avtobus dayanacağı qurulacaq.
Bu tədbirlərin icrası, ilk növbədə, sözügedən marşrutlar üzrə yaşayan əhalinin rahatlığını təmin edir, onların mənzil başına təhlükəsiz çatmalarına imkan yaradır. Bundan başqa, yolların bu cür müasir səviyyəyə çatdırılması, təkcə yol üzərində olan kəndləri deyil, ümumilikdə, həmin rayonun sosial-iqtisadi inkişafına töhfə verir və yolboyu yerləşən yaşayış məntəqələrində sakinlərə əlavə iqtisadi imkanlar açır.
Respublika əhəmiyyətli Ağsu–Kürdəmir–Bəhrəmtəpə avtomobil yolunun 53-cü km–dən ayrılan Zərdab avtomobil yolunun yenidən qurulması ilə Kürdəmir və Zərdab rayonları arasında nəqliyyat əlaqəsinin yaxşılaşdırılması, yol boyu yaşayan vətəndaşların hər iki rayon istiqamətində rahat hərəkətinin təmin olunması, yük və sərnişin daşımasının yaxşılaşması ilə ərazi boyu kənd təsərrüfatının inkişafı hədəflənir.
Beynəlxalq avtomobil bazarında baş verən hadisələr, adətən, bu sahədə Azərbaycanın daxili bazarına da təsirsiz ötüşmür. Dünyada gedən proseslərdən danışarkən ötən ay beynəlxalq reytinq agentliyi olan "Fitch Ratings"in yayımladığı hesabatdakı məlumatı ön plana çəkmək yerinə düşər. Belə ki, agentlik ötən ay öz hesabatında bildirib ki, 2019-cu ilin sonuna qədər qlobal avtomobil satışı 3,1 milyon azalacaq. Bu isə 2008-ci ildən bəri dünya avtomobil bazarında ən kəskin azalma olacaq, amma faiz ifadəsində ötən ildə azalma yüksək həddə çataraq 5% təşkil edib. Hesabata əsasən, bu il dünya bazarına ən mənfi təsiri Çində avtomobil satışlarının azalması göstərəcək. Belə ki, 2019-cu ilin sonuna qədər Çində satışların 2,1 milyon azalaraq 21,6 milyona qədər enəcəyi gözlənilir. Hesabatda ABŞ bazarında da avtomobil satışının azalaraq 16,9 milyona, Qərbi Avropa bazarında isə 14 milyona düşəcəyi qeyd edilib”.
Azərbaycanda isə avtomobil bazarı ilə bağlı önəmli məqamlardan biri ölkəyə idxal edilən köhnə avtomobillərə tətbiq edilən aksiz vergisinin artırılması ilə bağlı gözləntilərin mövcudluğudur. Belə ki, Dövlət Gömrük Komitəsindən bildirildiyinə görə, yaşı 7 ildən çox olan avtomobillərin Azərbaycana gətirilməsinə məhdudiyyət qoyulması barədə komitə tərəfindən hökümətə təklif verilib. Təklifə əsasən, 2020-ci ildən etibarən istehsal müddəti 7 ildən yuxarı olan, istifadə olunmuş və Azərbaycana idxal olunan avtomobillərə görə alınan aksiz vergisi artırıla bilər.
Avtosfer.az xəbər verir ki, bu barədə “Report” aksiz vergisinin artırılmasının, eyni zamanda beynəlxalq bazarda gedən tendensiyaların Azərbaycanın avtomobil bazarına, o cümlədən yerli avtomobil istehsalı müəssisələrinin planlarına nə kimi təsir göstərəcəyini araşdırıb.
MBA konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov "Report"a verdiyi açıqlamada bildirib ki, aksiz vergisinin artırılması bazarda orta qiyməti də artıra bilər: "Əvvəllər dünya ölkələrində avtomobillərdən istifadə üstünlük təşkil edirdi. Lakin son 10-15 ildə vəziyyət bir qədər dəyişib. Belə ki, artıq inkişaf etmiş ölkələrdə insanlar avtomobil sürməyin sağlamlığa zərərli olduğunu düşünürək ondan imitna edirlər. Əvəzində isə velosipeddən istifadə və ya piyada gəzintiyə üstünlük verirlər. Qeyd edim ki, son 50 ildə dünyada ekoloji tarazlığın da pozulmasının əsas səbəblərindən biri avtomobil istifadəsidir. Odur ki, dünyanın inkişaf etmiş ölkələri avtomobillərin sayını azaltmaq üçün onların istehsal tələblərini sərtləşdirir, eyni zamanda köhnə avtomobilləri istismardan çıxarırlar. Azərbaycanda köhnə avtomobillərin idxalının məhdudlaşdırılması və bu məqsədlə onların idxalı zamanı alınan aksiz vergisinin artırılması da, ilk növbədə, dünyada gedən bu ekoloji siyasətin bir tərkib hissəsidir.
90-cı illərin əvvəllərində Azərbaycana köhnə avtomobillərin idxalı üstünlük təşkil edirdi. Bu da avtomobil qəzalarının sayını artırır və ekoloji tarazlığın pozulmasına səbəb olurdu. Bu gün köhnə maşınlardan imtina beynəlxalq bir tələb olduğuna görə biz də bununla ayaqlaşmağa məcburuq. Buna görə də həmin köhnə avtomobillərin idxalına müəyyən məhdudiyyətlər qoyulur. Bu prosesin həm müsbət, həm də mənfi cəhətləri var. Müsbət cəhət kimi ekoloji tarazlığın qorunmasını, qəzaların minimuma endirilməsin göstərmək olar. Eyni zamanda köhnə avtomobil idxalının məhdudlaşdırılması ölkə daxilində avtomobil istehsalını da artıra bilər. Bizim zavodlarda istehsal edilən avtomobillərin qiyməti nisbətən ucuz və təmiri də daha rahat olur. Nəticədə ölkəyə köhnə avtomobil gətirilməsi azalacağı təqdirdə, təzə xarici avtomobil almağa maddi imkanı çatmayan əhali yerli avtomobillərə üz tuta bilər. Elə köhnə avtomobillərdən imtina etməyin mənfi cəhəti də bəzi alıcıların təzə avtomobil almağa gücünün çatmaması ilə bağlıdır. Dövlət həmin alıcıları nəzərə alaraq ölkə daxilində ucuz avtomobil istehsalının keyfiyyətini və həcmini artırmalıdır. Əgər bu balans yaradılmasa, köhnə avtomobillərin təklif portfelindən çıxarılması ölkənin avtomobil bazarında orta qiyməti artıra bilər. Çünki bazarda orta qiyməti həm yeni, həm də köhnə avtomobillər formalaşdırır".
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov da köhnə avtomobillərin qiymətində nisbi artım ehtimalının olmasını qeyd edib: "İstifadə müddəti 7 ildən artıq olan avtomobillərin idxalı zamanı alınan aksiz vergisinin artırılması ölkəyə köhnə maşınların gətirilməsini müəyyən dərəcədə azalda bilər. Odur ki, bu plan ekoloji vəziyyətin qorunması baxımından təqdirəlayiqdir. Lakin bu proses fundamental olmalı və kompleks şəkildə həyata keçirilməlidir. Hazırda Bakıya köhnə avtomobillərin gətirilməsi davam etdirilir. Bunun qarşısını almaq üçün isə idxal zamanı köhnə avtomobillərdən alınan aksiz vergisi artırılmalı, təzə avtomobillərdən alınan isə azaldılmalıdır. Bu halda vətəndaşlar xaricdən köhnə deyil, təzə avtomobil gətirməyə üstünlük verəcək.
Nəticədə ekoloji təmiz avtomobillərin gətirilməsi və avtomobil parkının yenilənməsi üçün stimul yaranacaq. Belə bir tarazlaşdırma olmasa vətəndaşlar əziyyət çəkəcəklər. Bizə isə həm vətəndaşın əziyyət çəkməməsi, həm ekologiyaya zərər dəyməməsi, həm də büdcə daxilolmalarının artması lazımdır. Aksiz vergisinin artırılması daxili bazarda qiymətlərin bir qədər yüksəlməsinə təkan verəcək. Köhnə avtomobillərin qiymətində nisbi artımlar müşahidə olunacaq".
Ekspert beynəlxalq bazarda gedən proseslərin Azərbaycan bazarına təsiri məsələsinə də toxunub: "Fitch Ratings" agentliyi ilə paralel olaraq bir neçə başqa beynəlxalq qurumların hesabatlarında avtomobil istehsalının çoxşaxəli inkişaf etdiyi, yəni genişləndiyi göstərilir. Bu, o deməkdir ki, ənənəvi yanacaqla işləyən avtomobillərdən əlavə, elektromobillərin və hibrid avtomobillərin də istehsalı artırılır. Hələ ki, avtomobil istehsalı zavodlarında perekvalifikasiya prosesi gedir. Yəni əvvəllər zavodlar yalnız dizel və benzin mühərrikli maşınlar isteshal edirdisə, indi özlərini hibrid və elektromobil isteshalına hazırlayırlar. Bununla əlaqəli beynəlxalq avtomobil istehsalında müəyən durğunluq olsa da, bu müvəqqəti bir haldır. Həmin perekvalifikasiya prosesi başa çatdıqdan sonra zavodların istehsal tempi yenidən artacaq. Odur ki, hazırda qlobal anlamda avtomobil sektorunun genişləndiyini, yeni istehsal müəssisələrinin yarandığını deyə bilərik. Düşünürəm ki, bu genişlənmə ən azı 2023-cü ilə qədər davam edəcək.
Azərbaycanda isə elə də böyük avtomobil bazarı yoxdur. Vətəndaşlarımızın illik avtomobil tələbatı, təqribən, 40 mindir. Yerli zavodlar isə hələ ki, bu sayı qarşılaya bilmir. Odur ki, xaricdən Azərbaycana avtomobil idxalı davam edəcək və sözügedən beynəlxalq tendensiyalar bizim daxili bazara mənfi təsir etməyəcək. Azərbaycana idxal o zaman azala bilər ki, bizim milli valyutada və iqtisadiyyatımızda azalma olsun. İndiki vəziyyətdə valyuta sabit qalırsa, onda beynəlxalq proseslərin bizim daxili bazara mənfi təsiri olmayacaq".
Naxçıvan Avtomobil Zavodunun direktoru Səxavət Hümbətov "Report"a bildirib ki, növbəti ildə zavod öz istehsalını artıracaq: "2019-cu ildə Naxçıvan Avtomobil Zavodu təsisçi dəyişikliyi ilə əlaqədar olaraq istehsalı müvəqqəti olaraq dayandırmışdı. Amma 2020-ci ildə istehsal göstəricilərinin artırlması nəzərdə tutulub. Yeni modellərin istehsalı və satışı ilə bağlı planlarımız var. Elə təkcə “Sedan” tipli modelləri götürsək, 250-300-dən çox avtomobil isteshalını nəzərdə tutmuşuq. Digər modellərlə birlikdə isə növbəti ildə 500-dən çox avtomobil istehsalı planlaşdırılır. Xaricə ixrac ilə bağlı hələ ki, heç bir konkret planımız yoxdur. Hədəfimiz daxili bazar üzrə istehsalı genişlətməkdir".
“Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov da 2020-ci ildə zavodun öz istehsalını artıracağını qeyd edib: "Dünya bazarlarında gedən bu proseslərin bizə heç bir mənfi təsiri olmayacaq. Növbəti ildə istehsalda birmənalı artım olacaq. 2020-ci ildən Neftçala Sənaye Məhəlləsində istehsal olunan “Khazar SD” markalı minik avtomobillərinin Rusiyaya ixracı planlaşdırılır. Hələ ki, sənədləşmə və sertifikasiya prosesləri gedir. Bu proses sona çatan kimi ixrac başlanacaq. Növbəti ildə Ukraynaya da avtomobil ixracı nəzərdə tutulub. Ukraynadan bizə müraciətlər var. Yəqin ki, ora avtomobil ixracı həyata keçirəcəyik. Hazırda ixrac həcmi və digər məsələlər müzakirə predmetidir. Onlar da nümunə kimi bir neçə avtomobil götürüb sertifikasiyadan keçirməlidirlər. Bu, bir az zaman aparan prosesdir. Müəyyən prosedur qaydaları var ki, hələ ki, onları keçirik. Bu prosedurları keçmək isə tez başa gəlmir. Sertifikasiyadan keçəndən sonra növbəti ildən Rusiya və Ukraynaya ixrac gözlənilə bilər".