Bölgələrdə avtobus parkları yenilənir - VİDEO
Bununla yanaşı gecə reyslərində fəaliyyət göstərəcək daşıyıcı şirkətlərə qarşı yeni tələblər qoyulub

Bölgələrdə də ictimai nəqliyyat infrastrukturu müasir tələblərə uyğunlaşdırılır. İstismar müddəti on ildən çox olan avtobuslar ictimai nəqliyyat sistemindən kənarlaşdırılır. Bu arada gecə reyslerində fəaliyyət göstərən avtobuslar üçün tələblər də sərtləşdirilib. İstismar müddəti 5 ildən yuxarı olan avtobusların gecə reyslərində fəaliyyət göstərməsinə icazə verilməyəcək.

Rayonlarda avtobus parklarının yenilənməsi həyata keçirilir. İstismar müddəti 10 ildən çox olan avtobuslar ictimai nəqliyyat sistemindən kənarlaşdırılır.

Avtobusların yenilənməsinə ilkin olaraq sərnişina axının çox olduğu bölgələrdən başlanılıb.İlkin olaraq Şamaxı, Gəncə, Zaqatala, Mingəçevir, Masallı və Qubada avtobus parkları yenilənib.Növbəti mərhələdə isə Ağdam və Bərdə də daxil olmaqla digər rayonların da şəhərdaxili o cümldən ölkədaxili ictimai nəqliyyat infrasturukturu yenilənəcək.

 

Vətəndaşlar isə avtobusların yenilənməsi ilə şəhərdə nəqliyyat infrastrukturunda rahatlığın təmin edildiyini bildirir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarovanın sözlərinə görə . İstismar müddəti 10 ildən yuxarı olan avtobusların statistikası 77 faizdən yuxarı idisə, hazırda bu rəqəm 64 faizə enib. Bununla yanaşı gecə reyslərində fəaliyyət göstərəcək daşıyıcı şirkətlərə qarşı yeni tələblər qoyulub.

Qeyd edək ki,dövlət proqramına əsasən 2023-cü ilə qədər ölkə üzrə bütün avtobus parklarıının yenilənməsi nəzərdə tutulur.

 

"Azərbaycan Dəmir Yolları" 115 mln. avroluq yeni qatarlar alır
Qatarların dördü dizel və elektrik aqreqat ilə işləyən bölgələrarası qatarlar kimi xəttə buraxılacaq

"Azərbaycan Dəmir Yolları" QSC "Stadler" şirkət ilə 10 ədəd 5 vaqondan ibarət olan "FLIRT" qatarlarının 3 versiyasının tədarükü üçün 115 mln. avro dəyərində müqavilə imzalayıb. Yol-xeber.az-ın APA-ya istinadən verdiyi məlumata görə, qatarların dördü dizel və elektrik aqreqat ilə işləyən bölgələrarası qatarlar kimi xəttə buraxılacaq, altısı isə ancaq elektrik enerjisi ilə çalışan bölgələrarası və regional qatarlar kimi işlədiləcək.

 

Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" 2014-cü ildən etibarən bir neçə dəfə "Stadler" şirkətindən qatar sifariş edib. 2014-cü ildə QSC 30 ədəd yataqlı vaqon sifariş edib. 2015-ci və 2018-ci illərdə isə “Azərbaycan Dəmir Yolları” gündəlik xidmətdə olan və yüksək xidmət səviyyəsi təklif edən ikimərtəbəli "KISS" qatarlarına sifariş verib.

Səid Rəsuli: "Rəşt-Astara dəmir yolunun tikintisi prioritet məsələlərimizdəndir"
Şimal-cənub dəhlizinin bu hissəsinin təkmilləşdirilməsi İran üçün prioritetdir

"Rəşt-Astara dəmir yolunun tikintisi və təkmilləşdirilməsi prioritet məsələlərimizdəndir". Yol-xeber.az xəbər verir ki, bunu APA-nın Tehran bürosuna açıqlamasında İranın Dəmir Yolları İdarəsinin baş direktoru Səid Rəsuli deyib. Onun sözlərinə görə, Şimal-cənub dəhlizinin bu hissəsinin təkmilləşdirilməsi İran üçün prioritetdir. S.Rəsuli qeyd edib ki, Bakı-Tehran dəmir yolunun bu marşrutla birləşməsi dəhlizin tamamlanması ilə baş tutacaq.

 

Qeyd edək ki, bu gün Bostanabad-Miyana (132 kilometr) dəmir yolu xəttinin açılışı olub. İran Prezidenti Həsən Ruhani açılışda iştirak edib. Gələcəkdə marşrutun Təbriz dəmir yolu xəttinə birləşdirilməsi planlaşdırılır.  Bu dəmir yolunun açılışı ilə Təbriz-Tehran arasında məsafə 5 saat yarım azalır. Xatırladaq ki, gələcəkdə dəmir yolu xəttinin Naxçıvan Muxtar Respublikasına, Yerevan və Tiflisə birləşdirilməsi nəzərdə tutulur.

Xırdalan sakinlərinə ŞAD XƏBƏR — Prezident 3,9 milyon manat ayırdı


Prezident İlham Əliyev Xırdalan şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Xırdalan şəhərində ümumi uzunluğu 5,1 kilometr olan avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,9 milyon (üç milyon doqquz yüz min) manat ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Bakı-Sumqayıt yolundan istifadə edənlərə ŞAD XƏBƏR


Bir neçə gündür ki, Bakı-Quba yolundakı tıxacların aradan qaldırılması istiqamətində işlərə başlanılıb.
Hazırda şimal istiqamətində tıxacın yaranmasına səbəb olan Xırdalan dairəsindəki dəmir yol körpüsünün altında genişləndirmə işləri getməkdədir.

Dəmir yol körpüsünün altında qazma işləri demək olar başa çatıb və hazırda quraşdırma, bərkitmə işləri görülür. Burada şimal istiqamətində tıxacın aradan qaldırılması və hərəkətlilyii təmin etmək üçün mövcud tunelin genişləndirilməsi və yol qovşağının təkmilləşdirilməsi nəzərdə tutulur. Xırdalan dairəsindəki yol qovşağının təkmilləşdiirlməsi nəticəsində həm şimal istiqamətə, həm Xirdalan şəhərinə, həm də Binəqədi istiqamətinə hərəkətdə yaranan tıxacın aradan qaldırılması nəzərdə tutulur.

Bu barədə “Ölkə.Az”a açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, ümumiyyətlə bu istiqamətdəki yolda təmamilə maneəsiz hərəkət təşkil edilməsi üçün kompleks işlər görülməkdədir:

“”20 Yanvar” körpüsündə hərəkətdə olan nəqliyyat vasitələri "Moskva" prospekti boyunca tunelə daxil olaraq heç bir maneə olmadan birbaşa Xırdalan tunelindən keçməklə Sumqayıt istiqamətinə hərəkət edə biləcəklər. Bundan başqa Biləcəri, Xırdalan və Binəqədi istiqamətindən gələn nəqliyyat vasitələri əlavə zolaqlar vasitəsilə yeni tikilən tunelə daxil ola biləcəklər. Yol hər iki istiqamətə genişləndiriləcək. Sumqayıtdan Bakı istiqamətinə olan yolun iki zolaq genişləndirilməsi nəticəsində ərazidə olan “Ekologiya postu” köçürüləcək. Həmçinin yol genişləndirilərkən Bakı Beynəlxalq Avtovağzal Kompleksi və Atıcılıq Mərkəzinin yaxınlığından Xarici Dairəvi yolun altından keçməklə paytaxtın Şərifzadə küçəsinə çıxan yeni tunel tipli yol tikiləcək. Həmin tunel vasitəsilə nəqliyyat vasitələri Alatava istiqamətindən "20 yanvar" dairəsinə və Şərifzadə küçəsi ilə şəhərin digər istiqamətinə hərəkət edəcəklər”.
A.Nəcəfli onu da bildirib ki, yeni layihəyə əsasən həmçinin Xırdalan dairəsinin altından keçən tunel də genişləndiriləcək:

“Həmin tuneldə hər iki istiqamətə yol zolaqları ikidən 4-ə çatdırılacaq. Burada tıxacı azaltmaq üçün yeni tunellər tikiləcək, yol genişləndiriləcək. Zolaqlar dəmir maneələrlə ayrılacaq və sürücülər gedəcəyi istiqaməti əvvəlcədən seçməli olacaqlar”.
Bibiheybət yolundan təmir bərpa işlərinə başlanılıb - VİDEO
Yol yenidən təşkil olunan zaman mütləq qaydada əlavə istinad divarları tikilməlidir

Ötən gün çökən Bibiheybət yolunda bərpa işlərinə başlanılıb. Təmir işləri ilə paralel olaraq Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin əməkdaşları da ərazini monitorinq edirlər. Ekspertlər isə bildirir ki,yeni yol inşa edilərkən mütləq qaydada əlavə xüsusi istinad divarı tikilməldir. Bibiheybət yolundan təmir bərpa işlərinə başlanılıb. Mütəxəsislər isə bildirir ki,sürüşməyə əsas səbəb ərazinin mürəkkəb relyefi olsa da,yol infrastrukturunda təşkil olunan drenaj sisteminin tutulması da sürüşməni sürətləndirib. Nəqliyyat infrastrukturu üzrə ekspert Yasin Mustafayevin sözlərinə görə, yol yenidən təşkil olunan zaman mütləq qaydada əlavə istinad divarları tikilməlidir.

Qeyd edək ki,badamdar sürüşmə zonasında vəziyyət stabil-gərgin olaraq qalır. Ərazidə sürüşmənin qarşısının alınması üçün sürüşmə ərazisinin üst hissəsindəki mənzillərin daş beton çəpərləmələri sökülür.Bununla yanaşı mənzillərin həyətəndəki bəzi obyektlər də sökülüb. Bundan başqa sürüşmənin qarşısının alınması üçün çoxpilləli teraslar da yaradılacaq.

 

 

Azərbaycanda avtobus parklarının yenilənmə prosesi başlayıb
Artıq daşıyıcı şirkətlər həmin şəhər və rayonlarda avtobusların bəzilərini yeniləri ilə əvəz ediblər

“Quba, Şamaxı, Zaqatala, Masallı, Mingəçevir və Gəncədə avtobus parklarının yenilənmə prosesi başlayıb”.  Bu barədə Yol-xeber.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.

 

N.Allahyarovanın sözlərinə görə, artıq daşıyıcı şirkətlər həmin şəhər və rayonlarda avtobusların bəzilərini yeniləri ilə əvəz ediblər. O, həmçinin əlavə edib ki, respublika üzrə yaşı (istismar müddəti) 10 ildən yuxarı olan avtobusların statistikası 77 faizdən yuxarı idisə, hazırda avtobusların yenilənməsindən sonra bu rəqəm 64 faizə enib.

Azərbaycana 125 avtobus gətirilib
Bu ilin sentyabrında
Bu ilin sentyabrında Azərbaycana 125 ədəd avtobus idxal olunub. Dövlət Statistika Komitəsindən Yol-xeber.az-a bildirilib ki, qeyd edilən dövrdə ölkəyə 3737 ədəd minik avtomobili, 3321 ədəd yük avtomobili gətirilib.

Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları 11% artıb
99,9% dövlət, 0,1% isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə 2 300,9 min və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 11,1% çox sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən xezerxeber.az-a verilən məlumata əsasən, hava nəqliyyatı ilə daşımaların 99,9% dövlət, 0,1% isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Məlumata əsasən, ötən dövr ərzində bu nəqliyyat növü ilə yükdaşıma 4,4% azalaraq 159,1 min ton təşkil edib.

Yeni Quba-Xınalıq yolunun bir hissəsində yenidənqurma işləri tamamlanır - FOTO
Hazırda son tamamlanma işləri görülür


Təbii amillərin təsiri, eləcə də qar uçqunları, torpaq sürüşmələrinin baş verməsi və iri qaya parçalarının yola tökülməsi ölkənin cəlbedici turizm marşrutlarından olan, 2007-ci ildə istifadəyə verilmiş Quba-Xınalıq avtomobil yolunun tez-tez uzunmüddətli bağlanmasına səbəb olur.

Agentlikdən Yol-xeber.az-a verilən məlumata görə, Xınalıq kəndinin ölkəmizdə turizm üçün əhəmiyyəti və əhalinin alternativ yolla rahat gediş-gəlişinin təmin edilməsinin vacibliyi baxımından 24 km uzunluğunda Quba-Susay avtomobil yolunun yenidən qurulması və bu yolun davamı olaraq əlavə 30 km uzunluğunda Susay-Xınalıq, həmçinin yoldan 4,8 km məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən avtomobil yolunun tikintisi zərurəti yaranmışdı.

Əhalinin rahat gediş-gəlişinin təmin edilməsinin və turizmin inkişafının vacibliyi nəzərə alınaraq dövlət başçısının imzaladığı sərəncama əsasın, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bir müddətdir start verilən tikinti işləri davam etdirilir. Tikinti işləri respublika əhəmiyyətli Quba-Qusar avtomobil yolunun 9-cu km-dən ayrılan Alpan-Kürkün-Susay istiqamətində aparılır və artıq yükunlaşmaq üzrədir. Quba-Susay-Xınalıq avtomobil yolunun bu hissəsinin uzunluğu 24 km təşkil edir.

 

Layihə çərçivəsində yol 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yolun hərəkət hissəsi 6 metr, çiyinlərin hər birinin eni 2 metr olmaqla torpaq yatağının eni 10 metr təşkil edir.

Tikinti layihəsinə uyğun olaraq yol yatağının deformasiyaya uğramış yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı qruntla əks-dolğu aparılaraq kipləşdirmə işləri görülüb və yeni yol yatağı inşa edilib, yolun normativ eninin alınması üçün müəyyən hissələrdə qaya tipli süxurların mexanizmlə kəsilməsi işləri görülüb, yol profilə salınıb. Yol əsasının tikintisi üçün isə lazımi qalınlıqda optimal qırmadaş və qum-çınqıl qarışığından istifadə olunub. Bunun ardınca yola iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyü də döşənib.

Bundan başqa Alpan-Kürkün-Susay avtomobil yolunda 1 düzbucaqlı su keçidi və 2 körpü də inşa edilib. Körpülər 2 aşırımlı olmaqla 61 və 66 metr uzunluğundadir. Ümumilikdə yol boyu hazırda son tamamlanma işləri görülür.

Layihənin növbəti mərhələsi üzrə Alpan-Kürkün-Susay yolunun davamı olaraq 30 km uzunluğunda Susay-Xınalıq, həmçinin yoldan 4.8 km məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən yolun da IV texniki dərəcəyə uyğun tikintisi işlərinə də start verilib. Hazırda sözügedən hissədə torpaq işləri görülür.

Beləliklə həyata keçirilən yeni yol infrastrukturu layihəsinin ümumi uzunluğu 58.8 km təşkil edəcək.

Layihə boyu sel sularını və yığılmış yağış sularının yol yatağından kənarlaşdırılması üçün müxtəlif diametrlərə malik 19 dairəvi suötürücü dəmir-beton boruların, 1 düzbucaqlı su keçidinin və 2 körpünün tikintisi nəzərdə tutulur.

Xınalıq kəndi istiqamətində yeni avtomobil yolunun tikintisinin 2020-ci il ərzində yekunlaşdırılması planlaşdırılır.

Yolun tikintisi bu ərazidə 8 minə yaxın əhalinin yaşadığı 8 yaşayış məntəqəsini, həmçinin dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən və 5 min illik tarixə malik yaşayış məntəqəsi olan Xınalıq kəndini Quba-Qusar avtomobil yolu ilə birləşdirərək sərnişin və yükdaşımasının xeyli yaxşılaşmağa imkan verəcək. Bundan başqa yolun tikintisi mövcud turizm potensialının genişlənməsinə və yeni turizm marşrutlarının yaranmasına gətirib çıxaracaq.

 

Xəbər lenti