![]() |
|
Bakı -Sumqayıt yolunda sürücülərin səbirsizliklə gözlədiyi layihənin icrasına başlanılıb.
Xezerxeber.az-ın məlumatına görə, burada tıxacı azaltmaq üçün yeni tunellər tikiləcək, yol genişləndiriləcək.
"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentiliyinin sözçüsü Anar Nəcəfli deyib ki, yolda tamamilə maneəsiz hərəkət təşkil ediləcək. Zolaqlar dəmir maneələrlə ayrılacaq və sürücülər gedəcəyi istiqaməti əvvəlcədən seçməli olacaqlar.
Yolun üzü paytaxt istiqamətində 2 zolağının genişləndirilməsi nəzərdə tutulur. Bu isə o deməkdir ki, ərazidə olan yol polisinə məxsus ekologiya postunun da yeri dəyişdiriləcək.
Qeyd edək ki, Bakı -Sumqayıt yolunda yaranan tıxacın aradan qaldırılması üçün ölkə başçısı tərəfindən "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin rəhbərliyinə göstəriş verilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Prezidentin imzaladığı sərəncama əsasən, Şəmkir rayonunda yerli əhəmiyyətli Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi tərəfindən yenidən qurulub.
Agentlikdən Yol-xeber.az-a verilən məlumata görə, III texniki dərəcəli asfalt-beton örtüklü Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolunun 15 km-lik hissəsi 1976-1977-ci illərdə inşa edilib. Avtomobil yolu uzunmüddətli intensiv və ağır yüklü nəqliyyat vasitələrinin hərəkəti nəticəsində deformasiyaya uğradığından hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.
Yolda hərəkət hissəsində çalalar və çökmələr əmələ gəlmiş, en və uzunluq profilləri pozulmuşdur, yolun çiyin hissələri çökmüş və atmosfer yağıntılarından yuyulub. Bundan başqa yolun müxtəlif hissələrində torpaq yatağının hündürlüyü aşağı səviyyədədir. Bu üzdən yolda təxirəsalınmaz tədbirlərin görülməsinə ehtiyac yaranıb.
Sadalanan qüsurların aradan qaldırılması üçün Agentlik tərəfindən yenidənqurma işləri aparılıb. Layihəyə uyğun olaraq mövcud örtük 10 min kubmetr həcmdə sökülərək kənara daşınıb, torpaq yatağının normativ hündürlüyə qaldırılması üçün zəruri ərazilərdə işlər aparılıb. Bu işlərin həcmi 25 min kubmetr təşkil edib.
Yol boyu mövcud boruların bəzilərinin özü, bəzilərinin isə başlıqları yararsız olduğu üçün yenisi ilə dəyişdirilirməsinə, həmçinin kiçik su arxlarının və kommunikasiya xətlərinin keçməsi üçün yolun bəzi hissələrində metal boruların quraşdırılmasına ehtiyac olduğu üçün 5 ədəd 1,25 m diametrli dəmir-beton və 15 ədəd 500 mm diametrli metal boruların quraşdırılması işləri görülüb.
Yolun 3-cü və 8-ci km-dəki kiçik körpülərin əvəzinə 2x2 en kəsikli düzbucaqlı dəmir-beton boruların quraşdırılması məqsədə uyğun hesab olunduğu üçün bu istiqamətdə də addımlar atılıb. Bu işlərə paralel olaraq əsasın tikintisi aparılıb. Belə ki, 200 min kv m sahədə əsasın alt layı 20 sm hündürlükdə karxana çınqılı, üst layı isə 16 sm hündürlükdə optimal tərkibli çınqılı ilə tikilib.
Yol əsasından sonra asfaltlanma işlərinə başlanılıb. Bu çərçivədə yol örtüyünün alt qatı 7 sm qalınlıqda iri dənəli, üst qatı isə 5 sm qalınlıqda xırda dənəli asfalt-beton qarışığı ilə inşa edilib.
Bundan başqa Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolunun 9-cu km-dəki 1989-cu ildə inşa edilən Şəmkir çayı üzərindəki 79 metr uzunluğunda olan körpü qəzalı vəziyyətə düşdüyündən əsaslı şəkildə bərpası işləri aparılıb.
Belə ki, körpünün dayaqları bərkidilib, hər iki tərəfdə su nizamlayıcı beton qurğular inşa edilib, konuslar və körpünün girişlərində keçid pilitələr bərpa edilib, səkilər təmir edilib, məhəccərlər dəyişdirilib.
Tikinti norma və standartlarına uyğun olaraq layihənin sonuncu mərhələsində çiyin hissələr 75 min kv m sahədə 12 sm qalınlığında optimal-çınqıl materialı ilə bərkidilib, 2600 kv m sahədə yol birləşmələri təmir edilib, hərəkətin normal təşkili üçün 30 km göstəricisi, 80 yol nişanı, 660 siqnal dirəyi quraşdırılıb, yolcızgi və yol göstərici xətlər çəkilib.
Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolunun tikintisi 71 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm rol oynayır.
Son aylar Azərbaycanın avtomobil bazarında yenilik və canlanma müşahidə edilsə də, gömrük rüsumlarının yüksək olması fonunda qiymətlərin bahalığı alıcı qıtlığı , eləcə də durğunluq yaradır. Belə olan halda isə ölkənin avtomobil bazarının inkişafı ləngiyir. Ümumilikdə isə mövcud problem ölkə iqtisadiyyatına təsirsiz ötüşmür. Artıq yeni ilin astanasında olduğumuzu nəzərə alsaq , 2020 –ci ildə ölkəin avtomobil bazarında hansı dəyişikliklərin baş verəcəyi hər birimizə maraqlıdır. Odur ki, mövzunun aktuallığını nəzərə alıb, yeni il ərəfəsində Azərbaycanın avtomobil bazarında real vəziyyəti öyrənməyə çalışdıq.
Mövzu ilə əlaqədar Avtosfer.az saytının baş redaktoru, yol nəqliyyatı eksperti Elməddin Muradlı konkret.az-a açıqlamasında bildirib ki, avtomobil bazarında qiymətlər ilin sonuna yaxın hər zaman bahalaşır: “Bahalaşma ilin əvvəlində də gözlənilir. Çünki Azərbaycanda dövlət proqramı qəbul olunub və köhnə, istismar müddətini başa vuran avtomobillərin çıxdaş edilməsi gündəmdədir. Bəzi vətəndaşlar bundan istifadə edərək gözləmə mövqeyi seçirlər və dövlətin köhnə avtomobillərə görə ödəniş edəcəyini düşünürlər. Hansı ki, bu cür avtomobillərin “metallom” qiyməti heç 100 manatı keçmir. Bəziləri isə öz məsuliyyətini dərk edərək , nisbətən yeni və qaydalara uyğun olan ikinci-üçüncü əl avtomobillər almağa üstünlük verirlər. Bütün bunlar avtomobil bazarında bir yenilik və canlanma olduğunu deməyə əsas verir. Bu canlanma xüsusən hibrid avtomobillərin çoxalması fonunda özünü göstərir”.
Elməddin Muradlının sözlərinə görə, avtomobil bazarının müəyyən problemləri də mövcuddur:“Belə ki, dəllallar avtomobil almaq istəyən şəxslərin sayının artmasından istifadə edərək qiymətləri qaldırırlar. Hesab edirəm ki, bu düzgün yanaşma deyil. Təəssüflər olsun ki, hər kəs bazara öz şəxsi əmlakını çıxarır deyə, burada dövlət nəzarətini həyata keçirmək, yaxud inzibati üsullara əl atmaq mümkün olmur. Buna görə də, bazar dəllalların ümidinə qalıb. Ancaq ümumilikdə hesab edirəm ki, Azərbaycana avtomobil idxalı son aylarda artıb. Bu artım köhnə avtomobillərə qadağa qoyulacağı məsələsi gündəmə gələndən sonra müşahidə edilir”.
Ekspert əlavə edib ki, biz ekoloji cəhətdən təmiz olan avtomobillərin idxalına üstünlük verməliyik:”Bunun üçün gömrük rüsumları azaldılmalıdır. Gələn ildən elektromobillər üçün gömrük rüsumları sıfıra endiriləcək. Lakin hibrid avtomobillər üçün hələlik heç bir güzəşt tətbiq olunmayıb. Bu avtomobil bazarının inkişafına mənfi təsir göstərən amildir”.
Elməddin Muradlı bildirib ki, qonşu Gürcüstanda, İranda hibrid avtomobillərə 50-60 faiz güzəşt tətbiq olunur: “Yəni biz benzinlə işləyən hansısa bir avtomobil modelini ölkəyə gətirsək 10 min azn rüsum ödəməli oluruqsa, hibrid matorda bu məbləğ 4-5 min manat civarınadək aşağı düşür. Ona görə də, adıçəkilən ölkələrdə insanlar ətraf mühiti çirkləndirməmək üçün hibrid avtomobillərə maraq göstərirlər. Müqayisə üçün deyim ki, Tayota “Rav4” hibrid avtomobili Gürcüstanda 23 min dollara satılırsa, Azərbaycanda bu rəqəm 35 min dollara qalxır. Hesab edirəm ki, bu qədər fərqin olması, ölkənin avtomobil bazarının inkişafına mənfi təsir göstərir. Ona gösrə də, Azərbaycanda avtomobillər üçün tətbiq olunan gömrük rüsumları 2017-ci il səviyyəsinə qaytarılmalıdır. Bununla biz köhnə və ölüm saçan avtomobillərdən canımızı qurtararıq”.
Gələn ay “Sınıq Körpü” gömrük-keçid məntəqəsindən Batumi şəhərinə qədər ölkənin uzanan əsas magistral avtomobil yolunun Tercola (Terjola) məntəqəsi yaxınlığında böyük bir multifunksional yanacaqdoldurma məntəqəsi (YDM) açılacaq.
Bunu Reporta açıqlamasında “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov deyib.
Onun sözlərinə görə, bu, adıçəkilən yolda “SOCAR” brendi ilə fəaliyyət göstərəcək üçüncü böyük kompleks olacaq:
“Gürcüstanda yeni yollar inşa edilir. Əvvəlki vacib sayılan yol yenisi inşa edildikdən sonra ikinci dərəcəli yol olur. Artıq aktuallığını itirə biləcək YDM-ləri bağlamalı və ya fəaliyyətini məhdudlaşdırmalı oluruq”.
M.Məmmədov bildirib ki, burada digər prioritetlər yaranır:
“Yaxın vaxtlarda Gürcüstan dövləti Acarıstan Muxtar Respublikasının ərazisində yeni bir çoxfunksiyalı YDM-in açılması üçün tender elan edəcək. Biz bu tenderdə iştirak edəcəyik. Bu YDM-lərdə əsas məqsəd isə turistlərin və bu yoldan keçənlərin istirahətinin təşkil edilməsidir. Əsas məqsəd onların asudə vaxtının səmərəli təşkil olunmasıdır. Yanacağın satılması orada ikinci dərəcədə olacaq”.
O qeyd edib ki, hazırda Gürcüstan ərazisində SOCAR brendi altında 114 YDM fəaliyyət göstərir.
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 1 880 ədəd minik avtomobili istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,1 dəfə çoxdur. Dövlət Statistika Komitəsindən Yol-xeber.az-a verilən məlumata görə, hesabat dövrü ərzində Azərbaycanda traktor istehsalı 26,3% azalaraq 899 ədəd təşkil edib.
Məlumata əsasən, bu ilin 10 ayında ölkədə maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 227,5 mln. manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 4,5% artıb, sair nəqliyyat vasitələrinin istehsalı 10,8 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 30,7% azalıb.
Bu ilin yanvar-oktyabr aylarında "Bakı Metropoliteni" QSC 192,3 mln. sərnişin daşıyıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5% çoxdur.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2018-ci ilin 10 ayı ərzində metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 189,4 mln. nəfər olub.
Qeyd edək ki, indi Bakıda metropoliten xətlərinin uzunluğu 36,6 kilometrə, xətlərinin sayı 3-ə, stansiyalarının sayı 25-ə bərabərdir. Hazırda Bakı metropolitenində konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına əsasən, 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.