![]() |
|
İranda kvotadan artıq satılan benzinin qiyməti 3 dəfə bahalaşıb. Yol-xeber.az-ın APA-ya istinadən məlumatına görə, İranın neft məhsullarının yayımı üzrə milli şirkət bu gün səhərdən azad satışa çıxarılan benzinin qiymətinin bahalaşdığını elan edib. Bu gündən etibarən kvota tətbiq edilən benzinin qiyməti hər litr üçün 1500 tümən (20 qəpik), kvotadan artıq (azad) satışa çıxarılan benzinin qiyməti isə 3000 tümən (40 qəpik) təşkil edəcək. Super benzinin qiyməti isə 3500 tümən (45 qəpik) olacaq.
Qeyd edək ki, bundan öncə azad satışa çıxarılan benzinin qiyməti İranda 1000 tümən idi. Hər bir avtomobil sahibi ayda 60 litrə qədər kvota ilə benzin satın ala bilir.
Xatırladaq ki, İranda gündəlik 90 milyon litr benzin istifadə olunur.
Bakıda 300-ə yaxın yeni avtobus dayanacaqları quraşdırılaraq istifadəyə verilib. Yol-xeber.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
Onun sözlərinə görə, bu proses ictimai nəqliyyat infrastrukturunun yenilənməsi çərçivəsində həyata keçirilir: "Xüsusən də avtobus dayanacaq pavilyonları yenidən qurulur. Ötən dövrdə Bakı Nəqliyyat Agentliyi tərəfindən şəhərin müxtəlif yerlərində 300-ə yaxın yeni dayanacaq pavilyonları qurulub. Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyətindən təhvil alınan təxminən 900-ə yaxın dayanacaq pavilyonunun 50%-i təmir edilib. Yəni, bu, davamlı prosesdir. Qapalı dayanacaqlara gəlincə isə hazırda belə bir plan yoxdur, amma gələcəkdə bunun mümkünlüyünü istisna etmirəm".
Yerli əhəmiyyətli yolların əsaslı şəkildə təmiri layihələri çərçivəsində Ağcabədi rayonunda Boyat-Biləyən-Hacılar-Qaraxanlı marşrutu üzrə yaşayış məntəqələrini əhatə edən avtomobil yolları yenidən qurulub. Agentlikdən Yol-xeber.az-a verilən məlumata görə, uzunluğu 18 km olan yerli əhəmiyyətli Boyat-Biləyən-Hacılar-Qaraxanlı avtomobil yolu respublika əhəmiyyətli R33 Ağdam-Hindarx-Ağcabədi avtomobil yolundan ayrılır. Məhz bu üzdən yolun əsaslı şəkildə bərpası yol boyu 4 yaşayış məntəqəsində yaşayan əhalinin sevincinə səbəb olub.
Layihəyə uyğun olaraq yol bir-neçə marşrut üzrə V texniki dərəcədən IV texniki dərəcəyə uyğun təkmilləşdirilib. Bu 4.2 km Boyat, 4 km Qaraxanlı və 3.1 km uzunluğa malik Hacılar kəndlərinə gedən və kənlərin daxili avtomobil yolları, həmçinin Biləyən kəndinin 6.7 km uzunluğa malik yoludur.
Uzun illər təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən qara və çınqıl örtüklü olan avtomobil yolları yararsız vəziyyətdə idi. Kəndlərə gedən və kənddaxili avtomobil yollarında torpaq yatağının orta eni 5.2-7.5 m təşkil edirdi.
Yolun əkin sahələrindən keçən hissələrdə yol yatağı suvarma və qurunt sularının təsirinə məruz qalaraq yararsız hala düşmüşdür. Bu hissələrdə torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq təmiri vacib idi. Yolun bəzi hissələrində uzunluğu 305 m olan dərələr yerləşir və torpaq yatağının eni burada 5-6 m təşkil edirdi. Bu hissələrdə torpaq yatağının enini almaq məqsədilə yararlı qrunt gətirilərək tökmədən istifadə etmək lazım idi. Həmçinin təhlükəsizlik məqsədilə hər iki tərəfdə əyrixətli dəmir tirlərin quraşdırılması vacib idi.
Birbaşa olaraq vətəndaşların rahat gediş-gəlişinə maneə yaradan bu çatışmazlıqları aradan qaldırmaq məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb edilməklə yenidənqurma işləri həyata keçirildi.
Bu işlər çərçivəsində yararsız qara örtüyün mexanizmlə sökülüb, yolun deformasiyaya uğramış hissələrinin ekskovatorla qazılıb çıxarılıb, yolun dərədən keçən hissəsinin və torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq təmiri aparılıb, daha sonra karxana çınqılı ilə qazılmış və yuyulmuş hissələr doldurulub, torpaq yatağının bərpası işləri görülüb.
Mövcud suötürücü borular sınmış və çökərək istismara yararsız vəziyyətdə olduğundan yenidən təmir olunmasına, həmçinin əlavə olaraq yeni boruların qoyulmasına ehtiyac olduğu üçün 416 paqon-metr uzunluğunda müxtəlif diametrlərə malik dəmir-beton boruların quraşdırılması işləri aparılıb.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yol geyiminin inşası üçün layihədə nəzərdə tutulmuş qalınlıqda qum-çınqıl və optimal-qırmadaş qarışığından istifadə olunmaqla yol əsasının inşası, buna paralel olaraq isə yol əsası hazır olan ərazilərdə 6 metr hərəkət hissəsi nəzərə alınmaqla 100 min kv.m sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.
Layihənin sonuncu mərhələsində yol boyu 5 avtobus dayanacağı inşa edilib, hərəkətin normal təşkili üçün yol boyu 45 yol nişanlı və məlumatverici lövhə, 344 təhlükəsizlik dirəklərinin, yolun dərələrdən keçən hissələrinfə hər iki tərəfdən 610 paqon-metr əyrixətli tirlərin quraşdırılması və yolda xətlənmə işlərinin aparılması ilə müasir yol infrastrukturu yaradılıb.
Bir sözlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yenidən qurulan yol həmin ərazidə yaşayan vətəndaşlara respublika əhəmiyyətli R33 Ağdam-Hindarx-Ağcabədi yoluna rahat çıxış əldə etməklə yetişdirdikləri kənd təsərrüfatı məhsullarını rayon mərkəzinə və qonşu rayonların bazarlarına tez və xarab olmadan daşımasına imkan yaradıb.
Bayram günlərində adi iş günlərinə nisbətən dəmir yolu ilə daşınan sərnişinlərin sayı iki dəfə çox olub. Bu barədə Yol-xeber.az-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər.
Bildirilir ki, Dövlət Bayrağı Günü ərəfəsində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədilə, noyabrın 9-da bir istiqamətə, noyabrın 11-də isə hər iki istiqamətə olmaqla, əlavə qatar təyin edilib: "Həmin tarixlərdə Bakı-Gəncə-Bakı istiqamətində 2389 sərnişin daşınıb. Bu da, müvafiq olaraq, adi iş günlərində daşınan sərnişindən iki dəfə çoxdur".
ABŞ prezidenti Donald Trampın bu həftə Avropa İttifaqından (Aİ) idxal edilən avtomobillərə gömrük rüsumlarının tətbiqi barədə qərarını təxirə saldığını açıqlayacağı gözlənilir. Yol-xeber.az xəbər veriri ki, “Report” bu barədə “Politico” nəşrinə istinadən xəbər verir.
Mötəbər mənbə bu qərarın daha 6 ay müddətinə təxirə salınacağını, bununla belə ticarət və rüsumlarla bağlı D.Trampın yekun qərarlarının daima müəmmalı olduğunu qeyd edib.
Xatırladaq ki, ABŞ prezidenti Avropa istehsalı olan avtomobillərə rüsum tətbiq edə biləcəklərini hələ bu ilin fevral ayında bildirmişdi. Avropa Komissiyası da belə bir addım atılarsa, cavab olaraq 20 milyard dollarlıq ABŞ mallarına əlavə rüsum tətbiq edəcəklərini açıqlamışdı.
Bu ilin may ayında isə ABŞ prezidenti Aİ və Yaponiya avtomobillərinə rüsum tətbiqini 6 ay təxirə saldıqlarını açıqlamışdı. Bu müddət noyabrın 13-də başa çatır.
Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın beynəlxalq hava limanlarında sərnişin axını 4,7 mln. sərnişin təşkil edib ki, bu da son illərin rekord göstəricisidir.
Heydər Əliyev Beynəlxalq Aeroportdan Yol-xeber.az-a verilən məlumata görə, bunun 4 mln-dan çoxu Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşüb ki, bu da ötən ilin göstəricisindən 200 min sərnişin çoxdur. Naxçıvan hava limanı 541 min sərnişinə xidmət göstərmişdir, Gəncənin hava limanı isə – 127 min sərnişin ilə üçüncü olub.
Sözügedən müddət ərzində milli aviadaşıyıcı – “Azərbaycan Hava Yolları” QSC (AZAL) 1,72 mln. sərnişin, Azərbaycanın loukost aviaşirkəti "Buta Airways" isə 499 min sərnişin daşıyıb. Paytaxtın hava limanında beynəlxalq uçuşlarda sərnişinlərin sayı 3,52 mln. nəfər təşkil edib. Sərnişin aviadaşımaları üzrə aviaşirkətlərin onluğuna milli aviaşirkətlər ilə yanaşı “Türk Hava Yolları” (Türkiyə, 418 min sərnişin), “FlyDubai” (BƏƏ, 207 min), “Aeroflot” (Rusiya, 167 min), “AirArabia” (BƏƏ, 141 min), UIA (Ukrayna, 107 min), “Qatar Airways” (Qətər, 90 min), “Lufthansa” (Almaniya, 59 min) və SCAT (Qazaxıstan, 52 min) daxil olub.
Bu ilin oktyabr ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportundan 32 sərnişin aviaşirkəti 60-dan çox müxtəlif istiqamətə uçuşlar həyata keçirib.
Qeyd edək ki, Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula birbaşa uçuşlar həyata keçirilir. Həmçinin milli aviadaşıyıcı AZAL qış cədvəli çərçivəsində Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər həyata keçirir.
Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.
Dövlət Avtomobil Nəqliyyatı Xidməti Sumqayıt, Xırdalan, Masazır, Novxanı, Saray və digər ətraf qəsəbələrdən Bakıya sərnişindaşıma ilə bağlı monitorinq aparıb. Yol-xeber.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Xidmətin mətbuat katibi Nuridə Allahyarova məlumat verib.
O bildirib ki, Xırdalan, Mazasır, Novxanı, Abşeron Gənclər Şəhərciyi, Saray-Bakı istiqamətində marşrut xətlərində ciddi problemlər aşkarlanıb. Monitorinqlər zamanı bəlli olub ki, bu istiqamətlərdən Bakıya sərnişin daşıyan avtobusların sayı sərnişin axınına adekvat deyil: "Bu istiqamətdə sərnişin daşıyan avtobusların sayı normal olsa da, monitorinqlər zamanı məlum oldu ki, pik saatlarda həmin xətlər üzrə avtobus çatışmazlığı müşahidə olunur. Ona görə də biz daşıyıcılara deyə bilmirik ki, xətdəki avtobusların sayını artır. Monitorinq göstərir ki, avtobus sayı normaldır, sadəcə yolda sıxlıq olduğundan, avtobuslar vaxtında gəlib mənzil başına çata bilmir. Bakı-Sumqayıt istiqamətində səhər və axşam saatlarında yol tıxac olduğundan, sərnişinlər avtobus çatışmazlığı problemi yaşayırlar. Buna görə də gələn ildən həmin xətlər üzrə pik saatlarda avtobusların sayı artırılacaq, bizim tərəfimizdən xəttə əlavə avtobuslar salınacaq. Digər saatlarda isə avtobusların sayında dəyişikliklər olmayacaq".
"Bakı Metropoliteni" QSC "Ulduz" və "Xalqlar Dostluğu" stansiyalarının adlarını dəyişmək istəyir. Yol-xeber.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında qurumun baş mühəndisi Əlixan Osmanov məlumat verib. "Ulduz" stansiyasının "Böyükşor" adlandırılmasını istəyirik. Adı SSRİ dövrünü xatırladan "Xalqlar dostluğu" stansiyası üçün isə bir neçə ad təklif etmişik. Həmin stansiyanın yaxınlığından görkəmli şəxsiyyətlərin adlarına olan bir neçə küçə və prospekt keçir. Bunlardan biri Günəşli qəsəbəsinə doğru gedir (red. Babək prospekti), digəri isə Laçın Univermağının yanından keçir (red. Bəhruz Nuriyev küçəsi). Çaşqınlıq yaratmamaq üçün hələlik onların adlarını səsləndirmək istəmirəm, amma artıq Nazirlər Kabineti yanında Adqoyma Komissiyasına müraciət etmişik", - o deyib.
Bundan başqa, metropoliten rəsmisinin sözlərinə görə, təmsil etdiyi qurum "Bənövşəyi xətt"də olacaq bütün stansiyaların adları ilə bağlı təkliflərini də Adqoyma Komissiyasına təqdim edib: "Həmin adları qəbul edib-etməmək komissiyanın səlahiyyətindədir. Adətən Adqoyma Komissiyası stansiyalara adları onların yerləşdiyi əraziyə uyğun verir. İndiyə qədər bizdə adqoyma bir qədər pərakəndə olub. Məsələn, "Nizami" və "Memar Əcəmi" stansiyalarının yaxınlığında həmin şəxslərlə bağlı küçə, prospekti yaxud onları xatırladan nə isə yoxdur. Amma bu gün Adqoyma Komissiyası bu işlə ciddi məşğul olur".