Avtomobil bazarında durğunluq yaşanır - VİDEO
Avtomobillərin qiymətində ucuzlaşma olacağını proqnoz edirlər

Bakının avtomobil bazarında durğunluq yaşanır.

Xezerxeber.az-ın məlumatına görə, bazara müxtəlif markalı və fərqli qiymətə kifayət qədər maşın çıxarılsa da alıcısı çox azdır.

Satıcılar ötən aylarla müqayisədə avtomobillərin qiymətinin bahalaşdığını bildirirlər. Qiymət artımından sonra alıcıların sayı getdikcə azlır.

 

Alıcıların sözlərinə görə, bir ay əvvəl satılan maşınla hazırda təklif edilən avtomobillərin qiyməti arasında nəzərəçarpacaq dərəcədə fərq var.

Satıcılar onu da bildiriblər ki, son vaxtlar bazarda əsas ''Hibrit'' avtomobillərə təlabat artıb. Onlar gələn ilin yanvar ayından etibarən ikinci əl avtomobillərin qiymətində ucuzlaşma olacağını proqnoz edirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 
CNG qaz yanacağının qiymətində dəyişiklik olmayacaq
7,5 milyon tona qədər artırılması istiqamətində aparılan işlərin də başa çatdırılması planlaşdırılıb

Son dövrdə Azərbaycanda maye qaza olan tələbat artıb. Report-un məlumatına görə, tələbat artımına səbəb maye qazın, ilk növbədə, həm kimya sənayesində, həm də yanacaq kimi istifadə olunmasıdır.

Belə ki, kimya sənayesində son dövrdə sürətli inkişaf olduğuna görə LPG-yə olan tələbat da çoxalıb. Digər tərəfdən, Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan dövrü təmir işləri müddətində tələbat kəskinləşib, qıtlıq daha da artıb.

Maye qaz və ya LPG kimi bazarda satışda olan məhsulun qiyməti təchizatçı şirkət tərəfindən tənzimlənir. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) həmin məhsulun ölkə daxilində, sadəcə, istehsalçısıdır. Lakin təchizatçı şirkət tələbata görə məhsulu həm də xaricdən idxal edə bilər. 

 

Yəni SOCAR-ın məhsul üzərində hər hansı bir inhisarçılığı yoxdur və onun qiymətinin tənzimlənməsini həyata keçirmir. Bu qiymət həm SOCAR yanacaqdoldurma məntəqələri, həm də digər yanacaqdoldurma məntəqələri üçün yəqin ki, eyni olacaq və yaxın zamanlarda qiymət artımını gözləmək olar. Maye qazın qiymətinin artımı bununla bağlıdır ki, son dövrdə bazarda bu məhsula olan tələbat artıb.

Artıq dünən “Azpetrol” yanacaqdoldurma məntəqələrində maye qazın satış qiyməti 0,45 manatdan 0,65 manata qaldırılıb.

LPG-nin satışını həyata keçirən şirkət SOCAR olmasa da, istehlakçıların məmnuniyyətini maksimum dərəcədə təmin etmək üçün şirkət bir müddət əvvəl qabaqlayıcı tədbir olaraq bazara alternativ, daha əlverişli olan analoji yanacaq məhsulunu daxil edib. Bu da CNG-dir - yəni sıxışdırılmış təbii qaz.

Sıxışdırılmış təbii qaz və maye qaz tamamilə ayrı-ayrı məhsullardır. Sıxışdırılmış təbii qazın satışı artıq SOCAR-ın bir çox yanacaqdoldurma məntəqələrində həyata keçirilir. Onun satış qiyməti 0,45 manatdır və qiymətində yaxın zamanda dəyişiklik gözlənilmir.

Bu, onunla bağlıdır ki, sıxışdırılmış təbii qaz evdə istifadə etdiyimiz təbii qazdan əldə olunur. Azərbaycanda isə təbii qaz ehtiyatları boldur, bu da qarşıdakı illərdə bu məhsulla təminatı tam rahat şəkildə mümkün edəcək. 

Qeyd edək ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu regionun yeganə neftayırma kompleksidir və Azərbaycanın yanacağa olan tələbatının əsas hissəsini təmin edir. Zavodda 15 adda neft məhsulu, o cümlədən avtomobil benzini, təyyarə yanacağı, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur.

Hazırda Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya layihəsinin 2-ci və 3-cü mərhələləri həyata keçirilir. Layihə çərçivəsində artıq 2021-2022-ci illərdə Azərbaycanda AVRO-5 standartına cavab verən dizel və benzin yanacağının istehsal olunması nəzərdə tutulur. 2024-2025-ci illərdə isə istehsalat həcminin 7,5 milyon tona qədər artırılması istiqamətində aparılan işlərin də başa çatdırılması planlaşdırılıb.

Bakı-Gəncə istiqamətində əlavə qatar ayrılıb

Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin edilir.

“Yol-xeber.az” xəbər verir ki, məqsəd Dövlət Bayrağı Günü münasibətilə Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etməkdir.

Noyabrın 9-da bir istiqamətə təyin olunan 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı saat 8:45-də Bakıdan yola düşəcək və saat 13:00-da Gəncəyə çatacaq. 

Noyabrın 11-də isə Bakıdan və Gəncədən 704/703 nömrəli Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı iki istiqamətə təyin edilir. 

Saat  8:45-də Bakıdan yola düşəcək qatar saat 13:00-da  Gəncədə olacaq. Saat 17:00-da isə Gəncədən əks istiqamətə hərəkət edəcək, saat 21:15-də  Bakıya çatacaq.

Maye qazın qiyməti 45 qəpikdən 65 qəpiyə qaldırıldı
Şirkətlər qiymət artımını “SOCAR”ın üzərinə, “SOCAR”da şirkətlərin üzərinə atır

Azərbaycanda yanacaqdoldurma məntəqələrində (YDM) yaranan maye qaz (LPG) qıtlığı aradan qaldırılır, artıq “Azpetrol”un Bakının Nobel prospektində və Qusar şəhərində yerləşən YDM-lərində satış bərpa olunub. Yol-xeber.az xəbər verir ki, bu barədə “APA-ya “Azpetrol” şirkətindən məlumat verilib. Şirkətdən bildirilib ki, maye qazın satış qiyməti 0,45 manatdan 0,65 manata qaldırılıb.  “Qiymət təchizatçı tərəf olan “Məişət Maye Qaz” zavodunun bizə satdığı qiymət əsasında formalaşıb”, - deyə “Azpetrol”dan bildirilib.

Məsələ ilə bağlı SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, qiymət dövlət, o cümlədən SOCAR tərəfindən tənzimlənmir. “Hazırda maye qazın qiymətini təchizatçı şirkətlər özü tənzimləyir. Biz qazı aşağı qiymətə satırdıq, belə ki, dövlət qarşımıza bu tələbi qoymuşdu. Əvvəllər təchizatçılar maye qazı ancaq bizdən alırdı. İndi isə, ola bilsin, idxal edirlər. Belə olduğu təqdirdə istisna deyil ki, qiymət dəyişə bilər", - deyə İ.Əhmədov qeyd edib.

İ.Əhmədov əlavə edib ki, hazırda ölkədə maye qaza tələbat artmaqdadır: "Belə ki, bu məhsul həm də kimya sənayesində xammal kimi istifadə olunur".

 

“Məişət Maye Qaz” QSC-dən isə bildirilib ki, qiymət artımı zavodun təmirə dayanması və bu müddət ərzində maye qazın ölkəyə idxal edilməsi ilə əlaqədardır: “Zavodda təmir işləri artıq başa çatdırılıb. Yaxın zamanlarda LPG-nin köhnə qiymətlə satışı bərpa olunacaq”.

“SOCAR Petroleum” şirkətindən isə bildirilib ki, sözügedən zavodda təmir gedən müddətdə SOCAR YDM-lərində maye qaz satılmayıb: “Hazırda “Məişət Maye Qaz”dan maye qazın tədarükünü gözləyirik”.

Metrodan qiymət artımı ilə bağlı xəbərlərə — RƏSMİ CAVAB

"Yaxın vaxtlarda "Bakı Metropoliteni" QSC-də qiymət artımı gözlənilmir".
Report xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun baş mühəndisi Əlixan Osmanov deyib.

"Hazırda Bakı metrosu MDB məkanında ən ucuz metrodur. Sərnişinlərin daşınmasından əldə olunan gəlir xərcin yalnız 60%-ni qarşılayır. Bununla belə, qiymət artımı gözlənilmir", - deyə o, qeyd edib.
Metropoliten rəsmisi gələcəkdə metroda diferensial tarif sisteminə keçə biləcəklərini də deyib:

"Bu gün "Bakı Metropoliteni" uzaqmənzilli deyil. Nəzərdə tutduğumu 76 stansiyamın hamısı istismara veriləndən sonra diferensial tarif sisteminin tətbiqi rahat olacaq. Bu gün həmin sistem əhəmiyyətsizdir".
Avtobuslarda qiymət artımı ilə bağlı iddiaya — RƏSMİ AÇIQLAMA

Bakıda sərnişin avtobuslarında qiymət artımı ilə bağlı iddialar həqiqəti əks etdirmir.
Bunu baku.ws-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mayis Ağayev bildirib.
O, əlavə edib ki, təmsil etdiyi qurumda belə bir məsələ müzakirə mövzusu deyil.

Qeyd edək ki, "Bakı Metropoliteni" QSC-də qiymət artımı ilə bağlı iddiaları təkzib edib və yaxın vaxtlarda qiymət artımının gözlənilmədiyini açıqlayıb.
Prezident dəmir yolu tikintisinə 45 milyon manat ayırdı
Prezident İlham Əliyev noyabrın 7-də “Ləki–Qəbələ dəmir yolu xəttinin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.2.6-cı yarımbəndində göstərilmiş məbləğin 45 milyon manatı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ayrılıb.

 

Enerji təchizatı sisteminin yenidən qurulması və təkmilləşdirilməsi “Azərbaycan Dəmir Yolları” QSC-nin apardığı yeniləşmə prosesinin əsas tərkib hissələrindən biridir.

"Yol-xeber.az" xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu hesabına dəmir yolunun Biləcəri-Yalama sahəsində dartı yarımstansiyaları tikilir. Həmin yarımstansiyalar dartı cərəyanının sabit cərəyandan dəyişən cərəyana keçirilməsini təmin edəcək. Biləcəri-Yalama sahəsində Xızı rayonunda Yaşma, Siyəzən ərazisində Qızılburun, Xaçmazda Çarxı və Yalama dartı yarımstansiyalarının tikintisi başa çatmaq üzrədir. Binəqədi rayonundakı Biləcəri dartı yarımstansiyasında isə bu günədək işlərin 33,4%-i yerinə yetirilib.

Bununla da Biləcəri-Yalama sahəsində sabit cərəyanla işləyən mövcud 10 dartı yarımstansiyası dəyişən cərəyanla işləyən 5 yeni dartı yarımstansiyası ilə əvəzlənəcək.

Məlumat üçün bildirək ki, növbəti ildən Biləcəri-Yalama sahəsində yolların əsaslı təmiri planlaşdırılır. Bu prosesə start verilməsi həm də işarəvermə rabitə və enerji təchizatı sahələrinin də yenidən qurulmasına şərait yaradacaq. Dartı yarımstansiyalarının aparılan islahatlara uyğun olaraq qurulması dəmir yolunda hərəkətin intensivliyinin saxlanmasına yol açacaq. 

Çin Xalq Respublikasının Şanxay şəhərində II Çin Beynəlxalq İdxal Sərgisi işə başlayıb.

155 ölkə və regionun, 26 beynəlxalq təşkilatın qatıldığı sərgi idxal məhsullarının Çin bazarına girişini təşviq etmək və bu işə dəstək məqsədi daşıyır. Sərgidə 62 ölkənin milli pavilyonu fəaliyyət göstərir. Ümumi ekspozisiya sahəsi 360 min kvadratmetr olan sərgidə 3893 şirkət iştirak edir.

Sərginin açılış mərasimində Fransa Prezidenti Emmanuel Makron, Yunanıstanın Baş Naziri Kiryakos Mitsotakis, Serbiyanın Baş Naziri Ana Brnabiç, Yamaykanın Baş Naziri Endrü Holnes və digər yüksəkvəzifəli rəsmilər iştirak ediblər.

Çin Xalq Respublikasının Sədri Si Cinpin Şanxay sərgisinin hökumətin daxili bazarın idxal məhsullarına daha açıq olmasını təmin etmək istiqamətindəki səylərinin bir hissəsi olduğunu deyib. Bildirib ki, Çin xarici sərmayələrin və idxalın artımına nail olmaq üçün ölkədə biznes şəraitinin inkişafı, iqtisadiyyatda daha sağlam rəqabət mühitinin yaradılması istiqamətində iş aparır.

Sərgidə Azərbaycandan Baş Nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edir. Nümayəndə heyətinin tərkibinə Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalov və digər şəxslər daxildir.

Azərbaycan bu il sərginin həm ölkələr, həm də biznes bölməsində iki milli pavilyonla təmsil olunur. Ölkələr bölməsindəki 136 kvadratmetrlik Azərbaycan pavilyonunda ölkəmizin iqtisadi inkişafına, əlverişli biznes və sərmayə mühitinə, nəqliyyat-tranzit imkanlarına, turizm potensialına dair materiallar, nəşrlər nümayiş olunur. Bundan başqa, ziyarətçilər üçün monitorlarda Azərbaycana aid videolara baxmaq imkanı yaradılıb.

Biznes bölməsindəki 300 kvadratmetr sahəsi olan Azərbaycan pavilyonunda isə “Made in Azerbaijan” brendi ilə bazara çıxarılan rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar, o cümlədən şərablar və spirtli içkilər, qənnadı məmulatları, meyvə şirələri və kompot, quru meyvələr, mineral sular, konservlər istehsal edən 26 şirkətimiz məhsullarını yerli idxalçılara təqdim edir. Azərbaycan şirkətləri istehsal etdikləri məhsulların Çinə ixracına dair danışıqlar aparıb, ilkin razılaşmalar əldə ediblər.

Baş Nazirin müavini Şahin Mustafayev sərgi çərçivəsində keçirilən “Açıqlıq siyasəti, tənzimləmə və işgüzar mühit” mövzusunda əsas forumda çıxış edərək, Çin Xalq Respublikasının ötən 70 ildə böyük uğurlar qazandığını, 1978-ci ildə elan olunan islahatlar və açıqlıq siyasəti nəticəsində isə onun ən sürətlə inkişaf edən ölkələrindən birinə, dünyanın ən böyük ikinci iqtisadiyyatına sahib dövlətinə çevrildiyini deyib.

Baş Nazirin müavini dost və tərəfdaş ölkə kimi Azərbaycanın Çinin bu uğurlarına sevindiyini bildirib, ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə davamlı inkişaf etdiyini deyib. ÇXR-nin Sədri Si Cinpinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsü iki ölkənin əməkdaşlığı üçün yeni imkanlar yaradıb. Azərbaycan Prezidenti İlham Əliyev apreldə Pekində 2-ci “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda iştirak edərək, ölkəmizin sahib olduğu iqtisadi potensialı ilə bu strategiyanın həyata keçməsinə hər cür dəstək verməyə hazır olduğunu bəyan edib.

Ş.Mustafayev ötən əsrin sonunda müstəqilliyini bərpa edən Azərbaycanın bazar iqtisadiyyatı yolunu tutduğunu, həyata keçirilmiş islahatlar nəticəsində ölkədə əlverişli biznes və sərmayə mühitinin, makroiqtisadi sabitliyin təmin olunduğunu deyib. Bildirib ki, hazırda özəl sektorun ümumi daxili məhsuldakı (ÜDM) payı 80 faizdən çoxdur. Azərbaycan dünyanın 180-dən çox ölkəsi ilə ticari-iqtisadi münasibətlər qurub.

Son 15 ildə Azərbaycan iqtisadiyyatında böyük irəliləyişin müşahidə olunduğunu diqqətə çatdıran Baş Nazirin müavini deyib ki, bu müddətdə ÜDM 3 dəfədən çox, qeyri-neft sektoru 2,8 dəfə, dövlət büdcəsinin gəlirləri 18 dəfə, valyuta ehtiyatları 28 dəfə artıb. Müstəqillik illərində Azərbaycana 270 milyard dollar sərmayə yatırılıb ki, onun da təxminən yarısı xaricdən qoyulan investisiyadır. Qeyd olunub ki, Azərbaycanın sosial-iqtisadi sahədə qazandığı uğurlar beynəlxalq təşkilatların hesabatlarında da əksini tapıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Özbəkistanın Baş Nazirinin müavini Elyor Qəniyev, habelə Çinin iri şirkətlərinin rəhbər şəxsləri ilə görüşlərində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri


 

"Son illər "Azərbaycan Dəmir Yolları" QSC-də kifayət qədər yenidənqurma işləri aparılıb və həmin işlər bu gün də davam etdirilir. Odur ki, Azərbaycanın dəmir yollarının səmərəliliyinə görə MDB-də lider olması təbiidir".

Bunu "Yol-xeber.az"a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili Azərbaycanın dəmir yolu nəqliyyatının səmərəlilik indeksi üzrə MDB ölkələri arasında 1-ci, dünyada isə 11-ci olmasına münasibət bildirərkən deyib.

Xatırladaq ki, sözügedən indeks Dünya İqtisadi Forumunun bu il üçün tərtib etdiyi "Qlobal Rəqabətlilik Hesabatı"nda öz əksini tapıb. Azərbaycan 70,8 bal toplayaraq MDB-də lider, indeksin əhatə etdiyi 141 ölkə arasında isə 11-ci olub.

T.Mirkişilinin sözlərinə görə, dəmir yolu təsərrüfatında aparılan işlər arasında ölkənin beynəlxalq bazarlara çıxışının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər xüsusilə qeyd olunmalıdır: "Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verildikdən sonra Şimal-Cənub və Şərq-Qərb dəhlizləri çərçivəsində yükdaşımar üçün yeni marşrut yaranıb, Azərbaycan ərazisi ilə daşınan yüklərin həcmi artıb. Halbuki əvvəllər dəmir yolları ilə yükdaşımalar az idi.

Bu gün Azərbaycanın üzv olduğu beynəlxalq nəqliyyat dəhlizləri dünyada ən sonunculardan və yeni istifadəyə verilənlərdən hesab edilir. Həmin dəhlizlərə yeni texnologiyaların tətbiqi yükdaşımaların artmasına səbəb olur. Azərbaycan Avropa və Asiya, Şimal və Cənub arasında intensivliyin artmasında rol oynayır. Bu rol ölkənin “Qlobal Rəqabətlilik Hesabatı”nda 11-ci yerdə qərarlaşmasına səbəb olur. Bu hesabatda yüksək mövqedə olmaq Azərbaycan iqtisadiyyatının digər ölkələrin iqtisadiyyatları ilə inteqasiyaya, əməkdaşlığa hazır olduğunu göstərir. Ölkəmizlə əməkdaşlıq etmək istəyən xarici şirkətlərin sayını artır".

Qeyd edək ki, reytinq cədvəlində Rusiya 64,6 bal toplayaraq MDB-də 2-ci, dünyada 17-ci, Ukrayna 52,9 bal toplayaraq MDB-də 3-cü, dünyada 34-cü, Tacikistan 51 bal toplayaraq MDB-də 4-cü, dünyada 37-ci, Gürcüstan 48,9 bal toplayaraq MDB-də 5-ci, dünyada 43-cü, Ermənistan 35,1 bal toplayaraq MDB-də 6-cı, dünyada 67-ci, Moldova 33,8 bal toplayaraq MDB-də 7-ci, dünyada 69-cu, Qırğızıstan isə 30,1 bal toplayaraq MDB-də 8-ci, dünyada 77-ci olub.

Hesabatda Birlik ölkələrindən Belarus, Qazaxıstan, Özbəkistan və Türkmənistan sözügedən indekslə əhatə edilməyib.

Siyahıya dünya üzrə liderliyi 96 balla Yaponiya edib.

Xəbər lenti