|
Dünya birjalarında neft qiymətlərinin bahalaşması davam edir.
Axar.az xəbər verir ki, “Brent” markalı neft günə 0,16 dollar bahalaşma ilə başlayıb və bir barreli artıq 56,11 dollaradır.
VTİ markalı neftin bir barreli isə 47,28 dollara satılır.
Telekommunikasiya və yeni həllər vasitəsilə insan həyatını asanlaşdırmağı, ən son texnologiyaları istifadəçiləri üçün əlçatan etməyi hədəfləyən Azercell Telekom MMC yeni kampaniya təqdim edir.
Axar.az xəbər verir ki, şirkət “Milyon, milyon nömrələr” kampaniyası çərçivəsində pərakəndə nömrə satışlarına başlayır. Təqdim olunan yeni kampaniya mövcud və potensial müştərilərə www.mysim.az veb-saytına daxil olmaqla bəyəndiyi nömrəni əldə etmək imkanı verir. Belə ki, müştəri onu maraqlandıran nömrəni axtarış xanasına daxil edir, sistem isə öz növbəsində nömrənin satışda olub-olmadığını müəyyənləşdirir. Axtarış müsbət nəticə verdiyi halda, abunəçiyə həmin nömrənin əldə edilməsi üçün istənilən “Azercell” rəsmi satış məntəqəsinə müraciət etməsi tövsiyyə edilir.
“Azercell”in təqdim etdiyi sözügedən kampaniya çərçivəsində sayt vasitəsilə satış müştərilərin rahatlığını təmin edir, nömrə almaq istəyənlərə daha çox seçim imkanı və sərfəli qiymət təqdim edir. Abunəçi ev və ya ofisi tərk etmədən, almaq istədiyi nömrə kombinasiyasının və ya oxşar nömrə variantlarının mövcudluğu haqqında məlumatı rahatlıqla əldə edir və ona ən yaxın “Azercell” rəsmi satış məntəqəsindən müvafiq nömrəni əldə edir.
Ölkənin lider operatoru olan “Azercell” bundan sonra da müştərilərini unikal xidmətlər və sərfəli kampaniyalarla sevindirməyə davam edəcək.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.
Azərenerji ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidməti, eləcə də qurumun dövri nəşrlər şöbəsi ləğv edilərək yerində İctimaiyyətlə əlaqələr və mətbuat mərkəzi yaradılıb.
Report xəbər verir ki, mərkəzə rəhbərlik Teymur Abdullayevə həvalə edilib.
İndiyə qədər İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Yahya Babanlıya müvafiq iş təklif edilsə də, o öz ərizəsi ilə “Azərenerji”dən ayrılıb.
Qeyd edək ki, T.Abdullayev uzun müddət müxtəlif qəzet və televiziyalarda, o cümlədən Müdafiə Nazirliyinin mətbuat xidmətində işləyib. Yeni vəzifəyə təyin edilməzdən əvvəl isə Azərişıq ASC-nin ASAN Xidmətlə iş şöbəsinin rəis müavini vəzifəsində çalışıb.
“Kapital Bank”ın ödəniş kartları ilə məvacib alan müştərilər “13-cü maaş” adlı stimullaşdırıcı lotereyada iştirak edib, aldıqları rəsmi məvacib miqdarında, hədiyyə qazana bilərlər. Minimum 10 manat olan hər nağdsız ödəniş, 1 iştirak şansına bərabər tutulur.
Axar.az xəbər verir ki, şərtlərə görə, müştərilər 13 yanvar 2019-cu ilədək POS terminal və ya İnternet vasitəsilə onlayn ödəniş əməliyyatı etməklə, avtomatik olaraq lotereya iştirakçısı olurlar. Rüsum, kommunal və kredit ödənişləri, həmçinin Card-to-card əməliyyatları lotereyada iştirak etmir.
16 yanvar 2019-cu ildə baş tutacaq tiraj zamanı “Kapital Bank”dan məvacib alan 10 nəfər, minimum 135 manat, maksimum 3000 manat olmaqla, bir aylıq rəsmi məvacibini qazanacaq. Hədiyyə müştərinin əmək haqqı kartına köçürüləcək.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 98 filialı və 12 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
2018-ci ilin yanvar-noyabr aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2017-ci ilin yanvar- noyabr ayları ilə müqayisədə 3,4 faiz artaraq 17 milyard 568,6 milyon manat olub.
Trend-in məlumatına görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz artaraq 7 milyard 949,1 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,4 faiz artaraq 9 milyard 619,5 milyon manata bərabər olub.
İstehlak məhsullarının 24,7 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 61,9 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,4 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 33,1 milyon manatlıq və ya 2017-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 19,3 faiz az istehlak məhsulları satılıb. Satışın bu növü vasitəsilə qeyri-ərzaq məhsulları realizə olunub.
Qoyun ətindən fərqli olaraq quzu ətinin qiyməti qalxıb.
Xəzər Xəbər-in məlumatına görə, hazırda bazarda 1 kiloqram quzu ətinin qiyməti 14 manatdır.
Satıcılar deyirlər ki, qiymətlər 1 aya yaxındır ki, qalxıb.
Qiymət artımının səbəbinə gəldikdə isə, satıcılar deyirlər ki, başlıca səbəb bu aylarda yaşanan quzu qıtlığıdır. Tələb çox olduğundan bölgələrdə əmlik quzu tapmaq sözün əsl mənasında müşkülə çevrilib.
Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən bildirildi ki, nazirlik ətin qiymətinin müəyyən edilməsində iştirak etmir. O ki qaldı bölgələrdə yaşanan quzu qıtlığına, nazirlikdən bildirildi ki, bu, düzgün yanaşma deyil. Qiymətin qalxmasına bayram günlərində quzu ətinə tələbin çox olması səbəb ola bilər.
Bu gündən etibarən bəzi sahələrdə aylıq əməkhaqqı 8 000 manata qədər olan vətəndaşlar üçün 7 il müddətində gəlir vergisi üzrə 100%-lik güzəşt verilir.
Report xəbər verir ki, Vergilər Məcəlləsinə edilən dəyişikliyə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aylıq əməkhaqqı 8 000 manatadək olduqda 0 səviyyəsində, əməkhaqqı 8 000 manatdan çox olduqda isə 8 000 manatdan çox olan məbləğin 14% həcmində müəyyənləşdirilib.
Qeyd edək ki, bu qanunun 2019-cu il yanvarın 1-dən 7 il müddətində tətbiqi nəzərdə tutulur.
Neft bazarında olan qeyri stabillik, yəni qiymətlərin kəskin dəyişməsi nə hasilatçılar üçün, nə də istehlakçılar üçün sərfəlidir.
Bu sözləri Axar.az-a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib. Onun sözlərinə görə ixtacatçılar gəlirlərini hansısa qiymətlə proqnozlaşdırır ki, bunun əsasında gələcək investisiya siyasətini həyata keçirsin, idxalçılar isə bu qiymətə özünü kökləyib neft idxalı həcmlərini proqnozlaşdırır:
“Proqnozdan yüksək qiymətdə bir müddətdən sonra neftə tələbat azalır, çünki bir xeyli istehlakçı üçün neft əlçatan olmur və onlar hər vasitə ilə qənaət rejiminə keçir. İnkişaf etmiş ölkələrdə isə alternativ enerjiyə maraq artır və enerjidən az istifadə edən texnologiyalara kapital axını baş verir. Neftin aşağı qiymətində isə hasilatçı ölkələrin gəlirləri kəskin azalır. Onlar isə inkişaf etmiş ölkələrin istehsal etdiyi mal və xidmətlərin əsas idxalçısı kimi çıxış edir. Gəlirləri azaldığından idxalı da azaltmalı olurlar. Nəticədə dünyanın texnoloji və böyük şirkətlərinin dövriyyəsi də azalır. Göründüyü kimi, əslində neftin nə baha qiyməti, nə də aşağı qiyməti dünya üçün maraqlıdır. Dünya iqtisadiyyatının stabil inkişafı üçün enerjinin böyük istehlakçı kütləsi üçün əlçatan olması vacib şərtdir. Yəni neftin “qızıl orta” qiyməti - hazırda bu hədd 60-65 dəhlizi hesab edilir”.
İ.Şaban neftin qiymətinin aşağı düşməsinin səbəblərinə də münasibət bildirib:
“Bazarda izafi neft həcmləri var. Necə ki o həcmlərin azaldılması təmin edilməyib, neft qiymətlərinin 60 dollara qədər yüksəlməsi mümkünsüzdür. Bu isə 2019-cu ilin I yarımilliyində əsas bazar iştirakçıları qarşısında duran əsas vəzifələrdən biridir”.
Ölkədə siqaretlərin pərakəndə satış qiyməti artıb.
Axar.az xəbər verir ki, tütün məmulatlarının qiymətində 20 qəpiklik artım müşahidə olunur.
Satıcılar artımın ölkədə satılan bütün siqaretlərə şamil edildiyi bildirib.
OPEK+ üzrə neft istehsalının azaldılmasına baxmayaraq Azərbaycanda hasilatın artacağı gözlənilir.
Axar.az xəbər verir ki, bu barədə “S&P Global Platts” agentliyini məlumat yayıb. Bildirilir ki, “Şahdəniz” qaz-kondensat yatağında kondensat hasilatının artması köhnə neft yataqlarında azalan istehsalı kompensasiya edəcək: “2019-cu ildə Azərbaycanın xam neft və kondensat hasilatının sutkada 10 min barreldən az olmayaraq artacağı proqnozlaşdırılır. “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində kondensat istehsalının 30 min barrel artaraq gündəlik orta hesabla 90 min barrel olacağı nəzərdə tutulur”.
Xatırladaq ki, dekabrın əvvəlində OPEK və OPEK+ üzrə neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub. Gələn ilin yanvar ayından qüvvədə olacaq və 6 ayı əhatə edəcək bu qərar üzrə Azərbaycan sentyabrda gündəlik 796 min barrel olan neft hasilatını növbəti ildən təxminən 20 min barrel azaldılması ilə bağlı öhdəlik götürüb. Azərbaycan gələn ildən neft hasilatını sutkada 776 min barrel həcmində saxlamalıdır. Noyabr ayı üzrə ölkədə gündəlik neft istehsalı 801 min barrel olub.