![]() |
|
“Brent” markalı neftin bir barrelinin qiyməti artıq 52 dollara doğru geriləyir.
Axar.az xəbər verir ki, bu sözləri dünya bazarında neft qiymətlərinin kəskin ucuzlaşması ilə bağlı danışan keçmiş maliyyə naziri, professor Fikrət Yusifov deyib. İqtisadçı neft bazarlarının OPEK-in gündəlik hasilatın 1,2 milyon barrel azaldılmasına dair son qərarına mənfi münasibət göstərməsinin səbəblərinə aydınlıq gətirib:
“Əslində, OPEK-ə üzv olan və onunla əməkdaşlıq edən hasilatçı ölkələr nə baş verdiyini çox yaxşı bilirlər. OPEK-in qərarından bir neçə ay öncə - neft bahalaşan zaman qiymətlərin tezliklə sürətlə düşəcəyini proqnozlaşdırmışdıq. Bu qərarın həmin gün də işləməyəcəyi öncədən bəlli idi”.
F.Yusifov qeyd edib ki, neftin qiymətləri ilə bağlı proseslərin bu şəkildə inkişaf etməsinin bir neçə səbəbi var:
“Birincisi, neft bazarının OPEK-in son qərarına inamı yoxdur. Yəni bazarlar bu qərarla neft hasilatının azalacağını düşünmür, əksinə, hesab edirlər ki, Səudiyyə və Rusiya real olaraq sözügedən qərara riayət etməyəcəklər. İkincisi, ABŞ-ın neft hasilatı və buna uyğun olaraq neft ixracını artırmağa dair müəyyən etdiyi strategiya və Birləşmiş Ştatlarda neft ehtiyatlarının artmasına dair məlumatlar bazara məlumdur. Üçüncüsü, ABŞ-ın İran neftinin satışına dair qadağaları 8 iri idxalatçı ölkəyə tətbiq etməməsi Tehranın bazara əlavə neft çıxarması üçün bir stimul oldu. Dördüncüsü, ABŞ-Səudiyyə arasında siyasi müstəvidə Qaşıqçının ölümü ilə bağlı gizli sövdələşmələr artıq bazara sızıb. Nəhayət, heç kim ABŞ-la və onun sərt mövqedə olan prezidenti ilə qarşıdurma yaratmaq istəmir”.
Professor bildirib ki, ABŞ neftin qiymətlərinin qalxmasının əleyhinədir:
“Bütün bu amillər neftin qiymətlərini, əvvəlcədən dediyimiz kimi, 40 dollar səviyyəsinə aparır. Təbii ki, bu proqnozların özünü doğrultması arzuolunan deyil. Ən azından ona görə ki, Azərbaycan da neft ölkəsidir və neftin qiymətlərinin aşağı düşməsi yaxşı heç nə vəd etmir”.
Qeyd edək ki, hazırda “Brent” markalı neftin bir barreli 53,27, VTİ markalı neftin bir barreli isə 45,52 dollara təklif edilir.
Hazırda vəziyyət kifayət qədər mürəkkəbdir, çünki dünya bazarlarında neft qiymətlərinin kəskin şəkildə ucuzlaşması İrana sanksiyaların başlaması ilə üst-üstə düşür.
Bunu Axar.az-a dünya bazarında neft qiymətlərinin ucuzlaşmasının səbəbləri haqda danışan iqtisadçı ekspert Rəşad Həsənov deyib. O bildirib ki, qlobal maliyyə institutları neftin qiymətində artım proqnozlaşdırsa da, əks proseslər baş verir:
“Dünyada neft hasilatının həcmində artımlar var. Xüsusilə də iri istehsalçılar - Səudiyyə və Rusiya neft hasilatını sürətlə artırır. OPEK-in 2018-ci ilin iyununda hasilatın tənzimlənməsi ilə bağlı sazişə düzəlişlər etməsi və gündəlik hasilatı 1 milyon barrel artırması son nəticədə bazarı doydurdu. ABŞ-da isə kommersiya əhəmiyyətli neft rezervlərinin və qazılan quyuların həcmi artır. Üstəlik, Rusiya tarixi rekordunu yeniləyir, Səudiyyə də rekord səviyyədə neft istehsal edir. ABŞ-ın sanksiyalarına baxmayaraq, İran da son iki ayda neft ixracını artırıb. Eyni zamanda, ABŞ-ın İranla bağlı sanksiyalarda 8 ölkəyə ciddi güzəştlər etməsi, Ər-Riyadın manipulyasiya və manevrləri də neftin ucuzlaşmasının əsas səbəblərindəndir. Səudiyyə bir tərəfdən bazarda volatiliyin aradan qaldırılması və tənzimlənməsi istiqamətində mövqe ortaya qoyur, digər tərəfdən isə hasilatı artırır. OPEK-in 7 dekabr görüşləri ərəfəsində də Səudiyyənin destruktiv mövqeyi təşkilatdan gözləntilərin müəyyən qədər zəifləməsinə gətirib çıxardı. Təbii ki, bütün bu faktorlar da neft bazarlarına ciddi təsir göstərir”.
Ekspert neft qiymətlərinin hətta 50 dollardan da aşağı düşə biləcəyini istisna etməyib:
“Hər şey OPEK-in və OPEK-ə daxil olmayan ölkələrin bazarda baş verənləri təcili şəkildə dəyərləndirməsindən və qəbul ediləcək qərardan asılı olacaq. Hansısa fors-major vəziyyət yaranmasa, növbəti görüşlər fevralda baş tutacaq. Bu isə o deməkdir ki, növbəti həftələrdə neftin qiyməti ilə bağlı ümumi mənzərə heç də ürəkaçan olmayacaq”.
İqtisadçı neftin ucuzlaşmasının Azərbaycana da təsirsiz ötüşməyəcəyini deyib:
“2019-ci ilin dövlət büdcəsində neftin qiyməti 60 dollardan götürülüb. Neft qiymətlərinin 70 dollara qədər qalxacağı proqnozlaşdırılsa da, hazırkı situasiya nisbətən daha dramatik bir ssenarinin gözlənildiyini deməyə əsas verir. Rezervlərimizin olmasına baxmayaraq, 2019-cu ilin mayına qədər fiskal siyasətə yenidən baxıla, hətta dövlət büdcəsinin qorunmayan xərclərinə müəyyən sekvestrlər tətbiq oluna bilər”.
Qeyd edək ki, bu gün “Brent” markalı neftin qiyməti 54,65 dollara, VTİ isə 46,23 dollara düşüb.
“Kapital Bank”31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ərəfəsində növbəti sosial layihə həyata keçirib. Layihə çərçivəsində Bankın İdarə Heyətinin sədri, müavinləri, üzvləri, bir sıra departament direktorları və yaxın rayonlarda olan filialların direktorları hərbi hissədə əsgər və zabit heyəti, Qarabağ qaziləri, həmçinin şəhid ailələri ilə görüş keçirib.
Axar.az xəbər verir ki, layihəni həyata keçirməkdə məqsəd, vətən uğrunda canından keçmiş şəhidlərin yaxınlarına, həmçinin hazırda vətənimizin keşiyində duran əsgərlərə diqqət yetirməklə, onların bayram günlərində unudulmadıqlarını bildirməkdir. Ailələrindən, evlərindən uzaq olan əsgərlərə birgə bayram qeyd etmək, əsgərlərin mənəvi-psixoloji hazırlığına müsbət təsir göstərir.
Tədbir zamanı Bankın rəhbərliyi Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissəyə baxış keçiriblər, əsgərlər üçün yaradılan şəraitlə tanış olublar və hərbi hissənin şəxsi heyəti ilə birgə nahar ediblər. Görüşdən sonra əsgərlərə və şəhid ailələrinə bayram sovqatı paylanılıb. Bundan başqa hərbi hissəyə, əsgər və zabitlərin ümumi istifadəsi üçün hədiyyələr də təqdim olunub.
Tədbirdə çıxış edən “Kapital Bank”ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev, əsgərləri, zabitləri, müharibə veteranarını və şəhid ailələrini qarşıdan gələn bayram münasibətilə təbrik edib və tədbirin keçirilməsində dəstək olan Müdafiə Naziri Zakir Həsənova və hərbi hissənin komandirinə təşəkkürünü bildirib.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 98 filialı və 11 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Bir müddətdir ucuzlaşmaqda davam edən və ötən gün səhər 56 dollara qədər geriləyən neft qiymətlərində növbəti ciddi eniş müşahidə edilib.
Axar.az xəbər verir ki, ötən gün ərzində “Brent” markalı neftin bir barreli daha 1,8 dollar enib və 54,35 dollara düşüb.
Bu gün səhər isə “Brent”in satışında cəmi 0,3 dollar artım baş verib və hazırda bu neft markası 54,65 dollara, VTİ isə 46,23 dollara satılır.
OPEK+ ölkələrinin gündəlik neft istehsalının 1.2 milyon barrel azaldılması barədə qərarı neftin qiymətinin stabilləşməsinə hələ də təsir etməyib.
Axar.az xəbər verir ki, bir neçə gündür sürətlə ucuzlaşan “Brent” markalı neftin bir barreli bu gün artıq 56,13 dollara düşüb.
VTİ markalı neftin bir barreli isə artıq 47 dolara qədər geriləyib.
Azərbaycan Mərkəzi Bankı 17 dekabr tarixinə olan valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Axar.az-a verilən məlumata görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, 1 ABŞ dolları 1,7000 manat, 1 avro 1,9230 manat təşkil edir.
1 türk lirəsi 0,3162 manat, 1 rus rublu 0,0255 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,6378 manatdır.
Dünya birjalarında neftin qiyməti ucuzlaşır.
Axar.az xəbər verir ki, “Brent” markalı neftin bir barrelinin qiyməti 1,17 dollar geriləyərək 60,28 dollar, VTİ markalı neftin bir barrelinin qiyməti isə 1,38 dollar ucuzlaşaraq 51,20 dollar olub.
Azərbaycan Mərkəzi Bankı bu il noyabrın 24-dən tədavülə buraxdığı 200 manatlıq əskginazların dövriyyədə olan həcmini açıqlayıb.
Qurumdan Report-a bildirilib ki, qısa müddət ərzində tədavülə buraxılmasına baxmayaraq, 200 manatlıq pul nişanları artım tempinə görə beynəlxalq təcrübə ilə müqayisədə adekvat səviyyədədir və dövriyyədə olan nağd pul kütləsinini 3%-ni (200 mln. manat) təşkil edir.
Hazırda tədavüldə 200 manatlıq pul nişanları stabil templə artır.
Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb.
Trend-in məlumatına görə, dekabrın 11-də qızılın qiyməti dekabrın 10-u ilə müqayisədə 4,352 manat azalaraq 1 unsiya üçün 2119,2625 manat təşkil edib.
Gümüş 0,0076 manat bahalaşaraq 1 unsiya üçün 24,8204 manata bərabər olub.
Platinin qiyməti 16,0905 manat azalaraq 1330,76 manat, palladiumun qiyməti isə 10,149 manat artaraq 2089,64 manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankı 12 dekabr tarixinə olan valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Axar.az-a verilən məlumata görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, 1 ABŞ dolları 1,7000 manat, 1 avronun məzənnəsi 1,9254 manat təşkil edir.
1 türk lirəsi 0,3170 manat, 1 rus rublu 0,0256 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,6403 manatdır.