![]() |
|
2019-cu ildə neftin illik orta qiyməti 60 dollardan aşağı olmayacaq.
Bu sözləri Axar.az-a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib.
“Dünya bazarında neft qiymətlərinin 50 dollardan aşağı düşməsinin əsas səbəbi ABŞ-da yaranmış hökumət böhran idi. Ancaq Milad bayramından sonra bu məsələdə bir qədər yumşalma müşahidə edildi və neft qiymətləri yenidən öz məcrasına qayıtdı”, - ekspert bildirib.
İ.Şaban hesab edir ki, 2019-cu ilin əvvəllində dünya bazarında neftin qiymətləri 55-60 dollar dəhlizində olacaq:
“Bu dövrdə OPEK və OPEK+ ölkələrinin neft hasilatının azaldılmasına dair qərarı icra olunmağa başlayacaq. Bunun bazarlara təsiri isə fevralın ilk ongünlüyü başa çatandan sonra, yəni OPEK-in monitorinq komitəsinin yanvar ayına dair hesabatı açıqlananda hiss olunacaq. Beləliklə, hasilatın azaldılmasına dair qərarın nə dərəcədə yerinə yetirildiyi məlum olacaq. Bu da təbii ki, neft bazarlarına təsirsiz ötüşməyəcək. Əgər nəticə pozitiv olarsa, neftin qiyməti artacaq. Əks təqdirdə neftin qiyməti 60 dolları keçməyəcək. Ümumilikdə isə 2019-cu ildə ən pis halda belə neftin illik orta qiyməti 60 dollardan aşağı olmayacaq”.
Rusiyanın qaz və neft şirkətlərinin dedollarizasiya ilə bağlı planı hazırdır.
Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın Maliyyə naziri Anton Siluanov deyib.
O bildirib ki, şirkətlər dollarla ödənişdən imtina etmək üçün bu planı hökumətə təqdim edəcək.
“Bir müddət öncə böyük şirkətlərin nümayəndələri ilə görüşdük. Dövriyyədə dollarla ödəniş edilməməsi üçün bizə plan təqdim edilməsi ilə bağlı razılığa gəldik. Gələcəkdə bizə plan təqdim edəcəklər. Artıq dollarla ödənişləri məhdudlaşdırırlar. Əlbəttə, zərər görməyəcək şəkildə...”, - deyə nazir bildirib.
23:33
Bir müddətdir ardıcıl olaraq ucuzlaşan və bu gün son 1,5 ildə ilk dəfə 50 dollardan aşağı enən “Brent” markalı neft axşama doğru kəskin bahalaşıb.
Axar.az xəbər verir ki, “Brent” markalı neftin barreli 4 dollar civarında artaraq 54,16, VTİ markalı neftin bir barreli isə 3,3 dollar qalxaraq 45,83 dollar olub.
***
Neftin bahalaşması davam edir. Hazırda "Brent" markalı neftin bir barreli 55,26, VTİ markalı neftin bir barreli isə 46,93 dollaradır.
Beləliklə, "Brent" gün ərzində 9,49%, VTİ isə 10,35% bahalaşıb.
2019-cu ildə neft qiymətləri stabil olacaq.
Axar.az xəbər verir ki, bunu “Lukoyl” prezidenti Vahid Ələkbərov deyib.
Onun sözlərinə görə, gələn il neft qiymətləri 60 dollardan bir qədər yuxarı olacaq. O, “OPEK+” ölkələrinin gördüyü tədbirlərin öz nəticəsini verəcəyini bildirib.
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması haqda qərar qəbul edib.
AMB-dən Axar.az-a verilən məlumata görə, qərara əsasən uçot dərəcəsi 9,75%, faiz dəhlizinin yuxarı həddi 11,75%, aşağı həddi isə 7,75% (±2%-lik simmetrik diapazonda) səviyyəsində saxlanılıb. Qərar 26 dekabr 2018-ci il, saat 14:00-dan qüvvəyə minir.
Məlumatda qeyd olunub ki, İdarə Heyətinin pul siyasətinə həsr edilmiş son toplantısından keçən dövrdə inflyasiya azalmaqda davam edib: "2018-ci ilin sonuna orta illik inflyasiyanın təxminən hazırki səviyyədə qalacağı gözlənilir".
Bildirilib ki, dayanıqlı makroiqtisadi çərçivə risklər balansında başlıca sabitləşdirici amildir: "Bu şəraitdə faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması xarici mühitdəki qeyri-müəyyənliklərlə izah olunur. Perspektivdə pul siyasətinin reaksiyası inflyasiya amillərinin dinamikası, davamlılığı və ötürücülüyündən asılı olacaq. Son iki ayda inflyasiyada azalma meyili davam edib. 2018-ci ilin 11 ayında orta illik inflyasiya 2,3% təşkil edib ki, bu da hədəf intervalından əhəmiyyətli aşağıdır. Mövsümi amillərin təsirilə noyabrda ərzaq inflyasiyası bir qədər artıb. Lakin qeyri-ərzaq məhsulları və pullu xidmətlərin aşağı templi qiymət dəyişimi, habelə monetar amillər bu artımı neytrallaşdırıb. Nəticədə aylıq inflyasiya 0,6% səviyyəsində qərarlaşıb. İstehlak qiymətlərinin cari dinamikası və manatın dayanıqlı məzənnəsi inflyasiya gözləntilərini stabilləşdirən əsas amillər olaraq qalır. Eyni zamanda, cari ildə pul siyasətinin yumşaldılması istiqamətində ardıcıl qərarlar bazar subyektlərinin inflyasiya gözləntilərinə azaldıcı təsir göstərib. Biznes sektorunun inflyasiya gözləntiləri ötən iki ayda ticarət və xidmət sektorunda azalıb, qeyri-neft emal sənayesi və tikintidə artıb. Ev təsərrüfatlarının inflyasiya gözləntiləri müxtəlif gəlir qrupları üzrə fərqlidir. Son proqnozlara görə 2018-ci ilin sonuna inflyasiyanın 2,3% ətrafında qərarlaşacağı gözlənilir".
Qeyd olunub ki, 2018-ci ilin 11 ayında xarici ticarət balansında ÜDM-in təxminən 18%-i səviyyəsində müsbət saldo yaranıb. Bu dövrdə ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft ixracı 11%, qeyri-neft idxalı isə 33% artıb.
Məlumatda həmçinin bildirilib ki, 2018-ci ilin yekunu üzrə tədiyə balansının əhəmiyyətli profisitli olacağı və ölkənin strateji valyuta ehtiyatlarının artımı gözlənilir: "Lakin, beynəlxalq konyunkturda son iki ayda yeni meyillər müşahidə edilir və neftin qiyməti cari ildəki pik səviyyəsi ilə müqayisədə əhəmiyyətli azalıb. Pul-kredit siyasətinin xarici mühitində baş verən dəyişikliklər və qeyri-müəyyənliklər diqqətdə saxlanacaq. İqtisadi artım pozitiv dinamikanı saxlayır və potensial səviyyəyə yaxınlaşır. 2018-ci ilin 11 ayında iqtisadi artım 1%, o cümlədən qeyri-neft sektorunda 1,4% olub. Qeyri-neft sektorunda artım əsasən ticari sektordan qaynaqlanıb. Qeyri-neft sənayesində 8,7%, kənd təsərrüfatında 4,6% artım olub".
Mərkəzi Bank tərəfindən aparılan real sektorun monitorinqi əsasında hesablanan biznes inam indeksi qeyri-neft emalı, ticarət və xidmət sektorları üzrə yüksəlib, tikinti üzrə aşağı düşüb. AMB-dən bildirilib ki, ev təsərrüfatı üzrə sorğuların nəticələrinə əsasən istehlakçı inamı indeksi pozitiv zonadadır: "Aşağı inflyasiya şəraitində əhalinin real gəlirlərinin artımı və istehlak kreditləşməsinin bərpası istehlakın artımını dəstəkləyən əsas amillərdir".
AMB bəyan edib ki, risklər balansında tarazlıq qorunmaqdadır: "Başlıca sabitləşdirici amil kimi dayanıqlı makroiqtisadi çərçivə fundamental rol oynayır. Lakin bu balans dinamik xarakter daşıyır və bir sıra xarici və daxili proseslər inflyasiyanın artırıcı risk amillərini aktivləşdirə bilər. Xarici amillərə dünya neft bazarında qiymətlə bağlı qeyri-müəyyənliklər, ticarət tərəfdaşlarının maliyyə bazarlarında məzənnə dəyişkənliyi və bu ölkələrdə inflyasiyanın yüksəlməsi aiddir. Bunlar Azərbaycan iqtisadiyyatına ticarət, investisya axınları, pul baratları və gözləntilər vasitəsilə də təsir göstərir. İnflyasiyaya təsir edə bilən daxili amillərə daxili tələbin genişlənməsi aiddir. Nəzərdə tutulan gəlir vergisi islahatı əhalinin gəlirlərini artıra və bu əsasda iqtisadi artımı dəstəkləməklə bərabər inflyasiyanın tələb amillərini də fəallaşdıra bilər. Digər tərəfdən istehlak kreditləşməsinin aktivləşməsinin daxili tələbə və idxala təsiri makroprudensial siyasətlə qabaqlayıcı rejimdə tənzimlənməlidir".
AMB-də hesab edirlər ki, faiz dəhlizinin mövcud parametrləri milli valyutada yığımların cəlbediciliyini dəstəkləməklə əhalinin antiinflyasiya davranışına zəmin yaradır: "Digər tərəfdən pul təklifinin genişlənməsi makroiqtisadi sabitliyə xələl gətirmədən iqtisadi aktivliyi dəstəkləyir. 11 ayda manatla geniş pul kütləsi 13,3% artıb".
Mərkəzi Bank uçot dərəcəsinin və faiz dəhlizinin parametrlərinin dəyişdirilməsini inflyasiyaya xarici və daxili amillərin təsirini qiymətləndirmək əsasında həyata keçirəcək.
Qlobal birjalar son 20 ayda ən aşağı səviyyəni nümayiş etdirib.
Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert bildirib ki, əmtəələr indeksi də son 3 ilin ən aşağı səviyyəsindədir:
“Azalmalar neft bazarından da yan keçməyib. “Brent” markalı neftin bir barreli 50 dollarlıq psixoloji həddədək ucuzlaşıb. Neft 1 gündə 6 faizdən çox dəyər itirib. Qiymətlərin kəskin azalması OPEK-i təcili görüş keçirməyə məcbur edir. Kartel artıq üzvlərinə müraciət etsə də, belə bir görüşün yaxın günlərdə reallaşması və bütövlükdə qiymət azalmalarının qarşısının alınması real deyil”.
İqtisadçı neftin ucuzlaşmasının Azərbaycana təsirindən də söz açıb:
“Azərbaycanın gündəlik neft ixracatının 783 min barrel olduğunu nəzərə alsaq, neftin qiymətinin aşağı düşməsinin ölkəmizə təsirini müəyyənləşdirmək çətin olmaz. Belə ki, neftin bir barrelinin qiyməti 86 dollar olan zaman neft ixracatımızın dəyəri 67 milyon 338 min dollar idi. Bu rəqəmə bütün xərclər daxil idi və mənfəətin 75 faizi Azərbaycan dövlətinə çatırdı. Mövcud qiymətlərlə neft ixracatının dəyəri 39 milyon 150 min dollardır. Bu o deməkdir ki, bu ilin oktyabr ayı ilə müqayisədə gündəlik neft ixracatımızın dəyəri 28 milyon 188 min dollar azalıb. OPEK-in son toplantısında ölkəmizin gündəlik hasilatının 20 min barrel azaldılması ilə bağlı öhdəlik götürdüyünü də nəzərə alsaq, o zaman gündəlik neft ixracatından əldə edilən gəlirin daha çox azaldığının şahidi olarıq”.
Qeyd edək ki, bu gün “Brent” markalı neftin bir barreli 3,35 dollar ucuzlaşaraq, 50,47 dollara qədər geriləyib.
VTİ markalı neftin bir barreli isə 3,06 dollar enərək, 42,53 dollar olub.
“Kapital Bank”ın BirBank mobil tətbiqi Azərbaycan İnternet forumunun təsis etdiyi “Millinet” mükafatına layiq görülüb.
Axar.az xəbər verir ki, BirBank ölkənin “Elektron hökumət və maliyyə-bank mobil tətbiqi” nominasiyasında ən yaxşı mobil tətbiq seçilib.
“Millinet” Milli İnternet Mükafatı 2009-cu ildən etibarən hər il Azərbaycan internet məkanında korporativ, ictimai-sosial, media və informasiya saytları, bloqlar və mobil tətbiqlər arasında ən yaxşılarını müəyyən edir.
Qeyd edək ki, BirBank tətbiqini 300 000 nəfərdən artıq istifadəçi App Store və Play Store-dan yükləyib. Hal-hazırda iOS və Android əməliyyat sistemləri BirBank-ı yüklənmə sayı, istifadə dərəcəsi və istifadəçi rəyləri əsasında maliyyə sektorunun ən yaxşı tətbiqi olduğunu bildirərək, müştərilərə tövsiyə edir.
Həmçinin tətbiq vasitəsilə Azərbaycanda ilk dəfə olaraq QR Pay ödəniş sistemində ödənişlər həyata keçirmək mümkündür. QR Pay vasitəsilə BirBank istifadəçiləri mağazalarda kart olmadan ödəniş edə bilirlər. Bunun üçün kassalarda olan xüsusi posterdəki QR şifrəni, smartfonun kamerası ilə skan etmək lazımdır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 98 filialı və 11 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
2004-cü ildən indiyə qədər regionların sosial-iqtisadi inkişafına dair 3 dövlət proqramı qəbul edilib və onlardan 2-nin icrası uğurla yekunlaşdırılıb.
Report xəbər verir ki, bunu Bakıda keçirilən "Möhtəşəm quruculuq: dünən, bu gün, sabah" adlı konfransda çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Onun sözlərinə, bu proqramlar çərçivəsində Azərbaycanın regionlarına 70 mlrd. manat sərmayə yatırılıb.
Nazir həmçinin deyib ki, ölkə prezidentinin tapşırığı ilə 2019-2023-cü illəri əhatə edəcək regionların sosial-iqtisadi inkişafı üzrə 4-cü dövlət proqramı hazırlanır: "Proqram üzərində iş başa çatmaq üzrədir
2019-cu ildə dünya bazarında neftin qiyməti 50-55 dollar civarında olacaq.
Bu sözləri Axar.az-a Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcəsinin yüksəldilməsi ilə bağlı qərarının neft bazarlarına təsiri haqda danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib.
“FES-in uçot dərəcəsini artıracağı öncədən məlum idi. Çünki 10 səsvermə hüququ olan üzvdən 8-i toplantıdan öncə mətbuat vasitəsi ilə faiz artımının lehinə səs verəcəyini bəyan etmişdi. Əsas məsələ FES rəhbərinin 2019-ci il siyasətini necə açıqlayacağı və Trampın faiz dərəcəsinin artırılmaması istiqamətində basqılarına nə cavab verəcəyi idi. Birincisi, FES rəhbəri 2019-cu ildə faiz artımının sayının azaldılacağı ilə bağlı açıqlama verdi. Yəni 2019-cu ildə üç yox, iki dəfə faiz artımına gediləcəyi ehtimal olunur. İkincisi, FES rəhbəri Trampın onların işlərinə müdaxilə etmək hüququnun olmadığını və rəhbərlik etdiyi qurumun müstəqil olduğunu söylədi. Əslində, bu çox vacib bir açıqlama idi”, - ekspert bildirib.
FES-in qərarının neft bazarlarına təsirinə gəlincə, iqtisadçı qeyd edib ki, hazırda dünyada bir korelasiya var:
“Artıq 40 ilə yaxındır ki, bahalı dollar daha ucuz neft anlamına gəlir. Dünyada dollar indeksinin bahalaşması neft qiymətlərinə mənfi təsir göstərir. Ancaq bu dəfə sözlü müdaxilələrlə dolların daha da bahalaşmasının qarşısını aldılar. Belə ki, FES rəhbəri daha yumşaq açıqlama verdi və gələn illə bağlı planlarının dəyişmədiyini bildirdi. Düzdür, bundan sonra dolların məzənnəsi cüzi də olsa dəyişdi. Ancaq FES mart və sentyabrda iki dəfə faiz artımına getsə, bu, dollar indeksinin daha da yüksəlməsinə səbəb olacaq. Bu da neftin qiymətlərinə mənfi təsir göstərən amillərdən biridir”.
Ekspert neft qiymətlərinin təkcə FES-in qərarları ilə bağlı olmadığını bildirib:
“Neftin qiyməti həm hasilat, həm də istehlakın səviyyəsi ilə bağlıdır. Dünyada son zamanlar neft istehsalında ciddi artımlar müşahidə olunur. Səudiyyə, Rusiya, əsasən də ABŞ-da hasilat durmadan artır. Bu yaxınlarda Dünya Enerji Agentliyi tərəfindən çox maraqlı araşdırma aparılıb. İddialara görə, ABŞ 2025-ci ildə təkbaşına Rusiya və Səudiyyənin istehsal etdiyi neftin cəmindən daha çox neft hasil edəcək. Bu isə o deməkdir ki, yaxın 5-6 ildə ABŞ-da neft hasilatı fantastik bir həddə - 20 milyon barrelə qədər yüksələ bilər. Bu xəbərlər də təbii ki, neft qiymətlərinə mənfi təsir göstərir. Neft qiymətlərinin enməsi bütün dünyada neftdən asılı olan ölkələrin iqtisadiyyatlarına mənfi təsir göstərməkdə davam edəcək. Gələn il üçün proqnoz vermək çətin olsa da, qiymətlərin 50-55 dollar civarında olması gözlənilir”.
Qeyd edək ki, FES 2018-ci il üzrə sonuncu iclasında faiz nisbətini 2,25-2.5 həcminə qədər artırıb.