![]() |
|
Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan arasında Yaşıl Enerji Dəhlizinin yaradılması ilə bağlı Texniki İqtisadi Əsaslandırma hazırlanacaq.
Bununla bağlı Energetika Nazirliyi işlərə başlayıb.
Nazirlik layihə ilə bağlı təklifləri 2023-cü il dekabrın 1-i saat 15:00-a qədər qəbul edəcək.
Bəzi məhsullar bahalaşıb, bəzi malların isə qiyməti enib.
Bununla bağlı rəqəmlər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin apardığı monitorinqlərin nəticəsində müəyyən edilib.
Dövlət Xidmətinin məlumatında bildirilib ki, çörək, yumurta, günəbaxan və qarğıdalı yağı, marqarin, kartof, qarabaşaq, kələm, sarımsağın qiymətində isə enmə müşahidə olunub.
Dövlət Xidmətinin məlumatında o da bildirilir ki, bazarda aparılan monitorinq və rəqabət təhlilləri zamanı rəqabətin pozulduğu hallar aşkar edildiyi təqdirdə, pozuntuya yol vermiş təsərrüfat subyektlərinə qarşı antiinhisar qanunvericiliyinin tələblərinə uyğun olaraq ciddi tədbirlər görüləcək.
Xəzər TV-nin mövzu ilə bağlı daha hazırladığı videomaterialı təqdim edirik:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına və bərpasına 3 milyard 741 milyon manat vəsait yönəldib.
Maliyyə Nazirliyi xəbər verir ki, məlumata görə, bu, 2023-cü ilin dövlət büdcəsində sözügedən məqsədlə nəzərdə tutulmuş vəsaitin 77,9 %-i deməkdir.
Həmin vəsait sifarişçi təşkilatların müvafiq layihələr üzrə təqdim etdiyi kassa sifariş sənədləri əsasında istifadə olunub.
Dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üzrə icraçıların verdiyi sifarişlər əsasında 1 milyard 588,5 milyon manat maliyyələşdirilmə həyata keçirilib ki, bu da cari ildə həmin məqsəd üçün nəzərdə tutulmuş xərclərin 59,7 %-nə bərabərdir.
Bu il oktyabrın 1-nə Azərbaycanın dövlət borcu 17 milyard 203,3 milyon manat və yaxud 2023-cü il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun 14,4 %-i qədər olub.
Bu barədə Maliyyə Nazirliyi xəbər verir.
Məlumata görə, borcun 11 milyard 109,5 milyon manatı və yaxud 6 535 milyon ABŞ dolları xarici, 6 milyard 093,8 milyon manatı isə daxili dövlət borcudur. Bunlar isə gözlənilən ÜDM-in müvafiq olaraq 9,3 %-i və 5,1 %-i qədərdir.
Daxili dövlət borcunun əsas hissəsi dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi, dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi məqsədilə buraxılmış dövlət istiqrazlarından ibarətdir. Hesabat tarixinə dövriyyədə olan dövlət istiqrazlarının 25,4 %-i 1 illik, 57,9 %-i 2 və 3 illik, 16,6 %-i isə 5 və 7 illik dövlət istiqrazlarının payına düşüb.
Unun qiyməti yenidən artmağa başlayıb.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən verilən məlumata görə, ölkədə 50 kiloqramlıq unun topdan satış qiyməti 1 manata qədər artıb.
Bahalaşmaya səbəb ölkəyə gətirilən buğdanın qiymətinin artmasıdır. Belə ki, 2023-cü ilin avqustunda idxal olunan bir ton məhsulun qiyməti 209 ABŞ dolları olduğu halda, sentyabrda bu göstərici 13,7 vahid artaraq 238 ABŞ dollarına çatıb.
İqtisadçı Xalid Kərimli bildirib ki, unun qiymətinin artması çörəyin qiymətinə təsir göstərməyəcək.
Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:
Bir neçə gün əvvəl Avropa Parlamentinin (AP) üzvləri Strasburqda keçirilən plenar iclasda Aİ-ni Dağlıq Qarabağdakı hadisələrə görə Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə və Azərbaycandan qaz idxalından asılılığı azaltmağa çağıran qeyri-hüquqi qüvvəyə malik qətnamə qəbul ediblər.
Qərarla bağlı dərc olunan sənəddə deyilir ki, “Avropa Parlamenti Aİ və onun üzv dövlətlərini Dağlıq Qarabağda çoxsaylı atəşkəs pozuntularına və insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan Azərbaycan hökumətindəki şəxslərə qarşı sanksiyalar tətbiq etməyə çağırır”. Sənəddə parlamentarilər “Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsini Azərbaycan Dağlıq Qarabağdakı erməni əhalisinin hüquqlarına və təhlükəsizliyinə "hörmət etmək" üçün real iradə nümayiş etdirənə qədər Azərbaycanla assosiasiya sazişinin yenilənməsi üzrə danışıqları dayandırmağa" çağırıblar. Avropa Parlamenti öz qərarında vurğulayıb ki, Bakının Ermənistanla münasibətlərində gərginliyin dərinləşəcəyi təqdirdə Aİ “Azərbaycandan qaz asılılığını azaltmalı” və Azərbaycandan “neft və qaz idxalını tamamilə dayandırmalıdır”.
Bəs bu kimi sanksiyalar effektiv nəticə verə bilərmi? Rusiyaya qarşı sanksiyalardan ciddi zərər çəkən Avropa ölkələri Azərbaycanın enerjidaşıyıcılarına sanksiya tətbiq edərək “öz ayağına güllə atarmı?” DİA.AZ-ın məlumatına görə, politoloq Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, əslində Avropa İttifaqına üzv dövlətlər Azərbaycana münasibətdə fərqli fikirdədir. Yəni heç də dövlətlərin hamısı anti-Azərbaycan mövqeyində deyillər: "Fransa, Almaniya və bəzi ölkələri istisna etsək, Avropa İttifaqına üzv dövlətlər onlar kimi düşünmür, Azərbaycanla münasibətlərin pisləşməsində deyil, inkişaf etdirilməsində maraqlıdırlar. Azərbaycan tərəfinin yürütdüyü siyasət ondan ibarətdir ki, beynəlxalq təşkilatlarla, o cümlədən Avropa İttifaqı ilə, ittifaqa üzv dövlətlərlə münasibətlərini davam etdirsin, mümkün olduğu həddə inkişaf etdirsin. Avropa İttifaqının Ukrayna müharibəsinə görə Rusiya qazından imtina etməsindən sonra Azərbaycanla münasibətlərdə də bu siyasəti tətbiq etməsi Avropa İttifaqına üzv bir çox dövlətlərin iqtisadiyyatı üçün intihar demək olar. Biz bilirik ki, Avropa İttifaqına üzv dövlətlər Rusiya-Ukrayna müharibəsinə görə Rusiyanın enerji resurslarından imtina etməkdə heç də yekdil deyildilər. Bəzi dövlətlər belə bir qərarın Avropa İttifaqının iqtisadiyyatına dəhşətli zərər vuracağını əsas göstərirdilər. Onların narahatlıqları əsaslı idi və bu gün Avropada çox ciddi iqtisadi, enerji problemi hökm sürür. Ona görə də belə bir mənfi təcrübə ortada ola-ola Azərbaycanın da enerji resurslarından imtina çağırışlarının dövlətlər tərəfindən qəbul edilməsi ehtimalı ya yoxdur, ya da sıfıra yaxındır”.
Ekspert qeyd etdi ki, Azərbaycanın əhəmiyyəti təkcə həm də Orta dəhliz boyunca enerji layihələrinin işlək vəziyyətdə olmasının əsas təminatçısı olmasındadır. Avropa dövlətləri yəqin ki, Orta dəhlizin işlək vəziyyətinin iflic vəziyyətlə əvəzlənməsini də istəməzlər. Bunu istəmək Avropa İttifaqının növbəti enerji damarının kəsilməsi demək olar: “Ona görə də sanksiya çağırışlarına əhəmiyyət veriləcəyini düşünmürəm. Bəzi dövlətlər özlərinin siyasi maraqlarına görə Avropa İttifaqının ümumi maraqlarını qurban vermək istəyirlər. Lakin ittifaqa üzv dövlətlərin bir çoxu buna imkan verməzlər. Onlar haqlı olaraq hesab edirlər ki, Azərbaycanın enerji resurslarına qarşı sanksiyalar daha çox onların özünə zərbə vurmuş olar. Onu da nəzərə almaq lazımdır ki, Avropa dövlətlərinin bir çoxu eyni zamanda Azərbaycanla ikitərəfli əməkdaşlıq münasibətlərinə malikdir. Bu münasibətlərin əsasında çoxsaylı ikitərəfli müqavilələr imzalanıb. Bu müqavilələr işlək vəziyyətdədir və hər iki tərəfə qazanc gətirir. Həmin dövlətlər bu əlaqələri, imzalanmış müqavilələr əsasında əməkdaşlığı zərbə altına alacaq addımlara getməzlər. Onlar özləri də əslində fərqindədirlər ki, Fransa kimi dövlətlərin, Avropa Parlamentindəki ermənipərəst qüvvələrin Azərbaycana qarşı irəli sürdüyü iddialar əsassızdır, reallıqlardan uzaqdır. Əsassız iddialarla Azərbaycanla enerji əməkdaşlığına qarşı addımlara getmək absurd olardı. Azərbaycanı "enerji silahı" ilə vurmağı düşünənlər uğursuz yol seçiblər. Bununla Azərbaycanı haqq yolundan döndərə bilməzlər".
Yol-xeber.az" xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Abşeron dairəvi dəmir yolu xətti üzrə pik saatlarda ictimai nəqliyyatda yaranan sərnişin sıxlığını nisbətən azaltmaq, eləcə də daha çox sərnişini qatarlarla təhlükəsiz və vaxtında mənzil başına çatdırmaq məqsədilə 13 oktyabr 2023-cü il tarixindən Ekspres qatarının fəaliyyətinə start verir.
Oturacaq tipli vaqonlardan ibarət Ekspres qatarı aralıq stansiya və dayanacaqlarda dayanmadan Bakıdan Sumqayıta və geriyə hərəkət edəcək. Ekspres qatarı gün ərzində səhər və axşam saatlarında ümumilikdə dörd reys olmaqla sənişindaşımanı həyata keçirəcək.
Belə ki, Bakıdan saat 06:50-də yola düşən qatar saat 07:37-də Sumqayıta çatacaq. Sumqayıtdan saat 07:45-də yola düşən qatar saat 08:26-da Bakı Dəmiryol Vağzalına çatacaq.
Axşam saatlarında isə Bakıdan saat 18:05-də yola düşən qatar saat 18:45-də Sumqayıta çatacaq. Sumqayıtdan saat 19:20-də yola düşən qatar saat 20:05-də Bakı Dəmiryol Vağzalına çatacaq.
Qeyd edək ki, Ekspres qatarı Slovakiyada əsaslı bərpa və modernizasiya olunmuş 5 vaqondan ibarətdir və gündəlik olaraq 1000-dən çox sərnişinin daşınması üçün imkan yaradacaq.
Xatırladaq ki, ADY tərəfindən sərnişindaşıma xidmətinin təşkili sahəsində son dövrdə aparılan optimallaşdırma işləri nəticəsində oktyabr ayında Abşeron dairəvi dəmir yolu xətti üzrə ilk dəfə olaraq bir gün ərzində 30 mindən çox sərnişin daşınıb.
İqtisadiyyat Nazirliyi antiinflyasiya tədbirlərini nəzərə alaraq 2023-cü ilin sonuna orta illik inflyasiyanın birrəqəmli səviyyədə - 9,5 % olacağını proqnozlaşdırır.
“Bu barədə Nazirlər Kabinetinin “İnflyasiya və Qiymət Monitorinqi” üzrə İşçi Qrupunun növbəti iclasında bildirilib.
Qeyd olunub ki, ölkə Prezidentinin Hökumət qarşısında qoyduğu başlıca tapşırıqlardan biri ilin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəsinə nail olunmasıdır. İnflyasiya və qiymət monitorinqi üzrə yaradılmış İşçi qrupun məqsədi də qiymətlərə artırıcı təsir göstərən bütün səbəbləri araşdırıb, onun aradan qaldırılması istiqamətində zəruri işləri görməkdir. Bu baxımdan inflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması məqsədilə zəruri tədbirlərin görülməsi davam etdiriləcək.
Sabahdan "Azərbaycan Dəmir Yolları" QSC-nin Bakı-Sumqayıt-Bakı "Ekspres" qatarı fəaliyyətə başlayır.
"Yol-xeber.az" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, məqsəd sərnişin sıxlığını azaltmaqdır.
"Ekspres" qatarı heç bir stansiyada dayanmadan birbaşa hərəkət edəcək.
Qatar iş günləri Bakıdan Sumqayıta saat 06:50-də və 18:05-də, Sumqayıtdan Bakıya isə saat 07:45-də və 20:05-də hərəkət edəcək.
Zəngəzur Dəhlizinin Azərbaycan hissəsi 2024-cü ildən fəaliyyətə başlayacaq.
Yol-xeber.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Kommunikasiya departamentinin rəhbəri Aybəniz İsmayılova deyib.
A.İsmayılovanın sözlərinə görə, artıq Füzuli-Ağbənd dəmiryolu xəttinin 60 %-dən çoxu hazırdır:
"3 ildən az bir müddətdə multimodal Zəngəzur dəhlizinin 110,4 kilometrlik birxətli dəmir yolu seqmentinin üçdə ikisindən çoxu artıq döşənib.
Dəhliz boyu 3 tunel, onlarla körpü və 9 dəmir yolu stansiyası tikiləcək. Türkiyə şirkətləri tərəfindən Həkəri çayı üzərindən 418 metrlik dəmir yolu körpüsünün tikintisi yaxın vaxtlarda yekunlaşaraq istifadə üçün hazır olacaq".
Qeyd edək ki, Azərbaycan Prezidentinin 2021-ci ilin febralın 15-də Füzuliyə səfəri zamanı Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli qoyulub.
Ötən həftə Şərqi Zəngəzur dəhlizi adlandırılan, Araz çayının sol sahili boyu uzanıb Azərbaycanı Naxçıvanla birləşdirən nəqliyyat kommunikasiyalarının həyata keçirilməsi üçün Zəngilanda ilk təməlqoyma mərasimi keçirilib. İranın yollar və şəhərsalma naziri Mehrdad Bazrpaşın və Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin iştirak etdiyi mərasimdə Horadiz-Ağbənd dəmir yolunu və çoxzolaqlı avtomobil yolunu İrana birləşdirmək üçün Araz çayı üzərindən salınacaq yeni dəmir yol və avtomobil yolu körpüsünün təməli qoyulub.