![]() |
|
Prezident İlham Əliyev Beyləqan rayonunun Allahyarlı–Qəhrəmanlı–Gödəklər–Bünyadlı–Sarısu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
"Yol-xeber.az"ın xəbərinə görə, Sərəncamla on altı min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Allahyarlı–Qəhrəmanlı–Gödəklər–Bünyadlı–Sarısu avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.4-cü yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 11,9 milyon (on bir milyon doqquz yüz min) manat ayrılıb.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
“Bu gün birotaqlı mənzillər şəhər mərkəzində, məsələn, Nərimanov rayonunda köhnə “Xurşovka” dediyimiz evlər 90-100 min manata təklif olunur. Ötən il avqust ayında bu mənzillər 80-85 minə təklif olunurdu”.
Bunu Valyuta.az-a açıqlamasında əmlak eksperti Ramil Qasımzadə deyib. O, qiymət artımının sezilə biləcək qədər hiss olunduğunu deyib:
“2 otaqlı mənzillər 100-120 min, 3 otaqlı mənzilər isə 150 minə təklif olunur. Mənzillərin qiymətləri layihədən asılı olaraq dəyişir”.
Ekspert hesab edir ki, avqust ayında mənzil bazarında qiymətlər bir o qədər də artmayacaq:
“Çoxmənzilli binalarda yerləşən ucuz mənzillər tədricən qıtlaşmaq üzrədir. Ucuz mənzillərlə bağlı bazara edilən təkliflərin sayı hər ay azalmağa doğru gedir. Bu azalma qiymətlərin artımına təsir edir. Hazırda yaydır, qiymətlər stabildir, amma sentyabrdan sonra qiymətlər artmağa doğru gedəcək”.
“Əbəs yerə plastik kartdan xarici ölkədə pul çıxaran zaman ayda 10 min dollarlıq limitin qoyulması belə rezonans yaradıb.
Ona görə ki, bu qayda əslində 30 min, 40 min və ya 100 min dollar çıxarmaq istəyənlərə mane ola bilməz. Çünki bu məbləği, 5-10 nəfər və ya 5-10 kart vasitəsilə xaricə daşımaq və pulu kartdan çıxarmaq mümkündür. Amma 10 milyon və ya 100 milyon dolları ölkədən kartla çıxarmaq üçün 10 000 nəfər adam və ya 10 000 ədəd kart tapmaq mümkün deyil. Odur ki, bu yeni qərar böyük əhali kütləsini təsirləndirməyəcək. Bu qərar ölkədən küllü miqdarda “çirkli pul” çıxarmağa çalışanları qayğılandıracaq”.
Bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, digər dəyişiklik daha önəmlidir:
“Belə ki, fiziki şəxslərin şəxsi məqsədlər üçün ölkə xaricinə köçürdükləri məbləğlər üzrə gündəlik limitlər ləğv edilərək aylıq limitlə əvəzlənib. Belə ki, ayda 20 min dollaradək ödəniş həyata keçirmək mümkün olacaq. Bu isə əvvəlki məhdudiyətlərlə yaranmış problemlərin həllinə vəsilə olacaq. Çünki insanlar müxtəlif məqsədlər üçün bir dəfəyə ödəməli və həll etməli olduğu işini edə bilmir, günlərlə əziyyət çəkirdi. Odur ki, bu dəyişikliyi daha effektiv dəyişiklik hesab etmək olar.
O ki qaldı, mənzil, maşın və digər əmlak almaq istəyənlərə, bu məsələdə problem yoxdur. Bu proseslər başqa qaydalarla tənzimlənir”.
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin yanvar-iyun aylarına nisbətən 112,2% təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, istehlak qiymətləri indeksi ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 114,3%, qeyri-ərzaq məhsulları üzrə 111%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,4% təşkil edib.
Ötən ay isə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 99,3%, ötən ilin iyun ayına nisbətən isə 109,4% olub.
Fiziki şəxslərin məqsədli köçürmələrinin, o cümlədən sahibkarlıq subyektlərinin xarici ticarət əməliyyatlarının daha əlverişli rejim çərçivəsində aparılması məqsədilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilib.
Bu barədə Azərbaycan Mərkəzi Bankı xəbər yayıb.
Dəyişikliklərə əsasən, fiziki şəxslərin şəxsi məqsədlər üçün ölkə xaricinə köçürdükləri məbləğlər üzrə gündəlik limitlər ləğv edilib, köçürmə formasından (hesab açmadan və ya hesab vasitəsilə) asılı olmayaraq 20 min ABŞ dolları ekvivalentinədək aylıq limit müəyyən edilib, həmçinin, fiziki şəxslərin təkcə özünün deyil, digər şəxslərin də xaricə səfərləri ilə bağlı nəqliyyat və hotel (gecələmə) xərclərini ödəmək imkanı nəzərdə tutulub.
Eyni zamanda, bazar iştirakçılarının rəy və təklifləri nəzərə alınmaqla, idxal olunan mallar üzrə köçürmələr zamanı sənədləşmə prosesi sadələşdirilib, ticarət vasitəçiliyi əməliyyatlarında isə vasitəçi tərəfindən əvvəlcədən köçürmə qaydasında satıcıya 180 günədək avans ödənişinin həyata keçirilməsi imkanı müəyyən edilib. Bu zaman vasitəçi müvəkkil banka ödənişi təmin edən geri götürülməyən akkreditiv və ya bank qarantiyası təqdim etməlidir.
Bununla yanaşı, beynəlxalq təcrübə də nəzərə alınmaqla Azərbaycan Respublikasının ərazisində emissiya olunmuş ödəniş kartları vasitəsilə rezident fiziki şəxslər tərəfindən ölkə hüdudlarından kənarda təqvim ayı ərzində 10 min ABŞ dolları ekvivalentinədək məbləğdə pul vəsaitinin nağdlaşdırılması müəyyən edilib.
Qaydalarda edilən digər dəyişikliklər “Siyasi partiyalar haqqında”, “Dövlət-özəl tərəfdaşlığı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” qanunlara, habelə Vergi Məcəlləsində edilmiş dəyişikliklərə uyğunlaşdırma xarakteri daşıyır.
Qonşu Rusiya və Türkiyənin milli valyutaları dollara nisbətən dəyər itirməkdədir. Dollara nisbətdə rubl yeni psixoloji həddə yaxınlaşır. ABŞ puluna nisbətən Rusiya valyutasının tezliklə üç rəqəmli həddədək ucuzlaşacağı da istisna deyil. Artıq Rusiyada 1 dollar almaq üçün 97 rubl ödəmək lazımdır. Son 1 ayda rubl 8% dəyər itirib.
Türkiyədə lirə də yeni psixloji həddə yaxınlaşmaqdadır. Hazırda 1 dollar 27 lirə ilə dəyişdirilir. Ankaranın yeni iqtisadi siyasətinə rəğmən milli valyutanın ucuzlaşmasının qarşısını almaq mümkün deyil. Əslində, qısa müddətli dövrdə buna nail olmağın mümkünsüzlüyü öncədən də bəlli idi.
Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, hər iki valyutaya təzyiqlər davam edir: "Türkiyədə məzənnənin sadəcə orta müddətli dövrdə stabilləşəcəyi gözlənilir. Sanksiyalar isə rublu sıxmaqdadır. Bu baxımdan, Rusiya iqtisadiyyatı ilə bağlı pozitiv olmayan proqnozlar da valyuta bazarına təsirsiz ötüşmür.
"Sözügedən ölkələr Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Rusiya Azərbaycanın ən böyük idxalçı tərəfdaşı və qeyri-neft ixracatında əsas partnyordur. Türkiyə Azərbaycanın ümumi ticarət dövriyyəsində və eləcə də qeyri-neft ixracatında ikinci ən böyük tərəfdaşdır".
Qonşu ölkələrin valyuta bazarlarında baş verənlərin manatın məzənnəsinə təsirlərinə gəldikdə isə millət vəkili bildirib ki, kursun müyyənləşməsində əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir: "Amma xarici tərəfdaşlarımızda milli valyutaların məzənnələri də əslində iqtisadi faktorlardan biridir. Əsas ticarət tərəfdaşlarımızda milli valyutalarının dəyərsizləşməsi manatın nominal effektiv məzənnəsini möhkəmləndirir. Bu isə qeyri-neft ixracatına təsirsiz ötüşməyə bilər".
"Azərbaycanda hələ ki məzənnə rejiminə keçirilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də, bu il manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq", - deyə V. Bayramov əlavə edib.
Bakı-Tbilisi-Ankara yüksək sürətli sərnişin qatarının buraxılması imkanları nəzərdən keçirilir.
Bu barədə “novosti-georgia” yazır.
Bakı-Tbilisi-Qars marşrutu rəsmi olaraq 2017-ci ildə açılıb və bütün bu illər ərzində söhbət yalnız yüklərin daşınmasından gedirdi. Amma ötən ilin avqustunda Tbilisidə keçirilən üçtərəfli görüşdə Türkiyənin ovaxtkı nəqliyyat naziri Adil Karaismailoğlu qeyd edib ki, onlar həmişə malların daşınmasını nəzərə alır:
“Növbəti illərdə lazımi infrastruktur yaradılarkən niyə sərnişindaşıma haqqında düşünməyək?!”
Bakı-Tbilisi-Qars marşrutunun uzunluğu 829 km-dir ki, bunun da 504 km-i Azərbaycandan, 246 km-i Gürcüstandan, 79 km-i Türkiyədən keçir. Azərbaycan 2024-cü ildə başa çatacaq yenidənqurma işlərinin təşəbbüskarı olub.
Bu gün İmişli rayonunda yeni müəssisənin - pivəlik arpa emalı zavodunun təməli qoyulub.
“Report” xəbər verir ki, layihənin məqsədi Azərbaycanda pivə istehsalında dəyər zəncirinin yaradılmasıdır.
Yeni müəssisə İmişli Şəkər Zavodunun ərazisində, İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin iştirakı ilə inşa olunacaq. Burada ilkin mərhələdə illik 11 min ton, sonrakı mərhələdə isə 17 min ton pivəlik arpa (malt) emal ediləcək. Zavod Azərbaycanın pivə istehsalçılarının xammala olan tələbatını tam ödəyəcək.
İnvestisiya dəyəri 25 milyon manat olacaq müəssisədə 50 nəfər daimi işlə təmin ediləcək. Zavodun fəaliyyətə başlaması ilə pivəlik arpa üzrə idxalın qarşısı alınacaq və 10 milyon dollardan çox vəsait ölkəmizdə qalacaq.
Zavodda, həmçinin, 510 tondan artıq yem əlavəsi əldə olunacaq. Layihə çərçivəsində zavodun xammalının saxlanılması üçün 20 min tondan çox tutumu olan silo kompleksi inşa ediləcək, həmçinin Ağcabədi, İmişli və Füzuli rayonlarının 8 000 hektar ərazisində arpa, şəkər çuğunduru və ərzaqlıq buğda üzrə əkin işləri həyata keçiriləcək.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
"Avronun məzənnəsi 0,03% azalaraq 1,8686 manat, Rusiya rublunun məzənnəsi 0,6% irəliləyərək 0,0178 manat, Türkiyə lirəsi 0,2% ucuzlaşaraq 0,0629 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi isə dəyişməyərək 1,7000 manat olub.
“Loqistika şirkətlərinin xidmətlərinin bahalaşması səbəbindən Azərbaycana yeni idxal olunan avtomobillərin dəyəri artıb”.
Bunu “Report”a açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov bildirib.
“Avtomobil istehsalçıları qiymət artımını daşınma xarclərinin yüksəlməsi və ehtiyat hissələrinin bahalaşması ilə əlaqələndirirlər. Avtomobil bazarında bu gün fəallıq azalıb, “ikinci əl” maşın bazarında iki-üç ay əvvəlki vəziyyətlə müqayisədə qiymətlər stabildir. Bazarda yeni avtomobillər arasında daha çox “Crossover” və “Mini Crossover”lərə üstünlük verilir. “İkinci əl” avtomobil bazarında isə hazırda daha çox satılan sedan seqmentində olan 1500 – 2000 kubsantimetr mühərrik həcmli avtomobillərdir”.
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev bildirib ki, avtomobil bazarında durğunluğun əsas səbəbi istehsalçı şirkətlərin tələbi qarşılaya bilməməsidir, nəticədə isə alıcıların seçimi məhduddur:
“Ölkədə tələb var, amma istehsalçı zavodlar yerli dilerləri avtomobillə təmin edə bilmirlər. Pandemiyadan sonra yaranan bu vəziyyət hələ də davam edir. Hibrid avtomobillərə kifayət qədər tələb var, sadəcə ölkəyə məhdud sayda göndərilir. Təklif az olduğu üçün də bu modeli almaq istəyən alıcılar gözləmək məcburiyyətində qalırlar”.
E.Əliyev bazara yeni idxal olunan avtomobillərin bahalaşmasını istehsalçı tərəfindən qiymətlərin artırılması, gömrük və logistika xərclərinin yüksəlməsi ilə əsaslandırır:
“Logistika xərclərinin az qala hər ay artması bazardakı qiymətlərə təsir edir. Amma bəzi rəsmi dilerlər öz marjalarını azaldaraq avtomobillərin qiymətini stabil saxlamağa çalışırlar”.
Onun sözlərinə görə, hazırda Azərbaycanda “ikinci əl” avtomobillər utilizasiya rüsumundan asılıdır:
“İkinci əl” bazarındakı durğunluğun bir səbəbi də ölkədə köhnə avtomobillərin utilizasiyası ilə bağlı prosesin aktuallaşması və utilizasiya haqqında qanunun parlamentdə müzakirəyə çıxarılmasıdır. “İkinci əl” avtomobil almaq istəyən vətəndaşlar hələlik bu barədə veriləcək yekun qərarı gözləyirlər”.
Ekspert ümid edir ki, yaxın illərdə Azərbaycanda istehsal tarixi köhnə avtomobillərin üçüncü ölkələrə satışı təşkil olunacaq:
“Biz Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası olaraq bu məsələ ilə bağlı hökumət üçün bir layihə üzərində işləyirik. Hazırda Azərbaycanın avtomobil parkının çox hissəsi köhnə avtomobillərdən ibarət olduğu üçün yenilənməyə çox ehtiyac var. İstismar müddəti 10 ildən çox olan avtomobillərin Azərbaycana idxalının məhdudlaşdırılması ilə bağlı qərarın qəbulu, elektromobillərin təşviqatı da bazarda alıcılıq qabiliyyətinə təsir edir. Son zamanlar köhnə avtomobillərlə bağlı olan qərarlar insanların “ikinci əl” maşın bazarına olan marağının azalmasına səbəb olub. Alıcılar daha əlverişli şərtlərlə təzə maşın almaq istəyirlər”.