“Azərbaycan Dəmir Yolları” (ADY) QSC Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq 2-3 sentyabr tarixlərinə əlavə qatar reysləri təyin edib.

Qurumun məlumatına görə, əlavə təyin edilən qatarlar hər şənbə, bazar günləri saat 08:25-də Bakı Dəmiryol Vağzalından Ağstafaya çıxacaq, 17:10-da isə Ağstafa Dəmiryol Vağzalından Bakıya yola düşəcək.
Xatırladaq ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə ənənəvi qrafiklə hər gün saat 08:45-də Bakıdan yola düşən qatar saat 13:42-də Ağstafaya, əks istiqamətdə saat 18:15-də Bakıya yola düşən qatar isə saat 23:15-də mənzilbaşına çatır.

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Sumqayıt-Bakı sərnişin qatarları üçün optimal hərəkət cədvəli hazırlanır.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq ADY-nin Mətbuat Xidmətinin rəhbəri Sənubər Nəzərova məlumat verib.

O bildirib ki, hazırda hər iki istiqamət üzrə günorta reysləri dayandırılıb:

“Bakı-Pirşağı istiqamətində günorta reysləri dayandırılıb. Söhbət Bakı stansiyasından 13:30-da, Pirşağı stansiyasından isə 14:30-da çıxan qatarların fəaliyyətindən gedir. İnfrastrukturda aparılan işlərə görə texniki fasilə götürülüb. Artıq qarşıdan gələn yeni tədris ili ilə bağlı optimal hərəkət cədvəli hazırlanır. Təsdiq olunan kimi bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”.
Qeyd edək ki, son günlər “Azərbaycan Dəmir Yolları”ndan (ADY) istifadə edən sərnişinlər qatarda sərnişin sıxlığının artdığını iddia edirlər. Tədris ili başladıqdan sonra isə bu sıxlığın daha da artacağı istisna edilmir.

Naxçıvan Muxtar Respublikasında un kəskin ucuzlaşıb.

Buna səbəb muxtar respublikada un istehsalında yerli buğdanın istifadəsinin artırılmasıdır.

Bildirilir ki, “Gəmiqaya Taxıl Məhsulları” MMC-yə bu günədək 5266 ton buğda qəbul edilib. Yerli buğdadan un istehsalının artması isə daxili bazarda unun qiymətinin növbəti dəfə aşağı düşməsinə səbəb olub.

Müəssisədə istehsal olunan unun qiyməti 27 %-dən çox enib. Belə ki, 50 kiloqramlıq unun qiyməti 37 manatdan 27 manata düşüb. Qiymətlərin aşağı düşməsi yerli unun satışına da müsbət təsir göstərib.

Müəssisədən verilən məlumata görə, son 20 gün ərzində 270 tona yaxın un satılıb.

Qeyd edək ki, bu ilin iyul ayında da unun qiymətində endirim olmuşdu. Daxili bazarda çörək istehsalçılarına 50 kiloqram unun 33-34 manata təklif olunduğu nəzərə alınaraq iyulun 17-dən 300 qramlıq çörəyin topdansatış qiymətinin 36 qəpiyə, pərakəndə satış qiyməti isə 40 qəpiyə endirilmişdi.

Azərbaycanda balın qiyməti arta və bazarda saxta məhsullar yer ala bilər.

Bu barədə Ölkə.Az-a arıçılar məlumat verib. Gözlənilən qiymət artımını əlverişsiz hava şəraiti, yağıntıların çox düşməsi ilə əlaqələndirən arıçılar bazarda bal qıtlığı yaşanacağını deyir.
Təsərrüfat sahibləri belə olan halda pişxtaxtalarda saxta balların çoxalmasını da istisna etmir.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov problemdən xəbərdar olduğunu deyib. O bildirib ki, hökumət bununla bağlı müvafiq tədbirlər görməlidir:

“Azərbaycanda bu il bal istehsalı baha başa gəlib. Balın maya dəyəri yüksəkdir. Təbii fəlakətlər - hava şəraitinin tez-tez dəyişməsi, leysan yağışların yağması, dolu düşməsi, regionlarda arıçılıqda kifayət qədər yemin olmaması ciddi problemlər yaradır. Fermerlərimiz arıların yerini dəfələrlə dəyişməli olublar.  Bu həm də yem qıtlığı ilə bağlı olub. Ona görə də məhsul az, qiyməti yüksəkdir. 
Bu məhsul bazara çıxarılacaqsa, əlbəttə, qiyməti yüksək olacaq.
Hökumət çalışmalıdır ki, bal satanlara şərait yaratsın ki, onlar da öz məhsullarını sata bilsinlər”. 

V.Məhərrəmov həmçinin əlavə edib ki, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) saxta bal satanlarla bağlı ciddi tədbir görməlidir:

“AQTA buyursun, keyfiyyətə nəzarət etsin. Niyə Azərbaycan istehlakçısı bazardan baha qiymətə saxta bal almalıdır? Yəni bütün məhsulların keyfiyyəti yoxlanılmalıdır. Nə vaxta kimi bazarda saxta bal olacaq? Nə üçün digər ölkələrdə belə məsələlər olmur? Saxta bal istehsalçılarına qarşı çox ciddi tədbirlər görülməli, bunun qarşısı birdəfəlik alınmalıdır. Saxta məhsulu sıradan çıxarmaq üçün hazırkı qiyməti aşağı salmaq mümkün deyil. Belə işbaz istehsalçılara qarşı tədbir görülməlidir. Yarmarkaya gətirilən bütün ballar yoxlanılmalı və keyfiyyətlə bağlı sənəd verilməlidir. Eyni zamanda bu şəxslərin hansısa yollarla saxta keyfiyyət sənədi almasına və fəaliyyətlərini davam etdirməsinə də imkan verilməməlidir. Bu, hökumətin üzərinə düşən vəzifədir”.

Qiymət artımın hansı civarda olacağı ilə bağlı suala isə ekspert belə cavab verib:

“Ötən il balın bir kilosunun maya dəyəri 26 manat 50 qəpik idi. İndi ola bilsin, bu qiymət baha olsun.
Azərbaycanın regionları müxtəlif olduğu üçün bəzi regionlarda bal baha başa gəlir, bəzilərində ucuz. Söhbət keyfiyyətli baldan gedir. Onun maya dəyəri yemdən asılıdır. Əgər fermer məcbur qalıb arıları başqa rayonlara da aparırsa, onun xərcləri də artır. Belə olan halda onun istehsal etdiyi balın maya dəyəri də yüksək olur. Biz istehlakçılar bunu başa düşməliyik. Düzdür, istehsalçı çalışmalıdır məhsuldarlığı artırsın, maya dəyərini aşağı salsın, keyfiyyəti yaxşılaşdırsın, rəqabət qabiliyyətli olsun. Arıçıların da rəqabətədavamlı bal istehsal etməsi, yem bazasının möhkəmlənməsi üçün hökumət müəyyən işlər görməlidir. Mövcud problemlər barədə bizə arıçılardan çox sayda zənglər gəlir. Hazırda məhsulun maya dəyəri yüksək olduğu üçün qiyməti də onlar müəyyən edəcəklər. Dediyim kimi, regionlardan asılı olaraq maya dəyəri də müxtəlifdir. Elə region var ki, balın kilosunun maya dəyəri 26-27 manat, eləsi də var ki, 15 manatdır. Hansı regionda bu il bal az, maya dəyəri yüksək olubsa, həmin yerlərdə arıçılara subsidiya dəstəyi göstərilməlidir”.

Bu günədək Laçın rayonunda ümumi gücü 40,5 meqavat, illik enerji istehsalı potensialı 120 milyon kilovat/saat olan 5 kiçik su elektrik stansiyası yenidən qurularaq istismara verilib.

Bu barədə “AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Laçın rayonunda keçirilən “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda 4 stansiyanın yenidən qurulması üzrə işlər davam etdirilir. Gələn ilin birinci rübündə artıq Laçın rayonunda ümumi gücü 65,5 MVt, illik elektrik enerjisi istehsal potensialı 194 milyon kilovat/saat olan 9 su elektrik stansiyası fəaliyyət göstərəcək.

"Laçın rayonunda Həkəri çayının ən böyük qolu olan Hoçaz çayı üzərində yerləşən və ermənilər tərəfindən tamamilə dağıdılan 14,25 meqavat gücündə “Ağbulaq”, 8,25 meqavat gücündə “Mişni” və 6 meqavat gücündə “Alxaslı” Su Elektrik stansiyaları Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq tam yenidən qurulub. Hazırda “Ağbulaq” Su Elektrik Stansiyasında artıq son tamamlama işləri aparılır. “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarında isə işlər başa çatdırılıb", - B.Rzayev qeyd edib.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, yenidən salınacaq Cəbrayıl rayonu, Horovlu kəndinin konseptual layihəsi hazırlanıb.

Bu barədə Şərqi Zəngəzur 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat verilib.

Layihənin öz təbiəti ilə ahəngdə, dayanıqlı kənd prinsipinə uyğun şəkildə hazırlandığı qeyd olunub.

 

 

 

 

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb.

Modern.az xəbər verir ki, sümüklü ətin qiyməti 50 qəpik - 1 manat artıb.

Ötən həftə 14 manata satılan mal əti hazırda bazara 15-16 manata çıxarılır.

Mal ətinin son bir həftə ərzində bahalaşmasını ot və yem qiymətlərinin artması ilə əlaqələndirirlər.

Qeyd edək ki, mal ətinin qiymətində bahalaşma olsa da, qiymət artımı qoyun ətinə hələlik təsir etməyib.

Rusiyanın taxıl ixracı rüsumlarını qaldırması qərarı taxılın qiymətini qaldıra bilər.

Bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, Rusiya taxıl sazişindən çıxmaqla da dünyaya yenidən həyacan yaşatdı və BMT-nin və Türkiyənin çoxsaylı cəhdlərinə baxmayaraq, sazişə dönməyəcəyini bildirdi. Bu isə Qara dənizdə taxıl daşıyan gəmilərə imkan verilməyəcəyi demək idi:

“Bir neçə gün əvvəl isə “The Wall Street” jurnalı yazmışdı ki, Amerika Dunay limanları vasitəsilə Ukraynadan çıxan taxılı daşıyan gəmiləri qorumaq üçün “hərbi həll” variantını düşünür. Bu isə Qara dənizdə NATO-Rusiya müharibəsinin qığılcımı ola bilərdi. Lakin Amerika tərəfi sonra açıq elan etdi ki, Rusiya ilə müharibə etmək fikirləri yoxdur.

Həmin mövzu azacıq qapanar-qapanmaz Rusiya Kənd Təsərrüfatı Nazirliyi taxıl məhsullarının ixrac rüsumunu qaldırdıqları ilə bağlı məlumat yaydı. Belə ki, Rusiya 23 avqustdan etibarən ölkədən çıxan buğda üçün ixrac rüsumunu bir ton üzrə 3712,8 rubldan 4269,9 rubla qədər artıracaq. Eyni zamanda arpanın ixrac rüsumu 439,6 rubldan 860,3 rubla, qarğıdalının ixracrüsumu isə 2175,1 rubldan 2495,2 rubla qaldırılacaq”.

Ekspertin sözlərinə görə, “Taxıl sazişinin” komaya düşməsi, Qara dənizdə potensial təhlükə, ixrac rüsümlarının qaldırılması taxıl böhranın yenidən yaşanmasına rəvac verə bilər. Onsuz da ixrac rüsumunun artması qiymət artımını qaçılmaz edəcək:

“İndi çox şey Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında avqustun sonu, sentyabrın əvvəli gözlənilən görüşdən asılıdır. Çünki, Türkiyə Prezidenti Rusiya rəhbərinin səfəri zamanı bir sıra məsələlərlə bağlı, o cümlədən Qara dəniz limanları vasitəsilə Ukraynanın kənd təsərrüfatı məhsullarının dünya bazarlarına tədarükünün bərpa olunmasına dair razılaşma əldə etməyi planlaşdırır. Yeri gəlmişkən, görüşün avqustun 31-də baş tutması da mümkündür” - deyə E. Əmirov əlavə edib.

Bu gün Qarabağ üçün tarixi günlərdəndir. 30 illik Ermənistan işğalının sona çatmasından sonra ilk dəfə azad Qarabağda məskunlaşmaya start verildi. Daha öncə Şərqi Zəngəzurda - Zəngilan və Laçın rayonlarında vətəndaşlarımızın öz ata-baba yurdlarına qayıtmasına başlanılmışdı.

Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, Füzuli şəhərində məskunlaşma Qarabağda Böyük Qaydışın başlanğıcıdır. Bu gün 23 ailə yeni qurulan Füzuli şəhərində mənzil sahibləri oldular. Bu ay bütövlükdə 144 ailənin Füzuli şəhərinə qayıdacağı gözlənilir:

"Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuz 2020-ci ildə Füzuli şəhərini işğaldan azad edən zaman üçrəngli Azərbaycan bayrağını asmaq üçün dağıdılmamış bir tikili belə tapmaq mümkün olmamışdı. Ermənistan işğalı nəticəsində şəhər tamamilə dağıdılaraq xarabalığa çevrilmişdi. Artıq Füzuli şəhəri bərpa edilir və müasir standartlara uyğun olaraq yenidən qurulur. Qarabağın hava qapısı olan Füzuli şəhəri bu gün öz doğma sakinlərini qarşılayaraq yeni mərhələyə qədəm qoyur.

Şəhərdə hazırda 38 binada tikinti-quraşdırma əməliyyatları sürətlə aparılır. Bu ilin sonunadək 800 ailə Füzuli şəhərinə qayıdacaq. Bu ilin sentyabrında 30 ildən sonra ilk dəfə Füzuli şəhərində ilk zəng səslənəcək. Şəhərdə inşa edilən orta məktəb, demək olar, istifadəyə hazırdır. 2040-ci ilədək isə şəhərdə 50 min vətəndaşımızın məskunlaşacağı gözlənilir.

Yeni şəhər işğaldan əvvəlki şəhər ilə müqayisədə daha geniş əraziyə malik olacaq. Növbəti 20 ildə əhali sayı 1993-cü il ilə müqayisədə 2,5 dəfə artacaq və Füzuli şəhəri hava limanı daxil olmaqla, 1936 hektar əraziyə malik olacaq. 46 kilometr avtomobil yolları olan şəhərdə piyada, velosiped yolları 85 kilometr olacaq".

"Qarabağ yenidən qurulur və bərpa edilir. Tezliklə Qarabağ Azərbaycan iqtisadiyyatının əsas inkişaf lokomitivinə çevriləcək", - deyə millət vəəkili əlavə edib.

Avqustun 18-dən Füzuli şəhərinə ilk köç başlayır.

İlk olaraq 90 nəfərdən ibarət olan 23 ailə sabah doğma şəhərinə qayıdacaq.

Qeyd edək ki, birinci mərhələdə Füzuli şəhərinə ümumilikdə 144 ailənin köçürülməsi nəzərdə tutulur.

Avqustun 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə köçürüləcək ailələr arasında püşkatma keçirib.

Püşkatmada 144 ailə (509 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 51-nə ikiotaqlı, 76-na üçotaqlı, 17-nə dördotaqlı mənzil verilib.

Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıb.

Xəbər lenti