![]() |
|
Azərbaycanda bir neçə dövlət qurumunun balansında olan bəzi avtomobillər hərrac yolu ilə satışa çıxarılır.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil ediləcək hərrac oktyabrın 4-də baş tutacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin hərrac vasitəsilə satışı Qaydası təsdiq edilib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Bu Qayda Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (Qaçqınkom)sifarişi əsasında Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində, Qaradağ rayonunun Ümid qəsəbəsində, Binəqədi rayonunun Xocasən qəsəbəsində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalarda, həmçinin Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən çoxmənzilli binalarda yerləşən mənzillərin açıq auksion formasında keçirilən hərrac vasitəsilə satışı qaydasını müəyyən edir. Mənzillərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytı vasitəsilə onlayn qaydada satılması mümkün olmadıqda onların satışı hərrac vasitəsilə həyata keçirilir. Mənzillərin hərrac vasitəsilə satışı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən təşkil edilir.
Mənzillərin hərracda satılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mənzillərə dair Qaydada nəzərdə tutulmuş məlumatları təqdim etməklə, təşkilatçıya müraciət edir və onunla hərracın təşkilinə dair müqavilə bağlayır. Təşkilatçı hərraca hazırlıqla bağlı aşağıdakı tədbirləri görür:
- bu Qaydaya uyğun olaraq hərrac gününə ən azı 30 gün qalmış hərrac haqqında məlumat verir;
- hərracda iştirak etmək istəyən şəxslərdən sifarişləri və ona əlavə olunmuş sənədləri elektron qaydada və ya kağız daşıyıcıda qəbul edir, onların qeydiyyatını aparır;
- hərracların keçirilməsi üzrə komissiya yaradır və onun işinə müstəqil ekspertləri cəlb edir;
- hərracın iştirakçıları ilə hesablaşmalar aparır.
Mənzillərin başlanğıc qiyməti “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna uyğun olaraq Nazirliyin cəlb etdiyi müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir.
Hərracın keçirilməsi məqsədilə təşkilatçı tərəfindən 5 üzvdən – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (2 nəfər), İqtisadiyyat Nazirliyinin (2 nəfər) və Maliyyə Nazirliyinin (1 nəfər) nümayəndələrindən ibarət Komissiya yaradılır və onun iş reqlamenti təsdiq olunur. Komissiyanın sədri komissiya üzvləri sırasından bu Qaydaya uyğun olaraq keçirilən səsvermə yolu ilə seçilir. Komissiyanın qərarları hər bir Komissiya üzvünün bir səsi olmaqla, açıq səsvermə yolu ilə iclasda iştirak edən komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Komissiyanın iclaslarında üzvlərinin azı üçdə ikisi iştirak etdikdə, Komissiya səlahiyyətlidir. Səslər bərabər olduqda, Komissiya sədrinin səsi həlledici hesab olunur. Komissiya üzvləri səsvermə zamanı bitərəf qala bilməzlər.
Komissiya aşağıdakı vəzifələri yerinə yetirir:
- hərracın keçirilməsini təmin edir;
- Təşkilatçı tərəfindən təqdim olunmuş məlumatlar (sənədlər) əsasında hәrrac iştirakçılarının qeydiyyatını aparır;
- hərracın gedişində mübahisəli vəziyyət yarandıqda, hərracı dayandırır və bu barәdә Təşkilatçıya məlumat verir;
- hərracın qalibini müəyyən edir;
- hərracın yekun və digər protokollarını rəsmiləşdirir və onu təsdiq etmək üçün Təşkilatçıya təqdim edir;
- Təşkilatçı tərəfindən ona tapşırılan digər vəzifələri yerinə yetirir.
Təşkilatçı hərraca çıxarılan mənzil haqqında hərrac gününə ən azı 30 gün qalmış mediada və özünün rəsmi internet səhifəsində hərracın keçirilmə forması, hərraca çıxarılan mənzilə dair bu Qaydaya uyğun olaraq təqdim edilmiş məlumatları, mənzilin başlanğıc qiymətini, sifarişlərin qəbulunun başlanma və bitmə tarixini, sənədlərin qəbulu yerinin ünvanını, hərracda iştirak etmək üçün tələb olunan sənədlərin siyahısını, hərracın keçirilmə tarixini, vaxtını və ünvanını, mənzilin başlanğıc qiymətinin 5 faizi məbləğində hesablanan behin məbləğini və onun köçürülməsi üçün müvafiq bank hesabını, hərracın qalibinin müəyyənləşdirilməsi barədə məlumatları əks etdirən hərracın keçirilməsinə dair bildiriş dərc etdirir.
Hərracda iştirak etmək üçün verilən sifarişə “İnzibati icraat haqqında” qanun nəzərə alınmaqla behin ödənilməsini təsdiq edən sənədin surəti, hüquqi şəxsin nizamnaməsinin və qeydiyyat şəhadətnaməsinin notariat qaydasında təsdiq edilmiş surətləri, sifarişi təqdim edən şəxs fiziki şəxs olduqda isə onun şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə olunmalıdır. Sifariş hüquqi və fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə, nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd də təqdim edilməlidir.
Bu Qaydada qeyd edilən sənədləri hərracın başlanmasına ən geci 3 iş günü qalanadək təqdim edən fiziki və ya hüquqi şəxs hərracın iştirakçısı olmaq hüququnu əldə edir. Hərrac keçirilmədikdə, fiziki və ya hüquqi şəxs bu Qaydada nəzərdə tutulmuş hallarda hərracda iştirak etməyə buraxılmadıqda və ya iştirakçı hərracın qalibi olmadıqda beh geri qaytarılmalıdır. Bildirişdə başqa qayda nəzərdə tutulmadıqda, Təşkilatçı müvafiq protokol tərtib etməklə hərracı keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci 3 iş günü qalmış imtina edə bilər. Bu Qaydada göstərilən müddəti pozmaqla hərracın keçirilməsindən imtina olunduqda, iştirakçılara dəyən real zərərin əvəzi Təşkilatçı tərəfindən ödənilir.
Sifariş və ona əlavə edilmiş sənədlər Təşkilatçı tərəfindən qəbul edilib qeydiyyata alınır və bunun müqabilində hərracda iştirak etmək üçün buraxılan şəxslərə onların hərracda iştiraketmə nömrəsi əks olunan bilet verilir.
Hərracın keçirilməsinə dair sifariş vermiş şəxs aşağıdakı hallarda hərracda iştirak etməyə buraxılmır:
- sifariş vermiş şəxs müvafiq normativ hüquqi aktlara uyğun olaraq iştirakçı kimi tanınmadıqda;
- sifariş vermiş şəxsin nümayəndəsinin səlahiyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmədikdə;
- bildirişdə göstərilən sənədlər tam şəkildə təqdim olunmadıqda, yaxud düzgün tərtib edilmədikdə;
- beh Təşkilatçının hesabına bildirişdə göstәrildiyindәn az məbləğdə və ya bu Qaydada müəyyən edilmiş müddətdən gec köçürüldükdə.
Hərraca çıxarılan mənzilin satışına onun başlanğıc qiyməti elan olunduqdan sonra başlanılır. Hərraca çıxarılan mənzilin başlanğıc qiyməti iştirakçılar tərəfindən əlavə etmə yolu ilə artırılır. Hər yeni təklif başlanğıc qiymətin 1 faizindən az olmamalıdır.
İştirakçılar öz biletlərini qaldırmaqla, elan olunmuş qiymətə mənzili almağa razı olduqlarını bildirirlər.
Hərraca çıxarılan mənzilin yeni satış qiyməti üç dəfə təkrar edilir. Təklif olunmuş qiymətə dair digər iştirakçılardan heç biri biletini qaldıraraq münasibətini bildirmədikdə, hərrac başa çatmış hesab edilir. Ən yüksək qiyməti təklif etmiş iştirakçı hərracın qalibi sayılır. Başlanğıc qiymət üç dəfə elan olunduqdan sonra iştirakçılardan heç biri biletini qaldırmadıqda, hərrac baş tutmamış hesab olunur.
Mənzillərin satışı üzrə keçirilən ilk iki hərracda sifariş verilmədikdə (və ya mənzil satılmadıqda), üçüncü hərracda həmin mənzilin satış qiyməti başlanğıc qiymətin 10 (on) faizi həcmində, dördüncü hərracda başlanğıc qiymətin 20 (iyirmi) faizi həcmində, beşinci hərracda başlanğıc qiymətin 30 (otuz) faizi həcmində aşağı salınır. Ödənilmiş beh satılan mənzilin satış qiymətinə daxil edilir. Hərracın qalib gəlməyən iştirakçılarının ödəmiş olduqları beh təşkilatçı tərəfindən təqdim edilmiş siyahılar üzrə 10 iş günü müddətində geri qaytarılır. Hərracın qalibi hərrac başa çatdıqdan sonra ən geci 10 iş günü ərzində iştirak üçün verdiyi beh nəzərə alınmaqla alış qiymətini ödəməlidir. Bu Qaydaya uyğun olaraq hərrac baş tutmadığı hallarda, iştirakçıların ödədikləri beh geri qaytarılmır.
Hərracın qalibi hərrac başa çatdığı gün onun yekunları haqqında protokolu imzalamadıqda və yaxud həmin protokolun təşkilatçı tərəfindən təsdiqindən sonra 10 iş günü müddətində ödənilməli olan pul vəsaitini müəyyən edilmiş hesaba köçürmədikdə hərracın nəticələri ləğv edilir və ödənilmiş beh geri qaytarılmır.
Bu Qaydada qeyd olunan hallarda mənzillərin hərrac vasitəsilə yenidən satışı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydaya əsasən həyata keçirilir. Hərracların təşkili ilə əlaqədar təşkilatçıya mənzillərin yekun satış qiymətinin 3 faizi məbləğində xidmət haqqı ödənilir. Mənzillərin satışından daxil olan vəsait bu Qayda ilə müəyyən olunan xidmət haqqı çıxılmaqla, 3 iş günü müddətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu məqsəd üçün açdığı xüsusi hesabına köçürülür.
Hərracın nəticələri onun başa çatdığı gün Komissiya üzvləri tərəfindən imzalanan protokolla rəsmiləşdirilir. Yekun protokolu imzalamaqdan boyun qaçıran Təşkilatçı hərracın qalibinə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən real zərərin əvəzini ödəməlidir.
Hərrac nəticəsində satılmış daşınmaz əmlak üzərində hərrac qalibinin hüquqlarının dövlət qeydiyyatının aparılması məqsədilə imzalanan yekun protokol bu Qaydaya uyğun olaraq ödəniş etdikdən sonra Təşkilatçı tərəfindən 5 iş günü müddətində elektron qaydada daşınmaz əmlakın dövlət reyestrinə göndərilir və bu barədə hərracın qalibinə onun əks-əlaqə vasitələrinin biri ilə məlumat verilir. Hərracın qalibi müvafiq məlumatı əldə etdikdən sonra qaydada mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı qeydiyyat orqanına müraciət edir. Həmin müraciət əsasında hərracın qalibinin mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və dövlət reyestrindən elektron çıxarış rəsmiləşdirilir.
Təşkilatçı hərracın nəticələri haqqında məlumatı hərracın keçirildiyi gündən 15 iş günü müddətində mediada dərc (elan) etdirir və özünün rəsmi internet səhifəsində yerləşdirir.
Dünən Nazirlər Kabinetində 2023-cü ilin dövlət büdcəsi layihəsinin müzakirəsi keçirilib. İclasda qeyd olunan məsələlərdən biri də dövlət başçısının tapşırığına uyğun olaraq əhalinin, şəhid ailələrinin, qazilərin sosial müdafiəsi və sosial təminatının gücləndirilməsinin, aztəminatlı əhalinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı tədbirlərin genişləndirilməsi olub. Qeyd olunub ki, inflyasiya təzyiqi nəzərə alınmaqla həssas əhali qruplarına sosial dəstək tədbirlərinin həyata keçirilməsi üçün 2023-cü il üzrə dövlət büdcəsinin sosialyönlü xərcləri bu illə müqayisədə 9,2% çox nəzərdə tutulub.
İqtisadçı deputat Vüqar Bayramov əməyin ödənilməsinə yönəldiləcək xərclərin 30%-dən çox artacağını bildirib:
"2023-cü ilin dövlət büdcəsində birbaşa sosial müdafiə və sosial təminat xərcləri 3 milyard 728 milyon manatdan 4 milyard 411 milyon manatadək artırılır. Gələn il büdcəsinin 23,7%-i əməyin ödənilməsinə yönəldiləcək. Bu həmin istiqamətə 6 milyard 495 milyon manat vəsaitin ayrılacağı deməkdir. Bu, 2022-ci ilin dövlət büdcəsində həmin istiqamət üzrə xərclə müqayisədə 5,2%, ötən ilki faktiki göstəriciyə nəzərən isə 30,6% faiz artım deməkdir".
Millət vəkilinin sözlərinə görə, 2023-cü il üzrə dövlət büdcəsinin xərclərinin iqtisadi təsnifatında sosial ödənişlərə isə 4 milyard 61 milyon manat nəzərdə tutulub ki, bu da 2022-ci ilin proqnozundan 5,9%, 2021-ci ilin icrası ilə müqayisədə 25,3% çoxdur.
"Bütövlükdə, 2023-cü ildə sosial istiqamətlər üzrə artımlar nəzərdə tutulub. Bununla yanaşı, gələn ildə də inflyasiyaya qarşı mübarizə prioritet olaraq qalacaq. Dünya iqtisadiyyatı üçün proqnozlar heç də ürəkaçan olmadığı üçün idxal inflyasiyası gələn ildə də istehlak bazarımıza təsirsiz ötüşməyəcəcək. Bu baxımdan da, sosial müdafiə tədbirləri fiskal siyasətdə əsas istiqamət olaraq qalmaqdadır", - deyə V. Bayramov əlavə edib.
ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) Açıq Bazar Əməliyyatları Komitəsinin (FOMC) iki günlük iclası yekunlaşıb. İclasın sonuncu günündə uçot dərəcəsinə dair yeni qərar açıqlanıb.
Məlumata görə, FED ardıcıl olaraq üçüncü dəfə uçot dərəcəsinin 0,75 faiz bəndi həddində artırılması haqqında qərar verib. Bununla da uçot dərəcəsi 3-3,25 faizə çatıb.
Xatırladaq ki, FED martda 2018-ci ildən bəri ilk dəfə olaraq uçot dərəcəsini 0,25 faiz bəndi artıraraq illik 0,25-0,5 faizə çatdırıb. Mayda dərəcə 0,50 faiz bəndi artırılaraq 0,75-1 faizə, iyunda 0,75 faiz bəndi (son 28 ildə ən kəskin artım) artırılaraq 1,5-1,75 faizə, iyulda daha 0,75 faiz bəndi artırılaraq 2,25-2,5 faizə çatdırılıb.(oxu.az)
"Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 2021-ci il oktyabrın 17-də Füzuli rayonuna səfəri zamanı təməli qoyulan Ağdam-Füzuli avtomobil yolunun inşası sürətlə davam edir.
Sözügedən yol Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrindən biri sayılır.
Uzunluğu 64.8 km, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olmaqla tikilir. Yol çiyinlərinin eni hər bir istiqamətdə 3.75 metr, ayırıcı zolağın eni 2 metr olmaqla yol yatağının eni 26.5 metr təşkil edir. I texniki dərəcəli olacaq yolda layihə üzrə 380 metr uzunluğunda istinad divarının inşası da aparılır.
Hazırda Ağdam-Füzuli avtomobil yolunda torpaq işlərinin icrası çərçivəsində yararsız qruntun çıxarılması, yatağın genişləndirməsi, 26.5 metr enində yeni yol yatağının, yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi, həmçinin kommunikasiya xətlərinin köçürülməsi işləri davam etdirilir.
Artıq yolun 59.3-64.8-ci kilometrlik hissəsində yol əsasının tikintisi yekunlaşmaq üzrədir.
Yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü borular, su keçidləri, həmçinin zəruri olan yerlərdə yeraltı və kommunikasiya xətləri üçün nəzərdə tutulan ehtiyat keçidlərinin tikintisi aparılır.
Bundan başqa layihə üzrə nəzərdə tutulan yolun 0.2, 5.7, 37 və 63-cü kilometrlik hissəsində 4 avtomobil körpüsünün inşası da davam edir. Körpülərdə svay, betonlanma və dayaqların tikintisi işləri icra olunur.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Tikintinin tərtib olunmuş qrafikə uyğun 2023-cü ilin sonunadək yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.
Bərdə-Ağdam avtomobil yolunun davamı olan Ağdam-Füzuli avtomobil yolu Ağdam, Ağcabədi, Füzuli rayonları ərazisindən keçir. Yolun inşası Bərdədən Ağdam və Füzuliyədək, həmçinin əks istiqamətdə rahat gediş-gəlişi təmin edəcək, yol boyu sosial-iqtisadi inkişafa müsbət təsir göstərəcək.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...
"Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Nərimanov rayonunda cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Fətəli xan Xoyski prospektində aparılan təmir işləri davam edir. Bu istiqamətdə prospektin Koroğlu Rəhimov və Aşıq Molla Cümə küçələri arasında yerləşən hissəsində təmir işləri yekunlaşıb.
Sözügedən hissədə asfalt-beton örtükdə əmələ gələn qabarma və çatlar hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Aparılmış təmir işləri ilə sözügedən problem tam olaraq aradan qaldırılıb.
Belə ki, ərazidə köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması, ardınca əlaqələndirici bitum səpilməklə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Ümumilikdə təmir işlərinin icra olunduğu hissənin uzunluğu 440 metr, eni ortalama 17.5 metr, sahəsi isə 8000 kv.m-ə yaxındır.
Prospektdə aparılan təmir işləri hərəkət intensivliyi nəzərə alınaraq gecə saatlarında və həftəsonları icra olunub.
Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “İnşaat Norma və Qaydaları”na uyğun, tərtib olunmuş qrafiklə sürətlə və keyfiyyətlə yerinə yetirilib.
Təmir işləri icra olunan müddətdə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən ərazidə hərəkətin təhlükəsizliyi və faziləsizliyi təmin olunub.
Sonda avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yolgöstərici və yolcizgi xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi işləri aparılaraq prospektin sözügedən hissəsi müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
Növbəti mərhələlərdə prospektin digər hissələrinin də təmiri nəzərdə tutulur.
Xatırladaq ki, bundan öncə prospektin Əhmədbəy Ağaoğlu və Koroğlu Rəhimov küçələri arasında olan hissəsi də əsaslı şəkildə təmir olunmuşdu.
Cari ildə Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7.6 km təşkil edir. 2021-ci ildə “İnvestisiya Proqramı”na uyğun olaraq rayon üzrə ümumi uzunluğu 11 km-dən çox olan 15-dən artıq küçə təmir olunub.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, “Böyük İpək yolu”nun tərkib hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası uğurla davam etdirilir. Artıq 130 km-lik yolun 39.8-82.2-ci km-lik (42.4 km) Zəyəm-Qırılı hissəsində tikinti işləri yekunlaşdırılıb.
Layihəyə əsasən torpaq yatağının ümumi eni 27.5 metrdir. Hər birinin eni 3.75 metr olmaqla 4-6 hərəkət zolağından ibarət yolun örtüyü polimer asfalt-betondur. Yol yatağının qalınlığı ümumilikdə 72.5, asfalt-beton örtüyü 3 lay olmaqla, qalınlığı 27 sm təşkil edir.
Magistralın Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsində tikinti işləri 3 hissə üzrə icra olunur. 42.4 km-lik 2-ci hissənin 1-ci texniki dərəcəyə uyğun inşası artıq bitib, 39.8 km-lik 1-ci hissənin tikitisi isə yekunlaşmaq üzrədir.
Belə ki, magistralın tikintisi yekunlaşmış Zəyəm-Qırılı hissəsində 8 avtomobil körpüsü, 5 yol qovşağı və 2 yolötürücüsü inşa edilib. Mühəndisi qurğularının ən kiçiyinin uzunluğu 27.6 metr, ən böyüyünün isə 290.24 metr ( Tovuz çay körpüsü) olmaqla ümumi uzunluqları 1133.25 metr təşkil edir.
Layihənin sözügedən hissəsində həmçinin 29 alt keçid, 202 dairəvi boru, 12 düzbucaqlı su keçidi və 32 dayanacaq da inşa edilib.
130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin 39.8 km-lik 1-ci, Gəncə-Zəyəm hissəsi üzrə tikinti işləri isə bitmək üzrədir. Sözügedən hissədə işlərin fiziki tərəqqisi 93% təşkil edir.Hazırda burda yol yatağı və yol əsasının tikintisi, asfalt-beton örtüyünün döşənməsi, çiyinlərin bərkidilməsi işləri, həmçinin mühəndisi qurğularının inşası son mərhələ üzrə aparılaraq yekunlaşdırılır.
Layihənin 47.95 km-lik 3-cü, Qırılı-Gürcüstan sərhədi hissəsinin də tikintisi davam etdirilir. Hazırda sözügedən hissədə qaya dolğusu və dənəvər tərkibli əsasın tikintisi, suöütürücü boruların, alt keçidlərin və körpülərin inşası işləri davam etdirlir. Buna paralel olaraq qırmadaşlı əsasın tikintisi və asfalt-beton örtüyünün döşənməsi işləri də icra olunur.
Ümumilikdə layihə üzrə yolboyu 25 yol qovşağı və ötürücüsü, 17 avtomobil körpüsü, 83 yeraltı keçid, 38 düzbucaqlı su keçidi, 547 dairəvi suötürücü boru, zəruri yerlərdə 84 avtobus dayanacağı olacaq.
Tikinti işləri magistral avtomobil yolunda vətəndaşların rahat və maneəsiz hərəkəti dayandırılmadan, “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında keyfiyyətlə aparılır.
130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi və sürətin artması ilə vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişi təmin ediləcək. Bundan başqa yol trassası iri yaşayış məntəqələrindən kənar keçməklə layihələndirilib. Bu isə həmin yaşayış məntəqələrində yaşayan əhalinin və yoldan istifadə edən sürücülərin təhlükəsizliyi baxımından önəmlidir.
Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycandan keçən tərkib hissəsi olmaqla, Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə, həmçinin respublika ərazisində bu istiqamətdə əlaqələrin inkişafında mühüm rol oynayır.
Layihə tam reallaşdırıldıqdan sonra şərqdən qərbə və əks istiqamətdə “Böyük İpək yolu”nun Azərbaycandan keçən hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yükdaşımaların artmasında önəmli rol oynayacaq.
YOLUNUZ AÇIQ OLSUN...
Sentyabrın 21-də Prezident İlham Əliyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Laçın şəhərində inşa ediləcək 110/35/10 kV-luq “Laçın” Qovşaq Yarımstansiyasının təməlqoyma mərasimində iştirak edib.
"Yol-xeber.az" xəbər verir ki, dövlət başçısı “Laçın” Qovşaq Yarımstansiyasının təməlini qoydu.
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev Prezident İlham Əliyevə “Laçın” Qovşaq Yarımstansiyası haqqında məlumat verdi.
Bildirildi ki, Laçın şəhərinin və ətraf kəndlərin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün şəhərin cənub girişində inşa olunacaq rəqəmsal yarımstansiya Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmış layihə üzrə tikiləcək. Ümumi gücü 80 meqavatamper olacaq bu yarımstansiya qovşaq funksiyasını daşıyacaq. Belə ki, Füzulidəki “Şükürbəyli” yarımstansiyasından çıxaraq “Cəbrayıl”, “Zəngilan”, “Qubadlı” yarımstansiyalarına, oradan isə “Güləbird” Su Elektrik Stansiyası ilə əlaqələnən 110 kV-luq ikidövrəli xətt, “Daşkəsən” yarımstansiyasından “Kəlbəcər” və “Qorçu” yarımstansiyalarına çəkilən 110 kV-luq ikidövrəli xətt, həmçinin “Şükürbəyli” yarımstansiyasından “Füzuli” və “Şuşa” yarımstansiyalarına gətirilən 110 kV-luq ikidövrəli xətt “Laçın” şəhər yarımstansiyası ilə əlaqələndiriləcək. Beləliklə, 44 günlük Vətən müharibəsindən sonra Qarabağda və Şərqi Zəngəzurda tikilən yarımstansiyaların və yeni çəkilən 400 kilometrdən çox yüksəkgərginlikli ikidövrəli xətlərin dairəvi elektrik təchizatı yaradılacaq. Bununla da, işğaldan azad olunmuş ərazilərdəki yüksəkgərginlikli xətlərdən birində qəza baş verərsə, dərhal digər istiqamətdən gələn xətt vasitəsilə oraya gərginlik veriləcək. Bununla da Qarabağda və Şərqi Zəngəzurda enerjinin verilişində fasilə yaranmayacaq.
Diqqətə çatdırıldı ki, strateji əhəmiyyətə malik bu yarımstansiyada müasir mikroprosessor tipli rəqəmsal idarəetmə, mühafizə və avtomatika sistemləri, sabit və dəyişən cərəyan qurğuları, 35 kV-luq və 10 kV-luq qapalı paylayıcı qurğular ilə təchiz olunmuş İdarəetmə Mərkəzi, ən müasir avadanlıqlardan ibarət 110 kV-luq açıq paylayıcı qurğu yaradılacaq, həmçinin işçi heyət üçün xüsusi yataqxana korpusu tikiləcək.
Yarımstansiyanın iş rejiminə real zamanda nəzarət olunması və göstəricilərin “Azərenerji” ASC-nin SCADA sisteminə ötürülməsi məqsədilə yerli mikro-SCADA dispetçer idarəetmə sistemi qurulacaq və enerjisistemin mərkəzi SCADA sisteminə inteqrasiya olunacaq.
“Laçın” Qovşaq Yarımstansiyasında yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə nasosxana binası, yanğın su hovuzu, qəza yağ tutumu, yanğından mühafizə və yanğın xəbərverici sistemləri də quraşdırılacaq.
"2021-ci ildə Ermənistanın xarici ticarət dövriyyəsi 8 milyard 379 milyon dollar olub. Bunun 3 milyard 22 milyon dolları ixrac, 5 milyard 357 milyon dolları idxaldır. Ticarət balansında mənfi saldo 2 milyard 250 milyon dollara yaxınlaşıb. Bu problemin Ermənistan dramına təsirlərini azaldan əsas faktorlardan biri Rusiyada yaşayan ermənilərin ölkəyə göndərdiyi pullardır".
Bunu iqtisadçı ekspert Natiq Cəfərli Ermənistanın və Azərbaycanın xarici ticarət göstəricilərini müqayisə edərkən deyib. O bildirib ki, 2021-ci ildə Ermənistanın üç ən böyük ticarət tərəfdaşı Rusiya, Çin, İran olub. Maraqlı siyahıdır, hər üç dövlətin Qərblə münasibətlərini ayrıca izah etməyə ehtiyac yoxdur:
"2021-ci ildə 8,3 milyard dollarlıq ticarət dövriyyəsinin 2,6 milyard dolları Rusiyanın payına, 503 milyon dolları İranın payına düşüb (Bütün ölkələrdə Çinin payı olduğu üçün nəzərə alınmayıb)".
Ekspert bildirib ki, 2021-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 33 milyard 912 milyon dollar göstərilib. Bunun 22 milyard 206 milyon dolları ixrac, 11 milyard 705 milyon dolları idxal kimi rəsmiləşib. Ticarət dövriyyəsinin müsbət balansı 10 milyard 500 milyon dollar təşkil edib (İxracımızın 90%-i enerji daşıyıcılarıdır):
"2021-ci ildə Azərbaycanın ticarət dövriyyəsində əsas ölkələr (Çin nəzərə alınmadan) İtaliya, Türkiyə, Rusiya, Almaniya, İsrail olub. İran heç ilk 15 ölkə sırasında belə yer almayıb".
Azərbaycanın xarici ticarətinin az qala yarısı Avropa İttifaqı ölkələri ilə, Türkiyə, İsrail və ABŞ-ı da saysaq, 80%-i Qərb dövlətləri ilədir. Ölkəyə qoyulan investisiyaların 80%-dən çoxu Qərb ölkələri və Türkiyənin payına düşür. Azərbaycanın bütün kommunikasiya xətləri Türkiyə üzərindən Qərbə bağlıdır"
"Dövlət" anlayışı yaranan gündən çoxşey dəyişib - bir tək ticarətin, iqtisadi əlaqələrin siyasətə, dövlətlərarası münasibətlərə təsirindən başqa. Tarixən dost, yaxın ölkələr daim ticarətlə, iqtisadi əlaqələrlə bilinib", - deyə N. Cəfərli əlavə edib.