![]() |
|
Azərbaycan Respublikası Prezidentinin ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi məqsədilə qəbul etdiyi “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 2022-ci il 19 iyul tarixli Fərmanının icrası istiqamətində işlər davam etdirilir.
Bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Belə ki, Fərmanın 2.3-cü bəndinin icrasını təmin etmək məqsədilə ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, yerli ərzaqlıq buğda istehsalçılarının fəaliyyətinin stimullaşdırılması və onlara dövlət dəstəyinin göstərilməsi ilə əlaqədar Dövlət Ehtiyatları Agentliyinin aidiyyəti dövlət qurumları ilə razılaşdırılmış təklifinə əsasən Nazirlər Kabineti tərəfindən müvafiq Sərəncam qəbul edilib.
Həmin Sərəncamla ərzaqlıq buğdanın istehsal xərcləri (maya dəyəri) və istehsalçının mümkün qazancı nəzərə alınmaqla, Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsində göstərilən keyfiyyət göstəricilərinə uyğun yerli ərzaqlıq buğdanın bir tonunun dövlət tədarük qiyməti 2022-ci il üçün 580,0 (beş yüz səksən) manat müəyyən edilib.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
Avronun məzənnəsi 0,5% artaraq 1,7348 manat, Rusiya rublunun məzənnəsi 1,4% azalaraq 0,0279 manat, türk lirəsinin məzənnəsi dəyişməyərək 0,0952 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
Azərbaycan Mərkəzi Bankı yenilənmiş 10 və 50 qəpiklik metal pul nişanlarını tədavülə buraxıb.
Bu barədə qurum xəbər verir.
Yenilənmiş metal pul nişanlarının texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanlarına uyğundur, onlarla paralel dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti sentyabrın 6-da dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti dəfə hərrac keçirəcək.
Bu barədə nazirlikdən bildirilib.
Hərraca Daxili İşlər Nazirliyi və bir sıra qurumların nəqliyyat vasitələri çıxarılacaq.
Qeyd edək ki, 1-30-cu sətirdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının balansında olan nəqliyyat vasitələri 2-ci dəfə təkrar hərraca çıxarılır.
Bu gün Türkiyə lirəsinin Azərbaycan manatı qarşısında rəsmi məzənnəsi 0,0956 manat olub. Bu isə yeni tarixi minimum hesab olunur.
“Bu, ötən rəsmi məzənnə ilə müqayisədə 0,31% azalma deməkdir. İyul ayının əvvəlindən lirə 6,1% dəyər itirib.
Sonuncu dəfə türk lirəsinin manat qarşısında ən aşağı məzənnəsi iyulun 22-də 0,0959 manat qeydə alınmışdı.
Xatırladaq ki, indiyədək (denominasiyadan sonra) lirənin manata qarşı ən yüksək dəyəri 2008-ci ilin yanvarın 15-də qeydə alınıb. Bu isə 0,7363 manat təşkil edib.
Qeyd edək ki, Türkiyədə dollar həftəyə 17,79 lirədən başlayıb, avro/lirə nisbəti isə 18,15 lirə olub.
Avropa Birliyi Rusiyadan təbii qaz idxalını kəsdikdən sonra Afrikada böyük neft və təbii qaz ehtiyatlarına malik Nigeriyadan idxalını 14%-dən yuxarı artırmaq niyyətindədir.
Bununla əlaqədar olaraq, Avropa İttifaqının Energetika Departamentinin baş direktorunun müavini Metyu Balduin Nigeriyaya səfər edib və ölkənin bir sıra rəsmiləri ilə görüşüb, Nigeriyadan mayeləşdirilmiş təbii qazın (LNG) idxalını indiki göstəricidən daha da artırmaq istədiklərini bildirib.
Balduin Nigeriyanın Niger Deltası bölgəsində təhlükəsizliyi yaxşılaşdırdığını və Trans-Niger boru kəmərini avqust ayından sonra yenidən açmağı planlaşdırdığını açıqlayıb. Bu da Avropaya daha çox qaz ixracına səbəb olacaq.
Bolduin bu ölkədən ümumi maye qaz ixracının 60%-nin Avropaya ötürüldüyünə diqqət çəkib: "Rusiyanın Ukraynanı işğal etməsindən və enerji bazarında qeyri-sabitlikdən sonra Avropa qaz böhranındadır və tam qazın kəsilmək riski var".
Qeyd edək ki, Nigeriya həmçinin xam neft hasilatında dünyanın ilk 15 ölkəsi arasında, ən böyük neft ehtiyatlarına malik 8-ci ölkəsi, ixracatda isə 6-cı ölkədir. Təxminən 37 milyard barel neft ehtiyatı olan bu ölkə dünya neft ehtiyatlarının 3,1%-nə sahibdir.(qaynarinfo)
Bu gündən Bakı-Naxçıvan istiqaməti üzrə yeni avtobus reysi açılır.
Bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksi məlumat yayıb
Məlumata görə, avtobus hər gün axşam saat 21:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşəcək və səhər saat 9:00-da Naxçıvan şəhərinə çatacaq. 5 yaşına qədər uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından 10 yaşına qədər uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir.
Sərnişinlərin istəyinə uyğun olaraq beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür. Biletləri avtovağzalın kassalarından və //avtovagzal.az/ saytından onlayn qaydada əldə etmək mümkündür.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
"Avronun məzənnəsi 0,39% azalaraq 1,7309 manat, Rusiya rublunun məzənnəsi 4,84 % azalaraq 0,0295 manat, türk lirəsi 0,83% ucuzlaşaraq 0,0959 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi isə dəyişməyərək 1,7000 manat olub.
"Yol-xeber.az" xəbər verir ki, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 290-313 km-də təmir-bərpa işləri icra olunub.
Belə ki, ümumilikdə 4000 kv.m sahədə deformasiyaya uğramış köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Daha sonra əvəzinə aşınma qatı olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetirilib.
Sonda yolcizgi və yolgöstərici xətlər çəkilib.
YOLUNUZ AÇIQ OLSUN...
.Bu ilin yanvar-iyun aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində avtomobil benzini və dizel yanacağına istehlakçılar tərəfindən 1 295,2 mln. manat xərclənib.
“APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2021-ci ilin eyni göstəricisi ilə müqayisədə 8,6% və ya 102,6 milyon manat çoxdur.
Bu ilin may göstəricisi ilə müqayisədə iyun satışlarının həcmi 18,3% və ya 40,1 milyon manat artaraq 258,8 milyon manat təşkil edib.
Qeyd edək ki, bu ilin ilk altı ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədikləri vəsaitin 5,7%-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub ki, bu da ötən ilin eyni göstəricisindən 0,5 faiz bəndi azdır.