![]() |
|
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
"Avronun məzənnəsi 1,18% azalaraq 1,7060 manat, Rusiya rublunun məzənnəsi 3,33% irəliləyərək 0,0279 manat, türk lirəsi 0,41% ucuzlaşaraq 0,0981 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi isə dəyişməyərək 1,7000 manat olub.
Azərbaycanda “Aİ-95” premium markalı benzinin qiymətində dəyişiklik edilib.
“Aİ-95” premium markalı benzin 0,4 manat bahalaşıb və yeni satış qiyməti 2 manat təşkil edəcək.
Buna qədər litri 1,6 manatdan satılan benzinin qiymətinin artmasına səbəb isə dünya bazarlarında müşahidə olunan qiymət artımıdır. Belə ki, “Aİ-95” premium markalı benzin ölkəmizdə istehsal olunmadığı üçün xaricdən idxal edilir. Məhsulun idxal dəyərinin artması onun ölkəmizdəki satış qiymətlərinin də artmasına səbəb olub.
Ümumiyyətlə, “Aİ-95” markalı benzinin qiyməti qlobal bazarlardakı neft qiymətlərindən birbaşa olaraq asılıdır. Misal olaraq, qiymətlərdəki 2020-ci ilin martın 13-də qeydə alınan azalmanı göstərə bilərik. Həmin vaxt “Aİ-95” premium markalı benzin dünyadakı neft qiymətləri fonunda ölkəmizdə 1,5 manatdan 1,2 manata qədər (20 faiz) ucuzlaşmışdı.
Lakin hazırda dünya bazarında neft qiymətlərinin 50 dollar səviyyəsindən 100 dollardan daha artıq dəyərə qədər yüksəldiyini nəzərə aldıqda, “Aİ-95” premium markalı benzinin qiymətindəki artımın qaçılmaz olduğu anlaşılır.
Qeyd edək ki, dünya ölkələrində Aİ-95 markalı benzinin satış qiyməti ölkəmizlə nisbətdə olduqca yüksəkdir. Üstəlik, hətta Azərbaycandakı müvafiq qiymət artımından sonra belə əksər ölkələrlə müqayisədə Azərbaycanda “Aİ-95”in qiyməti olduqca məqbul hesab oluna bilər.
Məsələn, qonşu Gürcüstanda “Aİ-95” markalı benzinin qiyməti müvafiq olaraq 1,34 ABŞ dolları (2,27 manat) təşkil edir. Daha bir qonşumuz olan Türkiyədə isə sözügedən qiymət 1,46 dollara (2,48 manat) bərabərdir. Azərbaycanda “Aİ-95” Premium markalı benzinin yeni qiyməti Avropa ölkələrindəki qiymətdən də kifayət qədər aşağıdır. Məsələn, cənub-şərqi Avropa ölkəsi Rumıniyada bu rəqəm müvafiq olaraq 1,68 dollar (2,85 manat), qərbi Avropa ölkəsi olan İsveçrədə isə 2,36 dollara (4,01 manat) çatır.
“Aİ-95” premium markalı benzinin bahalaşmasının Azərbaycan əhalisinə təsiri isə minimum həddə olacaq. Belə ki, ölkəmizdə sözügedən markalı benzin yalnız lüks avtomobillər tərəfindən istifadə olunur. Azərbaycanda istehlak olunan benzin markaları arasında “Aİ-95” premium markalı benzinin payı cüzidir. Ölkəmizdə əsasən “Aİ-92” və dizel markalı yanacaqdan istifadə olunur.
Beləliklə, xüsusən vurğulamaq lazımdır ki, Azərbaycanda kütləvi şəkildə istifadə olunan Aİ-92 markalı benzinin qiymətində heç bir dəyişiklik edilməyib. Yaxın vaxtlarda da sözügedən markalı benzinin qiymətində hər hansı bir artımın olması gözlənilmir.
İran və Rusiya qarşılıqlı ticarətdə dollar və avro ilə hesablaşmalardan imtina etməyi planlaşdırır. Bu barədə İran Mərkəzi Bankından bildiriblər.
Xarici ticarətdə dollardan imtina mümkündürmü və bu regiondakı ticari əlaqələrə necə təsir göstərə bilər?
İqtisadçı deputat Vüqar Bayramovun sözlərinə görə, hər iki ölkəyə qarşı Qərbin sanksiyaları qüvvədədir və Rusiyaya qarşı daha sərt paketlərdən istifadə olunur. Həm İran, həm də Rusiya xarici valyutalara, xüsusən də dollara tələbi yüksək olan ölkələrdəndir:
"İran ilə Rusiya arasındakı ticarət dövriyyəsi pandemiyadan əvvəlki il, yəni, 2019-cu ildə 1 milyard 595 milyon dollar olub. Cənub qonşumuzun Rusiyaya ixracatı yarım milyard dollardan da azdır. 2021-ci ildə isə qarşılıqlı ticarət 81% artsa da, yenə də ümumi dövriyyə böyük rəqəmlə ifadə olunmur. Regionun aparıcı dövlətlərdən olan iki ölkə arasındakı ticarət dövriyyəsi ötən il 3,3 milyard dollar olub. Doğrudur, bu ilin ilk rübündə sözügedən dövlətlər arasında ticarət 10% artıb. Bununla belə, yenə də ticari əlaqələrinin daha da dərinləşdirilməsi üçün bəlli çağırışlar qalmaqdadır. Bununla belə, tərəflər illik ticarət dövriyyəsini 10 milyard, 2025-ci ilədək isə 40 milyard dollaradək artırmağı hədəfləyirlər. Amma mövcud rəqəmlər göstərir ki, reallıq ilə hədəflər arasında fərq kifayət qədər böyükdür".
"Göründüyü kimi, sözügedən ölkələr arasında ticarət dövriyyəsi böyük olmadığı üçün dollardan imtina reallaşsa da, bu, regiondakı valyuta tələbinə xüsusi təsir etməyəcək. Digər tərəfdən, hər iki dövlət üçün xarici valyuta cəlb etmək prioritet olduğu üçün belə bir addımın tam rellaşacağı ilə bağlı da xeyli suallar var. İndiyədək Latın Amerikası və Asiyada yerləşən bir neçə aparıcı ölkələr də dollardan imtina etməyə çalışsalar da, bunu reallaşdıra bilməyiblər. Belə görünür ki, ABŞ pulundan imtina heç də düşünüldüyü kimi asan deyil - hətta Vaşinqtonun düşmənləri üçün də belə", - deyə V. Bayramov əlavə edib.
Azərbaycanda Aİ-95 markalı benzinin qiymətinin qalxacağı gözlənilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Haqqın.az məlumat yayıb.
Benzinin qiymətinin qalxmasına səbəb kimi dünya enerji bazarındakı volatillik göstərilir.
Qeyd edək ki, hazırda “Azeri Light” markalı neftin 1 barelinin qiyməti 120 dollar ətrafında dəyişir.
“Azərbaycan neft emal edən ölkədir. Bu, ona daxili bazarda neftdən alınan müxtəlif məhsullar – dizel və benzinin müxtəlif markalarına görə qiymətləri sabit saxlamağa imkan verir. Hətta, bəzi neft məhsullarına görə qiymət qalxdıqda belə, bu, cəmiyyət arasında xüsusi narahatlığa səbəb olmadı. Çünki istehlakçı anlayır ki, Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya olunmuş digər ölkələr kimi onun qanunları ilə yaşayır və qiymət dəyişkənliyini nəzərə almaya bilməz” – deyə məqalədə qeyd olunur.
Ekspertlər hesab edir ki, neft və neft məhsullarının kəskin bahalaşması dünya iqtisadiyyatında növbəti tənəzzülə səbəb ola bilər.
“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən qatarda mövsümi endirim kampaniyasına start verib.
Bu gündən etibarən üç ay müddətində sözügedən marşrut üzrə standart yerlər üçün satılan biletlərin qiymətində 25 faizlik endirim tətbiq olunur.
Kampaniya çərçivəsində sərnişinlər standart (ekonom) yerlər üçün 15 manat ödəyərək səfər edə biləcəklər. Biznes və birinci klass yerlərə gediş haqqı dəyişilmədən saxlanılır.
Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə qatar gündəlik fəaliyyət göstərir. Bakıdan 08:00-da yola düşən və Gəncəyə 11:40-da çatan qatar həmin gün 18:00-da Gəncədən çıxır və 21:35-də Bakıda olur. Gəncə istiqamətində yolda olma müddəti 3 saat 40 dəqiqə, Bakıya dönüşdə isə 3 saat 35 dəqiqə təşkil edir.
Bilet alışı zamanı yaşı 18-dən yuxarı olan sərnişinlərdən peyvənd sertifikatı, əks-göstəriş sertifikatı və ya immunitet sertifikatı tələb olunur.
Avropa İttifaqı aprel ayından başlayaraq Ukraynadan 5,8 milyon ton taxıl ixrac edib.
"Bunu Aİ-nin xarici siyasət komissarı Jozep Borrel tviterdə bildirib.
"Bizim həmrəylik xətlərimiz Ukraynanın köhnə taxıl ehtiyatlarını təmizləmək, idxal və ixrac axınını yaxşılaşdırmaq üçün çalışır. İyun ayında 2,5 milyon ton ixrac edilib. Tədarük həcmi təxminən iki dəfə artıb", - o əlavə edib.
Azərbaycanda bir neçə müddətdir ki, hər kəsi düşündürən sual quru sərhədlərin nə vaxt açılacağı ilə bağlıdır.
Nazirlər Kabinetinin Dövlət Sərhədlərinin bağlanması ilə bağlı 20 iyun 2022-ci il tarixli qərarına əsasən quru sərhədlər daxil olmaqla 1 sentyabr 2022-ci il tarixinədək bütün sərhədlər bağlanılıb.
Qeyd edilib ki, hazırda da Dövlət Sərhəd Xidməti sərhəd buraxılışı məntəqələrində xüsusi icazələr istisna olmaq şərti ilə vətəndaşların keçidini qeyd olunan qərara əsasən tənzimlənir.
Bu isə o deməkdir ki, karantin rejimində yumşalma olmayacağı təqdirdə quru sərhədlər ən az sentyabrın 1-ə qədər bağlı qalacaq.
Bakı-Sumqayıt-Bakı sürət qatarında texniki nasazlıq nəticəsində gecikmə yaranıb.
“Report” xəbər verir ki, nasazlıq qrafik üzrə 08:00-da Sumqayıt dəmiryolu stansiyasından Bakıya yola düşməli olan qatarda yaşanıb.
Sərnişinlərə edilən xəbərdarlıqda gecikmənin texniki nasazlıq səbəbindən baş verdiyi bildirilib.
Qonşunun evini su basması, yaxınlıqdakı obyektin yanması və ya digər hadisələr zamanı vətəndaşın mülkünə zərər vurulmasına səbəb olan şəxslər məsuliyyətə cəlb edilirmi?
“Qafqazinfo” xəbər verir ki, son zamanlar bununla bağlı məhkəmə instansiyalarında ziddiyyətli qərarlar verilir. Belə ki, hakimlərin bir hissəsi burada hadisəyə səbəb olan şəxsin təqsirkar olduğu barədə qərar çıxarır, digər qisim isə qanunda bu halın nəzərə alınmadığını qeyd edir.
Misallarla izah etsək, Bakının Nərimanov Rayon Məhkəməsi qonşusunun evinə su axıdaraq vurduğu zərərə görə Bürhan Həmidovu 450 manat mülki məsuliyyətə cəlb edib. Oxşar hala görə Nəsimi məhkəməsi Gülşən Şəkərovanın 250 manat ödəməli olduğunu bildirib. Səbail rayonunda isə Orxan Mirzəyevin evi yanaraq ona 12 750 manat zərər dəyib. Araşdırma zamanı məlum olub ki, yanğına səbəb onun qonşusu Larisa Konoplyanko olub. Rayon məhkəməsinin qərarı ilə həmin məbləğ qonşudan tutulub.
Lakin Bakı Kommersiya Məhkəməsi rayon məhkəmələrinə zidd qərar qəbul edib. Belə ki, bir müddət öncə bağlanan “Standart sığorta” şirkəti Xırdalan şəhər sakini Sənubər Quliyevanın evini su basmasına görə vətəndaşa 650 manat ödəniş edib. İcra Hakimiyyəti arayış verərək subasmaya səbəb kimi qeyd edib ki, “Azərsu” ASC-nin borularında qəza baş verdiyi üçün vərəndaşın evini su basıb. Sığorta şirkəti vətəndaşa ödədiyi pulun subroqasiya qaydasında “Azərsu” ASC-dən tutulması üçün məhkəməyə müraciət edib.
Bakı Kommersiya Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası qərarında iddianı rədd edərək icbari sığorta üzrə subroqasiya hüququnun yaranması əsasları üçün “İcbari sığortalar haqqında” qanununun 25-ci maddəsinə istinad edib.
Qeyd edilib ki, həmin maddəyə görə, sığortaçının subroqasiya hüququ daşınmaz əmlakla bağlı deyil, yalnız mülki məsuliyyətin icbari sığortası üzrə yaranır: ““İcbari sığortalar haqqında” qanununda isə daşınmaz əmlakın icbari sığorta müqaviləsi üzrə ümumiyyətlə subroqasiya hüququnun yaranması nəzərdə tutulmayıb”.
Müzakirə elən hüquqi çəkişmə ilə bağlı prosesdə rolu olan bir neçə quruma izah verilməsi və öz mövqelərini açıqlaması üçün sorğu göndərdikib.
Ədliyyə Nazirliyindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, “İcbari sığortalar haqqında” Qanunun 25-ci maddəsində göstərilən subroqasiya hüququnun yaranması əsaslarında daşınmaz əmlakın icbari sığortasının istisna edilməsi nəzərdə tutulmayıb: “Eyni zamanda Mülki Məcəllənin 936.6-cı maddəsinə görə həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir”.
“Paşa Sığorta” şirkətindən saytımıza deyiblər ki, Mülki Məcəllə sığorta ilə bağlı ümumi müddəaları müəyyən edir: Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən isə sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Yəni sığortaçı “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə də sığorta ödənişi verdikdən sonra zərər vuran şəxsə qarşı subroqasiya hüququndan istifadə edə bilər”.
İcbari Sığorta Bürosuna da məsələ ilə bağlı sorğu ünvanladıq. Qurumdan “Qafqazinfo”ya cavab olaraq bildirilib ki, daşınmaz əmlaka vurulmuş zərərə görə sığorta şirkəti tərəfindən sığorta ödənişi verildikdən sonra hadisəni törətməkdə təqsirli bilinən şəxsdən dəymiş ziyanın ödənilməsini tələb etmək subroqasiya hüququna aiddir: “Azərbaycanda sığorta münasibətləri sferasında subroqasiya hüququ Azərbaycan Respublikasının Mülki məcəlləsinin və “İcbari sığortalar haqqında” qanunun müvafiq maddələri ilə tənzimlənir. Mülki məcəllənin 936-cı maddəsinin 2-ci bəndində qeyd olunur ki, “Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin maddənin 6-cı bəndində isə yanız həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmədiyi təsbit edilib”.
Azərbaycan Sığortaçılar Assosasiyasının açıqlamasına görə, “İcbari sığortalar haqqında” qanunun 25-ci maddəsində yalnız mülki məsuliyyətin icbari sığortası qeyd edilsə də, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən, sığortaçının subroqasiya hüququ yaranır: “Daşınmaz əmlakın icbari sığortası üzrə subroqasiya hüququ Mülki Məcəllənin 936-cı maddəsinə əsasən yaranır. Bu məsələyə yanaşma daim belə olub. Biz, Azərbaycan Sığortaçılar Assosasiyası olaraq hüquqi məsələlərlə bağlı anlaşılmazlıq yaranan halları mütəmadi müzakirə edərək müvafiq qurumlara müraciət edirik. Daşınmaz əmlakla bağlı subroqasiya hüququ haqqında daha öncə də problem yaranmadığı üçün müzakirələrə ehtiyac olmayıb”.
Sığorta məsələləri üzrə ekspert Əli Bayramov deyir ki, subroqasiya hüququnu “İcbari sığortalar haqqında” qanuna və ya başqa qanuna bağlamaq lazım deyil: “Subroqasiya hüququ beynəlxalq aləmdə tətbiq olunan təcrübədir, eyni zamanda, bizim Mülki Məcəlləmizdə də açıq-aydın qeyd edilib. Zərər vuran mütləq vurduğu zərərə görə məsuliyyət daşımalıdır. Bizim məhkəmələr indi bunu başqa cür başa düşür və başqa cür yanaşma tətbiq edirlər. Əgər zərərlə bağlı təqsirkar tərəf varsa, mütləq subroqasiya hüququ tanınır. İcbari əmlak sığortasında mülki məsuliyyət sığortası nəzərdə tutulub, amma məhkəmələrin bu hala belə yanaşması absurddur. Əgər bir şəxs qonşunun evinə su axıdıbsa, baxmaq lazımdır ki, hadisə həmin şəxsin iradəsindən və ya hərəkətsizliyindən asılı olub, yoxsa yox. Bu məsuliyyəti heç bir qurum kənara ata bilməz. Yanğınla bağlı da sübut olunursa ki, hadisə bir insanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verib, onda da həmin şəxs mütləq qaydada məsuliyyət daşıyır. Hətta “İcbari sığortalar haqqında” qanunda bu məsələyə konkret yanaşma yoxdursa, o qanundan da üstün Mülki Məcəllədir və məcəllədə bu məsələyə aydın münasibət bildirilib. Bu, beynəlxalq təcrübədir, bizim qanunvericilik və ya digər hüquqi aktlar hazırlanan zaman beynəlxalq qanunvericilikdən istifadə olunur. Hakimlərin, məhkəmələrin bu işə belə yanaşmaları absurddur”.
Əli Bayramov qeyd edib ki, yeni “İcbari sığortalar haqqında” qanun Kommersiya məhkəmələrini çaş-baş salıb: “Əvvəllər özgənin əmlakını qəsdən və ya ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə halında sığorta şirkətləri sahibkarların, vətəndaşların zərərinin əvəzini ödədikdən sonra köhnə "Yanğından icbari sığorta haqqında" qanununa və mülki qanunvericiliyə uyğun olaraq hadisə ilə əlaqədar təqsirkar şəxsdən vurulmuş zərərin əvəzini subroqasiya qaydasında tələb edirdilər.
Yəni sığorta şirkətləri “pozulmuş hüquqların bərpasının təmin edilməsi” prinsipindən çıxış edərək, zərərçəkmiş daşınmaz əmlak sahiblərini razı saldıqdan sonra, törətdiyi ictimai təhlükəli əmələ və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxsin mülki məsuliyyətə cəlb olunmasını məhkəmələrdən tələb edirdilər.
İndi isə kommersiya məhkəmələrimizdə maraqlı təcrübə formalaşıb. Kommersiya Məhkəmələri “İcbari sığortalara haqqında” qanunun 23.1.6-ci maddəsinə əsasən sığorta şirkətlərinin sığorta ödənişini verdikdən sonra təqsirkar şəxslərə qarşı Mülki Məcəllənin 936-cı maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququnu nəzərə almır.
Bununla da əmlakı qəsdən və ya ehtiyatsızlıqdan məhv edən şəxslər məsuliyyətsiz qalır. O cümlədən yanğın törədən şəxsin mülki məsuliyyətə cəlb olunmaması cəmiyyətdə mənfi emosiyalar doğurur. Hazırda bu cür məhkəmə prosesləri davam edir. Belə çıxır ki, başqasının əmlakını qəsdən və ya ehtiyatsızlıqdan məhv edən şəxslər məsuliyyətə cəlb edilməyəcək?”
Amin Nəzərli
Azərbaycan və Türkiyə kənd təsərrüfatı sahəsində əməkdaşlıqla bağlı saziş imzalayacaqlar.
Bu barədə qonşu ölkənin kənd təsərrüfatı və meşə naziri Vahit Kirişçi bildirib.
Nazir qeyd edib ki, 10 ölkə ilə aqrar sahədə əməkdaşlıq barədə sazişin imzalanmasına hazırlıq görülür. Həmin ölkələr arasında Azərbaycanla yanaşı, Venesuela, Qazaxıstan, Sudan və Əlcəzair də var.
Vahit Kirişçinin sözlərinə görə, mümkün ərzaq böhranına qarşı tədbirlər görülür.
İqlim baxımından Türkiyədə istehsal edilməsi çətin olan məhsullar xaricdə icarəyə götürüləcək torpaqlara əkiləcək. Kənd Təsərrüfatı Nazirliyi Latın Amerikası və Afrikanın bir neçə ölkəsində torpaqların icarəyə verilməsi ilə bağlı danışıqlara başlayıb.
"Bizə təkliflər edən ölkələr var: Azərbaycan, Venesuela, Qazaxıstan, Əlcəzair, Sudan. Bununla bağlı danışıqlar gedir", - nazir bildirib.
Nazir əlavə edib ki, sözügedən ölkələrlə əməkdaşlıq üçün işlərə başlanılıb.