![]() |
|
Gürcüstan Kazbeki sərhəd-keçid məntəqəsinin bağlanması ilə əlaqədar Rusiya Federasiyasına gedən avtonəqliyyat vasitələrinin sahiblərinə Azərbaycan ərazisindən istifadə etməyi təklif edib.
Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin məlumatına görə, Rusiya Federasiyasına gedən avtonəqliyyat vasitələri Sınıq Körpü və Laqodexi gömrük-keçid məntəqələrindən istifadə edərək sərhədkeçmə prosedurlarını həyata keçirə bilər.
Nəqliyyat sahəsi üzrə ekspert Orxan Bağırov açıqlamasında bildirdi ki, yolun bağlanması müvəqqəti xarakter daşıyır, buna görə də, böyük axının Azərbaycana yönələcəyini gözləmək olmaz: "Yükdaşıma ilə məşğul olanlar bir neçə gün gözləyə bilərlər. Həmçinin burada sərnişin aparan avtomobillər də çoxdur. Fikrimcə, daha çox bu avtomobillər avtomobil yolundan istifadə edəcək.
Əlbəttə, yüklərin bir hissəsinin Azerbaycandan daşınması elavə gəlir yaradacaq, lakin burada böyük gəlirlərdən söhbət getmir".
Qeyd edək ki, güclü yağışlar nəticəsində baş vermiş daşqın Gürcüstan və Rusiyanı birləşdirən beynəlxalq yolun Rusiya Federasiyası ilə sərhədə yaxın hissəsini zədələyib.
Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb.
“Yol-xeber.az”ın məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,5 ABŞ dolları və ya 2,05% artaraq 124,68 ABŞ dolları təşkil edib.
“Laçın beynəlxalq hava limanı saatda 200 nəfər sərnişinə xidmət göstərə biləcək”.
Report verdiyi xəbərə görə, bunu “AzVirt” MMC-nin baş direktorunun müşaviri Ceyhun Səfərov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Laçın beynəlxalq hava limanı Qarabağda inşa olunan sayca üçüncü beynəlxalq hava limanıdır:
“2021-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən bu hava limanının təməli qoyulub. Tikinti işlərinin 2024-cü ildə tamamlanması planlaşdırılır”.
C.Səfərov bildirib ki, hava limanının uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metr təşkil edir:
“Perronun sahəsi 50 000 kvadratmetrdir. Hazırda hava limanının ərazisinin hamarlaşdırılması aparılır. Bu da ən çox uçuş-enmə zolağının düşdüyü əraziyə təsadüf edir. Terminalın sahəsi isə 5 000 kvadratmetrdir. Saatda 200 nəfər sərnişinə beynəlxalq standartlara cavab verəcək şəkildə xidmət göstərmək mümkün olacaq. Həmçinin gələcəkdə beynəlxalq uçuşların icrası üçün tam şərait yaranacaq. Hava hərəkətinin idarə etmə qülləsi, transformator otağı, su çəni, qazanxana, nəzarət-buraxılış məntəqəsi və digər yardımçı binaların da layihələndirmə işləri həyata keçirilir”.
Bu gün Türkiyə lirəsinin Azərbaycan manatı qarşısında rəsmi məzənnəsi 0,1026 manat olub.
Bu, ötən rəsmi məzənnə ilə müqayisədə 4,8% artım deməkdir.
Qeyd edək ki, iyunun 24-də lirənin manat qarşısında rəsmi məzənnəsi tarixi minimumuna enərək 0,979 manat olmuşdu.
Xatırladaq ki, indiyədək (denominasiyadan sonra) lirənin manata qarşı ən yüksək dəyəri 2008-ci ilin yanvarın 15-də qeydə alınıb. Bu isə 0,7363 manat təşkil edib.
Azərbaycandakı apteklərdə satışa çıxarılan dərmanların qiymətləri qonşu Türkiyə və İrandakı preparatlardan bahadır.
"Xəzər Xəbər" məlumatına görə, eyni dərmanların kəskin fərqlə baha satılması vətəndaşları narazı salır.
Göründüyü kimi, buradakı qiymət fərqi 10-15 faizlə deyil, 200-350 faizlə ölçülür. Üstəlik, bu dərmanlar ölkəmizdə tez-tez rast gəlinən şəkər, təzyiq, ürək və digər xəstəliklərin müalicəsi üçün nəzərdə tutulduğundan, qiymət fərqindən yaranan ödənişlər vətəndaşların büdcəsində ciddi yer tutur.
Əczaçılar da tez-tez vətəndaşların bu qəbildən olan şikayətləri ilə qarşılaşdıqlarını deyirlər. Onlar qiymətlər arasında bu qədər fərqin olmasını isə logistika xərcləri ilə izah edirlər.
Mövzuya münasibət bildirən Milli Məclisin Səhiyyə komitəsinin üzvü Rəşad Mahmudov hesab edir ki, dərmanların qiymətləri arasındakı bu qədər fərqin olmasının ən başlıca səbəbi adıçəkilən xarici ölkələrin özlərinin dərman istehsalı ilə məşğul olmalarıdır.
Deputatın fikrincə, qiymət fərqindən irəli gələn problemləri həll etmək üçün xüsusi qurum olmalıdır. Bu qurum dərmanların sertifikatlarının alınmasından tutmuş onun qiymətinin tənzimlənməsinə qədər bütün proseslərə nəzarət etməlidir.
Qeyd edək ki, Tarif Şurasının qərarına əsasən, idxal edilən dərmanların ölkəmizdəki satış qiymətləri ölkəyə daxil olarkən sahibkarın üzərinə düşən xərcdən 14-40 faiz arasında yuxarı ola bilər. Yəni 5 manata başa gələn dərman maksimim 40 faiz, 100 manatdan baha başa gələn dərman isə 14 faiz baha satıla bilər.
"İstisu qəsəbəsinin inkişafı ilə bağlı artıq konkret addımlar atılır. İlk növbədə, yeni su zavodunun tikintisi nəzərdə tutulur. Bu gün mən bu su zavodunun təməlini qoydum".
"Yol-xeber.az" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev iyunun 26-da Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimindəki çıxışında bildirib.
Dövlət başçısı qeyd edib ki, vaxtilə məşhur olan İstisu suyu yenidən buraxılacaq, Azərbaycanda istehlak olunacaq və ixrac ediləcək.
“Eyni zamanda, arxada gördüyünüz “İstisu” sanatoriyasının dağıntılarıdır. Keçən il burada bu dağıntılarla tanış oldum və göstəriş verdim ki, bu yerdə - İstisu qəsəbəsində yeni mehmanxana inşa edilsin və müalicə mərkəzi yaradılsın. Çünki vaxtilə sovet dövründə minlərlə insan gəlib burada dincəlib, öz sağlamlığını bərpa edib, bu gözəl təbiətdən zövq alıb”, - deyə Azərbaycan Prezidenti əlavə edib.
Ermənilərin binalarımızı, məscidlərimizi, məktəblərimizi, şəhər və kəndlərimizi, o cümlədən bu sanatoriyanı dağıtdıqlarını bildirən Prezident İlham Əliyev deyib:
“Bir müddətdən sonra burada yeni gözəl mehmanxana və müalicə mərkəzi yaradılacaq. Mən hesab edirəm ki, bu, çox vacibdir. Çünki “İstisu” sanatoriyası və İstisu suyu bu bölgənin rəmzi, Kəlbəcərin təbii sərvəti idi. Bu gün biz - bu torpaqların sahibləri vaxtilə əlimizdən alınmış bütün sərvətləri özümüzə qaytarmışıq.
Bütün şəhər və kəndlərimizi yenidən, sıfırdan bərpa edirik və edəcəyik, o cümlədən Kəlbəcər rayonunda, Laçın rayonunda böyük quruculuq işləri gedir”.
"Yol-xeber.az" xəbər verir ki, Xəzər rayonunun Zirə qəsəbəsinin Yeni sahə, Dəmiryol küçəsi, həmçinin Seyid Əzim Şirvani və Həsrət Ağamalıoğlu küçələrində təmir işləri icra olunur. Küçələrin ümumi uzunluğu 1 150 metr təşkil edir.
Torpaq əsaslı olan küçələr sözsüz ki, sakinlərin gediş-gəlişində problemlər yaradır, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.
Aparılan yenidənqurma işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol əsasının salınması işləri görülüb. Hazırda yeni asfalt-beton örtüyünün döşənməsi aparılır.
Sonuncu mərhələdə hərəkətin normal təşkili üçün yolcizgi və yolgöstərici xətləri çəkilərək təmir işləri yekunlaşdırılacaq.
Qeyd edək ki, cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Xəzər rayonunun Mərdəkan, Binə, Buzovna, Qala və Zirə qəsəbələri ərazisində ümumi uzunluğu 26.5 km küçə və yolun təmiri aparılır.
2021-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq isə rayonun Binə, Buzovna və Qala qəsəbələrində ümumi uzunluğu 16.3 km olan küçə və yolların təmiri icra olunub.
YOLUNUZ AÇIQ OLSUN…
"Yol-xeber.az" xəbər verir ki, İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası istiqamətində əsas prioritetlərdən biri yol infrastrukturunun bərpasıdır. Bu çərçivədə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan yol infrastrukturu layihələrindən biri də Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisidir. Artıq yolun asfaltlanmasına başlanılıb.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində bütün avtomobil yolları iri yaşayış məntəqələrindən kənar keçməklə layihələndirilir. Bu isə həmin yaşayış məntəqələrində yaşayacaq əhalinin, həm də yoldan istifadə edəcək vətəndaşların rahatlığı baxımından önəmlidir.
Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun inşası da məhz bunlar nəzərə alınaraq aparılır. Yeni avtomobil yolunun uzunluğu 32 km təşkil edir. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olacaq yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edir.
Hazırda yolboyu genişmiqyaslı tikinti işləri aparılır. Layihəyə uyğun olaraq torpaq yatağının, suni qurğuların inşası işləri görülür. “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yararsız qrunt, həmçinin torpaq yatağının genişləndirilməsi üçün bitki qatının qazılaraq çıxarılması işləri görülür, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması, yeni torpaq yatağının və yol əsasının inşası həyata keçirilir. Yol əsası hazır olan hissədə yeni asfalt-beton örtüyünün döşənməsinə də start verilib.
Çətin relyefə malik olan ərazidən keçən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə dairəvi borular və müxtəlif süni qurğuların tikintisi də icra olunur. Bu çərçivədə yolun 22-ci km-də inşa edilən və uzunluğu 149.5 metr, eni 13.5 metr olan 4 aşırımlı körpüdə hazırda tikinti işləri son mərhələ üzrə icra olunur.
Yeni avtomobil yolunun inşası tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla AAYDA-nın rəhbərliyinin nəzarəti altında həyata keçirilir.
Tikinti işlərinin cari il ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...
Qara Dəniz Ticarət və İnkişaf Bankı yarandığı vaxtdan Azərbaycana 510 mln avro kredit vəsaiti aylrıb.
Bunu maliyyə naziri Samir Şərifov deyib. O bildirib ki, bank Azərbaycanda özəl sektora da dəstək göstərib.
"2019-cu ildə Bakı Fond Birjasında bankın istiqrazları buraxıldı. Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda milli valyuta ilə istiqraz yerləşdirən ilk beynəlxalq qurum olub", - deyə nazir əlavə edib.
İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu faiz subsidiyası mexanizminə bu il edilmiş dəyişikliklərlə bağlı kredit təşkilatlarının nümayəndələri üçün onlayn maarifləndirmə sessiyası keçirib.
Bu barədə Fond məlumat yayıb.
Məlumata görə, tədbir minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emalla məşğul olan sahibkarlara kredit təşkilatları tərəfindən verilmiş kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi barədə ətraflı məlumatın verilməsi məqsədilə təşkil olunub.
Görüşdə bildirilib ki, mexanizm mikro, kiçik və orta sahibkarlıq subyektlərinə şamil olunur və şəkər tozu, günəbaxan yağı, marqarin, kərə yağı, un və makaron məmulatlarının istehsalı üzrə xammal tədarükü məqsədilə 2022-ci ildə alınmış kredit faizlərinin subsidiyalaşdırılmasını nəzərdə tutur.
Qeyd olunub ki, Fondun müvəkkil kredit təşkilatları siyahısına aid olub-olmamasından asılı olmayaraq, ölkədə qanuni əsaslarla fəaliyyət göstərən istənilən kredit təşkilatından qeyd olunan məqsədlə kredit əldə etmiş sahibkarlar kredit faizlərinin subsidiyaşdırılması məqsədilə Fonda müraciət edə bilər. Tələblərə əsasən, subsidiya əldə etmək üçün kreditin müddəti və faiz dərəcəsindən asılı olmayaraq, sahibkarların 3 milyon manatadək olan kreditləri subsidiyalaşdırılır. Subsidiyanın həcmi kredit faizinin 10 faiz bəndi və subsidiyalaşdırma müddəti kreditin alındığı tarixdən növbəti 12 aya qədər dövrü əhatə edir.