![]() |
|
İki ildən çoxdur ki, Azərbaycan quru sərhədlərini bağlayıb. Naxçıvanla İran və Türkiyə quru sərhədindən başqa digər bütün sərhədlər qapalıdır. İnsanlar xaricə yalnız hava yolu ilə gedib-gələ bilirlər. Bu isə insanlar üçün kifayət qədər xərc deməkdir.
"Quru sərhədlərin bağlı qalması ölkədə turizm sektoruna da ciddi təsir edib.
Azərbaycana qonşu ölkələrdən xeyli insan gəlirdi ki, onlar da məhz quru sərhədinə üstünlük verirdilər. Hazırda quru sərhədlər bağlı qaldığından mövcud vəziyyət ölkəyə gələn turistlərin sayına ciddi təsir göstərir.
Millət vəkili Vüqar Bayramov da "ARBTV"yə açıqlamasında bildirib ki, turizm neftdən sonra ölkəyə ən çox valyuta gətirən sahədir: "Nəzərə almaq lazımdır ki, ölkədə gələn turistlərin 60 faizi Rusiya, Gürcüstan və Türkiyənin payına düşür. Quru sərhədlərin açılması ölkəyə daha çox turistin gəlməsinə səbəb olacaq".
Xatırladaq ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "cebhe.info"-ya quru sərhədlərinin açılması məsələsinə münasibət bildirərkən demişdi ki, Operativ Qərargahın may ayının sonu, iyun ayının əvvəllərində quru sərhədlərnii açmaq, gediş-gəlişi bərpa etmək fikri var.
Təqribən bir ay əvvəl rəsmi Bakı buğda və digər taxıl məhsullarını idxal etmək üçün əsas alternativ kimi Hindistanı görürdü.
Lakin mayın 16-da Hindistanın sənaye və ticarət naziri buğda ixracatının qadağan edildiyini elan etdi. Dehlinin yeni hökumətinin bu qərarı isə daha çox iqtisadi maraqları reallaşdırmaqla əlaqəlidir.
Daha ətraflı Baku TV-nin süjetində:
Qarabağda 22 yaşayış məntəqəsi salınacaq. Bununla bağlı layihələndirmə işlərinə start verilib.
Bərpa üçün bu yaşayış məntəqlərinin seçilməsi təsadüfi deyil.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov İTV-yə bildirib ki, həmin yaşayış məntəqələri elə seçilib ki, işğaldan azad olunan ərazilərdə yenidən qurulan və planlaşdırılan nəqliyyat vasitələrinin əsas xətləri və mühəndis kommunikasiyalarına yaxın olsun: "Hər bir kəndin özünəməxsus tarixi xüsusiyyətləri var. Bunlar mütləq nəzərə alınmalıdır".
Ətraflı videomaterialda izləyə bilərsiniz:
Türkiyədə dollar son 6 ayda ilk dəfə 15,60 lirə həddindən yuxarı qalxıb.
Buna səbəb qlobal miqyasda möhkəmlənən dollar fonunda Türkiyə Mərkəzi Bankının tədiyə balansı ilə bağlı açıqladığı rəqəmləri olub.
Belə ki, Türkiyədə mart ayı üzrə cari əməliyyatlar kəsiri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 67% artaraq 5,554 mlrd dollara çatıb.
Gözləntiləri üstələyən cari kəsir ötən gün türk lirəsi üzərində əlavə təzyiq yaradıb. Dollar yeni günə 15,64 lirədən başlayıb.
Qeyd edək ki, bu gün lirə manat qarşısında da 0,9% ucuzlaşaraq 0,1087 manat həddinə enib.
Xatırladaq ki, ABŞ-da artan inflyasiya fonunda Federal Ehtiyatlar Sistemi tərəfindən aparılan sərt pul siyasəti dolları qlobal bazarda möhkəmləndirir.
Azərbaycan Mərkəzi Bankının 2021-ci ilin yekunları üzrə maliyyə nəticələri açıqlanıb.
“Bankın sözügedən dövrə cəmi aktivləri 26,411 mlrd manat təşkil edib. Bu isə 2020-ci ilin yekunu ilə müqayisədə 3,6% azdır.
AMB-nin cəmi öhdəlikləri isə illik müqayisədə 5,8% artaraq ötən ilin sonunda 25,240 mlrd manat təşkil edib.
Nizamnamə kapitalı 500 mln manat, kapital ehtiyatları 526,968 mln manat, ədalətli dəyərinin dəyişməsi sair məcmu gəlirə aid olunan qiymətli kağızların yenidən qiymətləndirilməsi üzrə zərəri 40,043 mln manat olan Mərkəzi Bankın bölüşdürülməmiş mənfəəti 412,746 mln manat və ya 69% azalaraq 596,009 mln manatdan 183,263 mln manata enib. Nəticədə, milli bankın cəmi kapitalı illik müqayisədə 27,9% azalaraq 2021-ci ilin dekabrın 31-nə 1,170 mlrd manata enib.
Effektiv faiz dərəcəsi metodu ilə hesablanmış faiz gəlirləri 121,086 mln manat, sair faiz gəlirləri 10,141 mln manat, faiz xərcləri 166,457 mln manat təşkil edən bankın xalis faiz xərcləri 35,230 mln manat təşkil edib. Qeyri-faiz xərcləri 127,516 mln manat olan baş bankın il üzrə zərərri 162,746 mln manat təşkil edib.
Ədalətli dəyərinin dəyişməsi sair məcmu gəlirə aid olunan qiymətli kağızların yenidən qiymətləndirilməsi üzrə il ərzində xalis zərəri 74,372 mln manat, realizasiya nəticəsində mənfəətə və ya zərərə aid edilmiş gəliri 35,394 mln manat olan Mərkəzi Bankın 2021-ci il üzrə cəmi məcmu zərəri 201,724 mln manat təşkil edib.
Azərbaycanda müxtəlif bazarlarda pomidor ötən illə müqayisədə baha qiymətə satılır.
Bunu həm alıcılar, həm də satıcılar təsdiqləyir.
Satıcılar İTV-yə açıqlamasında pomidoru baha aldıqları üçün ucuz sata bilmədiklərini deyiblər. Regionlarda fermerlər isə qiymətlərin bahalaşmasının səbəbi barədə maraqlı səbəb gətirib.
Məlum olub ki, qiymətin baha olmasına səbəb pomidor yetişdirilməsi üzrə fəaliyyət göstərən bir sıra istixanaların fəaliyyətini dayandırmasıdır. Sahibkar ötən il Rusiyanın Azərbaycana qoyduğu pomidor qadağasından sonra bir hektarda 80 min ABŞ dolları zərər gördüklərini deyib. Bu səbəbdən bu il heç kimin əkinlə məşğul olmadığını bildirib.
Daha ətraflı süjetdə:
“Starlink” peyk internet xidməti gələn il Azərbaycanda fəaliyyət göstərə bilər.
Bu barədə “Starlink”in rəsmi saytında məlumat yer alıb.
Belə ki, saytda yer alan xəritədə Azərbaycan “Starlink”ə tezliklə qoşulacaq ölkələr sırasında yer alıb.
Qeyd edək ki, “SpaceX” şirkətinin layihəsi olan “Starlink” peyk internetinin bütün dünyanı əhatə etməsi hədəflənir. Abunəlik haqqının vergilər nəzərə alınmamaqla bütün dünyada 100 dollar olacağı, peyk internetinə qoşulmaq üçün nəzərdə tutulmuş xüsusi təchizatın qiymətinin isə 500 dollar təşkil edəcəyi deyilir.
Dünya bazarında “Azeri Light” (CIF) markalı neft ucuzlaşıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,25 ABŞ dolları və ya 1,1% artaraq 113,98 ABŞ dolları təşkil edib.
Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində "MİDA" MMC Füzuli şəhərində 8.90 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar satınalmalar üzrə açıq tender elan edib.
"Yol-xeber.az"ın məlumatına görə, tender 1 lot üzrə 1, 2, 3, 4, 5 ve 6 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi ilə bağlı keçirilir.
İddiaçılar öz tender təkliflərini 4 iyul 2022-ci il saat 17:00-dək Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 31 ünvana təqdim etməlidirlər. Tender təklifi zərfləri 5 iyul 2022-ci il saat 15:00-da "MIDA" MMC-də açılacaq.
Tenderdə iştirak haqqı 1200 manatdır.
"Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 1500 metr uzunluğa malik Oskar Əfəndiyev küçəsinin əsaslı şəkildə təmiri yekunlaşıb.
Aparılan təmir işləri çərçivəsində Oskar Əfəndiyev küçəsi boyunca köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə gətirilib. Bununla yanaşı zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, köhnə səki daşları 4664 p/metr uzunluğunda yeni səki daşları ilə əvəz edilib.
Küçəyə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Bu işlər 17 min kv.m-dən çox sahəni əhatə edib.
Daha sonra avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb, zəruri yerlərdə yol nişanları quraşdırılıb, mümkün ərazilərdə parkinq yerləri təşkil edilib və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunub. Yaxın günlərdə piyada zolaqları çəkilməklə küçə müasir görkəmdə tam olaraq vətəndaşların istifadəsinə veriləcək.
Hazırda analoji təmir işləri qəsəbə üzrə uzunluğu 600 metr, eni isə 12 metr təşkil edən Ruhulla Axundov küçəsində də son mərhələdə olmaqla icra edilir. Bundan başqa Əşrəf Yunusov, Ramiz Qəmbərov və Şamil Kamilov küçələrində də təmir işləri aparılır.
Qeyd edək ki, cari ilin “İnvestisiya proqramı”na əsasən Sabunçu rayonu ərazisində Bakıxanov qəsəbəsi də daxil olmaqla 5 qəsəbə üzrə ümumi uzunluğu 12.7 km olan küçə və yolların təmiri nəzərdə tutulub.
Agentlik tərəfindən 2021-ci ildə Sabunçu rayonu ərazisində ümumi uzunluğu 9 km təşkil edən küçələr təmir edilib.
YOLUNUZ AÇIQ OLSUN...