![]() |
|
"Müvafiq tapşırıqlarınıza və mövcud vəziyyətə uyğun olaraq, ərzaq qiymətləri təbii ki, başqa bir prioritetimizdir. Bununla bağlı antiinflyasiya tədbirləri haqqında imzalanmış müvafiq qərara əsasən fəaliyyət həyata keçirilir".
"Yol-xeber.az" xəbər verir ki, bunu aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O bildirib ki, bu gün münaqişədə, müharibədə olan hər iki dövlət Azərbaycan üçün ərzağın həm ixracı, həm də idxalı nöqteyi-nəzərindən vacib tərəfdaş olduğuna görə, biz çalışırıq ki, bu prosesləri də əlaqələndirilmiş şəkildə quraq:
"Məruzə etmək istəyirəm ki, Azərbaycan cari ilin ilk rübündə daxili bazarı tam təmin etməklə yanaşı, müxtəlif ölkələrə 60 min ton müxtəlif çeşidli meyvələr, 37 min ton tərəvəz, 12 min ton şəkər, 3,5 min ton meyvə-tərəvəz emalı məhsulları ixrac etmişdir. Digər tərəfdən isə, biz həmin struktur asılılığımız olan məhsullar üzrə idxalın sadələşdirilməsi üçün artıq sadaladığım tədbirləri həyata keçiririk".
"İnflyasiyanın təbii olaraq Mərkəzi Bankla və digər aidiyyəti strukturlarla birlikdə aradan qaldırılması üçün qısamüddətli tədbirlərlə yanaşı, hesab edirik ki, orta və uzunmüddətli tədbirlərə də dair addımlar atıla bilər. Qaldırılan məsələlərin müsbət həllinə görə, xüsusilə də kiçik və orta sahibkarlığa, ərzaq istehsalçılarına güzəştli dövlət maliyyələşməsinin təmin edilməsində kapital yardımının göstərilməsində verdiyiniz dəstəyə görə fürsətdən istifadə edərək Sizə təşəkkürümü bildirmək istərdim", - deyə nazir vurğulayıb.
Neft bazarında yenidən qiymət artımı müşahidə olunub.
Xam neftin qiyməti Rusiyadan neft tədarükündən imtina ilə bağlı narahatlıqlar və Çindəki pandemiya məhdudiyyətlərinin yumşala biləcəyinə dair ehtimallar səbəbindən bir barel üçün 100 dolları keçib.
Belə ki, ABŞ xam nefti son ticarətdə 7% bahalaşaraq 1 barel üçün 100,84 dollar olub. Dünya bazarında "Brent" markalı neft 6,2% bahalaşaraq bareli 104,62 dollara çatıb.
Qeyd edək ki, neft qiymətləri Çində tələbin aşağı düşəcəyi ilə bağlı narahatlıqlar səbəbindən bazar ertəsi günü Ukraynada müharibənin başlamasından bəri ən aşağı səviyyəyə enmişdi.
Eyni zamanda, OPEC çərşənbə axşamı Ukraynadakı müharibə və Moskvaya tətbiq edilən sanksiyalar səbəbindən 2022-ci ildə Rusiya neftinin hasilatı ilə bağlı proqnozunu 530 min barel azaldıb. OPEC bu il ABŞ-ın hasilatı ilə bağlı proqnozunu da artıraraq gündə yalnız 260 000 barel müəyyən edib.
"Hər kəs yaxşı bilir ki, hazırda dünyada ərzaq məhsullarının qiymətləri kəskin artır. Bu proses bir neçə ay bundan əvvəl başlamışdır".
"Yol-xeber.az" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.
"Əlbəttə ki, Rusiya-Ukrayna müharibəsi bunu daha da sürətləndirib, xüsusilə nəzərə alsaq ki, Rusiya və Ukrayna dünyada aparıcı taxıl ixracatçıları arasındadırlar və digər ərzaq məhsullarını dünya bazarlarına ixrac edirlər. İndi artıq təbii qıtlıq hiss olunur və hiss olunacaq. Bizim ərzaqlıq buğda ilə təminatımız, əlbəttə ki, diqqət mərkəzində olmalıdır. Hökumətə bu məsələ ilə bağlı göstəriş verilmişdir. Operativ tədbirlər görülüb və ehtiyatlar yığılır. Biz daha çox ehtiyat yığmalıyıq. Ancaq, eyni zamanda, bilməliyik ki, belə vəziyyət uzun müddət ərzində davam edə bilər və yəqin ki, davam edəcək. Ona görə burada, ilk növbədə, daxili təminatımız artmalıdır. Bu məsələ ilə bağlı göstərişlər verildi. Həm azad edilmiş torpaqlarda əkin işlərinin daha da genişmiqyaslı aparılması üçün göstərişlər verildi, həm də digər bölgələrdə. Əlbəttə ki, burada suvarma layihələrinin uğurla icrası böyük nəticələrə gətirib çıxara bilər. Amma hər halda indiki şəraitdə ərzaq qiymətlərinin qalxması və süni qiymət artımının qarşısının alınması məsələləri, hesab edirəm ki, ən vacib məsələlərdən biridir", - dövlət başçısı vurğulayıb.
Bu ilin yanvar-mart aylarında Azərbaycanda istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-mart aylarına nisbətən 112,2%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,0%, qeyri-ərzaq məhsulları üzrə 106,2%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,1% təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, bu ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,1%, əvvəlki ilin mart ayına nisbətən 112,1% təşkil edib.
Bu ilin mart ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,5%, əvvəlki ilin mart ayına nisbətən 116,8% təşkil edib.
2022-ci ilin mart ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,5%, əvvəlki ilin mart ayına nisbətən 116,8% təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.
Məlumata əsasən, cari ilin mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma vaflinin, peçenyenin, düyünün, unun, toyuq ətinin, təzə balığın, qatılaşdırılmış şəkərli südün, pendirin, yoqurtun, xamanın, süfrə marqarininin, kərə yağının, naringinin, heyvanın, narın, soğanın, kartofun, pomidorun, şəkər və şəkər tozunun, konfetlərin, çayın, qəhvə və kakao tozunun, kola içkisinin, limonadın, arağın, ucuzlaşma isə əsasən yumurtanın, bananın, limonun, kələmin və xiyarın qiymətlərində müşahidə olunub.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Azərbaycan tarixində Mərkəzi Bankın ən uzunmüddətli rəhbəri olmuş Elman Rüstəmov yola salınır. Yəqin ki, bundan sonra kimsə bu vəzifədə uzun müddət qalmayacaq. Qərar həm gözlənilirdi, həm də yox. Ona görə gözlənilməz oldu ki, 2 il öncə prezident tərəfindən namizədliyi növbəti dəfə irəli sürülmüşdü və gözləmək olardı ki, 2025-ci ilə qədər postunda qalacaq. Əslində, Elman Rüstəmovun son iki təyinatı kiritik dövrə təsadüf edib: birinci devalvasiya (2015), ikinci pandemiya (2020). Hər ikisində milli valyutanın devalvasiya məsələsi gündəmdə olub.
"Bunu iqtisadçmı ekspert Samir Əliyev deyib. O bildirib ki, müasir Azərbaycanın mövcud bank sistemi müsbət və mənfi tərəfləri ilə birlikdə Elman Rüstəmova məxsusdur. O, ikinci müstəqilliyin 31 ilinin 30 ilini Mərkəzi Bankın rəhbəri vəzifəsində olub. 1992-1995-ci illərdə MB-nin İdarə Heyəti sədrinin 1-ci müavini, 1995-ci ildən bu günə kimi sədri vəzifəsində olub. Bu baxımdan onun fəaliyyətinə qiymət verərkən başqa şəxslə müqayisə etmək imkanı məhduddur:
"Elman Rüstəmov Mərkəzi Bankın rəhbəri olaraq bank sektorunda daim konservativ yanaşma tətbiq edib, bankların xarici maliyyə bazarına çıxışı məhdud olub, xarici bankların ölkəyə daxil olması mümkünsüz edilib. Onun rəhbərliyi dövründə əhalinin banklara və milli valyutaya (ilk devalvasiyaya qədər) inamının bərpasına nail olub. Ən azı 90-cı illəri yaxşı xatırlayırıq. Ölkədə dollarlaşma səviyyəsi aşağı düşüb. İnflyasiya səviyyəsi, o cümlədən idxal inflyasiyası minimuma endirilib. Təəssüf ki, bank sektorunda kredit faizlərinin yüksək olması, kiçik və orta sahibkarlığın kreditə əlçatanlığının zəif olması, bankların məhdud xidmətlər göstərməsi, bank müştərilərinin hüquqlarının pozulması kimi problemlər həllini tapa bilməyb. Bu azmış kimi, neftin ucuzlaşması fonunda yaranmış vəziyyət, devalvasiya göstərdi ki, bank sektorunun dayanıqlığı zəifdir. Qısa müddətdə insanların banklara və manata olan etimadı itməyə başladı.
Bu gün cəmiyyətdə mövcud olmuş rəyin əksinə olaraq qeyd etməliyəm ki, ölkədə devalvasiyanın əsas əleyhdarlarından biri olub. Təsadüfi deyil ki, 2015-ci ildə devalvasiyanın qarşısını almaq üçün Mərkəzi Bankın valyuta ehtiyatının 2/3-ni qurban verməyə çəkinməyib. 2009-cu ildə və 2020-ci illərdə manatın devalvasiyası riski olduğu halda Mərkəzi Bank manatın məzənnəsini qorudu, 2015-ci ildə isə bu, mümkün olmadı".
Ekspertin sözlərinə görə, Elman Rüstəmovun gedişindən sonra devalasiyanın olma ehtimalı artacaq. Çünki o, uzun müddət siyasi hakimiyyəti manatın məzənnəsini sabit saxlamağın vacibliyinə inandıra bilmişdi: "E.Rüstəmovun fəaliyyətində əsas nöqsan bank sisteminin, valyuta rejiminin liberal olmaması ilə bağlı olub. Ancaq bunun səbəbini ölkə iqtisadiyyatının strukturuda axtarmaq lazımdır".
"Mərkəzi Banka yeni rəhbərin Taleh Kazımov olduğu bildirilir. Mətbuatda isə onun devalvasiyanın əleyhdarı olduğu qeyd olunur. Bu fikrin hazırda əhəmiyyət yoxdur. Çünki açıqlama bank rəhbəri tərəfindən verilib və heç bir bank devalvasiyada maraqlı deyil. Əsas məsələ bundan sonradır. Mərkəzi Bankın rəhbəri olduqdan sonra yenə də devalvasiya əleyhdarı olacaqmı? Onu zaman göstərəcək. Görünən odur ki, hökumət bank sektorunda canlanma etmək fikrindədir. Bu canlanmanın nədən ibarət olduğunu isə yeni rəhbərin dövründə görəcəyik", - deyə S. Əliyev əlavə edib.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
"Avronun məzənnəsi 0,21% artaraq 1,8495 manat, Rusiya rublunun məzənnəsi 1,99% irəliləyərək 0,0205 manat, türk lirəsi 0,52% bahalaşaraq 0,1159 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
Azərbaycan Sənaye Korporasiyası təkliflər sorğusu elan edib.
“Yol-xeber.az”ın məlumatına görə, sorğu yaşıl neft koksunun kalsinasiyası və anod istehsalı zavodu layihəsinin qiymətləndirilməsi xidmətinin satın alınması məqsədilə keçirilir.
Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər aprelin 8-I saat 00:00-dan mayın 20-I saat 08:00-a qədər qəbul olunur.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə təşkil edilən görüş Avropanın regionda təsir imkanlarının və nüfuzunun daha artmasından xəbər verir.
Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, Avropa İttifaqı (Aİ) region ölkələrinin əsas ticarət tərəfdaşı olaraq qalmaqdadır: "Belə ki, Aİ-nin ümumi ticarət dövriyyəsində payı Azərbaycanda 36.7, Gürcüstanda 23.9, Ermənistanda 18.0 faizdir. İttifaq pandemiyadan əvvəlki il, yəni 2019-cu ildə Azərbaycanda 2.6, Gürcüstan 1.2, Ermənistanda isə 1.0 milyard avro sərmayə qoyluşu həyata keçirib".
Millət vəkilinin sözlərinə görə, bölgədə və eləcə də dünyada formalaşan yeni düzən fonunda Avropa İttifaqının Azərbaycana dəstəyinin daha da artması müşahidə olunur. Qurum iqtisadi əlaqələri genişləndirməklə yanaşı, işğaldan azad olunmuş ərazilərin minalardan təmizləməsi, itkin düşmüş şəxslərin tapılması, o cümlədən bərpa və quruculuq işlərində ölkəmizə daha yaxından dəstək olmağı planlaşdırır: "Son Brüssel görüşü də təsdiq etdi ki, münaqişənin həllinə ən çox dəstək ola biləcək qurum məhz Avropa İttifaqıdır. Bu nüfuzlu beynəlxalq təşkilatın rəsmi mövqeyi regionda daha qısa zamanda sülhün formalaşdırılmasına xidmət edir. Digər tərəfdən, həm Azərbaycan, həm də Ermənistan münaqişənin həllində Avropaya etimad göstərirlər. Bu da sülhün əldə edilməsi imkanlarını genişləndirməklə yanaşı, prosesin daha intensivləşməsinə xidmət edir. Qərəzsiz və bitərəf mövqe nümayiş etdirməyə çalışan Avropa İttifaqı dünyada mövcud olan ən böyük siyasi və iqtisadi mərkəzlərdən biri olmaqla yanaşı, eyni zamanda son illər təsir dairlərini daha genişləndirməkdədir".
"Azərbaycan hər zaman Avropa ilə əməkdaşlığın güclənməsinə önəm verir. Azərbaycanla Avropa İttifaqı arasında iqtisadi əlaqələrin dərinləşməsi, köhnə qitənin enerji təhlükəsizliyinin formalaşmasında ölkəmizin rolunun və əhəmiyyətinin daha da artması, Aİ Şurasının Prezidenti Şarl Mişellə Prezident İlham Əliyev arasında intensiv dialoq və təmaslar və qurumun bölgədə dayanıqlı stabilliyin əldə edilməsində rolunun artması da bundan xəbər verir. Etiraf etmək lazımdır ki, Avropa İttifaqı Azərbaycan Prezidenti ilə yaxın təmasları, mütəmadi telefon danışıqları və rəsmi dialoqların təşkil edilməsini Cənubi Qafqaz regionunda sülh və stabilliyin bərqərar olmasında mühüm amil kimi görür.
Son görüşün nəticələri regionda artıq yeni düzənin formalaşmasından və onun dərinləşəcəyindən xəbər verir. Qonşuluqda stabillik Avropada da sülhün dayanıqlığı baxımdan çox vacibdir. Rusiya-Ukrayna müharibəsi bu reallığı bir daha təsdiq etdi", - deyə V. Bayramov əlavə edib.
2022-ci ildə Azərbaycanda inflyasiya 7% təşkil edəcək.
Bu barədə Asiya İnkişaf Bankının "Asian Development Outlook 2022" hesabatında qeyd olunub.
Gələn il isə Azərbaycanda inflyasiyanın 5,3% olacağı proqnozlaşdırılıb.