![]() |
|
Neft qiymətləri sürətli enişin ardından yenidən bahalaşmağa başlayıb.
“Yol-xeber.az”ın məlumatına görə, buna səbəb ABŞ-ın xam neft ehtiyatlarının azalması fonunda Rusiya və Liviyadan neft tədarükündə azalmaların olacağı ilə bağlı narahatlıqlar olub.
“Brent” markalı neftin fyuçersləri 0, 98 ABŞ dolları və ya 0,9% artaraq bir barel üçün 108,23 dollara, Qərbi Texas (WTI) markalı xam neftin fyuçersləri isə 0,94 ABŞ dolları və ya 0,9% artaraq 103,50 dollara çatıb.
Qeyd edək ki, çərşənbə axşamı Beynəlxalq Valyuta Fondunun (BVF) Rusiya-Ukrayna müharibəsinin iqtisadi təsirlərini əsas gətirərək qlobal artım proqnozunu azaltmasından və inflyasiya ilə bağlı narahatlıqlarından sonra hər iki neft fyuçersləri 5,2% ucuzlaşma nümayiş etdirmişdi.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
"Avronun məzənnəsi 0,43% artaraq 1,8391 manat, Rusiya rublunun məzənnəsi 0,96% irəliləyərək 0,0211 manat, türk lirəsinin məzənnəsi dəyişməyərək 0,1160 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi isə dəyişməyərək 1,7000 manat olub.
Neft qiymətləri yenidən bahalaşmağa başlayıb.
“Buna səbəb Liviyanın bəzi ineft ixracını dayandırmaq məcburiyyətində qalması və Çinin Şanxay şəhərində COVID-19 məhdudlaşmaları ilə bağlı bağlanan zavodların yenidən açılmağa hazırlaşması olub. Bu da qlobal neft tədarükünün azalacağı ilə bağlı narahatlıqlar yaradıb.
“Brent” markalı neft fyuçerslərinin qiyməti 61 sent və ya 0,5% artaraq barreli 113,77 dollara, ABŞ-ın Qərbi Texas (WTI) markalı xam neftinin fyuçersləri isə 33 sent və ya 0,3% artaraq 1 barreli 108,54 dollar olub.
Martın 28-dən bəri ən yüksək səviyyəyə çatdıqdan sonra hər iki neft müqaviləsinin dəyəri əvvəlki ticarət sessiyada 1%-dən çox artıb.
Qeyd edək ki, Liviya siyasi etirazlarla bağlı ən böyük neft yatağından neftin çatdırılmasını həyata keçirə bilmədiyini və başqa bir yatağa keçdiyini bildirib.
Qazaxıstan da buğda ixracatına qadağalar tətbiq edir. Mərkəz Asiya ölkəsi bunu qlobal qıtlıq təhlükəsi ilə əlaqələndirir. Hər il xaricə 1 milyard 137 milyon dollarlıq buğda satan Qazaxıstan dünyada 9-cu ən böyük ixracatçıdır. Bundan əvvəl də, 8 milyard dollarlıq ixracatı ilə dünyada xaricə ən çox buğda satan Rusiya və eləcə də, 3,5 milyard dollar eksport ilə ilk beşliyə daxil olan Ukrayna da satışı dayandırmışdı. Göründüyü kimi, dünyada ən çox buğda ixrac edən ilk onluq ölkəsindən 3-ü xaricə satışı tamamilə dayandırıb, bir sıra digər ölkələrdə isə məhdudiyyətlər tətbiq olunur.
"Bunu iqtisadçı deputat Vüqar Bayramov sözügedən məhdudiyyətlərin Azərbaycana təsirini şərh edərkən deyib. O bildirib ki, bütün bu baş verənlər fonunda BMT dünyada 1,7 milyard insanın aclıq təhlükəsi ilə üz-üzə qalacağı barədə xəbərdarlıq edib. Dünya yeni aclıq riski ilə qarşılaşmaqdadır. Eyni zamanda, hətta inkişaf etmiş ölkələrdə də ərzaq məhsullarının qiymətlərində artımlar sürətlənib. ABŞ-da illik infilyasiya 8,5%-dək yüksəlib ki, bu da 1981-ci ildən sonra ən yüksək göstəricidir. Birləşmiş Krallıqda da son 30 ildə ən yüksək infilyasiya qeydə alınıb.
Millət vəkili vurğulayıb ki, Azərbaycan ailələri üçün çörək əsas istehlak məhsullarından biri olmaqla yanaşı mətbəxdə xüsusi paya malikdir: "Ölkəmizdə gündəlik çörək istehlak etməyən az sayda ailələr var. Bu baxımdan, çörəyin qiymətindəki dəyişikliklər həmçinin digər ərzaq mallarının qiymətinə də psixoloji təsir göstərir. Rəsmi statistikaya görə, Azərbaycanın illik buğda tələbatı 3,5 milyon tondur. Azərbaycanda buğdaya olan tələbin 40%-i idxal hesabına ödənilir. İdxalda ən böyük paya 80%-lə Rusiya sahib idi. Qazaxıstan da buğda idxal etdiyimiz ölkələr siyahısında olsa da, Rusiya ilə müqayisədə kiçik çəkiyə malik idi. İllik buğda idxalımız 1 milyon tondan çoxdur. Ötən il idxal etdiyimiz buğdanın qiyməti təxminən 30% bahalaşmışdı".
V. Bayramovun sözlərinə görə, bununla yanaşı, Azərbaycan buğda ilə bağlı ehtiyatlarını ötən ilin sonu və bu ilin əvvəli daha da artırmağa çalışıb və bu proses davam edir. Belə ki, sadəcə bu ilin yanvar ayında ölkəmiz buğda idxalını 4 dəfə artırıb. Preventiv olaraq, Azərbaycan strateji məhsullar ehtiyatlarını daha da artıraraq dünya bazarındakı potensial qıtlığa reaksiya verməyə çalışıb:
"Nazirlər Kabinetinin məlumatına görə, strateji ərzaq məhsulları ilə bağlı qıtlıq təhlükəsi yoxdur. Hökumət istehlak bazarında tarazlığın qorunub saxlanılacağını bəyan edib. Bunlarla yanaşı, dünya bazarındakı qeyri-müəyyənlik ərzaq ehtiyatlarının daha da artırılmasını prioritetləşdirib.
Təbii ki, ən uyğun yol idxaldan asıllığın aradan qaldırılmasıdır. 2021-ci ildə ölkədə 595 min hektar ərazidə buğda əkilib. Praktik olaraq əkin sahələrinin 38%-i buğda əkini üçün istifadə edilir. İllik buğda istehsalı isə 1,9 milyon tondur və son illər istehsalda cüzi də olsa artımlar müşahidə edilməkdir. İşğaldan azad olunan ərazilərimizin də buğda istehsalına xüsusi töhvə verəcəyi gözlənir".
"Aydındır ki, dünya bazarındakı qiymət artımları fonunda idxal inflyasiyası qaçılmazdır. Etiraf etmək lazımdır ki, bu ölkəyə idxal edilən ərzaq məhsullarının, o cümlədən buğdanın xərcini artırır. Bu baxımdan, hökumət anti-infliyasiya tədbirləri çərçivəsində strateji ərzaq məhsullarının qiymətlərini optimallaşdırmağa çalışır. Mövcud ehtiyatlar Ukrayna-Rusiya müharibəsi başladıqdan sonra çörəyin qiymətindəki stabilliyi qoruyub saxlamağa imkan verdi. Bununla belə, növbəti dövrlərdə qiymətin necə dəyişməsi dünya bazarındakı dəyişikliklərdən də birbaşa asılı olacaq. Artıq Hindistandan buğda idxalı ilə bağlı danışıqlar aparılır. Nazirlər Kabineti digər alternativ mənbələri təşviq etməklə, o cümlədən yeni güzəşt mexanizmləri ilə ərzaq məhsullarına tələbin ödənilməsində stabilliyi qoruyub saxlamağa çalışır. Ukrayndakı müharibənin dünya bazarında yaratdığı qeyri-müəyyənlik isə dərinləşməkdədir", - deyə deputat əlavə edib.
Xəzər TV məlumatına görə, bazarlarda kartof və soğanın qiyməti düşmək bilmir. Hazırda bazarlarda daha çox İran və Gürcüstandan gətirilən kartof üstünlük təşkil edir. Onların qiyməti 1 manatdan başlayır. Satıcılar deyirlər ki, yerli kartof daha bahadır.
Soğanın qiyməti 1 manatadır. Satıcılar əvvəlki aylarla müqayisədə qiymətin 30-50 qəpik civarında yüksəldiyini deyirlər.
Elə alıcılar da əsas tərəvəz məhsullarının baha olmasından gileylənirlər.
Satıcılar bildirirlər ki, mövsümlə əlaqədər olaraq yaxın günlərdə bazarlarda məhsul bolluğu gözlənilir. Məhz bundan sonra qiymətlərdə enmə ola bilər.
2022-ci il martın 31-nə Azərbaycanın xarici ticarət dövriyyəsi 10 908,07 mln ABŞ dollar təşkil edib.
“Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 63,6% çoxdur.
Xarici ticarət dövriyyəsinin 7 980,93 mln dollarını və ya 73,17%-ni ixrac əməliyyatları, 2 927,14 mln dollarını və ya 26,83%-ni idxal əməliyyatları təşkil edib.
Artım əsasən ixrac əməliyyatlarında olub ki, bu da 1,9 dəfə çoxdur.
Cari ilin ilk rübünün sonunda Azərbaycanın xarici ticarət saldosu 5 053,79 mln dollar təşkil edib ki, bu da illik müqayisədə 3,1 dəfə çoxdur.
"Azərbaycan Dəmir Yolları" QSC Horadiz-Ağbənd dəmir yolu xəttinin inşası ilə bağlı son vəziyyəti açıqlayıb.
"Qurum bəyan edib ki, xəttin layihələndirilmə və tikinti işlərini, həmçinin texniki nəzarəti Azərbaycan və Türkiyə şirkətləri yerinə yetirir.
Dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 km-dir. Layihə çərçivəsində Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd olmaqla ümumilikdə 9 stansiyanın inşası planlaşdırılır. Eyni zamanda bu istiqamətdə 300-ə yaxın suni mühəndis qurğusunun, o cümlədən 3 ədəd tunel, 41 ədəd körpü, 3 ədəd qalereya, 7 ədəd yolötürücünün tikintisi nəzərdə tutulur.Dəmir yolu xəttində tikinti işləri minatəmizləmə prosesinə paralel aparılır və indiyə qədər 82 km ərazi minalardan təmizlənib.
Tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir.
I mərhələ 30 km-lik ərazidə aparılmaqla, Horadiz, Mərcanlı, Mahmudlu və Soltanlı stansiyalarını əhatə edir. Burada torpaq işləri 97%, suni qurğular 93%, dəmir yolunun üst quruluşu elementləri isə 80% həcmində tamamlanıb. Bu mərhələ ümumi icra vəziyyəti 89% təşkil edir.
II mərhələ Soltanlı, Qumlaq, Həkəri və Mincivan stansiyalarını əhatə edir və 30 km-dən 85 km-ə qədər ərazidə həyata keçirilir. Bu mərhələdəki işlərin ümumilikdə 17%-i icra olunub. Torpaq işləri 20%, suni qurğular 22%, dəmir yolunun üst quruluşu elementləri isə 5% yerinə yetirilib.
III mərhələ: Mincivan, Bartaz və Ağbənd stansiyaları arası 85-110,4 km-lik ərazini əhatə edir. Hazırda həmin ərazidə minalardan təmizləmə işlərinə hazırlıq görülür.
Prezident İlham Əliyevin ötən il fevralın 14-də təməlini qoyduğu layihənin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulur.
Ötən günlərdə Elman Rüstəmov Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri vəzifəsindən azad edildi və bu vəzifəyə Taleh Kazımov təyin olundu.
Bu qərarların ardından Azərbaycanın dövriyyədə olan milli pul nişanlarının üzərində Elman Rüstəmovun imzasının olması əsas müzakirə mövzularından birinə çevrilib. Bəs manatın üzərindən sözügedən imza çıxarılacaqmı?
Məsələni “Ölkə.Az”a şərh edən hüquqşünas ekspert Əkrəm Həsənov bildirdi ki, manatın dizaynı qanunla təsdiq olunmur. Bu dizaynı Mərkəzi Bank özü təsdiqləyir və onun səlahiyyətində olan məsələdir: “Manatın üzərində imzanın olması qanuna zidd olmasa da, arzuolunan deyil. Çünki Mərkəzi Bank sədri dəyişə bilir. İndi də yeni manatın üzərində Taleh Kazımovun imzası olacaq. Təbii, ki əvvəlki manat əsginasları öz qüvvəsindədir. Çünki Elman Rüstəmov onları imzalayan zaman səlahiyyətli şəxs idi”.
Ekspertin sözlərinə görə, dünyanın əksər valyutalarına baxsaq, belə bir imzanın olmadığını görəcəyik. Ümumiyyətlə bu, köhnəlmiş bir adətdir: “Əvvəlki dövrlərdə mərkəzi bankların rəhbərləri imzanı pul əsginaslarının öhdəlik kimi qəbul olunmasına görə qoyurdu. Onlar bu əsginası konkret miqdarda olan qızıla dəyişəcəyinə dair öhdəlik götürürdülər. Bu da imza ilə təsdiqlənirdi. İndiki vaxtda dünyanın heç bir dövlətinin kağız pulunun qızıl təminatı yoxdur. Həmçinin o zaman indiki kimi professional çap üsulları yox idi və valyutanın indiki kimi qorunmasını təmin etmək mümkün deyildi. Həmin vaxtlar pulu saxtalaşdırmaq asan idi, imza da əlavə qorunma vasitəsi kimi istifadə olunurdu”.
Qanunla Azərbaycanın milli valyutasının müddətsiz dövriyyədə olduğunu deyən Ə. Həsənov həmin pul nişanlarının tədricən dövriyyədən çıxacağını vurğulayıb: “Hazırda bəzi əsginasların köhnə və yeni variantları da dövriyyədə var. Güman edirəm ki, Elman Rüstəmovun imzası olan əsginaslar hələ 10 il də Azərbaycanda istifadə olunacaq və tədricən dövriyyədən çıxarılacaq. Lakin yaxşı olardı ki, manatın dizaynı dəyişsin, bundan sonra buraxılan pullarda AMB sədrinin imzası olmasın. Bu qərarı Mərkəzi Bank istənilən anda verə bilər. Əgər Mərkəzi Bank bu qərarı vermirsə, parlament bununla bağlı qanun qəbul edə və imzanın olmaması burada qeyd oluna bilər”.
“Həmçinin, manatın dizaynını dəyişərkən orada müəlliflik hüququ işarəsini götürə bilərlər. Çünki o işarənin manatın üzərində olması qanunsuzdur. “Müəlliflik və əlaqəli hüquqlar haqqında” qanunda pul nişanlarının müəlliflik hüququnun obyekti olmadığı qeyd olunub”, - deyə ekspert əlavə edib.
Məsələ ilə bağlı Mərkəzi Banka sorğu göndərilib.
Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb.
“Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,61 ABŞ dolları və ya 1,48% artaraq 110,72 ABŞ dolları təşkil edib.
Bu gündən tərkibində tütün, eləcə də tütün əvəzləyicisi olan siqaretlərin 1000 ədədi üçün aksiz dərəcəsi 43,0 manatdan 46,5 manata qaldırılıb.
Bu, Nazirlər Kabinetinin 14 mart tarixli qərarı ilə “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə etdiyi dəyişiklikdə əksini tapıb.
Qərar dərc edildiyi gündən 30 gün sonra, yəni aprelin 14-də qüvvəyə minir.
Aksiz dərəcəsi qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının 1000 ədəd üçün 12,9 manatdan 14 manata qaldırılıb.
Qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlərin aksiz dərəcəsi isə bir kq üçün 30 manat olacaq.
Qəlyan və onların əvəzedicilərinin bir ədədi üçün isə aksiz dərəcəsi 0,25 manat müəyyənləşdirilib.
Eyni zamanda “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə dəyişiklik edilib. 2024-cü il 31 dekabr tarixinədək qüvvədə olacaq bu qərara əsasən, idxal edilən qəlyan üçün tütün əvəzləyicilərinin bir kiloqramına bir ABŞ dolları gömrük rüsumu müəyyən edilib. Eyni zamanda idxal edilən birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər ədədinə 15 % gömrük rüsumu tətbiq ediləcək.