![]() |
|
Azərbaycan su təsərrüfatı sahəsində əməkdaşlıq haqqında İsrailin “Mekorot” dövlət şirkəti ilə, həmçinin gömrük vergi məlumatları sistemlərinin yenilənməsi sahəsində yeni müqavilələr imzalayacaq.
Report xəbər verir ki, İsrailin Turizm Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, imzalanma mərasimi İsrailin turizm naziri və İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Konstantin Razvozovun Bakıya başlamış səfəri çərçivəsində keçiriləcək.
Səfər çərçivəsində onun Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri və hökumətlərarası komissiyanın rəhbəri Mikayıl Cabbarov, gənclər və idman naziri Fərid Qayıbov, turizm şirkətlərinin rəhbərləri ilə görüşəcəyi gözlənilir.
Görüşlərdə xarici siyasət, iqtisadiyyat, səhiyyə, enerji resursları, turizm, rabitə, ətraf mühitin mühafizəsi, elm və kənd təsərrüfatı məsələləri müzakirə olunacaq.
Aprelin 7-də İsrail və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunacaq. Bu hadisənin şərəfinə keçiriləcək rəsmi tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İsrailin turizm naziri Konstantin Razvozov iştirak edəcəklər.
Xatırladaq ki,ötən il İsraildə Azərbaycanın ticarət və turizm nümayəndəlikləri açılıb. Azərbaycan turizm, kənd təsərrüfatı, kibertəhlükəsizlik, təhsil, su resursları və səhiyyə sahəsində İsraillə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır.
Azərbaycan və İsrail arasında 2019-cu ildə ticarət dövriyyəsi ən yüksək həddə çataraq, 1,375 milyard ABŞ dolları təşkil edib. 2020-ci ildə koronavirus pandemiyası səbəbindən azalmış ticarət dövriyyəsi 2021-ci ilin yekunlarına görə 2 dəfə artaraq, 928,4 milyon ABŞ dolları həddinə çatıb.
Xarici ölkələrdən Azərbaycana gətirilən avtomobillərin çatdırılma qiyməti artıb. Məhz bu səbəbdən qiymətləri ucuz olan avtomobilləri sifariş verənlərin sayı azalıb.
Müxtəlif ölkələrdən Azərbaycana sifariş əsasında avtomobil çatdırılması ilə məşğul olan şirkətlərdən birinin rəhbəri İlqar Əliyev "XəzərXəbər"ə deyib ki, çatdırılma qiyməti təxminən 20-30 faiz artıb.
Söhbət ABŞ və Koreyadan avtomobil çatdırılmasından gedir.
Avtomobil çatdırılması ilə məşğul olan şirkətlərin sahibləri bildirirlər ki, bahalaşmanın bir neçə səbəbi var. Əsas səbəblərdən biri isə Rusiya-Ukrayna müharibəsinin yaratdığı problemlərdir.
Mütəxəssislər bundan sonra da çatdırılma qiymətlərinin artacağını istisna etmirlər.
Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 4,27 ABŞ dolları və ya 3,78% artaraq 117,15 ABŞ dolları təşkil edib.
Dünya ərzaq bazarında qiymət artımları son günlər daha da sürətlənib. Artıq bir sıra ölkələr ərzaq qıtlığı problemi ilə də rastlaşırlar. BMT ərzaq məhsullarının qiymətində növündən asılı olaraq 30%-dək artım olacağı və qlobal yoxsulluğun dərinləşəcəyi barədə xəbərdarlıq edib. Müharibə 68,240 milyard dollarlıq illik ixracatı olan Ukraynanın eksport imkanlarını praktik olaraq minimumlaşdırıb. 332,200 milyard dollar illik ixracatı olan Rusiyanın bir sıra ərzaq məhsullarını yalnız daxili istehlaka yönəltməsi də qlobal bazarda təklifi azaldıb. Ərzaq tələb isə artmaqda davam edir.
Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, artıq əksər ölkələr preventiv addımlar atmağa başlayıblar. Azərbaycanda Nazirlər Kabinetinin 28 ərzaq məhsulunun ixracatının tənzimlənməsi ilə bağlı qərarı da məhz önləyici məqsəd daşıyırdı:
"Doğrudur, söhbət sadəcə 88,3 milyon dollarlıq ərzaq ixracatından gedir. Bu Azərbaycanın ümumi qeyri-neft ixracatının cəmi 3,3%-ni təşkil edir. Bu baxımdan, Nazirlər Kabinetinin son qərarı ümumi ixracata xüsusi təsir etməyəcək. Bununla yanaşı, qlobal və regional bazarlardakı qeyri-müəyyənlik fonunda preventiv tədbirlərin güclənməsi çox vacib idi".
Millət vəkilinin sözlərinə görə, Azərbaycanda ərzaq qıtlığı müşahidə edilməsə də, əsas ərzaq məhsulları üzrə idxaldan asılılığın tam və ya əsasən aradan qaldırılması daha priortitetləşib: "Digər tərəfdən, 2025-ci ilədək dünya bazarında ərzağa tələbin artmaqda davam edəcəyi gözlənilir. Hətta 3 il sonra qlobal bazarda daha ciddi qıtlığın olacağı istisna deyil. Bu baxımdan da, xüsusən strateji ərzaq məhsullarının yerli istehsalının genişləndirilməsi və xüsusən işğaldan azad olunan ərazilərimizin potensialından daha qısa zamanda istifadəyə başlanılması çox önəmlidir".
"Bütövlükdə, dünya sadəcə qiymət artımları ilə deyil, həmçinin ərzaq qıtlığı ilə də üz-üzədir. Hər bir ölkə bu mərhələdən daha az itki ilə çıxmağa çalışacaq", - deyə V. Bayramov əlavə edib.
Azərbaycanda ekoloji təmiz avtomobillər gömrük rüsumundan azad edilə bilər.
"Bunu Gömrük Komitənin rəsmisi Tariyel Alverdiyev deyib.
O bildirib ki, Dövlət Gömrük Komitəsi ölkəyə idxal olunan ekoloji təmiz avtomobillərin idxal rüsumundan azad olunması üçün hökumətə müraciət edib: "Təklifə əsasən idxal rüsumunun dərəcəsinin 0% olması nəzərdə tutulur.
Yunanıstandan Bolqarıstana təbii qaz nəqli üzrə çoxdan gözlənilən qaz kəməri iyunun sonunda hazır olacaq və sentyabr ayında istismara veriləcək.
“Report” Bolqarıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə Bolqarıstanın Baş naziri Kirill Petkov bildirib.
Onun sözlərinə görə, Yunanıstan-Bolqarıstan boru kəməri Bolqarıstanın daxili qaz istehlakında ən böyük paya malik olan Rusiya qazından asılılığını azaltmağa kömək edəcək.
Hazırda Bolqarıstan daxili qaz istehlakının demək olar hamısını Rusiyanın “Qazprom” şirkətindən idxal hesabına qarşılayır. Boru kəməri Rusiyanın Ukraynaya təcavüzündən sonra Avropanın son siyasətində əsas prioritet olan Rusiya qazından asılılığa son qoymaq üzrə bərpa olunan səylərə uyğun gəlir.
Öncədən 220 milyon avro dəyərindəki Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (Interconnector Greece – Bulgaria, IGB) 2020-ci ilə qədər başa çatdırılması planlaşdırılırdı, lakin layihə son illərdə bir sıra inzibati maneələrlə üzləşdi və nəticədə uzun müddət gecikmə oldu.
Bolqarıstanın Baş naziri Yunanıstanın Komotini şəhərində tikinti sahəsi ilə tanış olduqdan sonra “İyun bizim üçün çox vacib olan bu layihənin başa çatması üçün son tarix olacaq” deyib.
Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. TAP-a qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.
Cənub Qaz Dəhlizinin inkişafı çərçivəsində İGB vasitəsilə Cənub-Şərqi və Mərkəzi Avropa ölkələri Xəzər regionundan alternativ tədarüklərə və mayeləşdirilmiş təbii qaz idxal etmək imkanına malik olacaqlar.
O, həmçinin cənubdan şimala qaz tədarükü üçün Şaquli Qaz Dəhlizinin əsas olduğu regional infrastruktur layihələrindən də danışıb. “EastMed” boru kəməri bölgə ölkələrinə Kipr, İsrail və Şərqi Aralıq dənizindəki qaz yataqlarına çıxışı təmin edəcək.
Son günlərdə bəzi kütləvi informasiya vasitələrində un bazarında qiymət artımı ilə bağlı məlumatlar yayımlanır.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti verdiyi məlumata görə, dünyada baş verən iqtisadi və siyasi hadisələr nəticəsində qlobal və idxal bazarlarında ərzaqlıq buğdanın qiymət artımı müşahidə olunur: “Bununla belə, ölkədə bayramqabağı ərzaq məhsullarına tələbatın yüksəlməsi fonunda yerli un və un məhsulları satışı bazarında mövcud vəziyyətdən sui-istifadə hallarının və qiymətlərin əsassız olaraq dəyişilməsinin qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mütəmadi monitorinqlər və ciddi nəzarət tədbirləri həyata keçirir. Bu sahədə kartel sövdələşmələri (qiymət razılaşmaları), qiymət manipulyasiyaları və digər antiinhisar qanunvericiliyinə zidd hərəkətlərin əlamətləri aşkar edildiyi təqdirdə təxirəsalınmaz sərt addımlar atılacaq”.
Qeyd edək ki, “Azərbaycanda antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirasalınmaz tədbirlərin gücləndirilməsi haqqında” Nazirlər Kabinetinin Sərəncamından irəli gələrək, Dövlət Xidməti antiinhisar qanunvericiliyinin tələblərinə riayət olunması nöqteyi-nəzərindən ərzaq məhsulları bazarında araşdırmaların aparılmasını prioritet sahələr siyahısına daxil edib. Bu tədbirlər çərçivəsində artıq bir sıra bazar subyektlərinə öz qiymət siyasətinin əsaslandırılması məqsədilə sorğular göndərilərək məlumatların təqdim edilməsi tələb olunub.
Xatırladaq ki, Azərbaycanda ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında formalaşır. Bununla yanaşı, ilin əvvəlində iri un və çörək istehsalçıları unun qiymətinin bahalaşması ilə bağlı vətəndaşlara müraciət ediblər. Onlar, qida təchizatında önəmli rollarını dərk edərək, unun qiymətinin ərzaqlıq buğdanın cari qiyməti ilə uyğunlaşdırılacağı halda, çörək və un məmulatlarının qiymətinin 2022-ci ilin taxılın biçin-tədarük dövrünədək müəyyən olunan səviyyədən yuxarı qalxmaması üçün bütün səylərini səfərbər edəcəklərini bildiriblər.
Dövlət Xidməti bildirir ki, un istehsalçıları unun topdansatış qiymətləri, topdansatış mərkəzləri və məntəqələri, habelə iş vaxtı və əlaqə nömrələrinə dair məlumatları mütəmadi olaraq Dövlət Xidmətinə bəyan edirlər. Dövlət Xidməti isə informasiya əlçatanlığını təmin etmək məqsədilə həmin məlumatları rəsmi internet səhifəsində (//competition.gov.az/az/page/melumat-merkezi/faydali/un-istehsalcilarinin-topdansatis-menteqeleri-satis-qiymetleri-ve-is-vaxti-barede-melumat) yerləşdirir. Bu məlumatlar mütəmadi olaraq yenilənir.
İstehlakçılar və sahibkarlar qiymət manipulyasiyası halları ilə rastlaşdıqda Dövlət Xidmətinə müraciət edə bilərlər.
Torpaq sahələrinin qiymətində ildən-ilə artım müşahidə edilir. Ekspertlərin sözlərinə görə, ötən illə müqayisədə bu il qiymət artımı 15-20 faiz civarındadır.
Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, bahalaşmaya əsas səbəb ildən-ilə tələbatın çoxalması, torpaq sahələrinin isə azalmasıdır.
Ekspert əlavə edib ki, yaxın aylar ərzində qiymətlərdə dəyişiklik gözlənilmir.
"Azərbaycan Dəmir Yolları" QSC sabahdan Bakı-Gəncə sürət qatarının hərəkətini bərpa edəcək.
Bu barədə "Yol-xeber.az"a qurumdan bildirilib.
Məlumata görə, sərnişinlərin rahatlığını təmin etmək məqsədilə qatar gündəlik əsasda fəaliyyət göstərəcək. Bakıdan 08:00-da yola düşən və Gəncəyə 11:40-da çatan qatar həmin gün 18:00-da Gəncədən çıxacaq və 21:35-də Bakıda olacaq. Gəncə istiqamətində yolda olma müddəti 3 saat 40 dəqiqə, Bakıya dönüşdə isə 3 saat 35 dəqiqə təşkil edəcək.
Bakı-Gəncə qatarına biletlərin satışına bu gündən start verilib. Bilet alışı zamanı yaşı 18-dən yuxarı olan sərnişinlərdən peyvənd sertifikatı, əks-göstəriş sertifikatı və ya immunitet sertifikatı tələb olunur. Sərnişinlər qatarda olarkən tibbi maskalardan istifadə etməlidirlər.
Bakı-Gəncə marşrutu üzrə sərnişinlərə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan KISS markalı oturacaq tipli ikimərtəbəli elektrik qatarı xidmət edir.
Qatarda 9-u birinci klass yeri, 62-si biznes yeri və 296-sı isə standart yer olmaqla, cəmi 367 oturacaq yer mövcuddur. Gediş haqqı standart yerlər üçün 20 manat, biznes yerlər üçün isə 33 manat təyin olunub. Hazırda qatarda qidalanma xidməti göstərilmir.
Qatarın hərəkət cədvəli və gediş haqqı tarifləri barədə daha ətraflı məlumatı ticket.ady.az saytından əldə etmək olar.
Beynəlxalq məsləhətçi şirkətlərin “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) maliyyə dayanıqlılığının təmin edilməsinə dair tövsiyələrinə uyğun olaraq Bakı-Gəncə sürət qatarı üçün gediş haqları dəyişdirilib. Bundan sonra əldə olunan gəlir artsa da, yeni tariflər hesabına xərcin yalnız bir qismini ödəmək mümkündür. Bu gün ADY sərnişin daşımalarında yaranan zərəri yüklərin daşınmasından əldə etdiyi gəlirlər hesabına qarşılayır.
Bakı-Gəncə qatarının hərəkəti koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə 2020-ci ilin mart ayında dayandırılmışdı. Həmçinin bu dövrdə Bakı-Böyük Kəsik xəttində, o cümlədən xəttin Ucar-Gəncə hissəsində elektrik təchizatı sisteminin 3 kV sabit cərəyandan 25 kV dəyişən cərəyana keçirilməsi istiqamətində işlər aparılıb. Bakı-Gəncə qatarının hərəkətinin bərpa edilməsi Ucar-Gəncə hissəsində işlərin bitməsindən sonra mümkün olub.
Bu günədək Bakı-Böyük Kəsik xəttinin yalnız Ucar-Böyük Kəsik hissəsi dəyişən cərəyana keçirilib. Ucar-Bakı hissəsində də analoji işlərin aparılmasına başlanılıb. Bu işlərin aparılması davam etdikcə Bakı-Gəncə qatarının fəaliyyətində fasilələrin yaranması mümkündür. ADY sərnişinlərdən bu məsələyə anlaşıqla yanaşmağı xahiş edir və yarana biləcək narahatlığa görə üzr istəyir.
Dəyişən cərəyana keçid enerji resurslarının istifadəsində qənaətə, xərclərin azalmasına, təmir və texniki xidmətin optimallaşdırılmasına, istismarın etibarlılığının artırılmasına və nəticə etibarilə yük və sərnişin daşınmasının yaxşılaşmasına gətirib çıxaracaq.
Həmçinin Bakı-Gəncə sürət qatarının marşrutunun Ağstafa stansiyasına qədər uzadılması istiqamətində işlər həyata keçirilməkdədir. Hazırda qatar Bakı, Biləcəri, Yevlax, Goran və Gəncə stansiyalarında dayanır.
“Azərbaycan Dəmir Yolları” QSC sabahdan Bakı-Gəncə sürət qatarının hərəkətini bərpa edəcək.
“Yol-xeber.az”ın məlumatına görə, qatarda 9-u birinci klass yeri, 62-si biznes yeri və 296-sı isə standart yer olmaqla, cəmi 367 oturacaq yer mövcuddur. Gediş haqqı standart yerlər üçün 20 manat, biznes yerlər üçün isə 33 manat təyin olunub.
Birinci klass yerlər üzrə gediş haqqı isə dəyişdirilməyərək 100 manat məbləğində saxlanılıb.
Digər məsafələr üzrə də standart yerlərin qiymətində artım, biznes yerlərin qiymətində azalma müşahidə olunur.
Qeyd edək ki, qurum da beynəlxalq məsləhətçi şirkətlərin maliyyə dayanıqlılığının təmin edilməsinə dair tövsiyələrinə uyğun olaraq Bakı-Gəncə sürət qatarı üçün gediş haqlarını dəyişdirdiyini bildirib.