"Azərenerji" ASC Bakıda yeni, sistem əhəmiyyətli 220 kilovoltluq yarımstansiya tikir.

Bu barədə qurumdan bildirilib.

Məlumata görə, bununla da, paytaxtın elektrik enerji təchizatında birbaşa əhəmiyyət kəsb edən 220 kV-luq yarımstansiyaların sayı 7-yə çatacaq.

Belə ki, 1932-ci ildə tikilmiş və istismar müddətini bitirmiş, ən qədim yarımstansiyalardan biri olan 110/35/6 kV-luq “Qala” yarımstansiyası sökülüb, gərginlik sinfi 220/110/35/6 kilovoltluq gərginlik sinfinə keçirilərək yenidən inşa edilir. “Azərenerji”nin balansındakı yarımstansiyada yeni 220 kilovoltluq gərginlik sinfi yaradılmaqla yanaşı, 110 kilovoltluq paylayıcı qurğu açıq, 35 və 6 kilovoltluq paylayıcı qurğular isə qapalı şəkildə tam yenidən qurulur. Yarımstansiyanın ümumi gücü 150 meqavolt amperdən 550 meqavolt amperə qaldırılır. Rəqəmsal qaydada yenidən qurulan yarımstansiyada yeni idarəetmə mərkəzi tikilir.

“Azərenerji”nin ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayevin sözlərinə görə, burada yerli SCADA, əks-qəza, mühafizə-avtomatika, sabit və dəyişən cərəyan qurğuları ilə təchiz olunmuş idarəetmə sistemləri yaradılacaq, aktivlərin, proseslərin idarə edilməsi, qüsurların vaxtında aradan qaldırılması, açılıb-qoşulma əməliyyatları proqram təminatı vasitəsi ilə avtomatik həyata keçiriləcək.

Yarımstansiyanın 220 kilovoltluq ötürücü şəbəkə ilə əlaqələndirilməsi üçün 220 kilovoltluq 3-cü “Hövsan” və 4-cü “Zabrat” hava xətlərinin giriş-çıxış sxemi ilə qoşulması və “Şimal” Elektrik Stansiyasından 220 kV-luq ikidövrəli elektrik xəttinin çəkilməsi nəzərdə tutulub. “Azərenerji” tərəfindən bu yarımstansiyanın yenilənməsi ilə “Şimal” Elektrik Stansiyasında istehsal olunan enerjinin etibarlı ötürülməsinə, ötürücü sistemin optimal yük rejiminə, istehlakçıların daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsinə, eləcə də texniki itkilərin azaldılmasına nail olunacaq.

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb.

 Azərbaycan neftinin 1 barelə olan qiyməti 7,28 ABŞ dolları və ya 5,7% artaraq 135,99 ABŞ dolları təşkil edib.

Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və dövriyyəsinin həcminə görə İtaliya və Türkiyədən sonra 3-cü pillədə qərarlaşır. Ötən il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2,995 mlrd dollar olub ki, bunun da 2,74 mlrd dollarını və ya 69%-ni idxal təşkil edib. İdxal məhsullarının həcminə görə, Rusiya birinci yerdə qərarlaşır və bu ölkədən Azərbaycana bir çox məhsullar gətirilir.

Rusiya-Ukrayna münaqişəsi fonunda Rusiyaya tətbiq edilən sanksiyalar bu ölkənin milli valyutasını da kəskin ucuzlaşdırıb. Son olaraq rubl ABŞ dolları qarşısında 30-40% ucuzlaşma nümayiş etdirib.

Rublun dəyər itirməsi ilə bu ölkədən idxal olunan malların qiymətinin necə dəyişəcəyi də sual doğurur.

İqtisadçı ekspert Xalid Kərimli açıqlamasında bildirib ki, bəzi məhsullar üzrə Rusiya bazarından asılıyıq: “Kağız və karton məhsulları, meşə sənayesi məhsulları, metal aksessuarlar, gübrə idxalının əhəmiyyətli hissəsi, taxıl məhsulları bu ölkədən idxal olunur. İdxal olunan bəzi məhsulların istehsalı üzrə dəyər zəncirinin əhəmiyyətli hissəsi Rusiyadadır. Bəzilərini isə özü idxal edərək emal edib göndərir. Rublun dəyərdən düşməsi Rusiya məhsullarını manat valyutasında ucuzlaşdıracaq”.

Lakin ekspert bildirib ki, rublun 30-40% dəyərdən düşməsi, Rusiya məhsullarının da birbaşa eyni həddə ucuzlaşacağı anlamına gəlmir. Burada ucuzlaşma daha az ola bilər: “Bəzi məhsullarda çatışmazlıq yarana, bu da bahalaşmaya yol aça bilər. Çünki Rusiya istehsal etdiyi bəzi məhsulların komponentlərini xaricdən dollar və avro ilə alır. Həmin malları almaq çətinləşərsə, Rusiyada müəssələrin istehsalının həcmi aşağı düşə bilər. Alınan xammal və materialların da dəyəri rublun ucuzlaşması fonunda bahalaşır. İlkin olaraq rus rublunda qiymətlər ucuzlaşsa da, daha sonra Rusiyada idxal da bahalaşdığı üçün ucuzlaşma eyni miqdarda olmayacaq”.

Azərbaycanda Meşə sənayesi – taxta, şalban, dsp, mdf məhsullarının ucuzlaşması mümkündür. X.Kərimlinin sözlərinə görə, bu malların maya dəyəri Rusiyada formalaşdığı üçün daha çox ucuzlaşma bu məhsullarda ola bilər: “Eyni zamanda bu məhsulların emalı xaricdən alınan mallarla olur. Bu kimi hallar maya dəyərini artıracaq. Sonda ucuzlaşma rubldakı ucuzlaşma qədər yox, daha az olacaq. Bu isə bir neçə aydan sonra daha çox müşahidə olunacaq”.

Taxıl məhsullarına gəldikdə isə Rusiyadan 2 milyard dollarlıq idxalın təqribən 300 milyon dollara qədərini bu məhsullar təşkil edir. Taxıl məhsullarının qiyməti dünya bazarında formalaşır və dəyəri dollar və avroda ifadə olunur: “Rusiya-Ukrayna konflikti dünya bazarında bu qiymətləri artır. Müharibə sayəsində hasilat və ixracın azalacağı qorxusu ilə taxıl məhsulları bahalaşmağa davam edir”.

"Sanksiyalarla bağlı hərbi və enerji təyinatı olmayan bir çox Rusiya məhsullarının Azərbaycan üzərindən Qərbə satılması mümkündür".

Bunu İTV-də yayımlanan "Diqqət Mərkəzi" verilişində çıxışı zamanı iqtisadçı Natiq Cəfərli bildirib.

Qərbin Rusiyaya qarşı sanksiyaları şərh edən iqtisadçı qeyd edib ki, böhranlar yaşandıqca, müəyyən fürsətlər də açılır:

"Təbii ki, yenidən ixrac (reexport -red.) imkanları da olacaq. Görünən odur ki, dolayı sanksiyalarla bağlı müzakirələr getmir. Qərb ölkələrinin özləri üçün də vacibdir ki, bir neçə kanallarla müxtəlif ticarət əməliyyatlarının aparılması üçün imkanlar qalsın.

Azərbaycan üçün logistika, reexport baxımından fürsətlər ola bilər. Hərbi və enerji təyinatı olmayan bir çox Rusiya məhsullarının Azərbaycan üzərindən Qərbə satılması mümkündür".

Millət vəkili Vüqar Bayramov bildirib ki, Rusiyaya qarşı sanksiyalara qoşulmayan ölkələrin sanksiyalar fonunda müəyyən imkan və fürsətləri olacaq:

"İmkanlar olacaq. Məsələn, aviasiya ilə bağlı Azərbaycanın hava məkanından daha çox istifadə olunma ehtimalı var. Bu da gəlirlərimizə təsir edəcək. Rusiyanın sanksiyaya qoşulduğu ölkələrdən aldığı məhsulların bir hissəsinin Azərbaycan iş adamları və fermerləri tərəfindən Rusiyaya ixrac edilməsi imkanları da var. Bu baxımdan da fürsətlər yaranır".

Vüqar Bayramov eyni zamanda qeyd edib ki, əgər Rusiya iqtisadiyyatı kəskin zəifləyəcəksə, bu imkanların, fürsətlərin sayı çox olmayacaq".

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

"Avronun məzənnəsi 0,5% azalaraq 1,8764 manat, Rusiya rublunun məzənnəsi 9,4% geriləyərək 0,0155 manat, türk lirəsi 0,7% ucuzlaşaraq 0,1202 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb.

Azərbaycan neftinin 1 barelə olan qiyməti 4,2 ABŞ dolları və ya 3,75% artaraq 116,1 ABŞ dolları təşkil edib.

Dünyanın əksər dövlətlərinin Rusiyaya qarşı tutduğu mövqe, tətbiq olunan sanksiyalar Rusiya vətəndaşlarının istirahətinə də mane olacaq. Belə ki, bu il rusiyalıların adətən yay aylarında üz tutduğu turistik məkanlara getmə şansları çox aşağı dərəcədədir. Avropanın Rusiyanın üzünə qapanmış hava məkanı, viza məhdudiyyəti, eyni zamanda Rusiya hökumətinin vətəndaşlara sanksiya tətbiq edən ölkələrə getməmə çağırışı bunu deməyə əsas verir. Yaranmış vəziyyət həmçinin rusiyalı turistlərin istirahət üçün Azərbaycana üz tutacağını fikirləşməyə də əsas verir.
“Report”a mövzu ilə bağlı açıqlama verən turizm şirkətlərindən birinin rəhbəri Əziz Şiriyev də yay aylarında Avropaya gedə bilməyəcək turistlərin Azərbaycana böyük axınının gözləndiyini deyir:

“Müəyyən işlər görüb turistləri ölkəmizə cəlb etmək lazımdır. May ayında Rusiyada bayram tətili olur. Həmin vaxt üçün işlər görülməlidir.

Çalışmaq lazımdır ki, məhz bu il fürsətdən yararlana bilək. Çünki Rusiyadakı daxili sosial-iqtisadi vəziyyət onlara gələn il istirahətə pul xərcləməyə imkan verməyəcək. Baş verəcək iqtisadi böhran buna mane olacaq. Biz Rusiya ilə həmsərhəd ölkə olduğumuz üçün həm quru, həm də hava yolu ilə əlaqələri saxlaya bilirik. Yəni uçuşlar üçün hansısa dövlətin üzərindən keçməyə ehtiyacımız yoxdur. Ucuz biletlərlə Rusiyanın müxtəlif şəhərlərindən uçuşlar təşkil edə bilərik. Bu istiqamətdə artıq işlər görülür, hazırlanan paketlər tezliklə Rusiya şirkətlərinə təklif olunacaq. May ayından etibarən Bakıda çox sayda rusiyalı turist görəcəyimizi ehtimal edirəm”.

Ə.Şiriyev bildirib ki, hazırda bu işlə Azərbaycanın bütün turizm şirkətləri məşğul olur. Artıq dünən sözügedən məsələlərin müzakirə olunduğu bir tədbir təşkil olunub.

“Hazırlayacağımız təkliflər paketləri müxtəlif təbəqələrin maddi durumuna uyğun olmalıdır. Turistlər üçün istirahət zonası olaraq əsasən Bakı, Bakı ətrafı rayonlar, Quba, Qəbələ nəzərdə tutulub”, - deyə şirkət rəhbəri əlavə edib.

Başqa bir turizm şirkətinin mütəxəssisi İnara Zamanova deyir ki, hazrda situasiyaya uyğun olaraq Rusiya bazarı üçün “guaranteed” turlar hazırlanıb. Həmin turlara hər həftənin cümə günləri qruplar yığılır:

“Turlar 2-7 günlük ola bilir. Turların daxilində nəinki Bakı, regionlar üzrə belə proqram hazırlanıb. Bunun üçün promouşunlar keçirilir və e-mail üzərindən göndərilir.

Əlavə olaraq, fərdi turistlər üçün təkliflər var, onların istəklərinə və büdcələrinə uyğun olaraq özəl proqramlar 3, 4 və 5 ulduzlu hotellərin bazasında hesablanır”.

İ.Zamanova vurğulayıb ki, yaxın müddətdə biznes üçün bir neçə sərgilər keçiriləcək.

“Orada iştirak edəcək rus şirkətlərinin sayı çoxdur, onlar üçün ayrıca paketlər mövcuddur. Mart ayının 15-17-də isə Moskvada turizm sərgisi təşkil olunacaq. Orada Azərbaycan şirkətlərinin də iştirakı planlaşdırılır. Əməkdaşlıq üçün şirkətlərlə görüşlər keçiriləcək və Azərbaycana qonaqları dəvət edəcəyik”.

Mütəxəssis nəzərdə tutulan qiymətləri də açıqlayıb:

“Hazırda bir nəfər üçün 3 gün 2 gecəlik paket 138 ABŞ dolları təşkil edir.

Paketə bunlar daxildir: hotel, transfer, səhər yeməyi, gəzinti, maşın, ekskursiyada gid ve baş aşpazdan master-klass, orada olan yemək”.

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi "Report"a bildirib ki, regionda baş verənlər bizi təəssüfləndirsə də, etiraf etmək lazımdır ki, Rusiyalı turistlərin dincələ biləcəyi ölkələrin sayı məhdud olduğu üçün onların Azərbaycana axını gözlənilr:

“İlkin hesablamalara görə, üzümüzə gələn yay mövsümündə Azərbaycan Rusiyadan əlavə olaraq 300-400 min turist qəbul edəcək. Bu rəqəmin daha çox olması da gözləniləndir. Hazırda bununla bağlı turizm şirkətlərinin üzərinə xeyli işlər düşür.

Çox istərdim ki, siyasi proseslər turizmə təsir göstərməsin. Amma əfsuslar olsun ki, bu mümkün deyil. Turizm elə bir iqtisadi sahədir ki, ona bir çox kənar amillər təsir göstərir. Bu təsir mənfi də ola bilər, müsbət də. Bizim üzərimizə düşən isə həmin təsirləri bacardığımız qədər yumşaltmaq və səmərəli nəticə əldə etməkdir”.

Rusiya-Ukrayna münaqişəsi fonunda xam neft qiymətləri yüksəlməyə davam edir.

“Brent” neftinin bir barelinin qiyməti 2014-cü ilin iyulundan bəri ilk dəfə 110 ABŞ dollarını keçib.

Buna səbəb Rusiyada enerji sektoruna sanksiya tətbiq edilməsə də, bir sıra şirkətlərin Rusiya neftindən imtina etməyə başlaması olub. Belə ki, idxalçılar Rusiya gəmilərini qəbul etməməklə bərabər tələb olunan xam nefti başqa mənbələrdən təmin etməyə çalışıb.

Həmçinin, ABŞ və digər istehsalçılar qlobal bazardakı balanssızlığı aradan qaldırmaq üçün strateji neft ehtiyatlarından ümumilikdə 60 milyon barel nefti bazara çıxarmaq üçün razılaşıb.

“Brent” neftinin may fyuçersləri 4,77% bahalaşaraq bir barel üçün 110,05 dollara satılıb və Qərbi Texas neftinin West Texas (WTI) neftinin aprel fyuçerslərinin qiyməti 4,96% artaraq 1 barel üçün 108,54 dollara çatıb.

Moskva birjasında ticarətin ilk dəqiqələrində dollar 100,79 rubla, avro 113 rubla qədər bahalaşıb.

Ticarətin başlanğıcında ucuzlaşdıqdan sonra rubl möhkəmlənməyə başlayıb.

Dolların məzənnəsi Bakı vaxtı ilə saat 11.09-a 92,5 rubla, avro isə 103,5 rubla enib. Daha sonra isə dolların məzənnəsi 90 rubldan aşağı enib, avronun məzənnəsi isə 100 rubla düşüb.

Dünya birjalarında neft qiymətləri artıb.

ICE London qitələrarası birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 3,06 dollar və ya 3,12% artaraq 100,99 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində “WTI” neftinin 1 barelinin qiyməti 0,83 dollar və ya 0,87% artaraq 96,55 dollar təşkil edib.

Xəbər lenti