|
Bakıda silahlı insident olub, 3 nəfər yaralanıb.
Məlumat Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən təsdiqlənib.
Hadisə yerinə əməliyyat qrupu cəlb edilib.
"Hazırda faktla bağlı araşdırma aparılır. Əlavə məlumat veriləcək", - DİN-dən bildirilib.
"Ağsu Siti" idman klubunun prezidenti Rəmzi Eminli barəsində cinayət işi başlanıb.
APA xəbərinə görə, prezidentin yalan vəd verərək özgənin pulunu ələ keçirdiyi iddia olunur.
Ona qarşı Cinayət Məcəlləsinin 178 (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə toplanmış matreallar baxılması üçün məhkəməyə göndərilib. Qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata yaxın saatlarda baxılacaq.
Bakıda hipermarketdəki silahlı insidentlə bağlı 3 nəfər həbs edilib.
Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Xəbər verildiyi kimi, martın 4-də saat 12 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən hipermarketdə baş vermiş silahlı insident zamanı Həşimov Rüfət Sahib oğlunun qəsdən öldürülməsi və Şaydayev Samir Ruslan oğlunun sağlamlığına ağır zərər vuran xəsarətlər yetirilməsi barədə daxil olmuş məlumatla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
Prokurorluq və DİN əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qabaqcadan əlbir olan Ruhlan İsmayılov, Dəyanət Qudrətov, Azər Məmmədov və Səbuhi Qurbanovun bir qrup şəxs halında ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar qəsdən adam öldürmə, adam öldürməyə cəhd, quldurluq və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib saxlama və gəzdirmə cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib.
İstintaq-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılan Dəyanət Qudrətova ilkin olaraq Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.11 29, 120.2.7 və digər maddələri, Azər Məmmədov və Səbuhi Qurbanova isə ilkin olaraq Cinayət Məcəlləsinin 32.5, 120.2.1, 32.5,120.2.4, 32.5, 120.2.11, 32.5, 29, 120.2.7 və digər maddələri ilə ittiham elan edildikdən sonra barələrində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
Həmin gün saat 21 radələrində yaxalanması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı Ruhlan İsmayılov polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.
Ruhlan İsmayılovun gizləndiyi mənzilə istintaq-əməliyyat qrupu tərəfindən baxış keçirilərkən cinayət nəticəsində əldə olunan 16 min 835 manat və 20 min 100 ABŞ dolları pul, “AKS Lancaster-03” markalı odlu silah, 1 ədəd “Makarov” və 1 ədəd “Colt” tipli tapançalar, çoxsaylı döyüş sursatları, əməliyyat tədbiri nəticəsində saxlanılan şübhəli şəxs Dəyanət Qudrətovunun üzərindən isə 1 ədəd “Blow TR 92D” modelli tapança aşkar edilərək götürülüb.
Cinayət işi üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən rəsmi qurumla dəqiqləşdirilməmiş məlumatların paylaşılmaması bir daha xahiş olunur.
Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində ağır qəza qeydə alınıb.
Hadisə “Ford Transit” markalı mikroavtobusla propan qazı daşıyan yük maşınının iştirakı ilə baş verib.
Nəticədə doqquz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Biləsuvar rayonunda zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Qeyd olunub ki, yerli vaxtla saat 10:14-də Cəlilabad stansiyasından 20 km şimalda Biləsuvar rayonunda zəlzələ qeydə alınmışdır.
Zəlzələ epsentirdə 4, ətraf rayonlarda 3 bala qədər hiss olunub.
Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) məhkəməsi olub.
Meyxanaçı barəsində seçilmiş həbs qətimkan tədbiri 2 ay müddətinə uzadılıb.
İstintaq müddətinin uzadılması isə cəmiyyətdə müxtəlif fikirlər yaradır. Bəziləri onun istintaq müddətinin bilərəkdən uzadıldığını iddia edir.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev bu cinayət işinin sadə olmadığını bildirib. O, bu aylar ərzində rəsmi prosedurlara uyğun ekspertizanın aparıldığını qeyd edib:
“Qətl işlərində çox sayda ekspertizalar keçirilir - məhkəmə tibbi, silahla bağlı, ruhi xəstəliyin olub-olmamasını təyin etmək üçün keçirilən ekspertizalar xeyli vaxt aparır. Mən güman edirəm ki, istintaq müddəti bu ekspertizalara görə uzanır. Həm də bu qətl məsələsidir, cinayətin hərtərəfli tədqiqatının apartılması vacibdir. Təkcə həmin gün baş verən cinayət araşdırılmır, məhkəmə həm də qətldən əvvəlki münasibətləri araşdırır, şahidləri dindirir. Bunlar hamısı aydınlaşdırılmalıdır. Qətlin tələm-tələsik, 2-3 aya istintaqını qurtarmaq mümkün deyil, praktikada heç vaxt belə olmayıb. Praktikada qətllə bağlı işlərin istintaqı ən aşağısı 7-8 ay davam edir. Görünür, Rəşad Dağlının işində də belə olacaq. Bu cür qətllərlə bağlı istintaq 7-8 aydan çox çəkmir, amma elə qətllər var ki, çoxepizodludur, onların istintaqı 1 il yarım, 2 ilə qədər uzanır. Qanun da buna imkan verir”.
Hüquqşünasın sözlərinə görə, cəmiyyətdə istintaq müddətinin qəsdən uzadılması ilə bağlı yayılan iddialar tamamilə əsassızdır:
“Bu fikirlər əsassızdır. Qətli kimin törətməsindən asılı olmayaraq, şəxs həmin maddə ilə tövsif olunacaq. O, həmin maddədə də öz cəzasını alacaq. Tərəflər arasında hüquqi varislə barışıq olması, şikayətin olmaması müəyyən yüngülləşdirici hal kimi hesab oluna bilər, ancaq bu cəzanı çox azaltmır. Məsələn, cəza 12-13 deyil, 9-10 il ola bilər. Yüngülləşdirici hallar 1-2 il cəzanın azaldılmasına səbəb olur.
Rəşad Dağlı üçün daha yüngül cəza mümkün deyil, çünki qanun var, məcəllə var. Mənim fikrimcə, ona ən aşağı 10 il həbs cəzası veriləcək”.
Xatırladaq ki, qətl hadisəsi ötən il noyabrın 9-u Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev Rəşad Dağlı tərəfindən çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Bakıda sərnişin avtobusu yanıb.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.
O bildirib ki, bu gun saat 07:45 radələrində 596 nömrəli marşrut xətti üzrə Xocəsən dairəsindən "Meyvəli" bazarı istiqamətinə hərəkətdə olan "İveco Otoyol" markalı 90-LR- 327 nömrə nişanlı avtobus ilkin məlumata görə, mühərrikində baş vermiş qısa qapanma səbəbindən alov alaraq yanıb. Nəticədə ölən və xəsarət alan olmasa da, avtobus yararsız hala qalıb.
Hadisə yerinə dərhal yaxınlaşan YPX əməkdaşları sərnişinlərin və digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin ediblər. Yanğın qısa müddət ərzində söndürülüb.
Qeyd olunan yolda hərəkət tam bərpa edilib.
***
Bakıda sərnişin avtobuslarından birini alışaraq yanıb.
Baku.ws xəbər verir ki, hadisə Xocəsən-Sədərək yolunda qeydə alınıb.
Yanğın hadisəsi zamanı xəsarət alanlar barədə məlumat yoxdur.
Xəbər verdiyimiz kimi, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınması barədə məlumatın yoxlanması məqsədilə Azərbaycan Ordusunun bölmələri UAZ markalı avtomobili saxlamağa cəhd göstərib.
Bu zaman UAZ maşınında olan erməni mənşəli şəxslər atəş açıb və əsgərlərimizdən ikisi şəhid olub. Cavab atəşi ilə erməni separatçı-terrorçulardan 3-ü yerindəcə məhv edilib, bir nəfər isə yaralanıb.
"Caliber" UAZ markalı maşınla silah daşındığını sübut edən görüntüləri təqdim edib:
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının son iki həftə ərzində keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsində və oğurluq əməlləri törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
"Daxil olmuş əməliyyat məlumatı əsasında polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində İran vətəndaşına narkokuryerlik etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun rayon sakini, əvvəllər də külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsinə görə məhkumluq həyatı yaşamış Elşən Ağayev olduğu müəyyən edilib. E.Ağayevin yaşadığı ünvanda aparılan axtarış zamanı polietilen bağlamalarda qablaşdırılmış, ümumi çəkisi 8 kiloqram heroin və 125 qram metamfetamin aşkar edilərək götürülüb. O, ifadəsində İran vətəndaşı ilə onlayn yolla əlaqə qurduğunu və ona təklif edilən narkotiki Abşeron rayonunun ərazisindən götürərək öz yaşadığı ünvana gətirdiyini bildirib. Həmçinin o, narkotiki Ağcabədi və ətraf rayonlarda satışını həyata keçirmək məqsədi ilə əldə etdiyini deyib. Lakin onun bu niyyətinin qarşısı polis əməkdaşları tərəfindən alınıb.
Şöbə əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi son əməliyyatlar zamanı isə daha 15 nəfər şübhəli qismində saxlanılıb. Saxlanılanlar barəsində cinayət işləri başlanılıb, həmin şəxslərin cinayət əlaqələrinin yoxlanılması istiqamətində tədbirlər davam etdirilir. Bu tədbirlər zamanı isə ümumilikdə çəkisi 10 kiloqrama yaxın müxtəlif adda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Bundan başqa keçirilən digər tədbirlə rayon ərazisində yerləşən fərdi yaşayış evindən oğurluq etməkdə şübhəli bilinən bir nəfər də saxlanılıb. Həmin şəxsin rayon sakini Elnur Xanlarov olduğu müəyyən edilib. O, yaşayış evindən məişət əşyaları oğurlamaqla zərərçəkmiş şəxsə maddi ziyan vurub. Həmin əşyalar maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.
Qeyd edilən faktlarla bağlı Ağcabədi RPŞ-də cinayət işləri başlanılaraq araşdırmalar aparılır.
Martın 5-i saat 15:00-dan martın 6-sı saat 03:10-dək Azərbaycan Ordusunun mövqeləri 19 dəfə atəşə tutulub.
Bu barədə MN məlumat yayıb.
Məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli, Aşağı Şorca, Əzizli, Zərkənd, Yuxarı Zağalı yaşayış məntəqələri və Çəmbərək rayonu istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf, Kəlbəcər rayonunun Yellicə, Mollabayramlı, Yuxarı Ayrım və Gədəbəy rayonunun Göyəlli yaşayış məntəqələrində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan və minaatanlardan fasilələrlə atəşə tutub.
Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa şəhəri istiqamətində yerləşən mövqeləri də atəşə tutulub.
Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.