Ötən gecə Sabirabadda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, Sabirabadşəhər Heydər Əliyev proskpetində 2002-ci il təvəllüdlü Namil Cəbrayılzadənin idarə etdiyi “Lada Priora” markalı avtomobillə 1992-ci il təvəllüdlü Tamerlan Zamanovun sürdüyü “Vaz 2107” toqquşub. Nətivədə Tamerlan Zamanov aldığı xəsarətlərdən rayon xəstəxanasında ölüb. N.Cəbrayılzadə isə hər iki aşağı ətrafların çoxsaylı yerdəyişən sınığı diaqnozu ilə Sabirabad rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

İlkin araşdırma zamanı məlum olub ki, qəzada toqquşan maşınları idarə edənlərin ikisi də rayonun Kürkəndi kənd sakinidir. Onların heç birinin sürücülük hüququ olmaması da müəyyən edilib.

Faktla bağlı Sabirabad RPŞ-də cinayət işi açılıb.

Dövlət Təhlükəsizliyi Xidmətində keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Salahov Mircavad Seyidağa oğlu “İŞİD” terror təşkilatının üzvü kimi terrorçuluğun maliyyələşdirilməsi cinayət əməllərini törətməkdə şübhəli bilinərək saxlanılıb.

DTX-nin saytı xəbər verir ki, Mircavad Salahov Suriya Ərəb Respublikasının Raqqa şəhərində “İŞİD” terror təşkilatının sıralarına qoşularaq xüsusi təlim düşərgəsinə göndərilib, döyüş təlimlərində iştirak etməklə odlu silahdan istifadə qaydalarına yiyələnib.

Daha sonra o, “İŞİD” terror təşkilatında mühasib kimi fəaliyyətə başlamış, bu müddət ərzində silahlı münaqişələrdə iştirak edən həmin terror təşkilatının üzvlərinə və onların ailələrinə aylıq pul vəsaitləri və ərzaq təminatının verilməsi, silahlı münaqişələr zamanı yaralanmış bu təşkilatın üzvlərinə və həlak olmuş şəxslərin ailələrinə maddi yardımların ayrılması işinin təşkili istiqamətində fəaliyyət göstərmiş, cinayət məsuliyyətindən yayınmaq məqsədilə bir müddət digər ölkələrdə gizlənib.

Həmçinin müəyyən edilib ki, Salahov Mircavad Seyidağa oğlu “İŞİD” terror təşkilatına qardaşı Salahov Mircəlal Seyidağa oğlu tərəfindən cəlb olunub. Mircəlal Salahov sözügedən terror təşkilatının Suriya Ərəb Respublikasında apardığı hərbi əməliyyatlarda iştirak edərək yaralanıb.

Cinayət işi üzrə Mircavad Salahov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) və 283-1.3-cü (ölkə hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmə), Mircəlal Salahov Cinayət Məcəlləsinin 281-1.1 və 283-1.3-cü (ölkə hüdudlarından kənarda silahlı münaqişələrə cəlb etmə və belə silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda kompleks istintaq-əməliyyat tədbirləri davam edir.

 

 

 

Azərbaycanda iki rayonu (Göygöl və Goranboy) birləşdirən dəmir körpü oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Göygöl rayon Polis Şöbəsinin Sarısu Polis Bölməsinə rayonun Çaylı kəndi ilə Goranboy rayonunun Yolqulular kəndini birləşdirən metal konstruksiyalı körpünün naməlum şəxslər tərəfindən sökülərək oğurlanması barədə məlumat daxil olub.

Sarısu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şəmkir rayon sakinləri - İlkin Kamalzadə, Xəyal Əliyev, Elgün Məmmədov və Goranboy rayon sakini Şükür Babayev saxlanılıb.

İlkin dindirilmə zamanı saxlanılan şəxlər dəmir körpünü satmaq məqsədi ilə söküb oğurladıqlarını etiraf ediblər. Şübhəli şəxslər maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Fevralın 21-i saat 20:45-dən fevralın 22-si saat 01:20-dək Azərbaycan Ordusunun mövqeləri 15 dəfə atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı və Vedi rayonunun Birəli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətlərində yerləşən mövqelərini snayper tüfəngindən və müxtəlif çaplı digər atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Təzəkənd yaşayış məntəqəsi, Şuşa şəhəri və Xocavənd rayonu istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub.

Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Xəbər verdiyimiz kimi, Paytaxtın xətai rayonunda yerləşən 27 saylı tam orta məktəbin həyətində şagirdlər arasında əlbəyaxa dava olub.

Görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Ölkə.Az-a danışan 27 saylı tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Arzu İbrahimova hadisənin ay yarım əvvəl olduğunu söyləyib:

“Uşaqlar dərsdən kənar vaxtda məktəbin həyətində dalaşıblar. Üstündən 5 gün keçəndən sonra uşaqlardan biri qəfildən digərinə hücum edib. Aralarında adi bir davadır. Bildiyim qədərilə yeniyetmələr idmana gedir. Bir-birlərinə aqressiyası var. Məktəb, müəllim uşaqlara aqressiya öyrətmir.

Hadisədən sonra valideyn də narahat olaraq 102-yə zəng edib. Polis də araşdırıb. Hamısı bilirlər. Araşdırılıb və iş bitib. İndi onu ay yarımdan sonra kimsə reytinq üçün paylaşırsa, bu onun öz problemidir. Hadisə çoxdan bitib. Hər iki uşaq məktəbdədir, barışıblar və hər şey həll olunub. Çox güman ki, hadisəni araşdıranlar görüntüləri valideynə satıblar. Mən buna başqa don geyindirə bilmərəm. O görüntü ancaq polisdə idi”.

A.İbrahimova hadisə ilə bağlı şagirdlərə qarşı tənbeh tədirləri görüldüyünü bildirib:

“İzahat alınıb, aktlaşdırılıb, valideynlər dəvət olunub. Bütün prosedurlar Elm və Təhsil Nazirliyinin xüsusi hallar komissiyasına da məlumat verilib”, - deyə o söyləyib.

İrəvan xanlığı işğal olunduqdan sonra Rusiyanın burada möhkəmlənməsi üçün xristian bufer zolağı yaratmaq lazım idi.

İrəvanın, qonşu Naxçıvanın və Qarabağın əhalisinin böyük əksəriyyəti müsəlmanlar idi. Rusiya anlayırdı ki, işğalla bu torpaqları özününküləşdirə bilməz, azərbaycanlıları isə öldürə bilər, sındıra bilməz.

 Odur ki, imperiya rəhbərliyi qərara gəlir ki, buralara xeyli sayda xristian köçürməklə etnik fonu dəyişsin. Bunun üçün general Paskeviç Rusiya rəhbərliyinə təklif edir ki, Volqa boyu yaşayan 80 min kazak bu ərazilərə köçürülsün. Bundan xəbər tutan ermənilər dərhal Rusiya rəhbərliyinə xəbər çatdırırlar ki, Arazın o tayında xeyli sayda erməni var, elə onları İrəvan xanlığına köçürsünlər. Üstəlik, bu, Rusiyaya daha ucuz başa gələr, nəinki Volqa ətrafından buraya kazak köçürmək.

Ətraflı Baku TV-nin “Aydın tarix”ində:

Nərmin Quliyeva cinayəti ilə bağlı saxlanılan İlkin Süleymanovun sabah, yəni fevral ayının 22-də növbəti məhkəmə prosesi baş tutacaq.

Cinayəti törətməkdə şübhəli bilinən İlkin Süleymanovun qardaşı Adil Süleymanov sabahkı məhkəmə prosesi ilə bağlı düşüncələrini Referans.az saytı ilə bölüşüb. Adil Süleymanov sabahkı məhkəmədə tibbi ekspertizanın və tərəflərin vəkillərinin dindirləcəyini deyib.

“İlkini müdafiə edən vəkillər və bir çox tərəfsiz hüquqşünaslar artıq İlkinin azadlığa buraxılması ilə bağlı tam tutarlı nəticənin olduğunu deyirlər. Növbəti məhkəmə sabah baş tutacaq. Bu günə kimi keçirilən məhkəmə proseslərində elə bir məhkəmə olmayıb ki, İlkinin əleyhinə nəsə olsun. Bir il yarımdır ki, məhkəmə davam edir. Sabahkı məhkəmədə tibbi ekspertiza dindiriləcək. Tibbi ekspertiza və prokurorluğun istintaq prossesinin faktları üst-üstə düşmür. Ölüm vaxtı ilə bağlı ekspertiza rəyində göstərib ki, meyit tapılmamışdan 2 gün əvvəl ölüb. Vəkillər sual verdilər ki, meyitdə çürümə əlamətləri olub, meyit hansı temperaturda çürüyə bilər? Ekpertiza cavab verdi ki, otaq temperaturunda. Otaq temperaturu da bildiyiniz kimi, 20-25 dərəcə olur. Müstəntiqlərin isə gəldiyi qənaət güya İlkinin Nərmini buz kimi soyuq otaqda saxlamasıdır. Bununla bağlı hətta əsas gətirirdilər ki, meyitdə pinevmaniya əlamətləri olub. Belə çıxır ki, onda istintaqın gəldiyi qənaət yenə səhvdir. Ekspertiza müstəntiqlərin rəyini yalanlayaraq bildirdi ki, bizə heç kim uşağın harada və necə saxlanması ilə bağlı məlumat verməyib. Biz bununla bağlı hidrometeoroloji stansiyadan yanvar ayında qeydə alınan hava temperaturlarını əldə etdik. Məlumatda gecələr temperaturun mənfilərə düşməsi ilə bağlı məlumatlar verilib. Normal düşüncəli hər insan bilir ki, mənfi temperaturda meyitin 2 gün ərzində çürüməsi mümkün deyil.”

Adil Süleymanov qardaşının bəraət alması üçün əllərindən gələni etdiklərini və bundan sonra da edəcəklərini bildirib.

“Nərminin ailəsi açıqdan açığa bu cinayətin İlkin tərəfindən törədilmədiyini çox yaxşı bilir. Sadəcə İlkinin bəzi parametrləri cinayəti onun üzərinə atmağa uyğun gəlir. İlkin səhhəti ilə bağlı evlənməyib. İlkinin göz qırpma tiki var. Qardaşımı tutanlar elə düşünürdülər ki, bu istintaq tez-bazar bağlanıb gedəcək. Cənab prezident bundan əvvəl 3 gün ərzində cinayətin üstünün açılması ilə bağlı şifahi göstəriş vermişdi. Bu gün İlkini cinayətkar bilib tutan insanlar ürək edib etiraf edə bilmirlər ki, biz 4 ildir yanlış adamı tutmuşuq. Məsələ gündən-günə böyüyür. Tək istəyimiz ədalətin öz yerini tapmasıdır. Biz qardaşımın azadlığa qovuşması üçün əlimizdən gələni edəcəyik.”

Məlumat üçün qeyd edək ki, Tovuz rayon Dondar Quşçu kənd sakini İlkin Süleymanov həmkəndlisi, 2009-cu il təvəllüdlü Nərmin Quliyevanı oğurlayıb qətlə yetirməkdə, cəsədini isə yandırmaqda ittiham edilir. İ.Süleymanova qarşı CM-in 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham irəli sürülüb.

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İŞİD terror təşkilatının mühasibini saxlayıb.

Trend xəbərr verir ki, uzun müddət müxtəlif ölkələrdə gizlənən İŞİD-in mühasibi DTX əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı genişmiqyaslı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

ANAMA əməkdaşları işğaldan azad olunan Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində birinci Qarabağ müharibəsi zamanı erməni quldurlarının azərbaycanlıları kütləvi şəkildə qətlə yetirərək basdırdığı ərazilərdə minatəmizləmə prosesinə başlayıblar.

Axtarışları Trend-in Qarabağ bürosunun çəkiliş qrupu lentə alıb.

ANAMA əməkdaşı Habil Babayev bildirib ki, düşmən bu əraziləri bilərəkdən kütləvi minalayıb.

“Erməni quldurları biliblər ki, insanlar öz yaxınlarının məzarlarını axtaracaqlar. Kütləvi şəkildə ərazini minalayıblar. İndiyə kimi 4 hektar ərazinin 15 faizi təmizlənib. Ərazi həddən artıq minalıdır. Çoxlu sayda mina gözlə görünməkdədir. Bu da ona dəlalət edir ki, gələcəkdə bu ərazidə hələ çoxlu sayda minanın çıxması ehtimalı yüksəkdir. ANAMA təmizləmə qrupları 44 günlük Vətən Müharibəsindən sonra ərazidən 81 min ədəd partlamamış hərbi sursat və mina aşkar ediblər. Bunlardan 14 mini tank əleyhinə minadır", - deyə o əlavə edib.

Uzun illərdir yaxınlarının taleyindən xəbərsiz qalanlardan biri də ANAMA-nın əməkdaşı Füzuli rayon Qazaxlar kənd sakini Bəhruz Mahmudovdur.

Bəhruzun atası Behbud Mahmudov da Birinci Qarabağ müharibəsi zamanı itkin düşüb və bu günədək ondan bir xəbər yoxdur. Bəhruz Mahmudov bildirib ki, hər minalı əraziyə daxil olanda atasından bir nişanə tapmaq ümidi ilə mina axtarışına başlayır.

Qeyd edək ki, Azərbaycanda Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslərin ümumi sayı - 3 890 nəfərdir ki, bunlardan 3 171 nəfəri hərbçilər, 719 nəfər isə mülkü şəxslərdir. İtkin düşənlər arasında 71-i uşaq, 267-i qadın, 326 nəfəri isə qocalar olub.

Videoreportajı təqdim edirik:

 

 

 
Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan şəxs tutulub, ondan silah götürülüb.
 
 DİN-in Mətbuat xidməti xəbər verir ki, Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin keçirdiyi əməliyyat nəticəsində paytaxt sakini Vüsal Əliyev tutularaq istintaqa təqdim edilib. Ondan 1 ədəd “Makarov” markalı tapança, 3 ədəd patron və həmin silaha məxsus 1 ədəd daraq aşkar edilib. V. Əliyev odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.
 
Faktla bağlı 4-cü Polis Şöbəsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
 
Həbs edilən Vüsal Əliyev kriminal dairələrdə “Şestoy Vüsal” adı ilə tanınıb. Onun Binəqədi və Nəsimi rayonlarının müəyyən hissələrində nüfuz sahibi olduğu bildirilir.

Xəbər lenti