"Tərtər işi” üzrə təqsirləndirilərək mühakimə edilən və bu gün apellyasiya şikayətinə baxılacaq 11 nəfərin adı məlum olub.

Report məlumatına görə, bunlar kapitan Rauf Orucov, baş leytenant Sultan Zeydullayev, gizir Emin Adilzadə, leytenant Natiq Əliyev, kiçik çavuş Əlizamin Quliyev, əsgər Turan İbrahimli, Müşfiq Əhmədli, Məcid Qasımov, Faiq Əhmədov, Mirpaşa Mehdiyev və Atabəy Rəhimovdur.

Bu gün Gəncə Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrliyi ilə həmin şəxslərin apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayacaq.

Qeyd edək ki, Ali Məhkəmənin Plenumu "Tərtər işi" ilə bağlı 18 nəfər barəsində kassasiya qərarını ləğv edib və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

Xatırladaq ki, rəsmi məlumata əsasən, Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində həmin bölmələrin və digər hərbi hissələrin bir qrup hərbi qulluqçusunun cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib onlara fiziki və psixi zor tətbiq etməklə zərərçəkmiş şəxslərin ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoymaları faktları ilə əlaqədar cinayət işləri üzrə icraat təzələnmiş və Baş prokurorun birinci müavini tərəfindən prosessual rəhbərliyi həyata keçirilən istintaq qrupu tərəfindən 16 dekabr 2021-ci il tarixdən bütün istiqamətlər üzrə intensiv istintaq hərəkətləri aparılmaqdadır.

“Azərişıq” ASC-nin əməkdaşları işğaldan azad olunmuş ərazilərdə görülən işlərlə yerində tanış olmaq üçün əraziyə gedən zaman qəzaya düşüblər.

Məsələ ilə bağlı “Azərişıq” ASC-dən Oxu.Az-a verilən açıqlamada bildirilib ki, qəzaya səbəb yoldan keçən avtomobillərdən birinin qurumun xidməti avtomobilinə çırpılması olub:

“Yoldan keçən başqa nəqliyyat vasitəsi idarəetməni itirib, qurumun xidməti maşınına çırpılıb. Nəticədə sürücü qəzadan yayınmağa çalışarkən yoldan çıxıb. Hadisə zamanı maşında 3 nəfər olub. Onlar yüngül xəsarət alıblar, vəziyyətləri yaxşıdır”.

Qeyd edək ki, hadisə ötən gün baş verib. Qəza nəticəsində xəsarət alan qurum rəsmiləri - “Azərişıq” sədrinin müşaviri Bəhruz İsmayılov, Texniki nəzarət idarəsinin rəisi Arif Yusifov və onun müavini Samir Almaszadə xəstəxanada ilkin həkim müayinəsindən sonra evə buraxılıblar. Müalicələrini evdə davam etdirirlər.

***
Füzuli rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza nəticəsində minik avtomobili yoldan çıxaraq dərəyə aşıb.

Nəqliyyat vasitəsində olan şəxslər - “Azərişıq” sədrinin müşaviri Bəhruz İsmayılov, Texniki nəzarət idarəsinin rəisi Arif Yusifov və onun müavini Samir adlı şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. /unikal

Dövlət Təhlükəsizliyi Xidməti İran kəşfiyyatının nəzarəti altında yaradılmış və Azərbaycana qarşı ayaqlandırılan qanunsuz silahlı birləşməni ifşa edib.

DTX-nin şəbəkənin ifşası ilə bağlı yaydığı məlumatda və videoda bir məqam diqqət çəkir.

Bildirilir ki, qruplaşma üzvlərini hərbi təlimlərə cəlb edənlərdən biri olan Əsədov Orxan Fərman oğlu üçüncü ölkə ərazisində terror aktına cəhd edərkən həbs olunub.

Bir az araşdırma aparsaq, görürük ki, bu ad bizə bir ildən çoxdur ki, tanışdır. Belə ki, Orxan Əsədov Kiprdə israilli milyarder Tedi Saqi də daxil olmaqla bir sıra yəhudi biznesmenlərə sui-qəsd təşkil etməkdə təqsirli bilinir.

Onun 2021-ci ilin sentyabrında Kiprdə sui-qəsd planlarını icra etməyə çalışarkən saxlanıldığı qeyd olunur.

Həmin zaman istər İsrail mətbuatında, istərsə də dünyanın digər media orqanlarında Orxan Əsədovun məhz İran xüsusi xidmət orqanlarının təlimatı əsasında hərəkət etdiyi yazılırdı.

Məlumatlara əsasən, Rusiya pasportu daşıyan Orxan Əsədov Moskvada yaşayıb və orada xırda ticarətlə məşğul olub. Orxan Əsədov Rusiyada fəaliyyət göstərən “Əhli-Beyt” cəmiyyətinin üzvüdür.

Xatırladaq ki, Orxan Əsədov saxlanıldıqdan sonra onunla əlbir olan digərləri müəyyən edilib və həbs olunublar.

Açıq internet mənbələrində olan ən son məlumatlara əsasən, Orxan Əsədov Nikosiya məhkəməsi tərəfindən mühakimə edilir.

 

 

 

Paytaxtda gecə saatlarında uşaqların əməyini istismar edən bir qrup şəxs peyda olub. Belə ki, Nizami küçəsində insanların xoş niyyətindən sui-istifadə edərək azyaşlıları gül satmağa məcbur edirlər.

Kadrlarda olan uşaqların 11-12 yaşı var. Kameranı görən kimi qaçsalar da, Baku TV-nin əməkdaşı uşaqlardan birini şifahi şəkildə danışdırmağa müvəffəq olub. Qızcığazın dediyinə görə, 12 yaşı var, ara-sıra məktəbə gedir.

Azyaşlı deyir ki, gecə gec saatlara qədər 8 manatdan təxminən 8-9 gül sata bilir və bunun müqabilində 7 manat alır. Təəssüf ki, onları bu işə məcbur edənin kimliyini öyrənmək mümkün olmayıb. 

Mövcud qanunvericiliyə əsasən, uşaqların həyat və sağlamlığına, onların mənəviyyatına təhlükə törədə biləcək fəaliyyətə cəlb edilmələri qadağandır. Həmçinin Konstitusiyamıza və əmək qanunvericiliyinə görə, uşaqların işə qəbul edilməsi üçün minimum 15 yaşları tamam olmalıdır. 

Bəs görəsən, belə uşaqların valideynləri ilə bağlı qanunvericilikdə nələr nəzərdə tutulub? 

Hüquqşünas Hüseyn İsmayılov qeyd edib ki, Ailə Məcəlləsinə görə, uşağa qarşı istismar həyata keçirildiyi halda digər valideynin, yaxın qohumların, yaxud da yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi üzrə komissiyaların və yerli icra hakimiyyəti orqanlarının müraciəti ilə onlar valideynlik hüququndan məhrum edilə bilər.

Maraqlıdır ki, bütün bunlar şəhərin düz mərkəzində, demək olar ki, əksər qurumların gözləri önündə baş verir. Bəs görəsən, aidiyyəti şəxslər bu azyaşlıları niyə görmür?

Ətraflı videonu təqdim edirik

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib.

“Qafqazinfo” bildirir ki, əməliyyat nəticəsində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev də saxlanılıb.

Xatırladaq ki, 1979-cu il təvəllüdlü E.Əliyev 2021-ci ildə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdi. O, eyni zamanda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədri vəzifəsini icra edib.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşları hazırda Mədəniyyət Nazirliyinin rəhbər şəxslərinə qarşı xüsusi əməliyyat həyata keçirir.

Bu barədə məlumatı “AZfront” teleqram kanalı Mədəniyyət Nazirliyinin rəsmisinə istinadla yayıb.

Məlumata görə, hazırda Mədəniyyət Nazirliyində keçirilən əməliyyatda saxlanılan arasında nazirliyinin rəhbər şəxsləri də var.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən birgə həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 29 il əvvəl törədilərək bağlı qalan xüsusilə ağır cinayətin açılması təmin olunub.

Bu barədə hər iki qurumun birgə məlumatında bildirilib.

Belə ki, 26 noyabr 1993-cü il tarixdə Fikrət İbrahimovun yaşadığı mənzilində odlu silahdan açılmış atəş nəticəsində güllə xəsarətləri ilə meyitinin aşkar edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb istintaq aparılsa da, cinayəti törətmiş şəxsi müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb.

Nərimanov rayon prokurorluğu tərəfindən cinayət işi yenidən öyrənildikdən sonra iş üzrə icraat təzələnıb.

Prokurorluq və polis orqanları tərəfindən həyata keçirilmiş çoxsaylı intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində əldə edilmiş sübutlarla müəyyən edilmişdir ki, 26 noyabr 1993-cü il tarixdə zərərçəkmişin iş yoldaşı olmuş Nazim Bayramov aralarında yaranmış narazılığa görə Fikrət İbrahimovun evinə gedib onunla mübahisə edərkən zərərçəkmişin tapançasını əlindən alıb Fikrət İbrahimovun baş nahiyəsinə atəş açmaqla hadisə yerindən uzaqlaşıb.

28 oktyabr 2022-ci il tarixdə Nazim Bayramova 01.09.2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 94-cü maddəsinin 2-ci bəndi (ağırlaşdırıcı hallarda qəsdən adamöldürmə) və hazırda qüvvədə olan CM-in 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham elan edilıb.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Ötən gün Xankəndidə - Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında - separatçı qrupa dəstək aksiyası keçirilib.

Oxu.az xəbər verir ki, aksiyada könüllü-məcburi əsaslarla 15 minə qədər insan iştirak edib.

Ermənistan KİV-lərində, xüsusən də “Epress.am”da dərc olunan məlumatlara görə, mitinq Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri, general-mayor Andrey Volkovun təşəbbüsü ilə baş tutub.

Volkov bildirib ki, əgər Ermənistan nizamlanmanın Rusiya variantından imtina edərsə, sülhməramlı missiya Qarabağı tərk edəcək.

Bakıda məktəbli qıza cinsi xarakterli qısnama hərəkətləri etmiş şəxs həbs edilib.

Qafqazinfo xəbər verir ki, Nərimanov rayonunda yerləşən məktəblərin birində 5-ci sinif şagirdinə qarşı əxlaqsız hərəkətlər etmiş S.Həsənova Cinayət Məcəlləsinin 153-cü (Əxlaqsız hərəkətlər etmə) maddəsi ilə iş açılıb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində istintaq müddəti üçün həbs-qətimkan tədbiri seçilib və o, təcridxanaya göndərilib.

Qeyd edək ki, məktəb hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, 27 oktyabr saat 18:40 radələrində 30-35 yaşlı bir şəxs valideyn olduğunu deyərək məktəbə daxil olub. Həmin vaxt valideynini gözləyən V sinif şagirdinə (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) qarşı qeyri-etik hərəkətlər edib. Məsələ ilə bağlı valideyn tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib.

Xatırladaq ki, baş vermiş hadisənin görüntüləri mediada yayılıb. Belə ki, hadisə vaxtı 11 yaşlı qızı, dərs bitdikdən sonra məktəbin dəhlizində atasının gəlməsini gözləyib. Bu zaman S.Həsənov məktəbdə qıza qarşı əxlaqsız hərəkətlər edib. Məktəbli dərhal hadisə barədə valideyninə məlumat verib.

Dünən səhər saat 08-08 radələrində Pirqulu stansiyasından 44 km cənubda, Qobustan rayonu ərazisində növbəti dəfə zəlzələ olub.

Paytaxta bu qədər yaxın bir məsafədə iki gün ard- arda zəlzələnin baş verməsi narahatçılığa əsas yaradırmı? 

 Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli "Xəzər Xəbər"ə verdiyi məlumata görə, dünən axşam baş verən zəlzələ bəzi sakinlər tərəfindən hiss edilsə də, bu gün səhər saatlarında baş verən zəlzələ ümumiyyətlə hiss olunmayıb.

 

Qurban Yetirmişli əlavə etdi ki, Azərbaycan seysmogen bölgədir. Ona görə də burda hər gün təkanaların baş verməsi təbii haldır.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru bildirdi ki, ölkədə yaxın zamanalar üçün dağıdıcı, katastrofik zəlzələ ehtimalı yoxdur.

Xəbər lenti