|
Xəbər verdiyimizi kimi, dünən Bakı-Ələt yolunda 164 saylı avtobusun aşması nəticəsində 23 nəfər xəsarət alıb.
"Avtobusu idarə edən şəxs ''Xəzər Xəbər''ə hadisə yerində olanları danışıb.
Yol kənarına sürüşən avtobus aşıb və nəticədə 23 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Xoşbəxtlikdən hadisə zamanı ölüm qeydə alınmayıb.
Xəsarət alan 23 nəfərin 18-i dünən evə buraxılıb. 5 nəfərin isə müalicəsi davam etdirilir. 164 saylı marşurut xəttinin müvəqqəti aid olduğu daşıyıcı şirkətin rəsmisi bildirir ki, qəzada xəsarət alanların zərərlərini sığorta şirkəti qarşılayacaq.
Yaralıların vəziyyətinə gəldikdə isə TƏBİB-in şöbə müdiri Zamirə Ədilova bildirib ki, qurumun tabeliyindəki tibb müəssisələrində 5 nəfərin müalicəsinə davam edilir.
Qeyd edək ki,hadisə Baki-Qazax yolunun 26-cı km-də qeydə alınıb.
Azərbaycanın Hərbi prokuroru işğaldan azad olunmuş ərazilərdə aşkarlanmış kütləvi məzarlıqlara gedib.
Bu barədə Hərbi Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, işğaldan azad edilmiş torpaqlarda, o cümlədən Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Ağdam rayonunun Sırxavənd kəndləri, eləcə də Xocalı rayonunun Fərrux kəndində və digər ərazilərdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinin, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının, Beynəlxalq Qızıl Xaç Komitəsinin və digər aidiyyəti qurumların nümayəndələri ilə birlikdə aparılmış müvafiq axtarış tədbirləri nəticəsində kütləvi məzarlıqlar aşkarlanıb.
Azərbaycan Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 115.4-cü, 120.2.7-ci, 120.2.12-ci və digər maddələri ilə istintaq olunan cinayət işi üzrə məzarlıqlardan Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə məxsus olması ehtimal olunan 450-dən artıq insan meyitinin qalıqları çıxarılaraq ekshumasiya edilib.
Həmin meyit qalıqları ilə bağlı 300-ə yaxın məhkəmə-tibbi və 280-dən artıq molekulyar-genetik ekspertizaları təyin olunaraq icraya yönəldilib. Eləcə də şahidlər dindirilib və digər zəruri istintaq-əməliyyat tədbirləri yerinə yetirilib.
Baş prokurorunun müavini-Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bu il oktyabrın 26-da qeyd olunan ərazilərə gedərək həmin cinayət işinin istintaqının gedişatı ilə yerində maraqlanıb, müvafiq tövsiyələr və tapşırıqlar verib.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
1995-ci il oktyabrın 28-də Bakı metrosunda baş vermiş qəzadan 27 il ötür.
Rəsmi məlumatlarda qeyd edilir ki, “Ulduz” və “Nərimanov” stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 289 nəfər həyatını itirib.
Ölənlərdən 28-i uşaq, üçü xilasedici olub. Bundan başqa, qəza nəticəsində 270 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Tələfatın böyük olması qatarın tuneldə alışması və xilasetmə əməliyyatının yetərsizliyi ilə bağlı olub. Elə qəzanın əsas səbəbi kimi də köhnə avadanlıqlarla təchiz olunmuş qatarın nasazlığı, habelə maşinistin səhv qərar verməsi göstərilir.
Hadisədə terror əməli aşkarlanmayıb və o, texniki qəza kimi qiymətləndirilib. Belə ki, uzun müddət məsələni araşdıran istintaq qrupu qəzanın baş verməsinin terror aktı olduğunu istisna edib.
Qəzanın sırf səhlənkarlıqdan baş verdiyi açıqlanıb. Maşinist qatarı tuneldə saxlayıb, insanlar isə təşviş içində vaqonlardan çıxıb qaçmağa başlayıblar. Havaçəkmə sistemi pis olduğundan tuneldəkilər hava çatışmazlığından və ayaq altında qalaraq ölüblər.
Aparılan araşdırma nəticəsində maşinistin qatarı tuneldə saxlamaq qərarı səhv sayılmışdı. Təhlükəsizlik qaydalarına riayət edilməməkdə günahlandırılan qatarın maşinisti və dispetçerə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Qatarı tərk edənlərin çoxu sağ qalsa da, yanğın tarixin ən ölümcül qatar fəlakəti hesab olunur.
Hadisədən sonra Azərbaycanda üç günlük matəm elan olunub.
İkinci Qarabağ müharibəsi dövründə Bərdə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından iki il ötür.
2020-ci il oktyabrın 28-də düşmənin silahlı birləşmələri şəhərdə dinc sakinlərin sıx məskunlaşdığı yaşayış məntəqələrini, mülki və ticarət obyektlərini, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarının yerləşdiyi ərazini "Smerç" raketləri ilə atəşə tutub.
Ermənistanın beynəlxalq hüquqla qadağan olunan kaset bombalarından istifadə etməklə endirdiyi zərbələr nəticəsində 20 nəfər mülki şəxs və Fövqəladə Hallar Nazirliyinin 1 əməkdaşı şəhid olub, 70-ə yaxın insan isə yaralanıb.
Eyni zamanda bir neçə mülki obyekt dağıdılıb, avtomobillər yararsız vəziyyətə düşüb, sakinlərə külli miqdarda ziyan dəyib.
Faktla bağlı Azərbaycan Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Qeyd edək ki, Bərdə rayonu və şəhər mərkəzi İkinci Qarabağ müharibəsi dövründə ümumilikdə 3 dəfə (5, 27 və 28 oktyabrda) Ermənistan Silahlı Qüvvələrinin raket və ağır artilleriya hücumlarına məruz qalıb. Nəticədə 29 nəfər şəhid olub, 112 nəfər yaralanıb, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsində Ermənistanın hərbi təcavüzü nəticəsində ümumilikdə 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb. Bundan başqa, 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.
Oktyabr ayının 25-də saat 20:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Cəfərli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin dövlət sərhədi yaxınlığında mühəndis çəpərinə yaxınlaşması müşahidə edilmiş, “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq, sərhəd pozucuları əmrə tabe olmayaraq hava şəraitinin qaranlıq və relyefin mürəkkəbliyindən istifadə edərək geriyə qaçmışlar. Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılmışdır.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
İstanbulda azərbaycanlı kriminal avtoritet, “Qardaşoğlu” ləqəbi ilə tanınan Elnur Qasımov güllələnərək qətlə yetirilib.
“Qafqazinfo xəbər verir ki, oktyabrın 26-na keçən gecə ağır xəsarət alaraq İstanbuldakı özəl klinikalardan birinə çatdırılan Şərur rayon sakini E.Qasımovun həyatını xilas etmək mümkün olmayıb.
Bildirilir ki, “Qardaşoğlu” ləqəbli avtoritet Rövşən Lənkəranskinin klanına daxil olan Emin Naxçıvanskinin qardaşıdır. Belə ki, Elnur Qasımovun qardaşı Emin kriminal aləmin tanınmış simalarından biridir. “Emin Naxçıvanski” kimi tanınan avtoritet dəfələrlə həbsdə olub, sonuncu dəfə bu yaxınlarda həbsdən buraxılıb.
Fotoda Elnur Qasımov ("Qardaşoğlu") və qardaşı Emin Qasımov (Naxçıvanski)
İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından iki il ötür.
Xatırladaq ki, 2020-ci il oktyabrın 27-də düşmən növbəti dəfə xain və qəddarcasına cəbhə zonasından kənarda yerləşən Bərdənin Qarayusifli kəndini "Smerç" raketləri ilə atəşə tutub.
Nəticədə dinc sakinlər - Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu, 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı və Əliyeva Almaz Salah qızı şəhid olub, 13 nəfər isə xəsarət alıb.
Düşmənin raket atəşi nəticəsində bir neçə yaşayış evi tamamilə dağılıb, sakinlərə külli miqdarda ziyan dəyib.
Qeyd edək ki, Bərdə rayonu və şəhər mərkəzi İkinci Qarabağ müharibəsi dövründə ümumilikdə 3 dəfə (5, 27 və 28 oktyabrda) Ermənistan Silahlı Qüvvələrinin raket və ağır artilleriya hücumlarına məruz qalıb. Nəticədə 29 nəfər şəhid olub, 112 nəfər yaralanıb, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
AXCP fəalı Ramid Nağıyevin oktyabrın 24-də aksiyada iştirak etdiyinə görə həbs edilməsinə görə iddialar əsassızdır.
Bu barədə DİN Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı bildirib.
O deyib ki, Ramid Nağıyev aksiyada iştirakına görə yox, probasiya xidmətinin təqdimatı əsasında üzərində olan aliment öhdəliyindən yayındığı üçün məhkəmə qərarı ilə 7 gün müddətinə barəsində inzibati həbs tətbiq edilib: "Onun saxlanılmasında siyasi motiv yoxdur".
Son 10 gündə Lənkəranda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 22 nəfər saxlanılıb.
"Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumatlar əsasında, keçirilən əməliyyat tədbirləri nəticəsində son 10 gün ərzində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 22 nəfər saxlanılıb.
Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılan ümumilikdə külli miqdarda narkotik maddə aşkar edilərək götürülüb.
Faktlarla bağlı Lənkəran ŞRPŞ-də zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Saxlanılan şəxslərin cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Bu gün səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində qəza baş verib və nəticədə ətrafı su basıb.
Qəza baş verən borunun ətrafını su basıb, avtomobillərin gedişində çətinlik yaranıb. “Azərsu” ASC-nin açıqlamasında isə qəza ilə əlaqədar Yasamal və Səbael rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacağı bilidirilib.
Qeyd edək ki, bir sıra vətəndaşlar qəza ilə bağlı aidiyyəti qurumu günahlandırıb. Bildirilir ki, magistral su kəmərinin sözügedən hissəsində dəfələrlə qazma işləri aparılıb, lakin problem aradan qaldırılmayıb.
“Azərsu” ASC-nin sosial şəbəkə paylaşımına gələn şərhlər də bunu təsdiq edir. Sosial şəbəkə istifadəçiləri qəza baş verən hissənin bir neçə gündür çökmüş vəziyyətdə olduğunu, bu səbəbdən qəzanın qaçılmaz olduğunu bildirib: “Qəza baş verəcək də, yarıtmaz işinizin nəticəsidir. İl ərzində yüz dəfə oranı qazıb tökürsünüz. Yenicə qazmışdız nə oldu yenidən? Normal iş görə bilmirsiniz, bizi də salmısınız çətin vəziyyətə. Neçə gündür ora çökük vəziyyətdə idi, hara baxırdınız bəs?”
Bir digər şəxs isə “Bu yer təzə qazılmışdı, dünən axşam artıq çökmüşdü, mən daxil neçə şəxs avtomobilinin altını vurdu. Belə olacağı bəlli idi, çox keyfiyyətsiz iş görürsünüz”, - deyə qeyd edib.
Başqa bir şikayətdə isə belə qeyd olunub: “Mən bu məhlədə qalıram, bu yeri dəfələrlə qazıb təmir etmək olar, nə gədər yeyintidir bu, hər dəfə qaz, düzəlt asfaltla? Sizin səriştəli, işini bacaran bir işçiləriniz olmadı, bunu birdəfəlik düzəltmək üçün?”