Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə müstəntiqin Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu barəsində vəsatətinə baxılıb.

Səbail Rayon Məhkəməsində keçirilən prosesdə vəsatət təmin edilib.

Məhkəmədə Mənsur Əsgərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, cinayət işi üzrə araşdırmalar Komitədə “xüsusilə külli miqdarda” mənimsəmənin üstünü açıb. Belə ki, Mənsur Əsgərov qabaqcadan əlbir olan bir qrup şəxs halında 132 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunur. İttihamın mahiyyətindən görünür ki, NMR DGK vəzifəli şəxsləri dövlət gömrük rüsumlarının rəsmiləşdirildiyi ümumi elektron sistemdən əlavə, rəsmiləşdirilmədən idxal olunan mallara görə qeyri-rəsmi ikinci yığım sistemi yaradıblar.

Cinayət işinin gedişatı barədə əlavə xüsusatlar dəqiqləşdirilir.

Qarabağda hərarət qalxır: Gərginliyin artmasında kim maraqlıdır? - AKTUAL

ReAl partiyası sədrinin müavini Natiq Cəfərli Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik:

- Son günlərdə Ermənistan ordusunun və separatçıların silahlı birləşmələri azad edilmiş ərazilərimiz istiqamətlərində təxribatlarını artırıblar. Hətta Şuşaya da atəş açdılar. Sizcə, baş verənlərin davamlı xarakter alması yeni əməliyyatların başlamasına rəvac verə bilərmi?

- Əvvəla, öz ərazilərində bu cür təxribatların qarşısını almaq üçün antiterror əməliyyatlarına start verməsi Azərbaycanın tam legitim və hüquqi haqqıdır. Əgər Rusiya sülhməramlıları öz üzərinə düşən öhdəliyi – ermənilərin ərazilərimizdəki qeyri-qanuni hərbi birləşmələrinin tərksilah edilməsi ilə bağlı 10 noyabr anlaşmasının müvafiq bəndini yerinə yetirmirlərsə, Azərbaycanın buna tam hüquqi haqqı var. Yeni əməliyyatlara start verərək, ərazilərimizi həmin erməni silahlı birləşmələrindən və ya terrorçularından təmizləmək legitim haqqımızdır.

Başqa bir məsələ budur ki, bölgədə gərginliyin artması kiməsə sərf edir?

Görünür, Azərbaycanla Ermənistan arasında bağlana biləcək hansısa anlaşmanın mümkünlüyü bir çox ölkələri əndişələndirir. Əsasən də ABŞ və Avropa Birliyinin təklif etdiyi, Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığı qərarı və bu yöndə hansısa anlaşmanın olması bizim şimal qonşumuzu – Rusiyanı narahat etməmiş deyil. Çox güman ki, gərginliyin artmasının əsas səbəblərindən biri ABŞ və ya Qərbin təklif etdiyi həll formulunun Rusiya tərəfindən qəbul edilməməsi ilə bağlıdır. Çünki Qarabağın Azərbaycan ərazisi olaraq tanınmasını ehtiva edən hansısa sənəd imzalanarsa, onda rus sülhmərmlılarının gələcək taleyi sual altına düşəcək.

Məncə, gərginliyin əsas səbəblərini söylədiyim bu məsələlərdə axtarmaq lazımdır. Görünən budur ki, belə bir gərginliyin olmasında maraqlı qüvvələr var.

- Ermənistan yenidən Rusiyaya üz tutur və bu fonda ABŞ və Qərbdən narazılığı artır. Ermənilər Qərbi, xüsusən də ABŞ-ı Azərbaycanın xeyrinə vasitəçilikdə ittiham edirlər. Bəs bunu necə izah etmək olar?

- Məsələyə iki aspektdən baxmaq lazımdır. Birincisi, Ermənistanın indiki hakimiyyəti – Nikol Paşinyan və komandası Rusiyadan ciddi narazılıqlarını bildirirlər. KTMT-nin “ölü qurum” olduğunu, Ermənistana heç bir xeyir vermədiyini dəfələrlə açıq şəkildə dilə gətiriblər. Yəni bu, həm də KTMT-ni hansısa formada prosesə cəlb etmək cəhdidir.

Digər yandan, Ermənistan əhalisinə növbəti dəfə mesaj verirlər ki, görürsünüz, Rusiya ilə birlikdə və KTMT-də olmaq bizim hansısa problemimizi həll etmir. Bu da çox maraqlı gedişdir.

Təbii ki, Ermənistanda Qərblə yaxınlaşmaq istəyən qüvvələr heç də az deyil. Həmin qüvvələr daim Rusiyanı passivlikdə ittiham edirlər, KTMT-nin isə Azərbaycanla qarşıdurmalarda ümumiyyətlə Ermənistana kömək etmədiyini deyirlər.

Ermənistan Rusiyanın ən çox təsir dairəsində olan ölkələrdən biridir. Həmişə olduğu kimi, Cənubi Qafqazda Rusiyanın forpostudur. Bu baxımdan, Rusiyanın aktivliyi və Ermənistana təsir rıçaqlarının güclü olması heç də təəccüblü deyil.

- Fransanın Ermənistana yönəlik son jestlərindən, Azərbaycan əleyhinə fəaliyyətlərini artırmasından sonra ABŞ-dan Bakıya rəsmi səfərlər gerçəkləşdi, dövlət katibi hər iki ölkənin liderinə zəng etdi. Görünən budur ki, proseslə bağlı ABŞ və Fransa arasında fikir ayrılığı var. Bunlar nədən ibarət ola bilər?

- Fransanın istəyi məlumdur. Fransa gələcəkdə Rusiyanın bölgə və dünyada zəifləyəcəyi ehtimalı ilə Ermənistanda yarana biləcək boşluğu doldurmaq istəyir. Yəni Fransa Cənubi Qafqaza daha çox Ermənistan üzərindən müdaxilə etməyə və ya burada nüfuz sahibi olmağa çalışır. Bu aydındır.

Fransanın bu yolda səhvi var. Həmin səhv ondan ibarətdir ki, əgər Ermənistanın Qərbə inteqrasiyası missiyasını öz üzərinə götürübsə, bu proses İrəvanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normal olmaması fonunda mümkün deyil. Həm coğrafi, həm siyasi, həm də iqtisadi olaraq Ermənistanın Qərbə inteqrasiyasının yeganə yolu Azərbaycan və Türkiyə ilə normal münasibətlərdən keçir. Ermənistanın Qərbə yolu Türkiyə üzərindədir. Fransa da burada səhv edir.

Bəlkə də məqsədi Rusiyanı əvəzləməkdir, amma atdığı yanlış addımlarla Cənubi Qafqazın iki əsas dövləti – Azərbaycan və Türkiyə ilə münasibətlərini pozur. Fransa bununla Ermənistanın Qərbə inteqrasiyasını mümkünsüz hala gətirir. Bəlkə də Fransa bilmədən atdığı addımlarla Rusiyanın əlinə oynayır.

- Bəs Rusiya Ukraynada müharibənin davam etdiyi vaxtda niyə Cənubi Qafqaza diqqətini artırmaq qərarına gəlib?

- Cənubi Qafaz bir neçə istiqamətdə Rusiya üçün önəmlidir. Birincisi, Cənubi Qafqaz və Ermənistan-Azərbaycan konflikti Rusiyanın əlində olan “pozitiv aktiv”lərdən biridir. O mənada ki, Rusiyanın bu prosesdəki rolu dünya tərəfindən qəbul edilən bir faktordur. İndi Rusiya əlindəki bu “pozitiv aktiv”i daha da genişləndirmək istəyir.

İkincisi, Rusiya düşünür ki, Cənubi Qafqazın əldən çıxması, gələcəkdə Şimali Qafqazın qarışmasına səbəb ola bilər. Yəni bu, Şimali Qafqazdakı muxtar respublikaların Rusiyaya qarşı fəallaşmasına yol aça bilər. Buna görə də, Cənubi Qafqazın itirilməsinin Şimali Qafqaza nəzarətin zəifləyəcəyi anlamına gələcəyini düşündüyü üçün bölgəni əldən çıxamaq istəmir.

Üçüncü məsələ isə qlobal rəqabətlə bağlıdır. İllərdir Cənubi Qafqazda Rusiya və Qərb arasında rəqabət gedir. Hər iki tərəf mübarizənin kəskinləşdiyi vaxtda bölgədən əlini çəkmək istəmir. Rusiya illərdir buna görə Ermənistandan alət kimi istifadə edir. Yenə də bu alətdən istifadə etməyi düşünür və buna çalışır.

“Laçın dəhlizi” əməliyyatı: Bakı nəyə hazırlaşır? - Qarabağda yeni anti-terror əməliyyatı ehtimalı artır

Son həftələrdə Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdən mütəmadi olaraq atəş səsləri eşidilməkdədir. Regiondakı qanunsuz erməni hərbi birləşmələri atəşkəsi intensiv sürətdə pozur, müxtəlif təxribatlara əl atırlar. Sonuncu dəfə ötən gün, noyabrın 22-sində onlar Azərbaycan Ordusunun Şuşa şəhəri və Tərtər rayonu istiqamətlərində yerləşən mövqelərini fasilələrlə atəşə tutublar.

Bununla paralel, noyabr ayının 21-də ordumuz daha bir təxribatın üstünü açıb. Belə ki, Laçın və Şuşa şəhərlərinin sərhədində yerləşən Sarıbaba yüksəkliyinin şimal hissəsində hərbi qulluqçularımız “sürpriz” aşkarlayıb. Sözügedən sürpriz piyada əleyhinə minalardır((350 ədəd PMN-Э) Və ən maraqlısı, bu minalar 2021-ci ildə Ermənistanda istehsal edilib.

Sarıbabada aşkarlanan minalar iki ciddi sualı gündəmə gətirir:

Birincisi, ötən il istehsal olunan bu minalar separatçılara kim tərəfindən və hansı yolla çatdırılıb?

İkincisi, sülhməramlıların nəzarətində olan bir ərazi necə minalanıb? (Bu ilin avqustuna qədər bu yüksəklik sülhməramlıların nəzarətində idi)

Hər iki sualın cavabında eyni dövlətin adı çəkilə bilər: Rusiya

Çünki Laçın dəhlizinə nəzarət edən, buradan minaların, silah-sursatların maneəsiz Qarabağdakı separatçılara çatdırılmasına da, mövqelərin minalanmasına da göz yuman məhz Moskvadır. Bütün bu baş verənlər isə Bakını daha da qıcıqlandırır və onu qısa bir zamanda Laçın dəhlizində nəzarəti ələ keçirməyə məcbur edir.

Beləliklə, son günlər Qarabağda baş verən hadisələr regionda yeni anti-terror əməliyyatlarına start verilməsi mövzusunu aktuallaşdırır. Amma və lakin burada Rusiya sülhməramlılarının mövcudluğu rəsmi Bakının əl-qolunu bağlayır. Bəlkə də məhz bu səbəbdən Azərbaycan Prezidenti İlham Əliyev son bir həftə ərzində iki dəfə rusiyalı həmkarı Vladimir Putinlə telefon danışıqları aparıb. Bəs Azərbaycan, şimal qonşusunun etirazına rəğmən, dəhlizi ələ keçirmək üçün bir anti-terror əməliyyatına start verə bilərmi?

Hərbi ekspert Tərlan Eyvazov Pressklub.az-a açıqlamasında bu amili istisna edir.

“Moskva ilə razılaşdırılmamış Laçın dəhlizi istiqamətində hərbi əməliyyat keçirilməsi ehtimalı çox risklidir. Hazırda erməni yaraqlılarının təxribatlarına yalnız müxtəlif istiqamətlərdə lokal hərbi əməliyyatlarla cavab verilə bilər. Amma Laçın dəhlizi kimi strateji bir ərazinin Kremlin “veto”suna rəğmən nəzarətə götürülməsi nəinki Rusiyanın, Fransa və digər xarici dövlətlərin də diqqətini Qarabağa yönəldər ki, bu, ümumi işimizin əleyhinə olar. Həmçinin bu istiqamətdə Rusiya ilə razılaşdırılmamış bir hərbi əməliyyat sülhməramlı kontingentin zərər görməsinə səbəb ola bilər və bu halda, arzuolunmaz problemlər yaranar”.

DİA.AZ-ın məlumatına görə, hərbi jurnalist Səxavət Məmməd isə Pressklub.az-a açıqlamasında Qarabağda vəziyyətin kritik həddə çatdığını, lakin rəsmi Bakının təmkinli addımlar atması gərəkdiyini bildirib.

“Bu gün aşkar şəkildə görürük ki, Rusiyadan Ermənistana təyyarələrlə silah-sursat daşınır. Bunlar daha sonra Laçın dəhlizi vasitəsilə Qarabağdakı qanunsuz erməni hərbi birləşmələrinə göndərilir. Hazırda oradakı vəziyyət təhlükəli hal alıb. Qanunsuz dəstələr terrorçu qruplaşmalar formasından “nizami qoşun” formasına keçir. Hər gün onlara təlimlər keçilir. Vəziyyət kritikdir. İş o yerə çatıb ki, separatçılar artıq Tərtərdəki mövqelərimizi vura bilir. Ona görə də rəsmi Bakı öz suveren hüququndan istifadə edib, Laçın dəhlizini nəzarətə götürməyə çalışır. Lakin Rusiya burada ən böyük maneədir. Bizim hərbçilərimiz regionda sülhməramlıları müəyyən problemlər yaşandıqda “başa sala bilir”. Lakin Laçın dəhlizini nəzarətə götürmək kimi strateji bir əməliyyat Kremlin razılığı olmadan həyata keçirilsə, burada sülhməramlıların həyatını itirmə təhlükəsi meydana gələ bilər. Bu isə vəziyyəti tamam fərqli istiqamətə yönəldər. Ona görə təmkinli addımlar atılmalı, beynəlxalq müttəfiqlər bu məsələdə dəstəyə çağırılmalıdır”.

Beləliklə, müsahiblərimizin fikirlərindən belə aydın olur ki, indiki vəziyyətdə Laçın dəhlizini nəzarətə götürmək məqsədilə hansısa bir hərbi əməliyyata başlamaq mümkün görünmür. Buna səbəb, əvvəla, rəsmi Moskvanın Vardanyan kartı ilə 2025-ci ilədək bu regionda möhkəmlənmək üçün yeni bir strateji planı işə salmasıdır. Digər səbəb isə Azərbaycan və Rusiya ilə münasibətlərin xeyli gərginləşməsidir. Ona görə də mövcud vəziyyətdə Kremlin baş tuta biləcək Laçın dəhlizi əməliyyatını veto edəcəyi istisna edilmir. Belə olan halda, Azərbaycan bu dəhlizi ya bağlamaq, ya da oraya öz nəzarətini təmin etmək üçün sülhməramlıların regiondakı fəaliyyətinə yenidən baxmalıdır.

Xatırladaq ki, 2020-ci ilin 10 noyabrında imzalanan birgə bəyanat Azərbaycan parlamenti tərəfindən ratifikasiya edilməyib. Bu, sülhməramlıların mandatına yenidən baxılması üçün imkan yaradır. Təbii ki, Azərbaycan sülhməramlıları regiondan öz gücünə çıxara bilməz. Amma Türkiyə, Britaniya və İsrail kimi müttəfiqlərinin diqqətini bu məsələyə yönəldib, Moskvanın üzərinə daha çox gedə, ən azı sülhməramlı kontingentin milli rəngarəngliyini (yəni sadəcə ruslardan ibarət olmamasını) təmin edə bilər.

İran İslam Respublikasının ali rəhbəri Əli Xameneyinin bacısı qızı, hüquq müdafiəçisi Fəridə Muradxani dünən həbs edilib.

Bakupost.az Güney Azərbaycan Teleqram kanallarına istinadla xəbər verir ki, siyasi fəalın qardaşı Mahmud Muradxani bu barədə tvit yazıb. O bildirib ki, bacısı noyabrın 23-də məhkəmə qərarını ona çatdırmaq üçün prokurorluğa gedərkən, saxlanılıb və həbsə atılıb.

Qeyd edək ki, vətəndaş cəmiyyəti fəalı olan xanım Muradxani bu il yanvarın 13-də Tehranda evinə qayıdarkən ETTELAAT tərəfindən həbs edilmişdi. O, may ayında 10 milyard tümən girov qarşılığında və istintaq müddəti başa çatanadək Tehran vilayətini tərk etmək şərti ilə müvəqqəti azadlığa buraxılmışdı.

Fəridə Muradxani həbsindən bir neçə ay əvvəl məhbuslara dəstək kampaniyasına başlamışdı.
2018-ci ilin iyununda da o, Sənəndəc şəhərinə getdikdən və İslam Respublikasına qarşı fəaliyyətə görə edam edilən siyasi məhbus Ramin Hüseyn Pənahinin ailəsi ilə görüşdükdən sonra da həbs edilmişdi.

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Apa xəbərinə görə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda İlkin Süleymanov ibtidai istintaq dövründə verdiyi etirafedici ifadəsinin yerində yoxlanılması ilə bağlı tərəflərin suallarını cavablandırıb.

Müdafiə tərəfi ifadənin yerində yoxlanılmasına aparılan zaman onun təzyiqlərə məruz qalıb-qalmaması ilə maraqlanıb.

İttiham olunan şəxs bu barədə danışarkən həmin vaxt Tovuz Rayon Polis Şöbəsinin rəis müavini olmuş Şahlar Cəfərovun adını çəkib. İkin Süleymanovun dediyinə görə, hadisə yerinə aparılmazdan əvvəl rəis müavini ona hədə-qorxu gəlib, işgəncə verib: "Dedi ki, lazım gəlsə, əlli nəfər əlisilahlı gətizdirərəm, oranı mühasirəyə alaram. Başıma və bədənimin başqa yerlərinə içki şüşəsiylə zərbələr vurdu. Həmin vaxt bir nəfər polis əməliyyatçısı içəri daxil olub, Baş Prokurorluqdan gələnlərin qabağında artıq-əskik danışmamağımı tapşırdı".

Daha sonra İlkin Süleymanov dövlət ittihamçısının suallarını cavablandırıb.

Prokuroru ilk olaraq İlkin Süleymanovdan hadisə yerində ifadə verərkən nəyə görə ayağında ayaqqabı deyil, çəkələk olduğunu soruşub. Təqsirləndirilən şəxs ayaqqabı geyinməməsinə səbəb kimi, işgəncə verildiyi üçün dabanlarının şişdiyini göstərib.

Prokuror isə "Görüntülərdə ağrıdığınız hiss olunmur, rahat gəzirsiniz", - deyə əlavə edib.

İlkin Süleymanov prokurorun bir neçə sualına "yadımda qalmayıb”, "bilmirəm” kimi cavablar verib. Bu zaman məhkəməyə sədrlik edən hakim Dadaş İmanov İlkin Süleymanova müraciət edərək ondan hər şeyi dəqiqliklə danışmasını istəyib: "İlkin, əmin ol ki, mən sənin barəndə ən obyektiv qərarı verəcəm. Ona görə burda hər şeyi dəqiqliyi ilə danış. İttiham sənə istintaqa verdiyin ifadə əsasında verilib, indi hər şeyi dəqiqliyi ilə danışmalısan ki, biz obyektiv qərar çıxara bilək”.

Proses noyabrın 29-u davam etdiriləcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb. İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

Dörd nəfəri maşın vurub öldürdü

Siyəzəndə yük avtomobili piyadanı vurub.

“Qafqazinfo” xəbər verir ki, Qiyasəddin Sultanov idarə etdiyi “Ford Transit” markalı yük avtomobili ilə 1966-cı il təvəllüdlü Nizami İsayevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bundan başqa, Abşeron rayon ərazisində Cəfər Məmmədov idarə etdiyi “Sentra” markalı avtobusla 1996-cı il təvəllüdlü Seyran Qəyyumovu vurub. Piyada zərbənin nəticəsindən qarşıdan gələn Faiq Bilalovun idarə etdiyi “Opel Zafira” markalı avtomobilə dəyib. Nəticədə Seyran Qəyyumov hadisə yerində ölüb.

Hacıqabulda da avtomobil iki piyadanı vurub. Belə ki, Nurlan Səmədli idarə etdiyi “VAZ 2107" markalı avtomobillə 1980-ci il təvəllüdlü Qeyis Fərhadov və 1985-ci il təvəllüdlü Pərviz Quliyevi vurub. Nəticədə Pərviz Quliyev ölüb, Qeyis Fərhadov isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Daha bir piyada ölümü ilə nəticələnən qəza Qaradağ rayonunda baş verib. Ötən gecə saat 04 radələrində Bakı-Ələt yolunun 5-ci kilometrliyində 1987-ci il təvəllüdlü Elvin Məmmədov idarə etdiyi “Mazda” markalı avtomobillə 1940-cı il təvəllüdlü Sakit Niyazovu vurub. Piyada hadisə yerində ölüb.

Hər 4 faktla bağlı araşdırma aparılır.

Noyabrın 23-ü saat 13:20 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması nəticəsində qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

“Yayılan məlumatı qəti surətdə təkzib edirik”, - nazirlik vurğulayıb.

Binaya daxil olanda da, çıxanda da həyəcan keçirirlər. Xırdalan şəhəri 27-ci məhəllədəki yaşayış binasında belə bir vəziyyət yaşanır. Sakinlər qorxu içindədir. Çünki, binanın girişin hissəsi hər an çökə bilər. Binada bu təhlükəni ötən il baş verən partlayış yaradıb. Nə qədər qəribə olsa da, üzərindən kifayət qədər uzun müddət keçib, amma təhlükə aradan qaldırılmayıb.

Məsələ ilə bağlı "ATV xəbər"in əməkdaşı hadisə yerində olub.

Sakinlərin sözlərinə görə, hadisə baş verəndən bir müddət sonra, binada müəyyən fəsadlar ortaya çıxmağa başladı. Təxminən bir həftə əvvəl isə çıxış hissədə acınacaqlı vəziyyət yaranıb.

2021-ci ilin yanvarın 25-də baş verən partlayışdan sonra qəzalı vəziyyətə düşən binada yaranan təhlükəli vəziyyətlə bağlı Abşeron Rayon İcra Hakimiyyətində də xəbərdardılar. Qrumdan bildirildi ki, problemlə bağlı müraciət məktubu FHN-ə göndəriləcək. Nazirlikdən “ATV Xəbər”ə dedilər ki,

Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi qısa müddət ərzində müvafiq tədbir görəcək.

Ağdamda 30 il əvvəl öldürülərək basdırıldığı ehtimal olunan insan sümükləri aşkarlanıb.

Noyabrın 22-də daxil olan məlumat əsasında polis, prokurorluq və təhlükəsizlik xidməti əməkdaşlarının iştirakı ilə işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində aparılan qazıntılar zamanı oradan insan sümükləri aşkar olunub.

Onların 1992-ci ildə öldürülərək basdırılması ehtimal olunur.

Sümüklərin kimə aid olmasının müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizasına təhvil verilib.

Lənkəranda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyat tədbirlərində 19 nəfər saxlanılıb

"Yol-xeber.az" xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumatlar əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində son 10 gün ərzində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 19 nəfər saxlanılıb. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış külli miqdarda narkotik maddə aşkar edilərək götürülüb.

Faktlarla bağlı Lənkəran ŞRPŞ-də zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Saxlanılan şəxslərin cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

 

 

 

 

Xəbər lenti