Cəlilabad Rayon İcra Hakimiyyətinin hazırda həbsdə olan sabiq başçısına hökm oxunub və o, 12 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə hökm Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Xatırladaq ki, prokuror Cəlilabad Rayon İcra Hakimiyyətinin hazırda həbsdə olan sabiq başçısının 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, N.Zeynalov 2020-ci ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin Cəlilabad Rayon İcra Hakimiyyətində keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 179.2.2-ci (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3-cü (külli miqdarda rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.

N.Zeynalov 5 milyon manatdan artıq vəsaiti mənimsəmədə və rüşvət alma yolu ilə ələ keçirməkdə ittiham olunur.

İyulun 8-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 31-36° isti olacaq. Bakıda gecə 22-24° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 33-38° isti, dağlarda gecə 8-13° isti, gündüz 18-23° isti olacaq.

Bakıda daha bir avtobus qəzası

Bakıda marşrut avtobusunun iştirakı ilə daha bir ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, səhər saatlarında Mehdiabad qəsəbəsində “Çinar Trans” MMC-nin istismarında olan 81 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən, 99 JZ 281 nömrə nişanlı avtobus minik avtomobili ilə toqquşub. Belə ki, qəza avtobus dönmə əməliyyatını yerinə yetirərkən baş verib.

Hadisə avtobus depodan reysə çıxmaq üçün Qaraçuxur qəsəbəsinə gedən zaman baş verdiyindən nəqliyyat vasitəsi boş olub. Minik avtomobilində olan iki nəfər xəsarət alıb.

Hadisə ilə əlaqədar müvafiq araşdırma aparılır.

Qeyd edək ki, dünən də paytaxtın Nizami rayonunda “Çinar Trans” MMC-yə məxsus marşrut avtobusu ağır qəzaya düşüb və 5 nəfər xəsarət alıb.

Şahidlər döyüldüyünü, polis isə yıxılıb xəsarət aldığını deyir

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Ağsuda şəhid qardaşının polis şöbəsində döyülməsi ilə bağlı yayılan iddialarla bağlı daha bir açıqlama yayıb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan "Qafqazinfo"ya bildirilib ki, Ağsu şəhər sakini Gülxan Quliyevin guya polis zorakılığına məruz qalması barədə sosial şəbəkələrdə yayılan məlumat həqiqəti əks etdirmir:

"İyulun 4-də Ağsu rayonunun Qaraqaşlı kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar hadisə yerinə gələn polis əməkdaşları xidməti vəzifələrini icra edərkən həmin vaxt orada olan 25 yaşlı Gülxan Quliyev sərxoş vəziyyətdə, məsələnin ona aidiyyəti olmadığı halda ucadan nalayiq ifadələr işlədib ki, bu da ətrafdakıların haqlı narazılığına səbəb olub. O, nizam-intizama dəvət edilsə də, buna məhəl qoymayıb və xırda xuliqanlıq hərəkətlərini davam etdirərək polis əməkdaşına məxsus avtomobilə zərər yetirib.

Gülxan Quliyev şöbəyə dəvət edilib və barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin də qərarı ilə o, 200 manat cərimə edilib. 

Buna baxmayaraq, spirtli içki alüdəçisi olan G.Quliyev öz qanunsuz əməllərini davam etdirib. Belə ki, 2021-ci ildə sərtləşdirilmiş karantin rejimi dövründə, şəhər ərazisindəki kafelərin birində gecə saat 03 radələrinə təşkil etdiyi əyləncə məclisində bir qadını təhqir etdiyinə görə saxlanılaraq barəsində protokol tərtib edilmişdir.

Cari ilin aprel ayında G.Quliyev atasına məxsus xırdabuynuzlu heyvanları ondan xəbərsiz sataraq pulunu mənimsəyib və bundan sonra ata-oğul arasında mübahisə yaranıb. Mübahisə zəminində G.Quliyev atasına xəsarət yetirməyə cəhd edib, onun avtomobilinə zərər vurub və atasının şikayəti əsasında barəsində inzibati qaydada tədbir görülüb. 

G.Quliyevin belə qanunazidd hərəkətlərini sadalamaqla bitən deyil. O, hər dəfə profilaktik söhbətlər aparılmasına və yaxud qanunun tələbləri izah olunmasına baxmayaraq, bundan nəticə çıxarmayıb. 

G.Quliyevə polis əməkdaşları tərəfindən fiziki güc tətbiq edilməsi ilə bağlı səsləndirilən iddialar isə tamamilə əsassızdır. Sifətindəki xəsarətlərə gəlincə isə deyə bilərəm ki, daim sərxoş vəziyyətdə olan G.Quliyev o xəsarətləri yıxılması və ya digər şəxslə dava etməsi nəticəsində də ala bilər".

Sosial şəbəkələrdə isə hadisə şahidlərindən biri G.Quliyevin içkili olması məlumatının yalan olduğunu bildirib. İddia edilib ki, o, yolda dayandığı yerdə polislər aşağılayıcı formada onu yanlarına çağırıb. Gülxan isə "məni bu formada çağırmayın, adım var" deyib. Polislər isə onu küçədə, daha sonra isə şöbədə döyüb. 

Xatırladaq ki, Gülxan Quliyev Vətən Müharibəsi şəhidi Vüqar Quliyevin qardaşıdır.

Bakıda Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti avtomobili qəzaya düşüb.

Hadisə Ziya Bünyadov prospektindəki tuneldə baş verib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirilib ki, qəzadan əvvəl tunelin içərisi yuyulub:

“YPX avtomobili tuneli yumaq üçün su daşıyan maşınla toqquşub. Nəticədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis serjantı Mirzəyev Niftulla İlham oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağırdır”.

Faktla bağlı araşdırma aparılır.

İyulun 6-ı saat 22 radələrində Yardımlı rayonu, Ostair kənd sakini 1962-ci il təvəllüdlü Gülxar Məmmədovanın yaşadığı evin həyətyanı sahəsində yerləşən ərzaq mağazasında üzərində qətl əlamətləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yardımlı Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1985-ci il təvəllüdlü Firqət Məstiyevin qeyd edilən tarixdə Gülxar Məmmədovaya məxsus ərzaq mağazasına daxil olub əlindəki balta ilə sonuncunun baş və boyun nahiyələrinə xəsarətlər yetirərək onu öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yardımlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Firqət Məstiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

Göyçay rayonunda intihar hadisəsi baş verib.

APA xəbərinə görə, rayonun Xəlitli kənd sakini, 2005-ci il təvəllüdlü Allahverdiyev Ayxan Fariz oğlu iyulun 5-də saat 23:00 radələrində yaşadığı evin həyətində özünü asıb.

Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onu xilas etmək mümkün olmayıb.

11-ci sinif şagirdi Ayxanın özünə qəsd etməsinin səbəbi məlum olub. Kənd sakinlərinin sözlərinə görə, Ayxan zəif gördüyü üçün gözlükdən istifadə edirdi. O, valideyni ilə Bakıya oftalmoloqun yanına gedib, həkim ona telefondan az istifadə etməyi tövsiyə edib.

Anası Ayxanın telefonunu əlindən alıb, onun gözlərinə ziyan olduğunu bildirib. Küsərək həyətə düşən oğlanın evin arxasında intihar etdiyi bildirilir.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Bakının Nizami rayonunun Qara Qarayev prospektində - metronun “Xalqlar dostluğu” stansiyasının qarşısında “Çinar Trans” MMC-nin istismarında olan 40 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyindən bildirilib.

99 JZ 249 DQN-lı avtobus dayanacağda olduğu zaman qanunsuz sərnişindaşıma ilə məşğul olan 99 DJ 615 DQN-lı Toyota Prius markalı minik avtomobili arxadan avtobusa dəyib.

"Daşıyıcı şirkətdən verilən məlumata əsasən qəza nəticəsində avtobusda olan sərnişinlərdən dörd nəfər və minik avtomobilinin sürücüsü xəsarət alıb", - məlumatda bildirilib.

TƏBİB-dən "Report"a verilən məlumata görə, 4 nəfərə ilkin tibbi yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıb.

Hadisə ilə bağlı müvafiq araşdırma aparılır.

 

 

 

 

İyulun 5-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya dövlət sərhədi istiqamətində qarşı tərəfin atəşə tutulması ilə bağlı Ermənistanın yaydığı məlumatlar yalandır, reallığa uyğun deyil.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Bildiririk ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb. Bu qarşı tərəfin növbəti dezinformasiyasıdır" - məlumatda qeyd edilib.

Xəbər lenti