Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti (DSX) birgə məlumat yayıb.

"Yol-xeber.az" a daxil olan birgə məlumatda deyilir:

"7 aprel tarixində saat 21:25 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Sərxanlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 3 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkəti müşahidə olunmuş, sərhəd pozucularının hərəkəti nəzarətə götürülüb.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi tam qapadılaraq sərhəd pozucularının təqibinə başlanılmışdır. Sərhəd naryadının “Dayan” əmrinə və havaya xəbərdarlıq atəşinə məhəl qoymayan sərhəd pozucuları sərhəd naryadına qarşı odlu silahdan atəş açaraq sərhədçilərin qəsdən öldürülməsinə cəhd etmiş

Sərhəd naryadı tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq silah tətbiq edilmiş, sərhəd pozucularından biri zərərsizləşdirilmiş, digəri saxlanılmış, 1 nəfər isə havanın qaranlıq şəraitindən istifadə edib sərhəd naryadına qarşı silahlı müqavimət göstərməklə gizlənmişdir. Hal-hazırda onun saxlanılması istiqamətində axtarış qrupları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Zərərsizləşdirilmiş sərhəd pozucusunun yanında AKM tipli Kalaşnikov avtomatı, 2 ədəd bağlamadan 24 kiloqram 730 qram narkotik vasitə (9915 qram “marixuana”, 10650 qram “heroin”, 85 qram “tiryək”, 4080 qram “metamfetamin”) və 300 ədəd “metadon 40” psixotrop tərkibli həblər aşkar olunaraq götürülmüşdür. Saxlanılmış sərhəd pozucusu özünü İran vətəndaşı Piran Behzat Məhəmməd olaraq təqdim edib

Baş vermiş hadisə barədə sərhəd nümayəndəliyi xətti ilə İran tərəfi məlumatlandırılmışdır.

Sərhədçilərin qəsdən öldürülməsinə cəhd edilməsi faktı ilə bağlı Baş Prokurorluq birgə istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirir".

Martın 27-də Ukraynanın paytaxtı Kiyevin müdafiəsi zamanı azərbaycanlı Elnur Həsənov (“Alik”) həlak olub.

Bu barədə “Karpat Seçi” könüllü dəstəsinin feysbuk səhifəsində məlumat yayılıb.

1993-cü il təvəllüdlü E.Həsənov snayper qrupunun komandiri olub, həmçinin İkinci Qarabağ müharibəsində də iştirak edib.

Həmyerlimiz Rusiyanın Ukraynaya hücumunun ilk günlərindən döyüşlərə qatılıb. Dəstənin rəsmi səhifəsində onun sözləri də qeyd olunub: “Qadınların, uşaqların, qocaların necə öldüyünü görəndə mən onları qorumalıyam. Şər hansı ölkədədirsə, hər bir insan özünü o pislikdən qorumalıdır”.

E.Həsənov İrpendə Rusiya qüvvələrinin mövqelərinin kəşfiyyatı zamanı “Karpaet Seçi”nin könüllüsü David Qoberqişvili ilə birlikdə öldürülüb. Onlar minaatan mərmisinin qəlpəsindən aldıqları yara nəticəsində həlak olublar.

“Eşq olsun Elnur Həsənova! Yaşasın Azərbaycan! Yaşasın Ukrayna!”, - səhifə əlavə edib.

Qeyd edək ki, E.Həsənov ailəli və iki uşaq atasıdır. Onun həyat yoldaşı hamilədir.

Bu gün Ağdaban soyqırımının ildönümüdür.

Soyqırımın baş verməsindən 30 il ötür.

1992-ci il aprelin 7-dən 8-nə keçən gecə ermənilər tərəfindən Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb və yer üzündən silinib. Kəndin 779 nəfər dinc sakininə işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb.

Ermənilərin Azərbaycanın mədəni irsinə qarşı törətdikləri vandalizm siyasətinin davamının daha bir təzahürü kimi şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları məhv edilib.

Bu faciəyə ilk hüquqi-siyasi qiymət verən Ulu öndər Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib.

Nəsimi rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo” məlumatına görə, yol-nəqliyyat hadisəsi Asif Məhərrəmov küçəsində qeydə alınıb. Sürücü Nəbi İsayevin idarə etdiyi “Mercedes-Benz” markalı minik avtomobili digər nəqliyyat vasitəsinə çırpılıb.

Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan N.İsayev vəfat edib.

Qeyd edək ki, vəfat edən şəxs Birinci Qarabağ müharibəsi qazisi olub. O, müharibədə bir ayağını itirmişdi.

Faktla bağlı araşdırma aparılır.

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 6-sı axşam saatlarında dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

“Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsində bir hərbi qulluqçunun digərinə zor tətbiq etməsini əks etdirən videogörüntülərlə bağlı Bakı Hərbi Prokurorluğunda araşdırma aparılır”.

Bunu Ölkə.az-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri, Baş ədliyyə müşaviri Firad Əliyev bildirib.

O qeyd edib ki, qanunvericiliyin tələblərinə müvafiq bütün zəruri tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin ediləcəkdir.

Qeyd edək ki, Daxili Qoşunların hərbi hissələrindən birində əsgərin döyülməsi ilə bağlı ötən gün videogörüntülər yayılıb. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov görüntülərin ötən il qeydə alındığını bildirib.

Ötən gün Səbail rayonu ərazisində restoranda liftin qırılması nəticəsində 2 nəfərin ağır xəsarət alması barədə xəbər vermişdik.

“Qafqazinfo” məlumatına görə, hadisə Bayıl qəsəbəsi Aydın Nəsirov küçəsində yerləşən “Mangal Steak House” restoranında baş verib.

Nəticədə liftin təmiri ilə məşğul olan 1988-ci il təvəllüdlü Məmməd Abdulsalamov və 1978-ci il təvəllüdlü Nadir Qəhrəmanov ağır xəsarətlər alıblar.

Qeyd edək ki, hər iki şəxs təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə aparılıb. Onların fəqərə, çanaq, baldır, bazu sümüklərində sınıq və çıxıqlar müəyyən edilib və ikisi də reanimasiyaya yerləşdirilib.

İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxslər sərhədçilərə atəş açıb.

"Yol-xeber.az" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) və Baş Prokurorluq birgə məlumat yayıb.

Bildirilib ki, aprelin 4-ü saat 20:45 radələrində DSX-nin Sərhəd Qo­şunlarının “Horadiz” sərhəd dəstə­si­nin Cəbrayıl rayonunun Şıxalıağalı kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadının başçısı əsgər Həsənzadə Fərid Rəhman oğlu və naryadın üzvü əsgər Məhərrəmov Qabil Elgün oğlu tərəfindən 6 nəfər silahlı naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan istiqa­mətində döv­lət sərhədini pozmaları müşahidə olunmuş­dur.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xid­məti əra­zi tam qapadıl­mış­dır. Sərhəd naryadı tərəfindən “Dayan” əmri ve­rilərək sər­həd pozu­cuları təqib edilmiş və havaya xəbərdarlıq atəşi açıl­mış­dır. La­kin sərhəd pozu­cu­ları əmrə tabe olmamış, sərhəd naryadına qarşı od­lu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsdə cəhd etmişlər.

Sərhəd naryadı yaranmış vəziyyətdə yüksək sayıqlıq və şücaət nümayiş etdirmiş, “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq edərək sərhəd pozucularından birini zərərsiz­ləşdirmişdir. Digər 5 nəfər ərazinin sıx qamışlıq, havanın qaranlıq olmasından istifadə edərək ərazidən uzaqlaşmağa müvəffəq olmuşlar.

Zərərsizləşdirilmiş sərhəd pozucusunun İran İslam Respublikasının vətəndaşı 1996-cı il təvəllüdlü Behnam Balai olması müəyyənləşdirilmiş, onun yanında AKM tipli Kalaşnikov avtomatı, 3 ədəd bağlamada çəkisi 32 kiloqram 270 qram külli miqdarda narkotik vasitə aşkar olunmuş­dur.

Hadisə yerindən uzaqlaşmış digər sərhəd pozucularının saxlanılması məqsədilə pilotsuz uçuş aparatlarının tətbiqi ilə xüsusi axtarış qruplarının həyata keçirdiyi intensiv tədbirlər nəticəsində sərhəd pozucularından biri - İİR vətəndaşı Məhəmməd Zarehi Tağı sərhəd­boyu zolaqda qamışlıq sahədə gizləndiyi yerdə aşkarlanaraq saxlanılmış, digər sərhəd pozucularının yerlərinin müəyyən olunması istiqamətində qoşun və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Baş vermiş hadisə barədə sərhəd nümayəndəliyi xətti ilə İran tərəfi məlumatlandırılmışdır.

Fakt üzrə cinayət işi başlanılmış, hazırda DSX və Baş Prokurorluq tərəfindən birgə əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

 

 

 

 

Ötən həftənin şənbə günü Gədəbəy rayonunun Çanaqçı kəndində Vətən müharibəsi iştirakçısı, 22 yaşlı İsmət Babakişiyev intihar edib.

Sözügedən kəndin icra nümayəndəsi Şahlar Məmmədov "Unikal"a hadisənin təfərrüatlarını açıqlayıb:
"İsmət Babakişiyev özünü asmazdan öncə telefonunda yaxınları üçün məktub yazıb. O, həmin qeyddə intihar etməsində heç kimin təqsirkar olmadığını bildirib. Heç bir xəstəliyi də yox idi. Sadəcə olaraq, İ.Babakişiyev Vətən müharibəsində iştirak edərkən Şuşanın yaxınlığında 24 gün mühasirədə olmuşdu. Evinə geri döndükdən sonra isə müharibənin təsirində qalmışdı, travmalı idi. 
Onu da diqqətinizə çatdırım ki, İsmət Babakişiyev intihar etməzdən 1 gün öncə 2 danasını satıb. Ertəsi gün həmin pulla qoyun almağa gedəcəkmiş. İsmətin ciddi maddi problemi də yox idi", - deyə o, bildirib.
Qeyd edək ki, İsmət Babakişiyev Şuşanın, Füzulinin, Xocavəndin, Cəbrayılın azad olunmasına görə və "Şücaətə görə" medalları ilə təltif olunub. 

“Location” gecə klubunda baş vermiş partlayışda ağır xəsarət alanlardan biri də 2018-ci ildə Mens fizik üzrə Azərbaycan Kubokunun qalibi Arslan Quliyevdir.

 “Qafqazinfo” 30 yaşlı idmançının yerləşdirildiyi xəstəxanadan fotosunu əldə edib.

Onun komadan yeni ayıldığı bildirilir. Məlumata görə, A.Quliyev sözügedən gecə klubunda mühafizəçi işləyib.

 

 

 

 

Xəbər lenti