|
Azərbaycan Respublikasının milli təhlükəsizlik maraqlarına yönələn təhdidlərin, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkar edilməsi və qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əks-kəşfiyyat tədbirləri davam etdirilir.
"Yol-xeber.az" xəbər verir ki, bu barədə DTX-nin saytı məlumat yayıb.
Başlanılmış cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı, 1981-ci il təvəllüdlü Məmmədov Emil Ramiz oğlu dövlətə xəyanət etməkdə şübhəli bilinmişdir.
Aparılmış araşdırmalarla Emil Məmmədovun Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə düşmən tərəfinə keçməklə xarici xüsusi xidmət orqanının nümayəndələrinin tapşırıqlarını yerinə yetirərək onlara kömək etmək məqsədilə maddi maraq müqabilində üçüncü ölkə ərazisində Ermənistan xüsusi xidmət orqanının əməkdaşları ilə görüşüb məxfi əməkdaşlığa cəlb edilməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə oluna biləcək məlumatların toplanması barədə tapşırıqlar alması, verilmiş tapşırıqların icrası istiqamətində fəaliyyət göstərməsi, Ermənistan xüsusi xidmət orqanının nümayəndələri ilə əlaqələrinin gizliliyinə və konspirasiya tələblərinə dair təlimatlandırıldığı qaydalara riayət etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Emil Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb olunaraq məhkəmənin qərarına əsasən həbs edilmişdir.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bakıda dünya çempionu Zaur Yusifovu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə "Unikal"a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib.
Onun sözlərinə görə, hadisədən dərhal sonra polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Samir Şirəliyev saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, S.Şirəliyev kriminal aləmdə “Emin 444” kimi tanınan Emin Səfərovun xalası oğludur.
Xatırladaq ki, Z.Yusifov ötən gecə Binəqədi rayonu ərazisində qətlə yetirilib.
Xəbər verdiyimiz kimi, Bakıda kriminal avtoritet “Emin 444” ləqəbli Emin Səfərovun qətlində ittiham olunan, amma məhkəmədə bəraət alaraq azadlığa çıxan Zaur Yusifov ötən gün axşam saatlarında öldürülüb.
“Qafqazinfo” qətlin baş verdiyi yerdən fotolar əldə edib.
Məlum olub ki, Zaur Yusifov 6-cı mikrorayon ərazisində yerləşən marketlərin birində güllələnib. Kikboks üzrə dünya çempionu naməlum şəxs və ya şəxslər tərəfindən “Vinçester” markalı silahla güllələnərək qətlə yetirilib.
“Gəncə şəhəri, Kəpəz rayon sakini, xüsusi qayğıya ehtiyacı olan, yetkinlik yaşına çatmayan qızın 62 yaşlı qonşusu tərəfindən zorakılığa məruz qalması və hal-hazırda hamiləliyin 7-ci ayında olması ilə bağlı fakt Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən araşdırılıb”.
Yol-xeber.az xəbər verir ki, bu barədə qurumdan oxu.az-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, Gəncə Şəhər İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya və Daxili İşlər Nazirliyi ilə dərhal əlaqə saxlanılıb:
“Məsələ ilə bağlı, Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb. Bu gün azyaşlının psixoloji vəziyyətinin qiymətləndirilməsi və ona psixoloji dəstək göstərilməsi məqsədi ilə Komitənin nəzdində fəaliyyət göstərən Goranboy Uşaq və Ailələrlə Dəstək Mərkəzinin əməkdaşları ailəyə səfər edəcəklər”.
***
Gəncə şəhərində zorlanaraq hamilə qalan sağlamlıq imkanları məhdud qız övladının dünyaya gəlməsini istəmir.
Yol-xeber.az xəbər verir ki, bu barədə oxu.az-a zərərçəkmiş 17 yaşlı R.A. (red-ad şərtidir) bildirib.
Onun sözlərinə görə, ötən il avqustun əvvəlində anası bacısını göz həkiminə aparıb:
“Mən də evdə tək idim. Küçəyə su almağa çıxmışdım. Qayıdanda qonşu, 62 yaşlı Rəşidin məni izlədiyini hiss etdim. Evə çatanda o, arxamca girdi, qolumdan tutub, döydü və zorladı”.
Qız deyir ki, o, hamilə olduğunu aylar sonra bilib:
“Həkim mənə və anama öd kisəmdə problem olduğunu dedi. Yanvar ayında hamilə olduğumu bildik və polisə məlumat verdik. Gəncədəki ekspertizadan sonra yeni rəyin alınması üçün Bakıdakı həkimlərə müraciət olundu. Amma ekspertizanın rəyi hələ də, gəlməyib. Artıq yeddi aylıq hamiləyəm və uşağı istəmirəm. Hamiləliyin sonlandırılması üçün həkimlərə verəcək pulumuz yoxdur”.
Qeyd edək ki, ailə acınacaqlı vəziyyətdə yaşamasını əks etdirən görüntüləri də təqdim edib.
Martın 10-u saat 19:45-dən martın 11-i saat 08:35-dək Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən fasilələrlə atəşə məruz qalıb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Ordumuzun Füzuli, Xocavənd, Ağdam və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən müxtəlif çaplı atıcı silahlardan istifadə edilməklə atəşə tutulub.
Bundan başqa, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd, Aşağı Şorca, Əzizli yaşayış məntəqələrində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə, Barmaqbinə və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini də atəşə tutub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur.
Hazırda bu istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
Həyat yoldaşını və uşaqlarını öldürərək intihar etdi
"Yol-xeber.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında Beylikdüzü Məhəlləsindəki bir ərazidə baş verib. İşə gəlməyən Bülent Aktaş iş yoldaşları narahat olaraq evinə zəng ediblər. Telefona cavab verməyəndən sonra polisə məlumat veriblər.
Mənzilə gedən polis əməkdaşları 4 nəfərin cansız bədəni ilə qarşılaşıblar.
İddialara görə Bülənt Aktaş həyat yoldaşı Kader Aktaşı, azyaşlı uşaqları 7 yaşlı Mehmet Əli və 2 yaşlı Ömər Asili tapança ilə atəş açaraq öldürdükdən sonra həmin silahla özünü də vuraraq intihar edib.
Dəhşətli hadisənin səbəbləri araşdırılır.
Martın 8-i günorta saatlarından başlayaraq martın 9-u səhər saatlarınadək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri ordumuzun Xocalı və Goranboy rayonlarında yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Təxribatların qarşısını almaq məqsədilə bu istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Hazırda qeyd olunan istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
Bildiririk ki, Azərbaycan Ordusu heç bir halda mülki infrastrukturu hədəfə almır, yalnız qanunsuz erməni silahlı dəstələrinin mövqelərinə dəqiq zərbələr endirir.
Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində itkin düşmüş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlunun axtarışı davam edir.
"Report xəbər verir ki, hərbi qulluqçularımızın tapılması məqsədilə yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq axtarış tədbirləri aparılır.
Qeyd edək ki, Müdafiə Nazirliyinin martın 5-də yaydığı məlumata əsasən, Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən digərinə hərəkət edən Azərbaycan Ordusunun əsgərləri – F.Məmmədovla F.Abdullayev hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azıblar.
Daxili İşlər Nazirliyi (DİN) Bakıda qadının ərini bıçaqlaması ilə bağlı məlumat yayıb.
DİN-dən daxil olan məlumatda deyilir:
"Vətəndaş H.Nadirov DİN-in 102 xidməti zəng mərkəzinə müraciət edərək həyat yoldaşı J.Nadirovanın ona övladlarını göstərməməsi səbəbindən intihar edəcəyini bildirib. Daha sonra həmin şəxs polislər tərəfindən Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə dəvət edilib. Orada onunla profilaktik söhbət aparılıb. H.Nadirovun həyat yoldaşı J.Nadirova da polis şöbəsinə dəvət olunub. Onlara aralarında yaranan mübahisənin həlli üçün məhkəməyə müraciət etmələri tövsiyyə edilib. Hər iki şəxs polis şöbəsinin inzibati ərazisini tərk edəndən sonra H.Nadirov təkrar polisə müraciət edərək qadının küt alətlə onun qol nahiyyəsinə xəsarət yetirdiyi barədə şikayət edib. Hadisə şöbənin inzibati binasında və ya həyətində baş verməyib.
Daha sonra hər iki şəxs yenidən şöbəyə gətirilib onların izahatları alınıb. Hadisə ilə bağlı ekspertiza təyin edilib. Araşdırmaların yekunundan və ekspertizanın rəyindən sonra hadisəyə hüquqi qiymət veriləcək".
Xatırladaq ki, bundan öncəki məlumatlarda hadisənin polis bölməsinin həyətində baş verdiyir deyilirdi.
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Goranboy, Tərtər, Ağdam və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri sutka ərzində müxtəlif çaplı atıcı silahlardan istifadə edilməklə 23 dəfə atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bundan başqa, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur.
Hazırda bu istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.