|
Qazax rayonunda ölüm işinə görə həbs edilən polis əməkdaşı İlham Süleymanovun barəsindəki həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı verilən vəsatətə baxılıb.
Axar.az xəbər verir ki, Nəsimi rayon Məhkəməsində təqsirləndirilən şəxsin ev dustaqlığına buraxlması barədə vəkilin vəsatətinə baxılıb.
Məhkəmə vəsatəti təmin edib, İlham Süleymanov məhkəmə zalında azadlığa buraxılıb.
Lakin hökmdən narazı qalan istintaq orqanı apellyasiya protesti verib.
Bakı Apelyasiya Məhkəməsi istintaq orqanının protestini təmin edib.
Qərara görə, birinci instansiya məhkəməsinin çıxardığı qərar ləğv olunub və İlham Süleymanov yenidən həbs edilib.
Baş Prokurorluğun yaydığı məlumata əsasən, Elmir Axundovun Qazax rayon Polis şöbəsində vəfat etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
Aparılmış istintaqla Kərim Əhmədovun Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dəlalət edən ilkin sübutlar toplandığından o, təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İstintaq zamanı həmçinin rayon Polis şöbəsinin növbətçi hissəsinin məsul növbətçisi İlham Süleymanovun Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə şübhələr üçün kifayət qədər əsaslar olduğundan şübhəli şəxs qismində saxlanılıb.
Daha sonra barəsində həbs qətimkan tədbiri seçilib.
Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qüdasar kənd sakinləri Qəhrəman Həşimovun evindən 1 ədəd “TOZ-16”, qardaşı Məmmədin evindən 1 ədəd “İJ-18” və Sarvan Həşimovun evindən 1 ədəd “İJ-17” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.
Araşdırma aparılır.
Bərdə rayonunda 10 yaşlı uşağın əlində pirotexniki məhsul olan partlayıcı vasitə partlayıb.
Report-un məlumatına görə, rayon sakini, 2008-cu il təvəllüdlü Məhəmməd Süleymanov əlindəki partlayıcı paketi alışdırarkən ehtiyatsızlıqdan pirotexniki vasitə onun əlində partlayıb. Nəticədə azyaşlı uşağın üz və bədənin müxtəlif nahiyələri yanıb.
O, təcili olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Hazırda uşağın vəziyyəti kafi qiymətləndirilir.
Dünən metronun "Nizami" stansiyasında sərnişinlər arasında dava olub.
Axar.az xəbər verir ki, bu barədə Oxu.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. O, bildirib ki, hadisə dünən axşam saatlarında qeydə alınıb:
"Metronun Nizami stansiyasında bir oğlan qızı vuraraq qatardan platformaya itələyib. Hadisənin təfərrüatı barədə məlumatımız yoxdur. Hadisə zamanı polis əməkdaşları vəziyyətə müdaxilə edib. Şikayət səbəbindən hadisənin görüntüləri əsasında polis bu məsələni araşdırır. Araşdırma bitdikdən sonra yekun açıqlama veriləcək".
Ötən gün avtomobil tərəfindən vurulan süpürgəçi Muradova Almaxanım Pirağa qızı vəfat edib.
Bu barədə Axar.az-a onun yerləşdirildiyi 3 saylı Şəhər Klinik Xəstəxanasından bildirilib.
Almaxanım Muradova ötən gün xəstəxanada dünyasını dəyişib. 1965-ci il təvəllüdlü A.Muradova döş qəfəsinin küt travması və digər ağır xəsarətlərlə reanimasiyaya yerləşdirilmişdi.
Qeyd edək ki, hadisə paytaxtın Heydər Əliyev prospektində “Bağırov” körpüsünün yaxınlığında baş verib.
17:01
Hacıqabul rayonunda baş verən yol qəzasında idarə müdiri ölüb.
Report-un məlumatına görə, hadisə Hacıqabul Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında baş verib.
“Mersedes” markalı 10 ZP 030 dövlət nömrə qeydiyyatlı avtomobil əsas yola çıxan VAZ-21015 markalı 99 BC 437 dövlət nömrə qeydiyyatlı avtomobilə çırpılıb.
Nəticədə VAZ-ın sürücüsü - Hacıqabul rayon Yaşıllaşdırma idarəsinin müdiri 1980-ci il təvəllüdlü Hüseynov Amil Eyyub oğlu aldığı kəllə-beyin travmasından hadisə yerində ölüb.
Faktla bağlı Hacıqabul Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, İrandan ölkəmizə gələn İran vətəndaşı Astara gömrük postunda saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Komitədən Axar.az-a verilən məlumata görə, yoxlama zamanı onun daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından vətəndaş Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Xəstəxanada rentgenoloji müayinə zamanı onun daxili orqanı - düz bağırsağında şübhəli cizgilər müşahidə edilib. Nəticədə vətəndaşın düz bağırsağında 4 ədəd bükümdə, çəkisi 200 qram olan narkotik vasitə - heroin aşkarlanıb.
Faktla bağla araşdırma aparılır.
Salyan şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən Axar.az-a verilən məlumata görə, dekabrın 4-də saat 9 radələrində Salyan şəhərinin ərazisində Lerik rayon sakini Pərviz Quliyev idarə etdiyi “Nissan” markalı avtomobili qarşıda gedən Bakı şəhər sakini Emin Eminovun idarə etdiyi KamAZ markalı avtomobilə vurub. Nəticədə P.Quliyevin sərnişinlərindən Lerik rayon sakini Adil Diniyev hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.