Təhlükəli şəkildə yük daşıyan sürücünün şok görüntüləri - VİDEO
Bu cür avtomobillərə və sürücülərə ciddi nəzarət olmalıdır

Bakıda yükdaşıma qaydalarını pozan sürücünün görüntüsü sosial şəbəkələrdə yayılıb. Avtosfer.az xəbər verir ki, 10 CS 675 dövlət qeydiyyat nişanlı, “Qaz 2410” markalı avtomobilin sürücüsü maşının banına konstruksiyaya uyğun olmayan dəmirdən yük daşıma yeri düzəldərək tikinti şirkəti üçün uzun borular daşıyıb. 
Uzun ölçülü və ya iri qabaritli yüklərin bu tip avtomobillərlə daşınması birbaşa təhlükədir. Çünki daşınan yük avtomobilin qabaritindən kənara çox çıxdığı üçün dayanıqlığı sual altında qalır. Sərt döngələrdə həmin yüklər tez aşa və ya dağıla bilər. Bu isə həm sürücünün özü, həm də digər hərəkət iştirakçıları üçün təhlükəlidir. 
Hazırda uzun ölçülü, iri qabaritli və ağır yüklərin daşınması üçün yük daşıma şirkətlərində xüsusi avtomobillər fəaliyyət göstərir. Sifarişçilər bu cür yüklərin daşınması üçün həmin şirkətlərin avtomobillərindən və ya digər yük maşınlarından istifadə edə bilərlər. Lakin görünən mənzərədən aydın olur ki, yükü sifariş verən şəxslər onun daşınmasının ucuz başa gəlməsi üçün bu tip minik avtomobillərindən istifadə edirlər. Yaxşı olardı ki, sürücülər də daşıdığı yükün avtomobilə uyğun olmadığını gördükdə bundan imtina etsinlər. Çünki daşınan yük yola dağılarsa və ya sonu yaxşı nəticələnməyən hər hansısa bir hadisə baş verərsə burada məsuliyyət sürücünün üzərində qalacaq. 

Qanunvericilikdə qeyd olunub ki, yük qabaq və ya arxa tərəfdən nəqliyyat vasitəsinin qabaritindən — qabarit işığının xarici kənarından 1 metrdən çox və ya yan tərəfdən 0,4 metrdən çox qırağa çıxdıqda “İri qabaritli yük” tanınma nişanı ilə işarələnməlidir, sutkanın qaranlıq vaxtı və məhdud görünmə şəraitində isə, bundan başqa, qabaq tərəfdən ağ işıq fənəri və ya işıqqaytarıcı ilə arxa tərəfdən qırmızı işıq fənəri və ya işıqqaytarıcı ilə işarə olunmalıdır.

Təhlükəli şəkildə yük daşıyan və ya avtomobilinin  konstruksiyasına dəmir parçalarından ibarət yük yeri düzəldən sürücülərə yol polisləri ciddi nəzarət etməlidir. Texniki baxış zamanı bu cür avtomobillər ciddi yoxlanılmalı və yolda istismar zamanı hər hansısa bir nöqsan aşkar olunduqda isə dərhal sürücü barədə ciddi tədbir görülməlidir.

 

Son illərdə Naftalandakı sanatoriyalarda dincəlmək, Naftalan neftinin möcüzəvi şəfaverici xüsusiyyəti sayəsində sağlamlıqlarını bərpa etmək istəyən xarici turistlərin həm sayı artır, həm də coğrafiyası genişlənir. Keçən il Naftalan rekord həddə – 61 ölkədən 40 min turist qəbul edib.

AZƏRTAC xəbər verir ki, şəhərdəki istirahət-sağlamlıq mərkəzlərini seçən turistlərin rahat gəliş-gedişini təmin etmək və məmnunluğunu daha da artırmaq məqsədilə Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Naftalan Müalicə və Sağlamlıq Mərkəzinin dəstəyi ilə yeni xidmət fəaliyyətə başlayıb.

Belə ki, Naftalan-Goran dəmiryolu stansiyası-Naftalan istiqamətində müasir tələblərə cavab verən “Toyota” markalı sərnişin avtobusu istifadəyə verilib.

Turistlərin bu istiqamətdə mikroavtobuslarla daşınması “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarının hərəkət cədvəlinə, sürət qatarının Goran stansiyasına çatma vaxtına uyğun olaraq, həftənin hər günü və ödənişsiz qaydada həyata keçiriləcək.

Gələcəkdə bu xidmətdən istifadəyə tələbat artarsa, həmin marşrut xətti üzrə nəqliyyat vasitələrinin sayı da artırılacaq.

Bu marşrutun açılmasının əsas səbələrindən biri də Bakı-Gəncə-Bakı yeni sürətli sərnişin qatarının istifadəyə verilməsi və bu qatardan istifadə edərək Naftalana gələn yerli və xarici turistlərin sayında artımın müşahidə olunmasıdır.

Yeni xidmətdən məmnunluqlarını ifadə edən rusiyalı turistlər öz fikirlərini AZƏRTAC-la bölüşüblər.

Kazandan gələn turist Milyoşa Mulyikova: Üç ildir ki, Naftalanda istirahət edirəm. Ötən illərdə bu şəhərdən xoş xatirələrlə qayıtmışam. Xoş niyyətli insanlar bu il bizim işimizi daha da asanlaşdırıblar. Naftalandan dəmir yolu vağzalınadək ödənişsiz nəqliyyatın istifadəyə verilməsi sevindirici haldır. Bu cür təşəbbüslər biz turistləri məmnun edir. Ona görə də təşəkkürümü bildirirəm.

Novorossiysk sakini Oleq Snesırıv: Naftalana müalicə məqsədilə gəlmişəm. Əvvəlcə Bakıya, oradan isə qatarla Gorana və daha sonra bu şəhərə gəldim. Qatarlarınız müasirdi, xidmətin səviyyəsi də yüksəkdi. İndi də ödənişsiz yeni marşrut xəttindən istifadə edirik. Çox sevindim. Həm yeni avtobusda, həm də yeni qatarlarda yüksək səviyyəli şərait var. Qonaqpərvər şəhər, gülərüz insanlar, dadlı və ləziz mətbəx, effektiv müalicə, bir sözlə, əsl istirahət. Hamını bu şəhərə istirahətə dəvət edirəm.

Digər turist, Novosibirskdən olan Aleksandr Kruqlikov: Hər il bu şəhərə istirahətə gəlirəm. Bununla 6-cı dəfədir ki, Naftalanda neft vannası qəbul edirəm. Xatırlayıram ki, əvvəlki illərdə bura gələrkən vağzalda nəqliyyat tapmaqda müəyyən çətinlik çəkirdik. İndi isə yeni xidmət fəaliyyətə başlayır. Bu xidmət bütün turistləri sevindirir.

 

 

 
 
 
Avtovağzalda “LIBRAFF”ın oxu məntəqələri yaradıldı
Kitab oxumaqdan yorulmayaq və hər zaman da kitab oxuyanın yanında olaq

“Libraff” Mağazalar Şəbəkəsi, Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Bakı Beynəlxalq Avtovağzal Kompleksinin birgə təşkilatçılığı ilə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin iki gözləmə zalında kitabxana tipli məntəqələr yaradılıb. Bu məntəqələrin ərsəyə gətirilməsində məqsəd insanların kitaba, mütaliəyə olan marağını artırmaq, bu istiqamətdə təşviqat və təbliğatı gücləndirmək, həmçinin sərnişinlərin öz nəqliyyat vasitələrini gözləyərkən vaxtlarını səmərəli keçirmələrini təşkil etməkdir. Bu məntəqələrdə latın və kiril qrafikası əsasında Azərbaycan və dünya ədəbiyyatından olan müxtəlif məzmunlu kitablar toplanılıb.Hər yaşda olan sənişinlər sırf onları maraqlandıran məzmunlarda əsərləri rahatlıqla oxumaq imkanı qazanacaqlar. Oxu zallarında balacalar üçün də səmərəli şərait yaradılıb və rəflərdə onların yaş həddinə uyğun kitablar yer alıb.

 

Olduqca mühüm və maraqlı sosial layihənin açılışı yanvarın 23-də saat 12:00-da Bakı Beynəlxalq Avtovaqzal Kompleksində baş tutub. Layihənin əsas təşkilatçılarından olan “LİBRAFF” Mağazalar Şəbəkəsinin rəhbəri Cəlalə Nəzəroğlu jurnalistlərə verdiyi açıqlamada il ərzində bu tipli sosial layihələrin davamlı xarakter alacağını bildirdi:

 

- İlk növbədə belə bir layihənin reallaşmasına öz dəstəklərini nümayiş etdirdikləri üçün Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Bakı Beynəlxalq Avtovağzal Kompleksinin rəhbərliyinə minnətdarlığımı bildirirəm. İnanırıq ki, bu layihə tez bir zamanda özünü doğruldacaq, insanlarımız belə bir ideya ilə çıxış etdiyimiz üçün razılıq edəcəklər. Cəmiyyətimizdə kitaba getdikcə artan maraq artan marağı nəzərə alaraq, biz də bu sosial layihə ilə hər bir insanın fərdi inkişafının, dünyagörüşünün, mütaliəyə olan həvəsininin daha da yüksəlməsində ikiqat yardımçı olacağıq. Bu, 2020-ci il üçün bu məzmunda olan ilk tədbirimizdir. İl ərzində bu istiqamətdə olan layihələr davamlı şəkildə təşkil olunacaq. Bu yolda hər zaman şüarımız budur: “Kitab oxumaqdan yorulmayaq və hər zaman da kitab oxuyanın yanında olaq”.

 

Bakı Beynəlxalq Avtovağzal Kompleksinnin Mətbuat Xidmətinin rəhbəri Pərvin Məmmədova bu layihəyə münasibətini bildirərək, qeyd etdi ki, belə bir təşəbbüs vətəndaşlarımızın gözləmə zallarında vaxtlarını səmərəli keçirmələri üçün olduqca önəmlidir.

Prezident maşını yolda saxlayıb məktəbli ilə söhbətləşdi - VİDEO
İlham Əliyev maşını saxlayaraq məktəbli ilə söhbət edib

Prezident İlham Əliyev bir müddət əvvəl bölgələrə səfərlərin birində özü sükan arxasına keçərək avtomobil idarə edib. Avtosfer.az xəbər verir ki, dövlət başçısı maşını yolda saxlayaraq məktəbli uşaqla görüşüb və onunla söhbət edib.
Həmin görüntüləri təqdim edirik:

 

 
Avtobuslar niyə çirklidir? – ARAŞDIRMA
İctimai nəqliyyat daha təmiz saxlanmalıdır

Vətəndaşlar avtobusların çirkli olmasından tez-tez şikayət edir. İstər köhnə, istərsə də yeni avtobusların natəmiz olması insanların narazılığına səbəb olur. Avtobusların salonlarında təmizliyə riayət edilmir. Halbuki, onlar hər gün marşrutlara buraxılmazdan əvvəl salonları təmizlənməli, lazım gəldikdə yuyulmalıdır.

Sərnişinlər də ictimai nəqliyyatda müşahidə olunan vəziyyəti görüb sanki şəraitə uyğun hərəkət edirlər. Avtobusun salonlarının təmiz olmaması sərnişini də bir çox hallarda içərini zibilləməyə təhrik edir.

Qanunvericilik nə deyir?

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti «Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları»nın təsdiq edilməsi haqqında 141 №-li qərarında qeyd edilir ki, daşıyıcı şirkət avtobusların təmiz saxlanmasına cavbdehdir. Eyni zamanda sərnişinlərə avtobusu zibilləmək qadağandır. Bununla bağlı bütün detallar ən incəliyinə qədər Qərarda öz əksini tapır.

Daşıyıcı şirkətlər sərnişin avtonəqliyyat vasitəsini vaxtlı-vaxtında tələb edilən texniki və sanitar tələblərinə uyğun vəziyyətdə təqdim etmək, istifadəsində olan avtonəqliyyat vasitələrinin ekoloji və sanitariya-gigiyena normalarına riayət etmək kimi məsuliyyətlər daşıyır.

Eyni zamanda sərnişin də avtonəqliyyat vasitəsinin salonunu zibilləyə, avtonəqliyyat vasitəsinin salonunda siqaret çəkmək, digər sərnişinlərin geyimlərini və ya sərnişin avtomobil nəqliyyatı vasitəsinin salonunu çirkləndirə bilən paltarda olmaq və ya çirkli əl yükünü apara bilməz. Bu qaydaların tələblərinin pozulmasına, görə də sərnişinlər məsuliyyət daşıyır.

İctimai nəqliyyat daha təmiz saxlanmalıdır - Ekspert

Ekspert Elməddin Muradlı Nəqliyyat.az-a bildirib ki,  bildirib ki, avtobus ictimai nəqliyyat növü olduğu üçün burda xidmətlər standartlara uyğun göstərilməlidir. “Avtobusların həm daxili, həm də xarici görünüşü təmiz saxlanmalı, gigiyenik qaydalara uyğun olmalıdır. Yağışlı hava olanda bunu başa düşmək olar. Amma son dayanacağa çatdıqda avbosunun şüşələri, nömrə nişanını təmizləmək və yenidən xəttə çıxmaq daha məqsədəuyğundur.”

Ekspert bildirib ki, bəzi avtobuslar qaraja getmədiyi üçün küçələrdə saxlanılır və səhər də elə çirkli vəziyyətdə əhaliyə xidmət göstərməyə başlayırlar. “Buna ciddi nəzarət olmalıdır. İctimai nəqliyyat daha təmiz saxlanmalıdır. Çünki bu müxtəlif xəstəliklərin yayılmasına səbəb ola bilər.”

Ümumiyyətlə avtobusun çirkli olması sərnişin üçün diskomfortdur. Çirkli avtobus olmamalıdır. Buna riayət etməyənlər üçün İnzibati Xətalar Məcəlləsində konkret məsuliyyət nəzərdə tutulub. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 217-ci maddəsində göstərilir ki, nəqliyyatda sanitariya normalarına və qaydalarının gigiyena normativlərinin pozulması maddəsi ictimai nəqliyyata aiddir. Bu qaydanı pozan şəxslər 70 manatdan 100 manatadək cərimələnir.

Amma unutmayaq ki, bir avtobusdan gün ərzində yüzlərlə sərnişin istifadə edir. Avtobusların təmizliyi həm də gün ərzində ondan istifadə edənlərin təmizliyə riayət etmələrindən də asılıdır.

 

Dünyanın qeyri-adi nəqliyyat vasitələri - FOTO
Öz qeyri-adiliyi ilə seçilirlər

Adət etdiyimiz avtobus və digər minik avtomobililləri ilə bizləri heyrətləndirmək bir o qədər də asan deyil. Dünyada elə nəqliyyat vasitələri var ki, onlar haqqında heç eşitməmisiniz. Yol-xeber.az "salamnews"a istinadən həmin nəqliyyat vasitələrini təqdim edir.

1) Bambuk dəmir yolu (Kamboca) - Bambukdan hazırlanmış elektrik mühərrikli drezina saatda 40 kilometr sürətlə hərəkət edə bilir. Bu, ən səmərəli nəqliyyat vasitələrindən biridir.

 

2) Velotaksi (Vyetnam) - Üçtəkərli velotaksi Vyetnamın paytaxtı Hanoyda ən sürətli və məşhur nəqliyyat növlərindən biridir. Bu nəqliyyat vasitəsindən həm yerli əhali, həm də turistlər istifadə edir.

3) Avtobus-amfibiya və ya "Amfibus" (Niderland)- Bu universial nəqliyyat vasitəsi həm quruda, həm də suda hərəkət edir.Avtobus-amfibiyaya təxminən 50 nəfər yerləşir."Amfibus"lar Rotterdam turistləri arasında məşhurdur.

4) DUKW (Böyük Britaniya)- Avtobus-amfibiyanın sərnişinləri Londonun gözəlliyindən həm quruda, həm də Temza çayında həzz ala bilərlər. 

5) Maqnit yastığı üzərində qatar və ya "Maglev" (Çin)- Şanxay sakinlərinin lazım olduqları yerə saatda 431 kilometr sürətlə çata bildikləri bu nəqliyyat növü mərkəzi Pudin rayonu ilə "Pudin" beynəlxalq hava limanı arasında hərəkət edir. 

6) Valparaisoda taxta lift (Çili) - Liftlər ötən əsrin əvvəlində tikilib. Onlar insanların yüksək təpələrdə yerləşən rayonlara daşınmağına xidmət edib. Hazırda bu liftlərdən turistik məqsədlə istifadə olunur. 

7) Qamış qayıqlar (Peru)- Qamış qayıq ("barco de totora") Peruda yetişən və "totora" adlanan qamış növündən hazırlanır. Bu nəqliyyat vasitəsi yerli balıqçılar arasında məşhurdur. Turistlər də belə qayıqlarda səyahəti sevirlər. 

8) Seqvey (ABŞ)- Elektrik özübalanslaşan samokatlar ABŞ-da ən məşhur nəqliyyat vasitələri sırasına daxildir. Seqvey 2001-ci ildə Din Keymen tərəfindən ixtira edilib.

9) Conki (Honkonq)- Bu daxili mühərrikə malik ənənəvi Çin qayığı nəqliyyatı növüdür. Conki Honkonqda məşhur nəqliyyat vasitəsidir. 

10) Felyuqa (Misir) - Misirlilər üçün ənənəvi olan yelkənli qayıq "felucca" artıq 1000 ildir, istifadə edilir. Bu qayıqlar Misir mədəniyyətinin ayrılmaz hissəsidir.

11) "Canal Taxi" (Tayland)- Böyük və səs-küylü qayıqlar kanal şəbəkələri üzrə müxtəlif istiqamətlərdə hər gün minlərlə turist və yerli sakini daşıyır.

12) Rikşa (Yaponiya)- Ənənəvi yapon nəqliyyat vasitəsi XIX əsrdən etibarən istifadə edilir.

13) Asma dəmir yolu (Almaniya)- Bu nəqliyyat vasitəsi 1901-ci ildən Vuppertal şəhərində fəaliyyət göstərir. Qatar hər gün 13.5 kilometr məsafə qət edərək, təxminən 82 min nəfəri daşıyır. 

Güclü qar yağacaq, temperatur 4-6 dərəcə aşağı enəcəkEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Nazirlikdən "Ölkə.Az"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 23-də güclü cənub-qərb küləyi əsəcək, yanvarın 24-də güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Yanvarın 24-dən 25-i səhərədək hava şəraitinin yağıntılı olacağı gözlənilir. Arabir intensivləşəcəyi, 24-də axşam, 25-nə keçən gecə bəzi yerlərdə yağışın sulu qara keçəcəyi ehtimalı var.

Yanvarın 24-də havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək, 0-3 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında yanvarın 23-ü axşamdan 25-dək hava şəraitinin kəskin dəyişəcəyi, qeyri-sabit keçəcəyi gözlənilir. Arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.

Yanvarın 23-də güclü cənub-qərb küləyi 24-də güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Bu günün havası
Bu günə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeroloji Proqnozlar Bürosundan verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 22-də havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz 6-10, Bakıda gecə 1-3, gündüz 7-9 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 770 mm civə sütunundan 765 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-3 dərəcə şaxta  olacaq.

Yanvarın 22-də Abşeron yarımadasında mülayim gilavar küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

Azərbaycan avtomobilləşmiş ölkədirmi?
İnsanlar niyə şəxsi avtomobillərə üstünlük verir?

"Problem heç də avtomobil sayında deyil. Tıxacın səbəbi yollarda hərəkətin düzgün təşkil edilməməsi, həmçinin sürücü imtizamsızlığıdır".

Tıxaclar, parkinq problemi, yol qəzaları... Bütün bunlar elə təəsürat yaradır ki, Azərbaycanda avtomobillərin sayı çoxdur. Çünki şəhərdə maşın saxlamaq üçün axşam saatlarında demək olar ki, yer tapmaq çətinləşir. Həmçinin günün pik saatlarında əsas mərkəzi yollarda tıxaclar olur. Həqiqətən də bizdə avtomobillərin sayı çoxdurmu?

Avtosfer.az "MediaPost" -a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə ölkədə ümumilikdə 1.370.574 nəqliyyat vasitəsi var. Bunun da 1.118.480-i şəxsi minik maşınlarıdır. Ümumilikdə, ölkədə 30.704 avtobus var. Hər 100 ailəyə düşən şəxsi minik avtomobillərinin sayı isə 53-dür.

 

Yəni statistik rəqəmlər Azərbaycanın ümumiyyətlə avtomobilləşmiş ölkələr siyahısında olmadığını deyir. Amma yuxarıda sadaladığımız problemlər nədən qaynaqlanır?

Dövlət Statisistika Komitəsinin Məlumatları (2018-ci il üçün)

 Focus

Cəmi

1.370.574

minik avtomobilləri

1.170.672

şəxsi minik avtomobilləri

1.118.480

avtobuslar

30.704

yük avtomobilləri

147.343

xüsusi təyinatlı avtomobillər

11.232

digərləri

10.623

Motosikllər

3.206

Qoşqu və yarımqoşqular

15.412

Hər 1000 nəfərə avtomobillər

140

Hər 1 km şosse yollarına düşən avtomobillər

71

Hər 1000 nəfərə düşən minik avtomobilləri

119

Hər 100 ailəyə düşən şəxsi minik avtomobilləri

53

İnsanlar niyə şəxsi avtomobillərə üstünlük verir?

Avtomobil sahibi olan şəxslərin nadir hallarda ictimai nəqliyyatdan istifadə etdiyinin şahidi olmaq olar. Hətta xalq arasında “bir maşın alıb ayağımı yerdən götürəcəm” ifadəsi populyardır. İnsanlar ictimai nəqliyyatdan daha çox şəxsi avtomobillərə üstünlük verir. Avtobusların normal fəaliyyət göstərə bilməməsi, insanlarda bu nəqliyyat vasitəsi ilə bağlı illərdir formalaşan neqativ fikir, bu amilin əsas səbəbidir. Avtobusa “etibar etməyən” vətəndaşlar yerin altına axışır ki, bu da metroda sıxlığa səbəb olur. Eyni zamanda ayrılmış xətlər, tramvay, trolleybus kimi alternativ nəqliyyat vasitələrinin olmaması da insanları şəxsi avtomobil arxasınca qaçmağa vadar edir. 

Bir neçə il əvvəl Bakı-Sumqayıt qatarının alternativ nəqliyyat vasitəsi kimi açılması paytaxta gündəlik gəlib-gedən insanların işini asanlaşdırdı. Hətta tıxaclarda qalmaqdansa, avtomobildən imtina edib qatardan istifadə edənlərin sayı da artdı. 

Amma görünür ki, bu yetərli deyil. Çünki təkcə avtobus və metro ilə ictimai nəqliyyatı təşkil etmək olmur. Alternativ olmayanda yüklənmə də çoxalır ki, bu da sonda müxtəlif problemlərə gətirib çıxarır. 

Azərbaycan avtomobilləşmiş ölkədirmi?

Əsas amillər hansılardır?

Təbii ki, paytaxtda əhalinin sayının çox olması da, buna təsir edən amildir. Amma əsas səbəb deyil. 

Digər bir məsələ isə hərəkətin təşkilində olan problemlərdir. Məsələn, hər gün Bayraq Meydanı istiqamətindən “Azneft dairəsi”nə qədər böyük bir tıxac yaranır. Səbəb isə yol polisi tərəfindən avtomobillərin şəhərin mərkəzinə mərhələli şəkildə buraxılmasıdır. Təbii ki, ilk baxışdan şəhərin mərkəzində nəqliyyat yükünün azaldılması baxımından normal görünür. Amma “Azneft dairəsi”ndən Yusif Səfərov küçəsinə qədər demək olar ki, şəhərdə maşın olmur. Amma ondan sonra tıxac başlayır. Deməli, burada problem heç də avtomobil sayında deyil. Tıxacın səbəbi yollarda hərəkətin düzgün təşkil edilməməsi, həmçinin sürücü imtizamsızlığıdır. 

Bəs nə etməli?

İlk növbədə ictimai nəqliyyatın vəziyyəti normal olmalıdır. Ən azından sürücülük imtahanında hər zaman sual olaraq düşən, amma reallıqda olmayan tramvay bərpa olunmalıdır. 

İkincisi, avtobuslar barəsində insanlarda illərlə formalaşmış mənfi fikir aradan qaldırılmalıdır. Bununla yanaşı velosiped yollarının da alternativ olaraq açılması, bu nəqliyyat vasitəsinin daha çox istifadəsinə şəraitin yaradılmasıdır. 

Statistik rəqəmlərə baxdıqda ölkədə motosiklet sürənlərin sayı (3.206) da çox deyil. Lakin bu nəqliyyat vasitəsi daha əlverişlidir. Dünyanın bir çox ölkələrində motosiklet populyar minik vasitəsidir. Təbii ki, təhlükəsizlik qaydaları məsələsi ortaya çıxır. Amma bu istiqamətdə də maarifləndirmə aparılsa və insanlar motosikletə sadəcə, minik vasitəsi olaraq yanaşsa, o zaman vəziyyət dəyişəcək.

Hamı bu sürücüdən danışır - Avtobusda tapılan pul və qızılı sahibinə qaytardı - VİDEO
Həmin şəxs 49 saylı marşurut xəttini sürücüsü Sahib Quliyevdir

Avtobus sürücüsü sərnişinin içi dolu pulla unutduğu çantasını sahibinə təhvil verib. Hadisə Bakıda olub. Qadın sərnişin 49 saylı avtobusların birində içində 3 min ABŞ dolları, 1200 manat və qızıl-zinət əşyaları olan çantasını unudub. Çantanı unutduğunu hiss edən qadın dərhal avtobusun son dayanacağına gəlib, bununla bağlı xəttin kalon rəisi Nizami İbrahimova məlumat verilib. Araşdırma aparılıb və sürücü Sahib Quliyev məlumat verib ki, çanta onun idarə etdiyi avtobusda qalıb. Bundan sonra çantanın həmin qadına aid olması dəqiqləşdirilib.

 

Məsələ ilə bağlı Sabunçu rayonu 12-ci polis bölməsinə də məlumat verilib.

 

Xəbər lenti