Bakıda gülməli yol: 10 metrdən bir piyada keçidi var - VİDEO
Əvvəlki zolaqları tam silməmiş yenisini çəkiblər

Bakıda yol hərəkətinin təşkilində olan nöqsanlar sürücü və piyadalar arasında gərginlik yaradır. Avtosfer.az xəbər verir ki, paytaxtın Mir Cəlal küçəsində nizamlanmayan piyada keçidləri silinmədən onlara yaxın yerdə yenidən piyada keçidləri təşkil edilib. Sürücülər yolda hərəkət edən zaman ancaq nizamlanmayan piyada keçidləri ilə qarşılaşırlar. Piyadalar da ləğv olunmuş, lakin silinməmiş piyada zolağından keçir və nəticədə sürüclərlə piyadalar arasında çaşqınlıq yaranır.

Qeyd edək ki, həmin küçə təmir olunduqdan sonra yol diqqətlə müayinə olunmalı və daha sonra yol nişanları və nişanlanma xətləri təşkil edilməli idi. Lakin görünən mənzərə onu göstərir ki, piyada keçidlərini harada və necə gəldi təşkil ediblər və daha sonra məlum olub ki, düzgün yerdə təşkil edilməyib. Həmin piyada keçidləri tam silinmədən bir neçə metr sonra yola yeni nizamlanmayan piyada zolaqları çəkilib.

Qeyd etdiyimiz küçədən çəkilmiş videogörüntünü sizə təqdim edirik.

 

Ümid edirik ki, aidiyyəti qurumlar bu məsələyə reaksiya verib mövcud problemi aradan qaldıracaq.

 

Metropoliten yeni il bayramında sərnişinlərə sürpriz edəcək
Qatarlarda tanış səslər, saat 1-dək açıq qapılar

Ənənəsinə sadiq qalan “Bakı Metropoliteni” QSC bu il də 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə sərnişinlərini xüsusi layihələrlə təbrik edəcək.
2020-ci ilə sayılı günlər qaldığı bir vaxtda metronun stansiyalarında bayram əhval-ruhiyyəsi hiss olunur. Sərnişin axınının sıx olduğu “İçərişəhər”, “28 May”, “Elmlər Akademiyası”, “Koroğlu” və “Avtovağzal” stansiyalarının vestibüllərində bəzədilmiş şam ağacları quraşdırılıb.
***
Qurumdan Yol-xeber.az-a verilən məlumata görə yeni il rəmzləri ilə bəzədilmiş retro vaqonlardan ibarət qatar bu dəfə də sərnişinlərin görüşünə gələcək. 4 gün ərzində - dekabrın 29-dan yanvarın 1-dək “A” və “Г”, eləcə də 2009-cu ilə qədər Bakı metrosunun xətlərində sərnişin daşımış “E” tipli vaqonların qoşulduğu qatar "İçərişəhər" stansiyasının 1-ci yolunda nümayiş etdiriləcək. Yaşlı və orta nəslin nümayəndələrində nostalji hisslər oyadan bu qatara hər kəs tamaşa edə, xatirə şəkli çəkdirə biləcək.
***
Bakı metropoliteni daha bir ənənəsinə sadiq qalacaq. Yeni il bayramının əsas qəhrəmanları olan Şaxta baba və Qar qız bu il də sərnişinlərlə görüşə gələcək. Hər il bu ənənələrə yenilik gətirən təşkilatçılar bu dəfə də tam fərqli layihə ilə azyaşlı sərnişinlərini sevindirəcək.
“İçərişəhər” stansiyasının vestibülündə paytaxt sakinləri və qonaqlarına maraqlı yeni il şousu təqdim ediləcək. Böyük şou-tamaşada nəhəng oyuncaqlar, şarlardan müxtəlif formalı fiqurlar düzəldəcək klounlar azyaşlı sərnişinləri əyləndirəcək. Uşaqların sevimlisi olan sehrbaz isə tam fərqli formatlı və ilk dəfə nümayiş etdirəcəyi illüziya proqramı ilə izləyicilərini heyran qoyacaq.
Yeni il şənliyi iki gün – dekabrın 29 və 30-da keçiriləcək.
Bu iki gün ərzində “İçərişəhər” stansiyasının platformasında və retro vaqonlarda Yeni il rəmzlərinə bürünmüş metropolitençilər azyaşlı sərnişinlərə hədiyyələr paylayacaqlar.
***
Son illərdə formalaşmış ənənəyə uyğun olaraq, yeni il ərəfəsində şəhərin mərkəzində yerləşən və sərnişin axınının sıx olduğu stansiyalarda konsert proqramı təşkil ediləcək. Bu dəfə ənənəvi konsert prqramına da yenilik gətiriləcək. Dekabrın 29 və 30-da saat 12:30-14:00-dək tanınmış “Şaqan” instrumental ansamblı canlı musiqi ilə “28 May”, “Sahil” və “İçərişəhər” stansiyalarında sərnişinlərdə əsl bayram ovqatı yaradacaq.
***
Bu il "Bakı Metropoliteni" QSC bütün sərnişinlərinə daha bir yeni il sürprizi edəcək. Səsləri ilə bütün ölkədə məşhur olan mədəniyyət işçiləri qatarlarda stansiyaların elanlarını səsləndirəcəklər. Məşhurlar stansiyaları üç gün ərzində - dekabrın 30-dan yanvarın 1-dək elan edəcəklər. 
***
Bayram günlərində “Bakı Metropoliteni” QSC gücləndirilmiş iş rejimində çalışacaq. Şəhərin mərkəzində yerləşən və kütləvi bayram tədbirlərinin keçiriləcəyi stansiyalara əlavə işçi qüvvəsi cəlb olunacaq. Zəruri hallar üçün ehtiyat qatarlar nəzərdə tutulacaq. Bundan savayı, dekabrın 31-də paytaxtda keçiriləcək kütləvi bayram tədbirləri və atəşfəşanlıqla əlaqədar olaraq, sərnişinlər üçün metropolitenə giriş saat 01:00-a kimi açıq olacaq.
Yol polisi - sürücü münasibətləri necə olmalıdır? - ARAŞDIRMA
Bəzən əsəblərini cilovlaya bilməyən, səsini yüksəldən, kobudluğa yol verən inspektorlar olur və onlar da qanuna uyğun olaraq cəzalandırılır

Tez-tez sosial şəbəkələrdə, mətbuatda yol polisləri ilə sürücülər arasında bəzi xoşagəlməz dialoqların şahidi oluruq. O cümlədən yol polisləri tərəfindən sürücülərin zorla avtomobilə əyləşdirilməsi, həmçinin sürücülər tərəfindən yol polislərinin təhqir edilməsi videoları da var. Bəs bütün bunlara səbəb nədir? Ümumiyyətlə, sürücü və yol polisi arasında münasibətlər necə olmalıdır? Qanunvericilikdə analoji münasibətlər necə tənzimlənir? Bütün bu suallara cavab tapmağa çalışacağıq. 

Qanunvericilik nə deyir?

Yol polisi-sürücü münasibətləri necə olmalıdır? - ARAŞDIRMA

 

Mövzu ilə bağlı hüquqşünas Ərşad Hüseynov “MediaPost”a fikirlərini bildirib. O hesab edir ki, Dövlət Yol Polisi əməkdaşları ilə sürücülərin, o cümlədən digər yol hərəkəti iştirakçılarının qarşılıqlı münasibəti Azərbaycan qanunvericiliyi ilə kifayət qədər dəqiq şəkildə tənzimlənən hüquq münasibətlərindən biridir. 

Yol polisi-sürücü münasibətləri necə olmalıdır? - ARAŞDIRMA

Hüquqşünas xatırladıb ki, hazırda ölkəmizdə polisin bütün xidmətlərinin, həmçinin Dövlət Yol Polisinin fəaliyyətinin ümumi əsaslarını müəyyən edən "Polis haqqında qanun" var: “Sürücülərin və digər hərəkət iştirakçılarının yollarda davranış qaydalarını, onların vəzifələrini, hüquqlarını, öhdəliklərini, bir-biri ilə qarşılıqlı münasibətlərini isə əsasən "Yol hərəkəti haqqında qanun" tənzimləyir. Bu qanunda eyni zamanda Dövlət Yol Polisinin fəaliyyətinə aid də müddəalar yer alır. Amma yol polisinin sürücülər və digər hərəkət iştirakçıları ilə qarşılıqlı münasibətlərini daha detallı tənzimlənməsi "Yol patrul xidməti haqqında təlimat”da nəzərdə tutulur. Həmin təlimat isə 2017-ci ilə Daxili İşlər Nazirliyinin Kollegiyası tərəfindən təsdiqlənib.”

Yol polisi və sürücü münasibətləri necə olmalıdır?

Ərşad Hüseynov hesab edir ki, sürücü və yol polisi münasibətləri hüquq münasibətləridir və qanunvericiliklə tənzimlənir. “Hər kəsin vəzifəsi, öhdəlikləri, məqsədi, qarşısında qoyulan əsas hədəflər qanunvericiliklə ümumi şəkildə, birbaşa, yaxud dolayısı ilə təsbit olunub. Xüsusilə bu münasibətlərdə DYP əməkdaşlarının fəaliyyəti qanunvericilikdə daha da təfərrüatlı əksini tapır. Çünki yol polisi hakimiyyətin təmsilçisidir və yol hərəkəti iştirakçıları barəsində müəyyən inzibati tədbirlər görmək səlahiyyətləri var. Amma əsas hədəf yollarda təhlükəsizliyin, nizam-intizamın və qayda-qanunun təmin olunmasıdır. Bunun üçün isə yol polisləri hüquqa uyğun olaraq fəaliyyət göstərməlidir. Yol polisi nə qədər dəqiq, qanunauyğun, diqqətli fəaliyyət göstərsə, qarşıya qoyulan hədəflər də o qədər yüksək səviyyədə olacaq.” 

Yol polisi və sürücü münasibətlərində problemin səbəbləri nədir?

Yol polisi-sürücü münasibətləri necə olmalıdır? - ARAŞDIRMA

Ərşad Hüseynovun fikrincə, problemin əsas səbəblərindən birincisi yol hərəkətinə buraxılan naşı sürücülərdir. “Yol polisinin səlahiyyətlətinə diqqət yetirdikdə bu məsələ daha da aydın olur. Sürücülərin hazırlanması, imtahan verməsi, sürücülük vəsiqəsi ilə təmin olunması birbaşa yol polisinin ən başlıca istiqamətlərindən biridir. Odur ki, ilk növbədə burada şəffaflıq olmalıdır. Əgər sürücülər dəqiq hazırlansa, qaydaları bilməyən sürücülər hərəkətə buraxılmasa, o zaman yollarda peşəkarlıq səviyyəsinin artırması da müşahidə olunacaq. Burada peşəkarlıq dedikdə, təkcə texniki baxımdan deyil, həmçinin hüquqi cəhətdən nəzərdə tutulur. İntizamlı sürücü öz vəzifələrini gözəl bilir və yol polisi əməkdaşlarının əmr və göstərişlərinə daha diqqətlə yanaşır. Ümumilikdə elə bir davranış ortaya qoyur ki, DYP əməkdaşlarının onun fəaliyyətinə müdaxilələsinə yer qalmır.” 

Cərimə və sanksiyalar problemi həll edirmi?

Yol polisi və sürücü münasibətlərdə digər bir incəlik isə DYP əməkdaşlarının sanksiya tətbiq etmək səlahiyyətinin olmasıdır. Ərşad Hüseynov hesab edir ki, burada şəffaf və ədalət prinsipi gözlənilməli, məsələyə peşəkarcasına yanaşılmalıdır. “Cəmiyyət görsə ki, yol polisinin əsas hədəfi insanların təhlükəsizliyi, intizamsızlığın qarşısının alınmasıdır, o zaman münasibətlər də qanunauyğun şəkildə olacaq. Çox təəssüf ki, intizamsız sürücülər, piyadalar hər yerdə var. Amma cərimələrin tətbiq edilməsində qeyd edilən məsələ görünməlidir.”

Maarifləndirmə problemin həllinə köməkdirmi?

Yol polisi-sürücü münasibətləri necə olmalıdır? - ARAŞDIRMA

DYP-nin səlahiyyətinə diqqət yetirsək orada da yol hərəkəti iştirakçılarının maarifləndirilməsi, təbliğat-təşviqat, yollarda davranış, nizam-intizamım öyrədilməsi kimi məsələlər də var. Ərşad Hüseynovun fikrincə, bu məqamlara da xüsusi diqqət yetirilməlidir. “Düşünürəm ki, yol polisi cəmiyyətdə qarşılıqlı etimadın qorunması üçün bütün səlahiyyətlərini düzgün həyata keçirsə, o zaman münasibətlər də yüksək olacaq. Həmçinin hərəkət iştirakçıları özləri də həvəslənəcək ki, daha da intizamlı olsunlar. Bir müddət sonra isə bu bir dəb halına çevrilərək ən gözəl davranış nümunəsi hesab olunacaq. İnsanlar cərimə olunmaqdan qorxaraq yox, əksinə bunun düzgün olmadığını anlayaraq qaydaları pozmayacaqlar. Düşünürəm ki, əsas hədəf elə bu olmalıdır.”

Neqativ davranış nümayiş etdirilən yol polisləri cəzalandırılırmı?

Təəssüf ki, bir çox hallarda yol polislərinin təlimatdan kənara çıxaraq sürücülərlə kobud davranışı halları olur. 

Yol polisi-sürücü münasibətləri necə olmalıdır? - ARAŞDIRMA

Baş Dövlət Yol Polisi İdsrəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, yol polisləri qanunvericiliyin tələblərinə uyğun olaraq sürücülərlə etik qaydalar çərçivəsində davranmalı və kobudluğa yol verməməlidirlər: “Bütün bunlar gündəlik təlimatlarda yol-patrul xidməti inspektorlarına izah olunur. Eləcə də hər hansı bir vətəndaş tərəfindən yol polisinin hər hansı kobudluğa yol verməsi ilə bağlı müraciət olursa, dərhal araşdırılır. Hər bir yol polisi əməkdaşının üzərində məsafədən səs ötürən mikrofonlar var. Həmin mikrofonların qeydə aldığı səs yazıları vasitəsi ilə bunu müəyyən edə bilirik”.

Kamran Əliyev bildirib ki, bəzi hallarda yol polisi əməkdaşları arasında bu qaydaları pozanlar olur. “Bəzən əsəblərini cilovlaya bilməyən, səsini yüksəldən, kobudluğa yol verən inspektorlar olur və onlar da qanuna uyğun olaraq cəzalandırılır”.

Bakıda qəribə nişanlar: biri düzünə getməyə icazə verir, o birisi isə yox - FOTO
Nişanlar arasında bu cür ziddiyətin olması yolverilməzdir

Bakının mərkəzi küçəsindəki yol nişanları arasında olan ziddiyət sürücüləri çaş-baş salır. Yol-xeber.az xəbər verir ki, paytaxtın Şəmsi Bədəlbəyli küçəsində yolun sağ zolağına 1.18 nişanlanma xətti çəkərək həmin zolaqdan hərəkət yalnız sağa məcbur edilib. Lakin ondan bir neçə metr əvvəldə quraşdırılan 5.8.1 nişanı isə sağ zolaqdan həm düzünə, həm də sağa dönməyə icazə verir.

Nişanlar arasında bu cür ziddiyətin olması yolverilməzdir. Ümid edirik ki, aidiyyəti qurumlar bu problemi aradan qaldıracaq.

Polislərdən qaçqın və məcburi köçkünlərə bayram sovqatı
Goranboyun Aşağı Ağcakənd qəsəbələrində məskunlaşmış soydaşlarımıza təqdim olunub

Hər il olduğu kimi, bu il də Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ərəfəsində - dekabrın 24-də Daxili İşlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyevin başçılığı ilə Nazirliyin nümayəndələri Sabirabadın Yeni Şəhriyar və Goranboyun Aşağı Ağcakənd qəsəbələrində müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşüblər.

Nazir müavini qarşıdan gələn əlamətdar günlər münasibətilə respublikanın Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun təbriklərini və xoş arzularını doğma yurd yerlərindən didərgin düşmüş həmvətənlərimizə çatdıraraq bu kateqoriyadan olan soydaşlarımızla sıx təmasların qurulmasının, onların qayğı və problemlərinə hər zaman diqqətlə yanaşılmasının əsasının hələ ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladıb.

Ümummilli liderimizin daxili və xarici siyasətini möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayan nazir müavini ölkə başçımızın qaçqın və məcburi köçkünlərin problemlərinə həssaslıqla yanaşmağı bütün icra qurumlarının rəhbərlərindən tələb etdiyini diqqətə çatdırıb, sosial müdafiəyə ehtiyacı olan bu insanların həyat şəraitinin daha da yaxşılaşdırılması üçün görülən tədbirlərdən, dövlət və ordu quruculuğu, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində əldə olunmuş uğurlardan danışıb.

 

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov və Xocalı Rayon İcra Hakimiyyəti başçısı Şahmar Usubov qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısından söz açıb, bu yöndə adı çəkilən rayonlarda məskunlaşmış həmvətənlərimizin ehtiyaclarının ödənilməsinə və problemlərinin həllinə hər zaman xüsusi diqqət və həssaslıqla yanaşdığına görə dövlətimizin başçısına və Nazirliyin rəhbərliyinə təşəkkür ediblər.

Qaçqın və məcburi köçkünlər adından çıxış edənlər bu günün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum gününə təsadüf etdiyini qeyd edərək, dövlət başçısına bu münasibətlə təbriklərini ünvanlayıb, onun apardığı siyasət nəticəsində doğma torpaqlarına qayıdacaqlarına əminliklərini bildirib, göstərilən daimi diqqət və qayğıya görə minnətdarlıq ediblər.

Respublikanın daxili işlər orqanları əməkdaşlarının könüllülük prinsipi əsasında topladıqları 80 min manatlıq vəsait Sabirabadın Yeni Şəhriyar və Goranboyun Aşağı Ağcakənd qəsəbələrində məskunlaşmış soydaşlarımıza təqdim olunub.

Sürücü mədəniyyəti, yaxud biz niyə tələsirik?
Həmkarımızın “bizdə bu adi haldır, axı heç bir təhlükə yoxdur, yol polisi, kamera yoxdur niyə dönmürsən” deməsi isə fransızı daha da heyrətləndirir

Azərbaycanda sürücülərin, ümumiyyətlə elə piyadaların da bir qlobal problemi var. Hamı harasa tələsir. Bütün baş verən qəzalar, tıxacların da kökündə bu psixoloji problem dayanır.

İspaniyanın Barselona şəhərində nizamlanmayan yolayrıcında maraqlı bir hal yaşanır. İşıqfor yoxdur, amma heç bir tıxac yaranmır. Belə ki, orada sürücülər arasında yazılmayan bir qayda var. Hər tərəfdən 6 avtomobil keçir, digərləri isə gözləyir. Nəticədə bu yazılmamış qanun nəticəsində sürücülər arasında qarşılıqlı razılaşma əsasında heç bir tıxac da yaranmır.

Bir müddət əvvəl Minsk şəhərindən görüntülər sosial şəbəkələrdə yayılmışdı. İşıqforda gözləyən sürücülər öz aralarında təxminən 2 avtomobilin sığacağı qədər ara məsafəsi saxlamışdılar. Bütün zolaqlar üzrə avtomobillər bu cür nizamlı dayanmışdılar. 

 

Fransada olan azərbaycanlı bir jurnalist deyir ki, fransız həmkarı ilə avtomobillə bir şəhərdən digərinə gedir. İki istiqamətli yolda hərəkət edən zaman birdən fransız yolu səhv getdiyini bildirir. Sağa dönməli olduğunu deyir. Ardınca isə 30 kilometr məsafədən sonra dairə olduğu və yalnız oradan geri dönə biləcəyini qeyd edir. Tamamilə boş olan yol, əks istiqamətə qayıtmaq üçün hər hansı arakəsmənin olmadığını görən azərbaycanlı həmkarımız sürücüyə niyə buradan dönmədiyini sual edir. Axı burada heç bir arakəsmə yoxdur. Cəmi 2 kilomet uzaqlaşmışıq. Rahatlıqla geri dönüb gedə bilərik deyəndə, fransız sadacə şoka düşür. Bunun qanunla qadağan olduğunu və belə bir addımı ata bilməyəcəyini söyləyir. Həmkarımızın “bizdə bu adi haldır, axı heç bir təhlükə yoxdur, yol polisi, kamera yoxdur niyə dönmürsən” deməsi isə fransızı daha da heyrətləndirir. 

Sürücü mədəniyyəti, yaxud biz niyə tələsirik?

Bu əhvalatın isə nə dərəcədə həqiqət olub-olmadığını dəqiq bilməsək də, bu barədə çox danışılıb. Əhvalata görə, Almaniyada avtobanda avtomobili geriyə idarə edən azərbaycanlı sürücünü alman sürücü arxadan vurur. Hadisə yerinə gələn polisə alman deyəndə ki, digər sürücü avtobanda geriyə hərəkət edib və hadisə ona görə baş verib, alman polisi həmin alman sürücünün psixoloji xəstə olduğunu əsas gətirərək onu həkimə aparır. 

Bütün bu misalları çəkməyimiz səbəbsiz deyil. Azərbaycanda bunun alternativləri necədir? Ümumiyyətlə sürücü mədəniyyəti hansı səviyyədədir? 

Təəssüf ki, bu barədə heç də yuxarıda sadaladığımız misalları çəkə bilməyəcəyik. Azərbaycanda sürücülərin, ümumiyyətlə elə piyadaların da bir qlobal problemi var. Hamı harasa tələsir. Bütün baş verən qəzalar, tıxacların da kökündə bu psixoloji problem dayanır. 


İlk çəkdiyimiz misalda olan sürücü mədəniyyəti təəssüf ki, bizdə mümkün deyil. Nizamlanmayan yolayrıcında iki qayda hökm sürür. “Yol mənimdir” deyərək digər sürücüləri nəzərə almayanlar ilə tələsərək digərinin yoluna çıxanlar arasında olan “mübarizə” tıxaca səbəb olur. Artıq iki sürücünün sözünün “çəp” gəlməsi ilə yaranan qarşıqlıqda hər kəs özünün yolayrıcına yetirməyə çalışır. Nəticədə yol bağlanır və hərəkət dayanır.

Ara məsafəsinin saxlanması isə ümumiyyətlə problemdir. Baş verən qəzaların əksəriyyəti elə bu səbəbdən baş verir. Bəs görəsən sürücülər niyə ara məsafəsi saxlamır? Burada da ənənəvi “tələsmək” məsələsi yenə gündəmə gəlir. Çünki ən intizamlı sürücü ara məsafəsi saxlaya bilmir. Bunu edən kimi “harasa tələsən” bir sürücü qəfildən peyda olaraq həmin məsafəyə daxil olaraq bir maşın “qabağa düşür”. Odur ki, sürücülərimiz arasında bu sahədə də ciddi problemlər var. Nəticədə zəncirvari qəzalar qaçılmaz olur.

Sürücü mədəniyyəti, yaxud biz niyə tələsirik?

Ən böyük təhlükə mənbəyi olan manevr qaydasının pozulması, qırmızı işıqdan keçmək, əks istiqamətdə hərəkət etmək artıq adi hala çevrilib. Bu cür sürücülər qınaq obyektinə çevriləndə isə mütləq hər birinin ya evdə, ya maşında xəstəsi olur, yaxud işə gecikir, ən yaxşı halda isə “cavanlıq etdiyini” əsas gətirir. 

Bu cür neqativ halları ictimailəşdirənlər isə “işverən”, “satqın” kimi ifadələrlə təhqir olunur. Amma elə bu sözləri deyən şəxslərinin özünün başına həmin qayda pozuntusu nəticəsində yüngül bir hadisə gəlsə bütün orqanlara şikayət məktubları ünvanlayırlar. 

Qlobal məsələmiz olan tələsmək xəstliyinin isə müalicəsi təəssüf ki, hələ mümkün deyil. Çünki nə üçün, hara tələsdiyimizi özümüz müəyyən edə bilməmişik. Xəstə yanına tələsəndə ora ümumiyyətlə gedib çata bilməyəcəyimizi, maşında xəstəxanaya apardığımız xəstəni öz əlimizlə qəbrə doğru yuvarladığımızı, qırmızı işıqda keçib 5 dəqiqə ünvana tez çatacağıq deyə, əlil ola biləcəyimizi təəssüf ki, hələ psixologiyamızda özümüz üçün aydınlaşdıra bilməmişik. 

P.S: Saatda 80 km sürətlə hərəkət edən avtomobil ilə 140 km sürətlə gedən avtomobilin eyni məsafəyə çatma vaxtı arasında ən yaxşı halda 5-10 dəqiqə fərq ola bilər. Bu qısa zaman üçün əzizlərimizin yolunu uzun zaman yolda qoymayaq. 

Toy karvanında "miqalkalı" maşınlar "oyun" çıxardır - VİDEO
Hər iki zolağı zəbt etdikləri üçün digər sürücülərin ötmə əməliyyatı etməsinə çətinlik yaradıblar

Yolda hərəkət edən toy karvanında qanunsuzluq edən sürücünün görüntüləri kameraya düşüb. Avtosfer.az.xəbər verir ki, Xırdalan şəhəri Məmməd Əmin Rəsulzadə küçəsində hərəkət edən toy karvanındakı 99-PB-168 qeydiyyat nişanlı avtomobilin sürücüsü operativ nəqliyyat vasitələrinə aid göy və qırmızı sayrışan işıq siqnalını avtomobilin üzərinə quraşdıraraq ondan istifadə edib. 

Görüntünü redaksiyamıza göndərən sürücü qeyd edir ki, həmin toy karvanındakı sürücülər hər iki zolağı zəbt etdikləri üçün digər sürücülərin ötmə əməliyyatı etməsinə çətinlik yaradıblar. Üstəlik yolayrıcında sağa dönəcəkləri halda yolun sol zolağı ilə asta sürətlə hərəkət ediblər.

 

Hər bir sürücüyə vacib olan məsləhət - Əyləcdə problem yarandıqda...
Əvvəlcə maşını uyğun yerdə saxlayıb əraziyə göz gəzdirmək, daha sonra qəza siqnalını yandırmaq lazımdır

Əyləc sistemində problem yarandıqda mühərriki söndürməyə cəhd etməyin. Əvvəlcə maşını uyğun yerdə saxlayıb əraziyə göz gəzdirmək, daha sonra qəza siqnalını yandırmaq lazımdır. Bu barədə “Avto Vzqlyad” agentliyinə rusiyalı ekspert Yefim Rozkin bildirib. Onun sözlərinə görə, bu zaman əyləcləri bir neçə dəfə vurmaq, sonra isə sistemdə minimum təzyiq yaratmaq üçün pedalı basmaq lazımdır. Nəticədə avtomobil yavaşlayacaq.

Eyni zamanda, avtomobili mümkün qədər nəqliyyatların daha az hərəkət etdiyi sahəyə yönəltmək lazımdır, imkan varsa, maşın yoxuşa sürülməlidir, qar yığını, meşə, kol və sair.

Ekspert bildirib ki, sözügedən problem zamanı əl əyləcindən də istifadə etmək olar, lakin o, mümkün qədər yumşaq şəkildə çəkilməlidir.

Yük maşını "Opel Vita"nı yoldan belə kənara atdı - MARAQLI REAL VİDEO
Son anda "Opel"i arxadan vurmamaq üçün sağa çəkir

Bakıda baş verən maraqlı qəza anı kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Cəlil Məmmədquluzadə küçəsi, Bakıxanov körpüsünün başlanğıcında baş verib. Körpüdə yaranan sıxlıq zamanı "Opel Vita" markalı avtomobil zolaq üzrə dayanır. Bu zaman arxadan gələn "Hyundai" markalı yük maşını əyləci gec basır.

Son anda "Opel"i arxadan vurmamaq üçün sağa çəkir. Bu zaman isə yandan maşını vuraraq yolun əks istiqamətinə atır. Görüntülərdən sanki yük maşınının sürücüsünün kiçik ölçülü minik maşına "mən böyüyəm, bura mənimdir, çəkil" təəsüratı yaranır. Videonu təqdim edirik:

 

 
 
Bakı metrosunda problem — Sıxlıq yarandı


Bu gün səhər saat 07 radərində metronun "İçərişəhər" stansiyasında qatarda texniki nasazlıq olub. Həmin qatar depoya göndərilib və əvəzinə yeni qatar verilib.
Bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, "İçərişəhər" istiqamətində hərəkət edən qatarlarda 8 dəqiqə yubanma qeydə alınıb: "Hazırda dispetçerlər ümumi qrafikin normaya salınması ilə məşğuldurlar. Məsələ ən qısa zamanda həllini tapacaq".

Xəbər lenti