|
Bakı Dəmir Yolu Vağzalının binasında “Kalman Kando 150. Macarıstan Dəmir Yolları” adlı fotosərginin açılışı olub. Tədbir Macarıstanın ölkəmizdəki Səfirliyinin təşəbbüsü əsasında “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlıq çərçivəsində təşkil edilib. Sərgi elektrik lokomotivi üçün yüksək gərginlikli üçfazalı mühərrik və dəyişən cərəyanlı generator ixtira edərək, “Elektrik qatarın atası” kimi məşhurlaşan macar mühəndisi və alimi Kalman Kandonun 150 illiyinə həsr edilib. Məşhur mühəndisin ixtiraları Macarıstan, İtaliya, Fransa, İngiltərə və bir çox ölkələrin dəmir yollarının elektrikləşməsində əvəzedilməz rol oynayıb. Onun ixtiraları hələ də aktuallığını saxlayır, çünki bütün müasir elektrik lokomotivlərinin iş prinsipi onun ixtira etdiyi sistem üzrə işləyir.
Sərginin açılışında qonaqları salamlayan “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini Zaman Novruzov ölkələrimiz arasındakı strateji tərəfdaşlıq və dostluq münasibətlərindən danışıb. Bildirib ki, Azərbaycan və Macarıstan “Dəmir Yolları Əməkdaşlıq Təşkilatının” üzvüdür və bu çərçivədə əməkdaşlıq edir. Azərbaycan dəmir yollarının 140 illik yubileyi ərəfəsində olduğunu qeyd edən Zaman Novruzov keçmiş Sovet məkanında ilk elektrik qatarının 1926-cı ildə məhz ölkəmizdə istifadəyə verildiyini diqqətə çatdırıb. O, son beş ildə Azərbaycan dəmir yollarında həyata keçirilən əsaslı layihələr barədə məlumat verib. Bura infrastrukturun yenilənməsi, yolların çəkilməsi, yeni qatarların alınması, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Abşeron dairəvi yolunun bərpa edilməsi ilə yanaşı vağzal və stansiyaların tikintisi və bərpası da daxildir. Qeyd olunub ki, Bakının rəmzi binalarından sayılan Bakı Dəmir Yolu Vağzalı infrastruktur binası olmaqla yanaşı, şəhərin mədəni mərkəzlərindən birinə çevrilir. O sərnişinləri, şəhərimizin sakinlərini və qonaqlarını bu məkana maraqlı incəsənət, musiqi və digər mədəniyyət tədbirlərinə dəvət edib.
Macarıstanın Azərbaycandakı səfirinin müavini Laslo Mak dəmir yollarının hər bir ölkə üçün önəmli infrastruktur olduğunu, sənayenin, iqtisadiyyatın və turizmin inkişafına təkan verdiyini bildirib. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin bu mənada ən yaxşı nümunə olduğunu deyib. Avropanın ən qədim və inkişaf etmiş dəmir yollarından birinin Macarıstanda olduğunu bildirən diplomat onun regiondaxili ölkələrin əlaqələrinin güclənməsində əhəmiyyətini xüsusi vurğulayıb. Sərgidəki fotoların Budapeştdəki dəmir yolu infrastrukturunda lentə alındığını və 150 illik tarixin mühüm məqamlarını əks etdirdiyini söyləyib.
Sərgidəki fotoların müəllifi Aydın Sadıqov təşkilatçılara təşəkkürünü bildirib. Fotoqraf ekspozisiyanın il ərzində 3-cü sərgisi olduğunu qeyd edib. Fotoları Avropanın ən böyük muzeylərindən sayılan Budapeşt Dəmir yolu muzeyində lentə aldığını nəzərə çatdırıb. Sərgi hər bir ziyarətçi üçün Macarıstan dəmir yollarının inkişaf tarixi ilə tanışlıq fürsətidir. Fotoqraf bundan əvvəl Azərbaycanın tarixi məkanlarını əks etdirən fotosərgisini Budapeştdə sənətsevərlərin ixtiyarına verib.
“Kalman Kando 150. Macarıstan Dəmir Yolları” adlı fotosərgi dekabrın 28-dək davam edəcək
Sabahdan "Azərsu" ASC tərəfindən aparılan təmir-quraşdırma işləri ilə əlaqədar olaraq Yeni Suraxanı qəsəbəsinin 14 iyul küçəsində nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət tətbiq ediləcəyi üçün, 104 nömrəli müntəzəm marşrutun və digər nəqliyyat vasitələrinin hərəkət istiqaməti alternativ küçələrlə təşkil ediləcək.
Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, xüsusən günün pik saatlarında tıxacın yaranmasının qarşısını almaq məqsədi ilə, prezident İlham Əliyevin tapşırığına əsasən, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7,5 km-dən başlayaraq Xırdalan dairəsi və əks istiqamətdə yenidənqurma işlərinə start verilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "Report"a verilən məlumata görə, agentlik tərəfindən aparılan yenidənqurma işləri çərçivəsində yol 2 hərəkət zolağı enində genişləndirilir. Bunun üçün əraziyə kifayət qədər texnika cəlb olunub. İşlər magistral yolda intensivlik nəzərə alınaraq ümumi hərəkətə maneə yaradılmadan aparılır.
Hazırda layihə boyu hər iki istiqamət üzrə yol kənarında tökmə torpaq hissələrin qazılıb çıxarılması işləri gedir. Sözügedən işlər mövcud körpülərin alt hissəsində də aparılır. Tökmə torpağın çıxarıldığı hissələr kipləşdirilir, kənarlarında istinad divarı inşa edilir.
Anoloji genişləndirmə işlərinin Xırdalan dairəsinin altından keçən avtomobil tunelində də aparılması nəzərdə tutulur. Əlavə olaraq tunel hər bir istiqamət üzrə 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndiriləcək. Bundan başqa daha 2 hərəkət zolağı dairəyə qalxan və düşən hissələrdə də yaradılacaq.
Genişləndirmə işləri zamanı qeyri-yaşayış sahələrinin qanunvericiliyə əsasən kompensasiya ödənilməklə sökülməsi, həmçinin kommunikasiya xətlərinin və yaşıllıqların köçürülməsi nəzərdə tutulur ki, hazırda bu istiqamətdə sənədləşmə işləri aparılır. Yaxın müddət ərzində bu çərçivədə də işlərə başlanılması planlaşdırılır.
Bundan başqa magistarl yolda hər bir istiqamət üzrə 2 hərəkət zolağının xüsusi dəmir-beton maneələrlə digər zolaqlardan ayrılması nəzərdə tutulur. Həmin zolaqlara daxil olan avtonəqliyyat vasitələri heç bir maneə olmadan Masazır, Ceyranbatan və bu istiqamətdə olan digər qəsəbələrə, həmçinin Sumqayıt şəhəri və ölkənin şimal istiqamətində hərəkət edə biləcəklər. Digər zolaqlarla hərəkətdə olan avtonəqliyyat vasitələrinin isə Biləcəri, Binəqədi və bu istiqamətdə olan digər qəsəbələrə, həmçinin Xırdalan şəhəri və ölkənin şimal-qərb istiqamətində maneəsiz hərəkəti təmin olunacaq. Təbii ki, görülən işlər sözügedən ərazidə avtonəqliyyatın fasiləsizliyini təmin edəcək.
Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədi ilə magistral yolun sözügedən hissəsində əlavə geriyə dönüş yolunun inşası, magistrala Binəqədi və Biləcəri qəsəbələrindən alternativ giriş-çıxışına imkan verən mövcud yolların yenidən qurulması işləri də həyata keçiriləcək.
Yaxın günlərdə Bibiheybət qəsəbəsindəki sürüşümə qeydə alınan yolda təmir-bərpa işlərinə başlanacaq. Yol-xeber.az xəbər verir ki, bu barədə Modern.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib. A.Nəcəfli qeyd edib ki, təmir-bərpa işləri AAYDA tərəfindən “Körpübinatikinti” şirkətilə birgə həyata keçiriləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov isə saytımıza deyib ki, hazırda Bibiheybət qəsəbəsində sürüşmə hadisəsi müşahidə edilmir: “Ümumilikdə respublika ərazisindəki sürüşmə zonalarında stabillikdir”.
"Yol-xeber.az" oxu.az-a istinadən xəbər verir ki, yağışlı hava şəraiti ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.
Nəticədə Bakı-Sumqayıt şosesində böyük sıxlıq yaranıb.
Piyadaların təhlükəsizliyini tam təmin etmək üçün baş dövlət yol polisi idarəsi maraqlı bir məlumatverici lövhələr hazırlayıb. Magistral yollarda olan piyada keçidlərindən 200 və 400 metr əvvəl quraşdırılan lövhələrdə qeyd edilib ki, qarşıda piyada keçidi var və diqqətli olun.
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilk olaraq bu cür məlumatverici lövhələri Bakı-Sumqayıt və Bakı-Şamaxı yolu üzərində quraşdırıblar. Məqsəd sürücülərə piyada keçidinə az qaldığını bildirmək və sürəti şəraitə uyğunlaşdırmalarına kömək etməkdir.
Sürücülər və piyadalar da bu cür nişanların yol kənarında quraşdırılmasının yaxşı olduğunu deyirlər. Onlar belə nişanların piyada vurulması hallarının azalmasında əhəmiyyətli olduğunu bildirirlər.
Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, bu cür məlumatverici lövhələr dünya təcrübəsində də var və effektlidir. Belə nişanlar ilk dəfə Rusiyada hazırlanıb və onlar də uğurlu nəticə əldə ediblər.
Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının komandir müavini Xosrov Nəcəfovun sözlərinə görə, ölkə yollarında bu ilin 11 ayında baş vermiş ağır qəzaların 60 faizi piyada vurulması ilə nəticələnib. Belə hadisələrin qarşısını almaq üçün hələlik 100-ə yaxın piyadalar üçün məlumatverici lövhələr hazırlanıb.
Xosrov Nəcəfov onu da bildirdi ki, gələcəkdə məktəblilər, mal-qaranın keçidiyi ərazilər və digər məlumatverici lövhələrin də hazırlanması planlaşdırılır.
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı Dairəvi-1 avtomobil yolunda yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Yol-xeber.az-a verilən məlumata görə, hərəkət təmir aparılan hissələr üzrə qismən məhdudlaşdırılacaq.
Bundan başqa Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil 10-30 kilometrlik hissəsində, hər iki istiqamətdə üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır. İşlər bu gün axşam saatlarınadək davam edəcək. Bu müddət ərzində hərəkət hissə-hissə işlər aparılan zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.
Bu səbəbdən sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.